Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4854/2024 24.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “kredit borcunun silinməsi və bu barədə məlumatın mərkəzləşdirilmiş kredit reyestri sisteminə və Azərbaycan kredit bürosuna verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “kredit borcunun silinməsi və bu barədə məlumatın mərkəzləşdirilmiş kredit reyestri sisteminə və Azərbaycan kredit bürosuna verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-də İddiaçı adına olan əsas borc üzrə ******* (bir milyon) manat, faiz borcu üzrə 521139,05 (beş yüz iyirmi bir min bir yüz otuz doqquz manat beş qəpik) manat, cəmi 1521139,05 (bir milyon beş yüz iyirmi bir min bir yüz otuz doqquz manat beş qəpik) manat məbləği təşkil edən kredit borcunun Cavabdeh QSC tərəfindən silinməsi və həmin kredit borcu silindikdən sonra bu barədə məlumatı mərkəzləşdirilmiş kredit reyestri sisteminə və Azərbaycan kredit bürosuna verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı şəhid ailəsidir. 44 günlük Vətən Müharibəsində şəhid olmuş X4 qardaşıdır. Bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən məhkum edilmiş Cahangir Hacıyevin "xxxx" ASC-nin həyata keçirdiyi layihələr üçün əlavə vəsaitlərin tələb olunduğu üçün yenə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən məhkum edilmiş "xxxx" MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilov onun tabeçiliyində çalışan fiziki şəxslərin adlarına kreditlərin rəsmiləşdirilməsini xahiş etmişdir. Belə olduğu təqdirdə X5 tələbi və Cahangir Hacıyevin "xxxx" ASC-yə verdiyi göstərişə əsasən onunla "xxxx" ASC arasında xx.xx.2012-ci il tarixdə, 3883 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən güya ona illik 12 % olmaqla 36 ay müddətinə 1 000 000 (bir milyon) manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit qalığı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-dən Cavabdeh QSC-yə keçmişdir. Sarkayev ilə "xxxx" ASC arasında xx.xx.2012-ci il tarixdə, 3883 saylı kredit müqaviləsi formal xarakter daşıdığı üçün həmin kredit borcu Sarkayevin adından silinməlidir. Belə ki, "xxxx" MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilovun tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müxtəlif şəxslərin adlarına kredit müqaviləsi bağlamaqla ağır nəticələrə səbəb olan zərər vurulmuşdur. Beləliklə, onunla "xxxx" ASC-nin Mərkəzi filialı ilə arasında 15 avqust 2012-ci il tarixli kredit müqaviləsi bağlansa da, həmin müqavilədə razılaşdırılmış kreditin faktiki ona verilməsinə dair kredit qovluğunda olan sənədlərdə öz təsdiqini tapmadığından həmin kredit Sarkayevin adından silinməlidir. Bundan əlavə, məhkəmənin diqqətinə bir daha çatdırmışdır ki, o, 2012-ci ilin iyul ayından 2015-ci ilin iyun ayınadək “Qlobus Plaza” da yerləşən "xxxx" MMC-də təhlükəsizlik mütəxəssisi işləmişdir. Onu həmin işə cəmiyyətin direktoru və faktiki rəhbəri X10 götürmüşdür həmin kredit Xəlilov Dünyaminin xahişi ilə Sarkayevin adına götürülmüşdür. Kredit götürülən zaman həmin kreditin ödənişi barədə narahat olmamağını həmin kreditin qısa müddət ərzində bağlanacağını Dünyamin Xəlilov şəxsən bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmündən də müəyyən olunur ki, "xxxx" MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilovun əməli Cinayət Məcəlləsinin maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, mülki iddia tələbidə təyin edilmişdir. Həmin cinayət işi ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tərəfimdən izahat verilmişdir. Məlum olmuşdur ki, "xxxx" MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilov tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müxtəlif şəxslərin adlarına kredit müqaviləsi bağlamaqla ağır nəticələrə səbəb olan zərər vurulmuşdur. Həmin hökmdən də, görünür ki, "xxxx" MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilov tərəfindən bir çox şəxslərin adına formal müqavilə rəsmiləşdirilmiş və həmin şəxslərin adına kredit müqaviləsi bağlanmaqla pul götürülmüşdür. Həmçinin mənim adıma formal olaraq xx.xx.2012-ci il tarixdə, 3883 saylı kredit müqaviləsi bağlanmışdır. Halbuki ona heç bir kredit verilməmişdir. Bundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-429/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Dünyamin Xəlilovun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinmiş və Cavabdeh QSC-nin mülki iddiası qismən təmin edilərək onun və hökmdə adları keçən digər fiziki şəxslərin adlarına rəsmiləşdirilmiş formal kredir müqavilələrinə əsasən verilmiş kredit vəsaitlərinin Dünyamin Xəlilov və qeyrisindən müştərək qaydada tutulması hökm edilmişdir. Belə ki, Dünyamin Xəlilov və Cavadov Azad Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-429/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum edilmişlər ona görə ki, 04 avqust 2001-ci ildən 29 dekabr 2015-ci il tarixədək olan müddət ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki rəhbəri kimi yaxın dostu - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işləyən X11, "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləmiş X20 və qeyriləri ilə qabaqcadan birləşməklə əlbir olub çoxsaylı cinayətləri törətmək üçün sabit cinayətkar qrup yaradaraq mütəşəkkil dəstə tərkibində ümumi cinayətkar məqsədlərinə uyğun olaraq, öz qulluq mövqeyindən istifadə etməklə Cahangir Hacıyevə etibar edilmiş "xxxx" ASC-yə məxsus əmlakı mənimsəmək məqsədilə rəhbəri olduğu cəmiyyətin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair Cahangir Hacıyevin birbaşa özü və digər şəxslər vasitəsi ilə verdiyi qanunsuz göstərişləri icra edərək öz növbəsində onları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müxtəlif filiallarına göndərmiş, nəticədə kreditlər verilərkən qüvvədə olan Azərbaycan Mərkəzi Bankının xx.xx.2001-ci il tarixli “Banklarda kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında qaydalarının” və 18 noyabr 2008-ci il tarixli “Banklarda kreditlərin verilməsi qaydalarının tələbləri pozulmaqla Bankın «Mərkəzi» filialının kassasından "xxxx" MMC-də elektrik işləyən X1 adına rəsmiləşdirilmiş 28 avqust 2007-ci il tarixli, 2201 №-li kredit müqaviləsinə əsasən 28 avqust 2007-ci il tarixdə 125.000 (bir yüz iyirmi beş min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 106.600 (bir yüz altı min altı yüz) manat, "xxxx" MMC-də direktorun köməkçisi işləyən X2 adına rəsmiləşdirilmiş 19 mart 2008-ci il tarixli, 2580 №-li kredit müqaviləsinə əsasən 19 mart 2008-ci il tarixdə 186.850 (bir yüz səksən altı min səkkiz yüz əlli) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 156.673,72 (bir yüz əlli altı min altı yüz yetmiş üç manat yetmiş iki qəpik) manat, "xxxx" MMC-də turizm üzrə mütəxəssis işləyən X15 adına rəsmiləşdirilmiş 04 mart 2009-cu il tarixli, 3421 №-li kredit müqaviləsinə əsasən 04 mart 2009-cu il tarixdə 186.000 (bir yüz səksən altı min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 149.785,80 (bir yüz qırx doqquz min yeddi yüz səksən beş manat səksən qəpik) manat, "xxxx" MMC-də baş mühəndis vəzifəsində işləyən X12 adına rəsmiləşdirilmiş 16 mart 2009-cu il tarixli, 3452 №-li kredit müqaviləsinə əsasən 16 mart 2009-cu il tarixdə 603.600 (altı yüz üç min altı yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 485.596,20 manat (dörd yüz səksən beş min beş yüz doxsan altı manat iyirmi qəpik), "xxxx" ASC-də tərcüməçi işləyən X3 adına rəsmiləşdirilmiş 27 may 2010-cu il tarixli, 4773 №-li kredit müqaviləsinə əsasən 27 may 2010-cu il tarixdə 500.000 (beş yüz min) manat, "xxxx" ASC-də fəhlə işləyən X13 adına rəsmiləşdirilmiş 27 may 2010-cu il tarixli, 4773 №-li kredit müqaviləsinə əsasən 27 may 2010-cu il tarixdə 500.000 (beş yüz min) manat, Bankın “Suraxanı” filialının kassasından "xxxx" MMC-də koordinator köməkçisi işləyən X7 adına rəsmiləşdirilmiş 29 sentyabr 2010-cu il tarixli, 207/10 №-li kredit müqaviləsinə əsasən 29 sentyabr 2010-cu il tarixdə 1.332.950 (bir milyon üç yüz otuz iki min doqquz yüz əlli) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.069.958,96 (bir milyon altmış doqquz min doqquz yüz əlli səkkiz manat doxsan altı qəpik) manat və sonuncunun həyat yoldaşı X6 adına rəsmiləşdirilmiş 29 sentyabr 2010-cu il tarixli, 208/10 №-li kredit müqaviləsinə əsasən 29 sentyabr 2010-cu il tarixdə 1.333.261 (bir milyon üç yüz otuz üç min iki yüz altmış bir) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.070.208,60 (bir milyon yetmiş min iki yüz səkkiz manat altmış qəpik) manat, Bankın Biznes Departamenti“ABB Premyer” Müştəri Xidmətindən "xxxx" MMCdə turizm üzrə mütəxəssis işləyən İddiaçı adına rəsmiləşdirilmiş 15 avqust 2012-ci il tarixli, 3883 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2012-ci il tarixdə 1.000.000 (bir milyon) manat olmaqla, 28 avqust 2007-ci il tarixdən 15 avqust 2012-ci il tarixədək olan müddətdə 09 fiziki şəxsin adına rəsmiləşdirilmiş ümumilikdə 5.038.823,28 (beş milyon otuz səkkiz min səkkiz yüz iyirmi üç manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaitini filialların aidiyyəti əməkdaşları və qeyriləri vasitəsi ilə filialların kassalarından götürüb Cahangir Hacıyev, Azad Cavadov və qeyriləri ilə mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə edərək Cahangir Hacıyevə etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə ələ keçirib, mütəşəkkil dəstə tərkibində aralarında bölüb şəxsiehtiyaclarına sərf etməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə küllimiqdarda ziyan vurmuşdur. Beləliklə həmin hömklə müəyyən edilmişdir ki, İddiaçı heç bir pul məbləğini götürməmiş həmin pulu Dünyamin Xəlilov götürərək, mənimsəmə yolu ilə ələ keçirmişdir. Belə olduğu təqdirdə onunla "xxxx" ASC arasında xx.xx.2012-ci il tarixdə, 3883 saylı kredit müqaviləsi formal xarakter daşıdığı üçün həmin kredit borcu onun adından silinməlidir. Beləliklə, həm qüvvədə olan mövcud qanunvericiliyin tələblərinə əsasən, həmdə qanuni qüvvəsini almış hər iki hökmə əsasən onunla "xxxx" ASC arasında xx.xx.2012-ci il tarixdə, 3883 saylı kredit müqaviləsi formal xarakter daşıyaraq uydurma əqd olması təsdiqləndiyi üçün onun adında olan kredit borcu cavabdeh tərəfindən silinməli və bu barədə müvafiq məlumatlar mərkəzləşdirilmiş kredit reyestri bürosuna verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 iddia tələbini qəbul edərək, iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. İş materiallarında olan "xxxx" ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti ilə İddiaçı arasında bağlanmış 3883 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən "xxxx" ASC borc alan İddiaçı 36 ay müddətinə illik 12 faiz hesablanmaqla ******* manat məbləğində kredit xətti açmağı, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmuşdür. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-429/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən “X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən X8 təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 03 il müddətə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən X17 təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 03 il müddətə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Mülki iddia qismən təmin edilərək 6.642.548,58 (altı milyon altı yüz qırx iki min beş yüz qırx səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti X10 və X14 mülki iddiaçı Cavabdeh QSC-nin xeyrinə tutulmuş, mülki iddia qalan hissədə baxılmamış saxlanılmış və bu hissədə Cavabdeh QSC-nin nümayəndəsinə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-429/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündə şahid İddiaçı məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, hazırda “Beta" mühafizə şirkətində mühafizəçi işləyir. O, 2012-ci ilin iyul ayından 2015-ci ilin iyun ayınadək “Qlobus Plaza” da yerləşən "xxxx" MMC-də təhlükəsizlik mütəxəssisi işləmişdir. Onu həmin işə cəmiyyətin direktoru və faktiki rəhbəri X10 götürmüşdür. O, xx.xx.2012-ci il tarixdə işdə olarkən Dünyamin Xəlilov onu yanına dəvət edərək bildirmişdir ki, cəmiyyətin fəaliyyəti üçün onun adına "xxxx" ASCdən kredit götürmək lazımdır və həmin krediti Dünyamin Xəlilov özü 01 il müddətində ödəyib bağlayacaqdır. O da müdir kimi Dünyamin Xəlilova etibar etdiyi üçün sonuncu ilə razılaşmışdır. Razılaşdıqdan sonra Dünyamin Xəlilov ona "xxxx" ASC-nin “Premyer” filialına getməli olduğunu və bankda kreditin rəsmiləşdirilməsi üçün ona təqdim ediləcək müvafiq sənədlərə imza etməli olduğunu bildirmişdir. O da Dünyaminin sözü ilə xx.xx.2012-ci il tarixdə "xxxx" ASC-nin “Premyer” filialına gedərək Dünyamin Xəlilov tərəfindən göndərildiyini bildirmiş, sonra bankın hazırda xatırlamadığı bir neçə əməkdaşına və kassaya yaxınlaşaraq ona təqdim olunan bütün sənədləri imzalamışdır. O, sənədləri imzaladıqdan sonra heç bir məbləğdə kredit vəsaitini götürmədən bankdan çıxıb işə qayıtmış və bu barədə Dünyaminə məlumat vermişdir. Bundan sonra həmin kreditlə bağlı onun heç bir məlumatı olmamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, ona təqdim edilmiş 15 avqust 2012-ci il tarixli kredit müqaviləsində “borc alan” qrafası qarşısındakı imzalar ona məxsusdur. O, Dünyamin Xəlilovun tapşırığı ilə "xxxx" ASC-nin filialına gedərək ona təqdim olunan sənədləri imzalamış, lakin heç bir məbləğdə kredit götürməmişdir. Həmin pulların hara xərclənməsindən onun məlumatı yoxdur, qeyd olunan vəsait faktiki olaraq Dünyamin Xəlilov tərəfindən götürülmüşdür. O, Dünyamin Xəlilovun sözlərinə inanaraq həmin sənədlərə imza etmiş, Dünyamin Xəlilov qısa zamanda həmin krediti bağlayacağına dair söz verdiyi üçün buna inanıb kredit sənədlərinə imza etmiş, lakin kassadan heç bir məbləğdə pul vəsaiti almamışdır. Həmin hökmün 18-ci səhifəsində qeyd edilmişdir ki, xx.xx.2012-ci il tarixli 3883 nömrəli kredit müqaviləsinin surətindən (cild 1, iş vərəqə 108-113) görünür ki, həmin gün "xxxx" ASC ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 1.000.000 manat məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur (kredit müqaviləsi təminatsız olmuş, yəni əsas öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə girov və ya ipoteka qoyulmamışdır). xx.xx.2023-cü il tarixli rəydən (cild 4, iş vərəqə 19-22) görünür ki, İddiaçı adına rəsmiləşdirilmiş 3883 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 15 avqust 2012-ci il tarixdə ******* manat məbləğində kredit vəsaiti götürülmüşdür. "xxxx" MMC-də turizm üzrə mütəxəssis işləyən İddiaçı adına rəsmiləşdirilmiş 15 avqust 2012-ci il tarixli, 3883 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2012-ci il tarixdə ******* manat məbləğində pul vəsaitini filialların aidiyyəti əməkdaşları və qeyriləri vasitəsi ilə filialların kassalarından götürüb Cahangir Hacıyev, Azad Cavadov və qeyriləri ilə mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə edərək Cahangir Hacıyevə etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə ələ keçirib, mütəşəkkil dəstə tərkibində aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuşdur. İş materiallarında olan 23 oktyabr 2024-cü il tarixli, 13-7/3-1832/2024 nömrəli Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatının arayışına əsasən xx.xx.2012-ci il tarixli, 3883 nömrəli kredit müqaviləsi ilə illik 12% olmaqla 36 ay müddətinə İddiaçı ******* manat kredit verilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh QSC–yə ******* manat əsas borc, 521139,05 manat faiz borcu, cəmi 1521139,05 manat məbləğində pul ötürülmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixə Cavabdeh QSC-yə ******* manat əsas borc, 521139,05 manat faiz borcu, cəmi 1521139,05 manat borcu vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən İddiaçı illik 12 % olmaqla 36 ay müddətinə 1 000 000 (bir milyon) manat məbləğində kredit verilmiş, "xxxx" ASC ilə Cavabdeh QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair müqaviləyə əsasən tələb hüququ "xxxx" ASC-dən Cavabdeh QSC-yə keçmişdir. Tərəflər arasında kredit müqaviləsi bağlansa da, kredit müqaviləsi formal xarakter daşımış, bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-429/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə öz təsdiqini tapmış, həmin iş üzrə verilmiş mülki iddia qismən təmin edilərək 6.642.548,58 (altı milyon altı yüz qırx iki min beş yüz qırx səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti X10 və X14 mülki iddiaçı Cavabdeh QSC-nin xeyrinə tutulmuşdur. Göründüyü kimi, tərəflər arasında icra olunmamış öhdəlik münasibətləri faktiki və hüquqi baxımdan mövcud deyildir. Həmçinin cavabdeh tərəfindən də iddia tam etiraf edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə cavabdeh tərəfindən iddia tələbinin etiraf edildiyini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı adına olan əsas borc üzrə ******* manat, faiz borcu üzrə 521139,05 manat, cəmi 1521139,05 manat məbləği təşkil edən kredit borcunun silinməsi, bu barədə Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə və Azərbaycan Kredit Bürosuna məlumat verilməsi öhdəliyi Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı adına olan əsas borc üzrə ******* (bir milyon) manat, faiz borcu üzrə 521139,05 manat (beş yüz iyirmi bir min bir yüz otuz doqquz manat beş qəpik), cəmi 1521139,05 manat (bir milyon beş yüz iyirmi bir min bir yüz otuz doqquz manat beş qəpik) məbləği təşkil edən kredit borcunun silinməsi, kredit borcu silindikdən sonra bu barədə Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə və Azərbaycan Kredit Bürosuna məlumat verilməsi öhdəliyi Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-4854/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4854/2024
24.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver