Məhkəmə qərarları › İş №e-2(004)-4619/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4619/2025

04.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4619/2025 04.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Əli oğlunun Cavabdeh qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: icraatın birləşdirilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Əli oğlunun Cavabdeh qarşı kompensasiyanın ödənilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 300000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçının vəkili və nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək icraatda olan e-2(004)-4619/2025 nömrəli mülki işin Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(004)-3679/2025 nömrəli iş ilə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Vəsatətin əsaslarına görə, eyni tərəflər arasında eyni predmet barəsində digər iş hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır, həmin işə baxılır.

Məhkəmə icraat iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verib, vəsatətin təmin olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi vəsatətin təmin olunmasına etiraz etməmişdir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Maddə 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər; Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.

7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: “Beləliklə, bir-biri ilə əlaqəli olan işlərə, iddia tələbinin daşınar və ya daşınmaz əşya ilə bağlı olmasından asılı olmayaraq, bir icraatda baxılmalıdır. Bu qayda ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir, tərəflərdən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir.”

Məhkəmənin mövqeyi

8. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməlidir.

9. Belə ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(004)-3679/2025 nömrəli mülki iş üzrə iddiaçı Cavabdeh İddiaçı Əli oğluna qarşı qanunsuz tikilinin sökülməsi və su hovuzunun bərpa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. Göründüyü kimi, tərəflər arasında qanunsuz tikilinin sökülməsi və su hovuzunun bərpa olunması barədə tələblərə artıq digər məhkəmənin icraatında olan iş üzrə baxılır.

11. Belə olan halda, eyni tərəflər arasında eyni əmlaka dair mübahisəyə ayrıca icraatda yenidən baxılmağa başlanması prosessual qənaət prinsipinə uyğun olmamaqla, ədalət mühakiməsinin səmərəliliyinə də xələl gətirir.

12. Məhkəmə qeyd edir ki, mülki işlərin bir icraatda birləşdirilməsinin məqsədi birbiri ilə əlaqəsi olan oxşar mahiyyətli mülki mübahisələrin daha tez, obyektiv və hərtərəfli həllini təmin etməkdir. Mülki işlərin bir-biri ilə əlaqəsi, baxılan iş üzrə tərəflərin eyni olmasında, mübahisə predmetinin eyniliyində, mübahisə doğuran hüquq münasibətlərinin subyektlərinin və ya obyektin eyniliyində ifadə olunmalıdır. Hazırkı və Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(004)-3679/2025 nömrəli mülki işlər üzrə tərəflər eyni olmaqla hər iki mülki iş bir-biri ilə əlaqədardır. Belə olan halda məhkəmə qeyd edir ki, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqə mövcuddur.

13. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(004)-3679/2025 nömrəli mülki işin ilkin olaraq icraata qəbul edilməsini nəzərə alaraq e-2(004)-4619/2025 nömrəli mülki iş ilkin olaraq icraata götürülmüş e- 2(004)- 3679/2025 nömrəli mülki işlə birləşdirilməlidir.

14. Göstərilənləri və MPM-nin 52, 191, 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Vəsatət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Əli oğlunun Cavabdeh qarşı kompensasiyanın ödənilməsi tələbinə dair e-2(004)-4619/2025 nömrəli mülki iş Abşeron Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı Əli oğluna qarşı qanunsuz tikilinin sökülməsi və su hovuzunun bərpa olunması tələbin dair e-2(004)- 3679/2025 nömrəli mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin və mülki işə e- 2(004)-3679/2025 nömrə ilə baxılsın. Qərardaddan şikayət verilə bilməz.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar