Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4680/2023 25.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Skoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 27604,44 manat məbləğində vəsaitin və ödənilmiş 173,40 manat məbləğində dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Skoda Kodiaq” markalı, 055D004 (Səfirlik avtomobili) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı “Skoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Skoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 32.608,44 manat sığorta ödənişi həyata keçirmişdir. Həmin məbləğdən “Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan İddiaçı SŞ ASC tərəfindən ödənilmişdir. (Əvəzlənmişdir) Bildirmək istəyir ki, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Hesab edirlər ki, 27.608,44 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmunu ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, istinad edilən qüsur aktında imzaya və ya möhürə ehtiyac yoxdur, çünki həmin qüsur aktı firmanın rəsmi blankında tərtib edilmişdir. Bundan əlavə iddiaçı tərəf bildirir ki, bu qüsur aktı ona qeyri-rəsmi şəkildə təqdim olunmuşdur. Ancaq bu, doğru deyil. Çünki akt ona məxsus elektron poçt ünvanına göndərilmişdir. Göndərən şəxs isə şirkətin məsul şəxsidir. Bu halda isə aktın təqdim edilməsi qeyri-rəsmi hesab edilə bilməz. Həmçinin qeyd etmək istəyir ki, hazırki iş üzrə ekspertizanı keçirmiş ekspert işi qəbul etməməli idi. Çünki ekspertizanın obyektiv keçirilmədiyini hesab edir. Bundan əlavə bildirir ki, subroqasiyanın mahiyyəti şəxsə maddi zərər vuranın pulunu üçüncü şəxsə ödətməkdir. Faktiki baş vermiş hadisə sığorta münasibətlərini əhatə etdiyinə görə “İcbari sığorta haqqında” Qanunun maddələri tətbiq edilməlidir. Buna görə də hesab edir ki, subroqasiya qaydası üzrə pul tələbində subyekt ola bilməz. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında bağlanmış 11 yanvar 2022-ci il tarixli **********6 nömrəli avtonəqliyyat vasitələrinin sığorta şəhadətnaməsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə ümumi sığorta məbləği 70000 manat olmaqla sığortalanması üçün sığorta müqaviləsi bağlanmışdır. İş materiallarında olan Nəsimi RPİ-nin DYPŞ-nin 12 fevral 2023-cü il tarixli ******* saylı inzibati tənbehvermə haqqında qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat araşdırılmış fiziki şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkldə təqsirli bilinərək 60 (altmış) manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1445/2023 saylı 13 aprel 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh şiakyəti təmin edilməmiş, Nəsimi RPİ-nin DYPŞ-nin 12 fevral 2023-cü il tarixli ******* saylı inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1095/2023 saylı 30 may 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1445/2023 saylı 13 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli sığorta aktının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, “Skoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 3 saylı hesabatına uyğun olaraq 32608 (otuz iki min altı yüz səkkiz) manat müəyyən edilmişdir. İş materiallarında olan 22 iyun 2022-ci il tarixli 6322 saylı və 6323 saylı ödəniş tapşırıqlarının surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 105749 saylı sığorta aktına əsasən 27634,27 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanladığı 21 iyul 2022-ci il tarixli məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, 26 fevral 2022-ci il tarixdə yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilindiyi üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçı Sığorta Şirkəti zərəri aradan qaldıraraq sığortalanmış “Skoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobilə 32508,44 manat sığorta ödənişi həyata keçirilmiş, İddiaçı Sığorta Şirkəti ASC icbari sığorta şirkəti olaraq subroqasiya qaydasında dəymiş zərərin 5000 manat əvəzləşdirilmişdir. Subroqasiya hüququna əsasən qalıq 27508,44 manat məbləğində vəsaitin 10 gün ərzində şirkətə ödənilməsi xahiş edilmişdir. Qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında ona qarşı məhkəmə qaydasında subroqasiya tələbinin irəli sürüləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2023-cü il tarixli 9/7844 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablamalar yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Skoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 24521 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 22521 manat, təmir-bərpa işlərinin qiyməti – 2000 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 23620 manat, dəyişilməli hissələrin qiyməti 21620 manat, təmir-bərpa işlərinin qiyməti – 2000 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən ekspert X4 ifadəsində bildirmişdir ki, ekspertiza keçirilən zaman hər hansı təqdim edilmiş şəkilə, videogörüntüyə baxılmır. Həmçinin idarə binasının qarşısına dəymiş ziyanın hesablanması ilə bağlı avtomobil gətirildiyi hallarda belə həmin avtomobilə baxış keçirilib ziyan məbləği hesablanmır. Yəni, sadəcə qüsur aktına və özlərinin metodik vəsaitlərinə əsasən hesablamalar aparırlar. Sədrlik edənin suallına cavab olaraq bildirir ki, dəymiş zərər real olaraq rəydə göstərdiyi məbləğdir, xx.xx.2022-ci il tarixli qüsur aktı rəsmi blank formasında tərtib edildiyindən, məbləğlər daha ətraflı göstərildiyindən həmin qüsur aktı əsasında rəy vermişdir. Məbləğlər göstərdiyində aşınma nəzərə alınmaqla qeyd edilmişdir. Avtoservislərdən asılı olmaqla qiymət tərəfindən göstərilmiş məbləğdən sadəcə olaraq 200-400 manat arası yüksək və ya aşağı ola bilər. 2021-ci il buraxılışlı “Skoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən real zərər aşınma nəzərə alınmaqla 23620 manat təşkil edir. İş materiallarında olan 06 sentyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 173 (yüz yetmiş üç) manat məbləğində dövlət rüsumu ödəmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən zərəri tələb etmə hüququ subroqasiya qaydasında İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə keçdiyindən iddia qismən təmin edilməli, nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği qismində ekspert rəyi ilə müəyyən edilmiş 23620 manat əsas götürülməli və qeyd edilən pul vəsaitindən 5000 manat icbari sığorta üzrə əvəzləşdirilmiş məbləğ çıxılmaqla (23620-5000)=18620 (on səkkiz min altı yüz iyirmi) manat Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının ödədiyi 173,40 manat dövlət rüsumunun 146 (yüz qırx altı) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməli, dövlət rüsumu qalan 27,40 (iyirmi yeddi manat qırx qəpik) manat hissədə iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat isə cavabdehdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18620 (on səkkiz min altı yüz iyirmi) manat məbləğində sığorta ödənişi və iddiaçının ödədiyi 173,40 manat dövlət rüsumunun 146 (yüz qırx altı) manat hissəsi olmaqla, cəmi 18766 (on səkkiz min yeddi yüz altmış altı) manat İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan 27,40 (iyirmi yeddi manat qırx qəpik) manat hissədə iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE**********0002088501 hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4680/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4680/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver