Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4739/2024 15.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mülkiyyət hüquqlarının qeydə alınması üçün sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüquqlarının qeydə alınması üçün sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın üzərinə Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan, L.Tolstoy, M.Muxtarov, S.Tağızadə küçələrinin kəsişdiyi 252 saylı məhəllədə tikilmiş hündür mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, tam sahəsi 105 kv.m olan 76 saylı mənzilin İddiaçı adına sənədləşdirilməsi, həmin mənzillə bağlı mülkiyyət hüququnun qeydiyyata alınması üçün maliyyə arayışının İddiaçı təhvil verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Zərgərpalan, L.Tolstoy, M.Muxtarov, S. Tağızadə küçələrinin kəsişdiyi 252 saylı məhəllədə hündür mərtəbəli yaşayış binası inşa edilmişdir. Həmin binanın 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, tam sahəsi 105 kv.m olan 76 saylı mənzil Cavabdeh MTK tərəfindən ümumilikdə 126000 manata 15 yanvar 2014-cü il tarixli müqaviləyə əsasən İddiaçı satılmışdır. Tükazban Novruzova tərəfindən ödəniş tam həyata keçirilmişdir. Bununla bağlı, Cavabdeh MTK tərəfindən verilmiş kassa mədaxil orderi mövcüddur. Hazırda 15 yanvar 2014-cü il tarixli müqaviləyə əsasən İddiaçı tərəfindən əldə edilən mənzil ona məxsusdur və istifadəsindədir. Lakin, qeyd edilən daşınmaz əmlaka dair mülkiyyat hüququnu əldə edə bilmir. Belə ki, mülkiyyət hüququnu əldə etmək üçün, hüquqi şəxs tərəfindən inşa olunmuş çoxmənzilli binada yerləşən mənzilə dair müvafiq sənədlər, o cümlədən maliyyə arayışı tələb olunur. Lakin, Cavabdeh MTK qeyd edilən sənədləri iddiaçıya əsassız olaraq təqdim etməkdən imtina edir. Onların yazılı müraciətinə Cavabdeh MTK tərəfindən cavab verilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul edərək, izahatında mənzilin iddiaçıya məxsus olduğunu və iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan 15 yanvar 2014-cü il tarixli payçı İddiaçı ilə sifarişçi Cavabdeh MTK arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan, L.Tolstoy, M.Muxtarov, S.Tağızadə küçələrinin kəsişdiyi 252 saylı məhəllədə tikiləcək hündür mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, tam sahəsi 105 kv.m olan 76 saylı mənzilin tikilib payçıya təhvil verilməsinə və payçının nəzərdə tutulmuş pay haqqını ödəməsinə dair öhdəlik götürmüşlər. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi podratçı tərəfindən yerinə yetiriləcək işlərin müqavilədə nəzərdə tutulmuş müddətdə tam yerinə yetirilməsinə görə payçı qarşısında məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kassa mədaxil orderinin surətinə əsasən İddiaçı mənzil almaq üçün Cavabdeh MTK-nə 106 000 (bir yüz altı min) manat ödəmişdir. Qəbzin arxa hissəsində kassa mədaxil orderinə əlavə edilən məbləğ barədə 15000 manat və əlavə 5000 manat ödənildiyi qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 8.0.1-ci maddəsinə əsasən mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biri də qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlərdir. 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan, L.Tolstoy, M.Muxtarov, S.Tağızadə küçələrinin kəsişdiyi 252 saylı məhəllədə tikilmiş hündür mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 105 kv.m olan 76 saylı mənzili Cavabdeh MTK-dan 106 000 manat, 15000 manat və 5000 manat olmaqla ümumilikdə 126000 manat ödəməklə əldə etmişdir. Lakin mənzilin onun adına sənədləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün mənzilə dair maliyyə arayışı cavabdeh tərəfindən təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul edərək, mənzilin iddiaçıya məxsus olduğunu, iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə cavabdeh tərəfindən iddia tələbinin etiraf edildiyini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan, L.Tolstoy, M.Muxtarov, S.Tağızadə küçələrinin kəsişdiyi 252 saylı məhəllədə tikilmiş hündür mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 105 kv.m olan 76 saylı mənzilə dair maliyyə arayışının İddiaçı təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan, L.Tolstoy, M.Muxtarov, S.Tağızadə küçələrinin kəsişdiyi 252 saylı məhəllədə tikilmiş hündür mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 105 kv.m olan 76 saylı mənzilə dair maliyyə arayışının İddiaçı təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-4739/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4739/2024
15.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver