Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4520/2024 06.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 manat məbləğində əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 85.4 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə sığorta təminatı almış Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” minik markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil X3 idarə etdiyi “Toyota Prius” (Hibrid) minik markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncu avtomobilə maddi ziyan dəymiş, X1 isə ağır zərər dəymişdir. xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesabatına əsasən “Toyota Prius” (Hibrid) minik markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 12400 manat məbləğində müəyyən edilmişdir. CML-4299/2021- AKT4294/22 saylı sığorta aktına əsasən 5000 (beş min) manat məbləğində sığorta ödənişi İddiaçı ASC tərəfindən faydalanan şəxsin hesabına ödənilmişdir. X1 dəyən ağır zərərə görə 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi İddiaçı ASC tərəfindən faydalanan şəxsin hesabına ödənilmişdir. Cavabdeh barəsində xx.xx.2022-ci il tarixində Nərimanov RPİ-nin İstintaq şöbəsi tərəfindən ittiham aktı qəbul edilmişdir. İttiham aktına əsasən Cavabdeh sözügedən hadisə zamanı avtomobili alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etmişdir. Yol-nəqliyyat hadisəsini törətdikdən sonra isə hadisə yerindən qaçmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, məhkəmə iclasına onların iştirakı olmadan baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhəkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasına xəstə olduğu üçün gələ bilməyəcəyini, məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumata əsasən PAZ ********** nömrəli icbari sığorta müqaviləsi ilə sığortalı X7 məxsus “Chevrolet Cruze” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə kimi 12 ay müddətinə əmlaka vurulan zərərə görə 5000 (beş min) manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 (beş min) manat, bir hadisə üzrə 50000 (əlli min) manat həcmində icbari sığorta edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, CML-4299/2021-AKT4294/22 saylı sığorta aktına əsasən xx.xx.2021-ci il tarixində, Nərimanov ərazisində toqquşma yol nəqliyyat hadisəsi zamanı X4 məxsus “Toyoto Prius” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilə 12400.00 (on iki min dörd yüz) manat miqdarında maddi zərər vurulmuş, sığorta ödənişi 5000 (beş min) manat məbləğində hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, CML-4299/2021/1-AKT4340/22 saylı sığorta aktına əsasən xx.xx.2021-ci il tarixində, Nərimanov ərazisində toqquşma yol nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs X2 dəymiş ağır zərərə görə sığorta ödənişi 1500 (bir min beş yüz) manat məbləğində hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesabatına əsasən “Toyoto Prius” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 12400.00 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan cari hesabdan xx.xx.2022-ci il tarixli çıxarışa əsasən AKT 4340/22 saylı akt üzrə "xxxx" ASC tərəfindən X5 hesabına 1500 (min beş yüz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan cari hesabdan xx.xx.2022-ci il tarixli çıxarışa əsasən AKT 4294/22 saylı akt üzrə "xxxx" ASC tərəfindən X5 hesabına 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları”na əlavə olan xx.xx.2021-ci il tarixli, 2/33158 nömrəli sərxoşluq vəziyyəti tibbi müayinəsi aktına əsasən Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 078-17523-1222 nömrəli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən 13 noyabr 2021-ci il tarixdə 02:00-da Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti ilə Ziya Bünyadov kəsişməsində Cavabdeh məxsus “Chevrolet Cruze” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsus “Toyoto Prius” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma yolnəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Nərimanov RPİ-nin İstintaq şöbəsi tərəfindən qəbul edilmiş Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktına əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi müəyyən olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-123/2023 nömrəli qərarına əsasən məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayəti qismən təmin edilməsi, məhkum olunmuş şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün 263-1.2-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində dəyişdirilməsi, Cavabdeh əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə tövsif edilməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.2-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “Chevrolet Cruze” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə kimi 12 ay müddətinə əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat həcmində icbari sığorta edilmişdir. 13 noyabr 2021-ci il tarixdə saat 02:00-da Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti ilə Ziya Bünyadov kəsişməsində Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” minik markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil X3 idarə etdiyi “Toyota Prius” (Hibrid) minik markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, hadisə nəticəsində sonuncu avtomobilə 12400 manat məbləğində maddi ziyan dəymiş, X1 isə ağır zərər dəymişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Qırxlarov X6 Respublikasının CM-nin 263-1.2 və 264-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 3 il 3 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-123/2023 nömrəli qərarına əsasən Cavabdeh əməli ARCMnin 263-1.2-ci maddəsindən 263.1-1 maddəsinə tövsif edilmiş, Cavabdeh ARCM-nin 263.1-1 və 264-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 3 il 3 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. "xxxx" ASC tərəfindən X4 məxsus “Toyoto Prius” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 5000 manat, X1 dəymiş ağır zərərə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı "xxxx" ASC Cavabdeh 6500 manat məbləğində həyata keçirdiyi sığorta ödənişini subroqasiya qaydasında tələb edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurması ilə nəticələnən yol nəqliyyat hadisəsini sərxoş halda törətməsi öz təsdiqini tapmasa da, Cavabdeh yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Qanunvericiliyin tələbinə görə avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən X4 məxsus “Toyoto Prius” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 5000 manat, X1 dəymiş ağır zərərə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirildiyinə görə, 6500 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC -yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 85 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Toyoto Prius (Hibrid)” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 5000 manat, X1 dəymiş ağır zərərə görə 1500 manat, ümumilikdə 6500 manat məbləğində sığorta ödənişi və dövlət rüsumu və bank xidmət haqqı olaraq ödənilmiş 85,40 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-4520/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4520/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver