Məhkəmə qərarları › İş №e-2(004)-4515/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4515/2025

26.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4515/2025 26.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alıcının hüquq və vəzifələrinin iddiaçıya keçirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alıcının hüquq və vəzifələrinin iddiaçıya keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun razılığı olmadan satın almaqda üstünlük hüququ pozulmaqla cavabdehlər Cavabdeh3 Şirkəti Cavabdeh2 Ağarəşid qızı və Cavabdeh1 arasında bağlanmış müqavilələrdə alıcının hüquq və vəzifələrinin iddiaçıya keçməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Yasamal Rayonu, Kazım Kazımzadə küçəsi, 34 ünvanında paylı mülkiyyətdə evi vardır. Ondan başqa çıxarışa əsasən 28 nəfər də mülkiyyətçi vardır. Ümumi mülkiyyətdə olan həmin payların payçıları öz paylarını onun və digər payçıların razılığı olmadan Cavabdeh3 Şirkətinə satmışdır. Bundan o, yeni xəbər tutmuşdur. Məsələ ilə əlaqədar həmin müqaviləni əldə etmək üçün 53 saylı notariusa sorğu verilsə də, notarius imtina etmişdir. Hesab edir ki, onun paylı mülkiyyətdə satın almaqda üstünlük hüququ pozulmuşdur. Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddia tələbinin əsassız olması ilə yanaşı iddiaçı tərəfindən iddia müddəti ötürüldüyü səbəbindən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə müqavilə xx.xx.2025-ci il tarixdə, Cavabdeh2 ilə müqavilə isə xx.xx.2024-cü il tarixdə imzalanmışdır. İddiaçı iddia ərizəsi isə xx.xx.2025-ci il tarixində Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan heç bir tikili olmamışdır. Yalnız çıxarış üzrə pay hüquqlarına münasibətdə Cavabdeh3 MMC tərəfindən kompensasiya ödənilərək razılığa gəlinmişdir. ünvan 1 ünvanında isə digər paylı mülkiyyətçilərə aid yaşayış sahələri razılığa gəlinərək sökülmüş, həmin ünvanda yalnız İddiaçı istifadəsində olan yaşayış sahəsi qalmışdır. Göründüyü kimi, ətrafdakı tikilələrin sökülməsi və qonşuluqda olan payçılar ilə danışıqlar vasitəsilə İddiaçı payçılarla bağlanan müqavilələr barədə məlumatlı olmuşdur. İddiaçı iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə etiraz edərək, cavabdeh "xxxx" Şirkəti ərizə verərək alğı-satqı müqavilələrinin çoxdan bağlandığını və Mülki Məcəllədə nəzərdə tutulmuş 3 aylıq müddətin buraxıldığını bildirmişdir. Bu mövqe ilə razı deyil. İddia müddəti ötürülməmişdir. Belə ki, iddia müddəti şəxsin hüququnun pozulduğunu bildiyi andan başlayır. "xxxx" Şirkəti ümumi mülkiyyətdə olan payı sakinlərdən alarkən digər paylı mülkiyyətçilərə məlumat verilməli idi. Bu payını satan sakinlərin və alıcı kimi “Lux Residence" Şirkətinin vəzifəsidir. Bu vəzifəni yerinə yetirməyən və bu barədə məhkəməyə hər hansı sübut təqdim etməyən cavabehlərin indi durub iddia müddətinə əsaslanmağa haqqı yoxdur. Məhkəmə ilk öncə ümumi paylı mükiyyəti alan və satan tərəflərin digər payçıların satın almaqda üstünlük hüququna əməl etmək vəzifəsini yoxlamalıdır. Bu vəzifə açıq-aşkar yerinə yetirilməmişdir. Digər tərəfdən İddiaçı digər payların satışından necə xəbər tuta bilərdi ki? Ətrafda söküntü olması və söküntü ilə bağlı şirkətlə digər sakinlərin danışıqları hələ alğı-satqı barədə məlumatlı olmaq demək deyildir. O cümlədən, nəzərə almaq lazımdır ki, iddiaçı faktiki olaraq digər 2 cavabdeh fiziki şəxsin evlərini tanımır. Ona görə də onların evinin söküldüyünü bilə bilməzdi. Odur ki, hazırkı tələbə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizənin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ümumi sahəsi 401.87 kv.m olan ünvan 2 nömrəli frədi yaşayış evinin 2/6 hissədən “B” tikilisi 2 otaq (y/s – 43.65 kv.m., k/s – 61.82 kv.m) sahədən 26.4 % hissəsi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2019-cu il tarixdə; 2/6 hissədən “B” tikilisi 2 otaq (y/s – 43.65 kv.m., k/s – 61.82 kv.m) sahədən 70%-dən qalan hissədən 8.0 kv.m hissəsi Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2017-cı il tarixdə; 2/6 hissədən “B” tikilisi 2 otaq (y/s – 43.65 kv.m., k/s – 61.82 kv.m) sahədən 3.6 % hissəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 273 nömrəli müqaviləyə əsasən bu Müqavilə “Mülkiyyətçi”yə Çıxarış üzrə ümumi 401.87 m2 sahədən sərəncamında olan pay üzrə ona məxsus 2/6 hissədən В tikilisi 2 otaq,(y/s-43.65 kv.m., k/s-61.82 kv.m) sahədən 70 %-dən qalan hissədən 8.0 kv.m. əvəzində ona kompensasiya verməsi, ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Həmin müqavilənin 2.1-ci yarımbəndinə əsasən bu Müqaviləyə əsasən "Şirkət" mülkiyyət hüququna əsasən sərəncamında olan pay üzrə "Mülkiyyətçi”yə məxsus Yasamal rayonu, Natiq Əliyev küçəsində yerləşən, 34 (Yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, giriş 6) saylı evdə, çıxarış üzrə ümumi 401.87 m2 sahədən sərəncamında olan pay üzrə ona məxsus 2/6 hissədən В tikilisi 2 otaq,(y/s- 43.65 kv.m., k/s-61.82 kv.m) sahədən 70 %-dən qalan hissədən 8.0 kv.m. üçün Tərəflərin razılığına əsasən əvəzində müəyyən edilmiş qaydada "Mülkiyyətçi"yə 27 000 (iyirmi yeddi min) manat pul verir. İş materiallarında olan Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 210 nömrəli müqaviləyə əsasən bu Müqavilə “Mülkiyyətçi”yə Çıxarış üzrə ümumi 401.87 m2 sahədən sərəncamında olan pay üzrə ona məxsus 2/6 hissədən “B” tikilisi 2 otaq (y/s-43.65 m2, k/s-61.82 m2) sahədən 3.6% hissə əvəzində ona kompensasiya verməsi, ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Həmin müqavilənin 2.1-ci yarımbəndinə əsasən bu Müqaviləyə əsasən “Şirkət” mülkiyyət hüququna əsasən sərəncamında olan pay üzrə “Mülkiyyətçi”yə məxsus Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən, 34 saylı evdə, Çıxarış üzrə ümumi 401.87 m2 sahədən sərəncamında olan pay üzrə ona məxsus 2/6 hissədən “B” tikilisi 2 otaq (y/s- 43.65 m2, k/s-61.82 m2) sahədən 3.6% üçün Tərəflərin razılığına əsasən əvəzində müəyyən edilmiş qaydada “Mülkiyyətçi”yə 8 000 (səkkiz min) manat pul verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 218.1-cü maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” xx.xx.2000-ci il tarixli Qərarının 49cu bəndinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Əmlakdakı payın kənar şəxsə satışına dair alqı-satqı müqaviləsi, həmçinin, ümumi paylı mülkiyyətin digər iştirakçıları əmlakın olduğu yerdə yaşamadıqda və onların ünvanı məlum olmadıqda da təsdiq edilə bilər. Notarius bu halı müvafiq informasiya sistemləri vasitəsilə əldə edilmiş yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənəd və ya Əhalinin Dövlət Reyestri və yaxud “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 2004-cü il 12 aprel tarixli Qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü il tarixli, 02/2024 nömrəli qərardadının 16-cı bəndinə əsasən Mülki Məcəllənin 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç aylıq kəsici müddət ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Göründüyü kimi, satın almaqda üstünlük hüququ pozulmuş şəxsin bu əsasa dayanaraq, həmin əqdin etibarsızlığı ilə bağlı deyil, alıcının hüquq və vəzifələrinin ona keçirilməsi barədə tələb irəli sürmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı (2/6 hissədən “B” tikilisi 2 otaq (y/s – 43.65 kv.m., k/s – 61.82 kv.m) sahədən 26.4 % hissə), Cavabdeh1 (2/6 hissədən “B” tikilisi 2 otaq (y/s – 43.65 kv.m., k/s – 61.82 kv.m) sahədən 70%-dən qalan hissədən 8.0 kv.m hissə), Cavabdeh2 (2/6 hissədən “B” tikilisi 2 otaq (y/s – 43.65 kv.m., k/s – 61.82 kv.m) sahədən 3.6 % hissə) və digərlərinin ümumi paylı mülkiyyətində olmuşdur. Daha sonra Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında xx.xx.2025-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "Şirkət" ünvan 2 nömrəli fərdi yaaşyış evinin 2/6 hissədən В tikilisi 2 otaq,(y/s- 43.65 kv.m., k/s-61.82 kv.m) sahədən 70 %-dən qalan hissədən 8.0 kv.metr hissənin əvəzində mülkiyyətçi Cavabdeh1 27 000 (iyirmi yeddi min) manat kompensasiya vermişdir. Həmçinin Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında xx.xx.2025-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "Şirkət" ünvan 2 nömrəli fərdi yaaşyış evinin 2/6 hissədən “B” tikilisi 2 otaq (y/s-43.65 m2, k/s-61.82 m2) sahədən 3.6% hissənin əvəzində mülkiyyətçi Cavabdeh2 8 000 (səkkiz min) manat kompensasiya vermişdir. Hazırda İddiaçı onun razılığı olmadan satın almaqda üstünlük hüququ pozulmaqla cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 Ağarəşid qızı və Cavabdeh1 arasında bağlanmış müqavilələrdə alıcının hüquq və vəzifələrinin iddiaçıya keçməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, MM-nin 218.3-cü maddəsi ilə nəzərdə tutulmuş pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etməsinə əsas olan 3 aylıq müddət kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi, İddiaçı ünvan 2 ünvanında uzun müddət daimi yaşaması, ərazidə söküntü işlərinin aparılması, şirkətin payçılarla mütəmadi əlaqədə olması və kompensasiyalar barədə məlumatlandırılması sübut edir ki, iddiaçı proseslərdən vaxtında xəbərdar olmuşdur. Bu hallar onu təsdiq edir ki, iddiaçının üstünlük hüququndan istifadə etməsi üçün real imkan və məlumatlılıq mövcud olmuşdur. Lakin iddiaçı bu hüququ qanunverivciliklə müəyyən edilmiş müddət ərzində həyata keçirməmiş, nəticədə üstünlük hüququnun reallaşdırılması üçün nəzərdə tutulmuş 3 aylıq kəsici müddəti ötürmüşdür. Bundan başqa, məhkəmə qeyd edir ki, Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 Ağarəşid qızı və Cavabdeh1 arasında bağlanmış müqavilələrin predmetindən müəyyən olunur ki, Cavabdeh3 MMC müvafiq kompensasiyaları Cavabdeh2 Ağarəşid qızı və Cavabdeh1 məxsus hissəyə dair dövlət reyestrində edilmiş qeydiyyatı ləğv etdirmək əvəzində vermişdir. Alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmçinin, qanunvericiliyin tələbinə görə daşınmaz əmlaka sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 Ağarəşid qızı və Cavabdeh1 arasında bağlanmış müqavilələr barədə məlumat aşkar olunmadığı bildirilmişdir. Həmçinin, İddiaçı tərəfindən alıcının hüquq və vəzifələrinin özünə keçirilməsi barədə tələb irəli sürülsə də, həmin hüquq və vəzifələri həyata keçirmək üçün tələb olunan maddi imkanların mövcudluğu sübuta yetirilməmişdir. İş materiallarında belə imkanın mövcudluğunu təsdiq edən hər hansı sübut yoxdur. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alıcının hüquq və vəzifələrinin iddiaçıya keçirilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar