Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4829/2023 06.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaç İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 87 500 (səksən yeddi min beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzili 2007-ci il tarixdən alğı-satqı müqaviləsinə əsasən İddiaçı almış və həmin əmlak üzərində mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak X6 Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş sənədə (Çıxarışa) əsasən Dövlət reyestrində qeydiyyata alınmışdır (MH 0111372). Cavabdeh (bundan sonra cavabdeh adlandırılacaq) ilə nikah olmadan münasibətləri olmuşdur. Bir qədər sonra iddiaçı münasibətləri kəsmək istəsə də, uzun müddət ərzində, ona müxtəlif hədə qorxular gələrək, münasibətlərin bitməsinə cavabdeh imkan vermir və münasibətləri davam etdirməyə məcbur edirdi. 2020-ci ildə İddiaçı xərçəng xəstəliyi aşkar edildi. Həmin vaxtda cavabdeh onunla əlaqəni kəsdi, müalicəsində köməklik etmədi və iddiaçı külli miqdarda borc alaraq müalicə olunmaq üçün Rusiya Federasiyasının Moskva şəhərinə getdi. Müalicə olunduqdan sonra Azərbaycana qayıtdı və Azərbaycana qayıtmağını eşidən cavabdeh yenə də münasibətlərini əvvəlki kimi bərpa etdirməyə çalışırdı. Bu mümkün olmadıqda hədə qorxulara əl atdı. Sonda iddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus olan bağ evini satıb 87 500 (səksən yeddi min beş yüz) manat məbləğində pulu cavabdehə verdi və həmin gün, yəni 26 sentyabr 2022 – ci il tarixində notariat qaydasında təsdiq edilmiş ərizə verildi ki, cavabdehin iddiaçıya qarşı heç bir iddia və tələbi yoxdur. Cavabdeh İddiaçı qarşı Yasamal Rayon Məhkəməsində (hakim Ayşən Məmmədova) iddia qaldırmaqla 26 sentyabr 2022 – ci il tarixdə notariat qaydasında təsdiq edilmiş birtərəfli iradə ifadəsi üzrə götürdüyü öhdəliyi pozmuşdur. İddiaçı bildirir ki, öz evini satıb həmin pulu o şərtlə cavabdehə vermişdir ki, birdəfəlik onun həyatından çıxsın, ondan əl çəksin. Bu səbədən də, yəni cavabdeh yerinə yetirməli olduğu hərəkətdən boyun qaçırdığına görə iddiaçı cavabdehə verdiyi 87 500 (səksən yeddi min beş yüz) manat məbləğində pulu geri tələb edir. Pulun verilməsi faktını cavabdeh özü Yasamal Rayon Məhkəməsində məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir. Bununla belə 26 sentyabr 2022 – ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizədən tərəflər arasında, yəni iddiaçı tərəfindən pulun verilməsi ilə cavabdeh tərəfindən öhdəliyin götürülməsi arasında hər hansı bağlılıq, səbəbli əlaqə görünməsə də, bu mahiyyət etibarı ilə öhdəlikdən kənar ödənilmiş pul, əsassız varlanma deməkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, 2(004)-2333/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli məhkəmə iclasına keçirilən baxışdan göründüyü kimi cavabdeh həmin saylı iş üzrə iddiaçı qismində çıxış edirdi, cavabdeh isə hazırki işdəki iddiaçı idi. Göstərilən məhkəmə iclasında Cavabdeh qarşı tərəfin nümayəndəsi və vəkilinə bildirir ki, “Notariatda Novxanıdakı bağı satıb, 90000 manatı götürərək 80000 manatını niyə mənə verirdin?”. Bu ifadə mahiyyət etibarilə etirafedici hərəkətdir. Bundan əlavə bildirmək istəyirəm ki, iddia tələbinin mahiyyəti 26 sentyabr 2022-ci ildə notariatda olmuş hərəkətlərlə bağlıdır. İddiaçı həmin gün özünə aid olan bağ evini satmış, əldə etdiyi 87500 manat pulu onu bir daha narahat etməməsi, həyatından çıxması məqsədilə cavabdehə vermişdir. Cavabdeh isə ərizə yazıb göstərir ki, hazırki iş üzrə iddiaçıya qarşı iddia tələbi yoxdur. Bundan sonra bir müddət ərzində tərəflər arasında sakitlik olsa da, ancaq cavabdeh yenidən iddiaçını narahat etməyə başlamış, evinə gəlmiş, bacılarını iddiaçının evinə göndərmiş, yəni onu bezdirmişdir. Bununla bağlı cinayət işi də başlanılmış, mühafizə orderi də verilmişdir. Hesab edir ki, cavabdeh iddiaçı ilə olan razılığının şərtlərinə uymamışdır. Buna görə həmin pulu tələb edir. Ancaq bunu qeyd edir ki, tərəflər arasında əldə edilmiş razılıq əqdi mahiyyət etibarilə əhəmiyyətsizdir. Çünki bu, tərəfin hüquqlarını məhdudlaşdırır. Bu səbəbə görə də pulun geri qaytarılması əsaslıdır. Əgər həmin əqdin doğru üsulla bağlandığını qəbul etsək belə, bu zaman isə cavabdehin əsassız varlanması vəziyyəti yaranır. Çünki cavabdeh üzrərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Pulun verilməsini sübut edən amil isə notariatda olmuş hərəkətlərin xronoloji ardıcıllığından görünür. Bütün proseslərin olması faktını cavabdeh özü eyni tərəflər arasında olan digər məhkəmə işi üzrə keçirilmiş iclasda etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ilk növbədə bildirir ki, cavabdehin bacısı barədə cinayət işinin açılması, mühafizə orderinin verilməsi bu hadisələrdən sonra olmuşdur. Yəni, notariatda razılaşmanın əldə edilməsinin göstərdiyi məsələlərlə bağlılığı yoxdur. Bundan əlavə, hazırki iş üzrə baxış keçirilmiş məhkəmə iclasında cavabdehin ifadələrinə münasibət bildirərək qeyd etmək istəyir ki, həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsində cavabdehin iddiaçı tərəfin göstərdiyi yöndə izahatı göstərilməmişdir, yəni cavabdeh hər hansı faktı təsdiqləməmişdir. Təbii ki, iclasa baxışdan da göründüyü kimi cavabdeh müəyyən ifadələr işlətsə də, bu etiraf mahiyyətli deyil, çünki burada o, qarşı tərəfin bildirdiyi fikrə dair sual formasında çıxışını edir. Həmçinin, iddiaçı tərəf cavabdehin əsassız varlanmasını bildirir. Ancaq bu, doğru deyil. Çünki burada məsələ iddiaçının cavabdehin atası tərəfindən ona verilmiş əmlakın satılmasından sonra əldə edilən pulun cavabdehə verilməsi barədədir. İddiaçı tərəf bildirmişdir ki, bu əmlak ona cavabdehin atası tərəfindən hədiyyə verilmişdir. Təbii ki, bu əmlak iddiaçıya məxsus olsa da, o, özünü cavabdehə qarşı mənəvi borclu hiss etdiyinə görə həmin əmlakın satılmasından əldə edilən pulun cavabdehə verilməsini bildirməsi bu səbəbə görə idi. Cavabdehə hər hansı məbləğdə pul verilməmişdir. Hətta pul verilmiş olsa idisə belə, qaytarılması əsası yoxdur. Çünki iddiaçının qeyd etdiyi kimi pulun verilməsi ilə bağlı hər hansı qaytarma şərti yoxdur. Buna görə də pulun hazırki iddia üzrə tələb edilməsi əsassızdır. İddiaçı xəstəliyinə görə bu əmlakın satılmasını istəmişdir. Cavabdeh də buna razı olmuşdur, əmlak satılıb, pul isə iddiaçı tərəfindən xəstəliyinə xərclənmişdir. Həmin vaxt bildirilmişdir ki, onların digər əmlakları barədə aralarında mübahisələr olmasın. Bu səbəbə görə tərəflər ərizələr yazmışdırlar. Qeyd etdiklərinə əsasən hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 546 nömrəli reyestr kitabının 50248 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 4Ə-1487 nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Satıcı İddiaçı **********33-11301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 652B-də 72.69 kv/m, 2 otaq bağ evi və tam hissə, 0.25 ha torpaq sahəsini alıcı X1 175000 manata satmışdır. İş materiallarında olan İddiaçı Bakı şəhəri 23 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 8İ9560 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, onun Cavabdeh qarşı heç bir iddiası və tələbi yoxdur. İş materiallarında olan Cavabdeh Bakı şəhəri 23 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 8İ-9561 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, onun İddiaçı qarşı heç bir iddiası və tələbi yoxdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(103)-1759/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh və onunla birgə mənzildən istifadə edən digər şəxslərin İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilindən çıxarılmaları, mənzilin boşaldılaraq mülkiyyətçisi İddiaçı təhvil verilməsi, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilindən qeyriqanuni istifadə etdiyinə görə xx.xx.2022-ci il tarixdən başlayaraq mənzil boşaldılacağı tarixədək olan müddət üçün hər ay üçün 300 (üç yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-2333/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin faktiki nikahda olan ər-arvadın ümumi paylı mülkiyyəti hesab edilməsi və onun üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2022ci il tarixli qərarından görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayıt işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ 28-ci Polis Bölməsinin icraatında olan HK-2387 saylı material üzrə İddiaçı müraciəti əsasında baş vermiş hadisədə heç bir cinayət hadisəsi və tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan “Məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2023-cü il tarixli 02 saylı qəraraından görünür ki, Cavabdeh İddiaçı yaşadığı və işlədiyi ünvanlara gəlməsi, telefon zəngləri, sosial şəbəkələr və digər vasitələrlə narahat edən hərəkətlərin yol verilməsi xx.xx.2023-cü il tarixindən 30 gün olmaqla X3 ilə qadağan edilmişdir. Məhkəmə bildirir ki, iddiaçı tərəfindən cavabdehə qaytarmaq şərtilə 87500 manat məbləğində pulun verilməsi iş materialları ilə sübut olunmur. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddiaçı tərəfin təmin edilmiş vəsatəti əsasında Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-2333/2023 saylı iş üzrə 13 iyun 2023-cü il tarixli məhkəmə baxış iclasının audio-video yazısına tərəflərin iştirakı ilə baxış keçirmişdir. Məhkəmə, həmin iclasda İddiaçı iddia etdiyi kimi Cavabdeh tərəfindən deyilmiş “Notariusda 90000ni özünə götürür, 80000ni niyə mənə verirdin? İfadəsini” 87500 manat pulun verilməsinin etirafı kimi qiymətləndirmir. Çünki cavabdeh tərəfindən hər hansı bir məlumat verən və ya məlumatı və faktı təsdiq edən nəqli cümlə işlədilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Belə ki, bununla bağlı məhkəmə qeyd edir ki, pul tələbi ilə bağlı iddialarda pulun verilməsi mötəbər, təqzibolunmaz sübutlara (müqavilə, qəbz və s) və ya dəqiq, anlaşılan ifadələrdə əks olunmuş etirafla sübuta yetə bilər. Hal-hazırki iş üzrə cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında cavabdehin həmin məbləği götürmədiyini bildirdiyini qeyd edir. Digər məhkəmə araşdırması zamanı isə cavabdehin 87500 manat məbləğində pulun İddiaçı alması və ya qaytarılmaq şərti ilə götürməsi, yaxud da hər hansı bir şərtlə qəbul etməsi barədə bir etiraf yoxdur. Belə olan halda isə məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). İddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddiaçı cavabdehin hər hansı şərtlə pul verməsini və yaxud əsassız varlandığını sübuta yetirməli olduğu halda sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, iddiaçının iddia ərizəsində bildirdiyi kimi “cavabdehin ondan əl çəkməsi üçün pul verməsi” də anlaşılan deyil. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında uzun müddətlik yaxın münasibətləri olmuşdur. Belə olan halda həmin məbləğin verilməsi halı sübuta yetsə belə, həmin məbləğin könüllü şəkildə verilməsi istisna olunmur. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 191.3, 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 87 500 (səksən yeddi min beş yüz) manat məbləğində pulun tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4829/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4829/2023
06.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver