Məhkəmə qərarları › İş №e-2(004)-4563/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4563/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4563/2023 18.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə” dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində olan 533,50 manat məbləğində vəsaitin, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh qızına rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3, 936, 1096.1- 1096.2, 1097.1, 1108.1, 1114-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan **-FE-*** dövlət qeydiyyat nişanlı Renault Duster markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-BX-*** dövlət qeydiyyat nişanlı Toyota RAV4 markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** BX *** dövlət qeydiyyat nişanlı Toyota RAV4 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. **-BX-*** dövlət qeydiyyat nişanlı Toyota RAV4 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 5533,50 manat məbləğində zərər müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-cü il tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 5533,50 manat məbləğində sığorta ödənişi (4686,41 nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir xərcləri, 844,09 manat ƏDV olmaqla) nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 5000,00 (beş min) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 533,50 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 883.2-ci maddəsinə əsasən, təkrarsığorta müqaviləsi təkrarsığortalının müvafiq təkrarsığorta haqqı ödəməsi müqabilində sığortaladığı risklərin bütövlükdə və ya bir hissəsinin təkrarsığortaçıya ötürülməsi və ya onunla bölüşdürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 533,50 manat məbləğində sığorta ödənişi iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda iddia tələbi əsaslı olduğundan məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0,40 manat xidmət haqqı xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 533,50 (beş yüz otuz üç manat əlli qəpik) manat məbləğində sığorta ödənişi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0,40 (qırx qəpik) manat xidmət haqqı xərci tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar