Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5033/2023 31.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər – Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, həmçininonlarla birgə yaşayan digər azyaşlı ailə üzvləri də – 2010-cu il təvəllüdlü X3, 2013-cü il təvəllüdlü X7 və 2018-ci il təvəllüdlü X4 mənə məxsus Bakı şəh., Yasamal ray., Yeni Yasamal 1 massivi, ev 14-də yerləşən 59 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəh., Yasamal ray., Yeni Yasamal 1 massivi, ev 14-də yerləşən 59 saylı mənzilin mülkiyyətçisidir. Bildirmək istərdi ki, həmin mənzil uzun illərdir ki, Laçın rayonundan qaçqın və məcburi köçkün olmuş Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 tərəfindən zəbt edildiyindən faktiki və hüquqi olaraq mülkiyyətçi kimi o, konstititusion hüquq və azadlıqlarının icrasından məhrum olmuş və həmin mənzilə dair heç bir mülkiyyət hüququnun icrasını həyata keçirə bilmir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, həmin mənzilin tam hüquqlu, dövlət reyestrindən müvafiq çıxarışla təsdiqlənən tək mülkiyyətçisidir. Həmin mənzildən başqa onun heç bir əmlakı yoxdur. 67 illik həyatında 30 ilə yaxın bir müddətdə əzab-əziyyətlə, mərhum həyat yoldaşı ilə min bir əziyyətlə qurub yaratdıqları mənzildə yaşaya bilməmişdir. Yoldaşı uzun illər həmin mənzili zəbt edən şəxslərin çıxarılmasını sülh yolu ilə tələb etsə də, bu mümkün olmamış, cavabdehlər bu günədək mənzilini zəbt edərək, onun öz mənzilindən istifadə hüququna maneçilik törətmişlər. Həyat yoldaşı həmin mənzildə demək olar heç yaşamadan bu dünyadan köçüb getsə də, iddiaçı həyatının son günlərini ona məxsus evdə keçirmək istəyir, min əziyyətlə uzun ilər kirayələrdə böyütdüyü övladlarına heç olmazsa bir neçə vaxt xoş gün keçirmək istəyir. Bir neçə müddət öncə ikinci şanlı Qarabağ savaşından sonra cavabdehlərin mənzildən çıxarılmasına dair dəfələrlə xəbərdarlıq etsə də, onlar bu xəbərdarlıqların heç birinə məhəl qoymamış, öz qeyri-hüquqi əməllərinə davam edərək mülkiyyət hüququnun pozulmasına davam etmişlər. İşin faktiki halları ilə bağlı bildirmək istəyir ki, bir neçə dəfə o və ailə üzvləri tərəfindən məsələnin sülh yolu ilə həll edilməsi istiqamətində danışıqlar aparılmağa cəhd edilsə də, bütün cəhdləri uğursuz olmuş, beləliklə öz evində bircə gün belə yaşaya bilməmişdir. Bildirmək istəyir ki, cavabdehlərin maraqları naminə onun mülkiyyət hüquqlarının məhdudlaşdırılması ucbatından o, «həddən artıq ağır fərdi yükə» məruz qalmaqdadır. Belə ki, nə həmin mənzildə yaşaya bilir, nə mülkiyyətçi kimi həmin evdən istifadə edə bilir, nə də həmin torpağa dair sərəncam verə bilir. Mübahisə predmeti olan mənzil üzrə Mənzil Kommunal İstismar İdarəsi tərəfindən verilən arayışa əsasən cavabdehlərdən (Cavabdeh2, Cavabdeh3, Cavabdeh1)əlavə - onlarla birgə yaşayan azyaşlı ailə üzvləri də – 2010-cu il təvəllüdlü X3, 2013-cü il təvəllüdlü X7 və 2018-ci il təvəllüdlü X4 iddiaçının mənzilində yaşayırlar. Cavabdehlərin həmin evdə yaşamaqları, iddiaçının yaşayış şəraitini çətinləşdirərək, mülkiyyət hüququnu pozur. Bu səbəbdən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə etiraz edərək, öz izahatında bildirmişdir ki, iddiaçı evin mülkiyyətçisi olsa da, onun məcburi köçkün olmasını və başqa yaşayış yerinin olmaması nəzərə alınmalıdır. Mənzillə təmin olunduqdan sonra mübahisəli mənzildən çıxacaqlarını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə digər cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı, ******* №-li xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, 14 saylı evin 59 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmiş və daşınmaz əmlakın dövlət reyestrində 30/148472 nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cüil tarixli 240 nömrəli Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat birliyinin 19 saylı MKT sahəsi tərəfindən verilən arayışa əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, 14 saylı evin 59 nömrəli mənzilində qeydiyyatdadır və lakin yaşamır. Mənzil Laçın rayonu məcburi köçkünləri tərəfindən zəbt olunub. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. (Nazirlər Kabineti, Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Həmin maddədə, həmçinin qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, 14 nömrəli evin 59 saylı mənzili İddiaçı mülkiyyətində olsa da, hazırda həmin mənzildə cavabdehlər yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə yaşayırlar. Məhkəmə hesab edir ki, mübahisəli mənzil İddiaçı xüsusi mülkiyyətində olduğundan, cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə və digər qanuni əsas olmadığından, iddiaçı mülkiyyətinin cavabdehlərin qanunsuz sahibliyindən geri tələb olunmasına dair iddia ilə məhkəməyə müraciət etdiyindən, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə qeyd edir ki, cavabdehlər nə qədər ki, dövlət rüsumu ödəməkdən azaddırlar, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 onlarla birgə yaşayan digər yetkinlik yaşına çatmayan ailə üzvləri-2010-cu il təvəllüdlü X5, 2013-cü il təvəllüdlü X8 və 2015-ci il təvəllüdlü X6 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 14, 59 saylı mənzilindən çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5033/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5033/2023
31.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver