Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4632/2023 21.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı Cavabdeh2 MMC-nin nümayəndələri Nümayəndə2, Nümayəndə1 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 Bakı filialının nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1nə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab olunması tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin hərrac sifarişi üzrə iddiaçının xüsusi mülkiyyətində olan İsmayıllı rayonu Xənəyə kəndində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 MMC tərəfindən keçirilmiş açıq hərrac üzrə hərracın yekunlarına dair xx.xx.2023-cü il tarixli 207/23 saylı protokolun etibarsız sayılmasına, tərəflərin əvvəlki vəziyyətinə qaytarılması – hərrac sifarişi üçün bank tərəfindən ödənişlərin geri qaytarılmasına və həmin daşınmaz əmlaka dair qanunvericiliyə uyğun hərracın keçirilməsinə dair yeni sifarişin digər hərrac təşkilatına verilməsi vəzifəsinin İsmayıllı rayon İcra Şöbəsinə həvalə olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1034/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən “X4” Bakı filialının təmin olunmuş iddiası üzrə kredit müqaviləsi üzrə tutmanın iddiaçının xüsusi mülkiyyətində olan ipotekaya qoyulmuş əmlaka yönəldilməsi qət olunmuşdur. 2022-ci ilin əvvəllərində sözügedən qətnamə ilə əlaqədar icra işinin Nərimanov rayon İcra Şöbəsində olduğuna dair iddiaçının məlumatı olmuş, həmin vaxt bankın nümayəndələri ilə məhkəmə qətnaməsi ilə tutulan kredit borcunun hissələrlə iddiaçı tərəfindən ödənilməsinə şərait yaradılması və evə tutma yönəldilməməsi barədə danışıqlar aparılmışdır. Bu günlərdə “X4” Bakı filialından iddiaçının Bakı şəhərində yaşadığı Buzovna qəsəbəsindəki ünvanına daxil olan məktubda göstərilir ki, iddiaçının mülkiyyətində olan mənzil İsmayıllı rayon İcra Şöbəsinin sifarişi əsasında X1 Əmlak Hərrac Mərkəzində satış məqsədilə hərraca çıxarılmışdır. Hərrac Mərkəzi xx.xx.2023-cü il tarixli 1509/23 nömrəli məktubla təkrar hərracın baş tutmaması səbəbindən ipoteka qoyulmuş əmlakın ipoteka saxlayan “X4” Bakı filialı tərəfindən alınmasını təklif etmişdir. “X4” Bakı filialı tərəfindən qeyd olunmuş əmlakın alınmasına razılıq məktubu hərrac mərkəzinə göndərilmişdir. İddiaçı bu məktubdan sonra banka müraciət edərək, icra sənədi ilə müəyyən olunmuş borc məbləğinin ödənilməsinə dair razılaşma əldə edilməsi və borcun onun tərəfindən ödənilməsinə şərait yaradılmasını xahiş etdikdə, bankdan bildirilmişdir ki, artıq hərracın nəticələri rəsmiləşdirilmiş, bununla bağlı protokol tərtib edilərək iddiaçının evi bankın mülkiyyətinə verilmişdir. Beləliklə, iddiaçının məlumatı olmadan, mülkiyyətində olan evi və torpaq sahəsi hərraca çıxarılmış, özgəninkiləşdirilmişdir. İddiaçıya əmlakının hərraca çıxarılması, hərrac keçirilməsi və s. hərəkətlər barədə məlumat verilməmişdir. İddiaçı icra məmurunun və bankın nümayəndəsinin yönləndirdiyi Cavabdeh2 MMC-yə müraciət etmiş, orada ona hər hansı protokol verilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan ev və torpaq sahəsinə dair açıq hərracın hər hansı tarixə təyin edilməsi barədə ona heç bir məlumat verilməmiş, ümumiyyətlə, ev və torpaq sahəsi barədə hərraca sifariş daxil olması, hərracın hansısa tarixə təyin olunması, təkrar keçirilməsi və s. barədə əmlakın mülkiyyətçisi olaraq onun ünvanına hər hansı bildiriş göndərilməmişdir. Cavabdeh2 MMC etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İsmayıllı rayon İcra Şöbəsi tərəfindən verilmiş 05/2023 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubundan görünür ki, Bakı şəhəri Apellyasiya Məhkəməsinin 1(103)-1034/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 293.850 manata olmaqla, İddiaçı məxsus, İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 23 iyun 2023-cü il tarixinə, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclu İddiaçı, tələbkar “X4” Bakı Filialına 1114/23 saylı, xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan «Birjanews” X2 (Portalında) (www.birianevvs.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E- herrac.com”) yerləşdirilmişdir. “Hərracın baş tutmamasına dair” 23 iyun 2023-cü il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 23 iyun 2023-cü il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 249.772,5 manata olmaqla 18 iyul 2023-cü il, saat 10:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan «Birjanews” X2 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2023-cü il tarixə, saat 11:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat «Birjanews” X2 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) dərc olunmuşdur. “Təkrar hərracın keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli, 1345/23 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. “Hərracın baş tutmamasına dair” 18 iyul 2023- cü il tarixli protokolun surətindən görünür ki, 18 iyul 2023-cü il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2023cü il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixli, 1509/23 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipotekasaxlayana təklif olunmuşdur. İpoteka saxlayan “X4” Bakı Fillialı xx.xx.2023-cü il tarixli, 2023-1063 nömrəli məktubla ipoteka predmetini təklif edilən 187.330 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X1” nəzdində Cavabdeh2 MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 207/23 saylı “X3 barədə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Cavabdeh2 MMC-nin 1796/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna qoşma ilə sifarişçi icra Şöbəsinə göndərilmişdir. Hazırkı iş üzrə İddiaçı ***-***-**-** telefon nömrəsi ilə dəfələrlə əlaqə saxlanılmış, iddiaçı dəfələrlə Cavabdeh2 MMC-yə məxsus ofisə yaxınlaşmış, yəni hərrac prosesindən bilavasitə xəbərdar olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndələri hərracın “İpoteka haqqında” qanunu ilə nəzərdə tutulmuş hərracın keçirilmə qaydalarına tam əməl edilməklə keçirildiyini və heç bir qanun pozuntusuna yol verilmədiyini bildirmiş və iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 Bakı filialının nümayəndəsi borcun ödənildiyini, iddiaçıya qarşı heç bir tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1034/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 19000 manat əsas borc, 26342 manat məbləğində faiz borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə faiz borcu 3409 manat (illik 5%lə), cəmi 48751,99 manat məbləğində kredit borcunun və 13,8 manat dövlət rüsumunun iddiaçı “X4" Bakı filialının xeyrinə tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərraca çıxarılması, İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 293 850 manat müəyyən edilməsi, əldə ediləcək vəsaitin cavabdeh İddiaçı banka olan borcunun ödənilməsinə yönəldilməsi və qeyd edilən fərdi yaşayış evi satıldıqdan sonra ismayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, əmlakın satışından əldə edilən məbləğ hesabına borc ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması qət edilmişdir. Cavabdeh1 həmin qətnamənin icra edilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixli hərracın keçirilməsi haqqında sifarişlə Cavabdeh2 MMC-yə müraciət etmişdir. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyan – İddiaçı sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İpoteka qoyan – iddiaçıya bildiriş icra vərəqəsində qeyd olunmuş ünvan 2 ünvanına və ona məxsus ipoteka əmlakının yerləşdiyi ünvana, yəni İsmayıllı rayonu Xənəyə kəndinə göndərilmişdir. İlkin hərrac baş tutmamış və bu barədə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirilmişdir. İlkin hərrac baş tutmadığından təkrar hərrac təyin edilmiş və bu barədə hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. Təkrar hərrac iştirakçısı olmadığından baş tutmadığından ipoteka əmlakı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipotekasaxlayana təklif olunmuşdur. Hərrac Mərkəzi tərəfindən tərtib edilmiş 17 avqust 2023-cü il tarixli, 207/23 saylı hərracın nəticələri haqqında yekun protokoluna əsasən ipoteka predmeti olan, İddiaçı mülkiyyətində olan "X4"-ın xeyrinə ipoteka ilə yüklü edilmiş İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evi tələbkar "X4" tərəfindən alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun “Hərracın keçirilmə qaydası” adlanan 42-ci maddəsinə əsasən 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. M a d d ə 44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri” adlanan 416-cı maddəsinə əsasən 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə tədqiq olunmuş sübutlarla hərracın “İpoteka haqqında” Qanunla müəyyən edilmiş qaydalara əməl edilməklə keçirildiyi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-4632/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4632/2023
21.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver