Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5041/2025 30.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrində qeydiyyatın ləğv edilməsi, iddiaçının sahiblik, istifadə və sərəncam vermək hüquqları bərpa edilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrində qeydiyyatın ləğv edilməsi, iddiaçının sahiblik, istifadə və sərəncam vermək hüquqları bərpa edilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsində 0.3242 ha torpaq sahəsində yerləşən 170,2 kv.m. yaşayış, 75,6 kv.m. köməkçi, ümumi sahəsi 245,8 kv.m. sahədən ibarət 93 nömrəli fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə 10/45 hissədən -1 otaq 10,8 kv.m. paya dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın etibarsız sayılaraq ləğv edilməsi; İddiaçı 27,3 kv.m.-lik əmlakı üzrərində pozulmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının bərpa edilməsi; Cavabdeh qanunsuz olaraq zəbt etdiyi mənzildən çıxarılması və həmin mənzilin İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx/xx/2007-ci il qeydiyyat tarixli, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsində 0.3242 ha torpaq sahəsində yerləşən 170.2 kv.m yaşayış, 75.6 kv köməkçi, ümumi sahəsi 245.8 km sahədən ibarət 93 nömrəli fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə 5/45 hissəsədə (27,3 kv.mm) mülkiyyət hüququ İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 50 nömrəli reyestr kitabının 4527 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi: **********27 10301; qeydiyyat nömrəsi: 110754572; qeydiyyat tarixi: xx.xx.2007; Qeyd etmişdir ki, həmin mülk iddaçıya mərhum atasından miras qalmışdır. X3 həmin əmlakında olan 1/3 və 5/15 hissədə payı vərəsələri X19, X23, X15 adlarına vərəsəlik hüququ əsasında keçmişdir. Mərhum qardaşı X39 cəzaçəkmə müəsisəssindən qayıdandan sonra iddaçıya bildirmişdir ki, o, evi kirayə verib gəlir əldə etmək istəyir, həmin evlər söküldüyü zaman və ya həmin qardaşı rəhmətə gedəndən sonra iddiaçı həm öz payını həm də qardaşının miras payını alacaqdır. Odur ki, iddiaçı həyat yoldaşı X9 Abşeron rayonunun Novxanı kəndində aldığı evdə onunla birlikdə yaşamağa başlayır. Mülkiyyət sahibi olaraq iddiaçı 40 saylı Mənzil İstismar İdarəsinə 2025-ci il də daxil olmaqla hər il illk vergiləri və ödənişləri ödəmişdir. 7 sentyabr 2004-cü il tarixində X39 öldükdən sonra iddaçı dəfələrlə öz evinə qayıtmaq istəmişdir. Həmin vaxt sağ olan qardaşı X29 iddiaçıya bildirmişdir ki, onun mənzilini ölən qardaşı sağlığında satmışdır və onu həyətdən qovmuşdur. xx.xx.2014-cü il tarixində X29 ölmüşdür. X15 ölümündən sonra onun vərəsələri də iddiaçıya “burda sənin evin yoxdur” deyib onu qovmuşlar. 40 saylı Mənzil İstismar İdarəsindən bu yaxınlarda Mikayılova (Kərimova) Naibə Kərim qızına məlumat verilmişdir ki, onun mülkiyyətində olan ev söküntü planına daxil edilmişdir. Kompensasiyanın alınması üçün yaradılmış dövlət komissiyası tərəfindən əmlakının qeydiyyatının və sahəsinin ölçülməsi tələb olunur. Odur ki, komissiya üzvləri tərəfindən iddiaçının evinə baxış keçirdilməli və evin faktiki dəqiq ölçülərini götürülməlidir. Bu məqsədlə iddaçının həm mülkiyyətində, həm də onun özünün və ailə üzvlərinin qeydiyyatında olduğu əmlakının yerləşdiyi Yasamal rayonu, Akademik A.Qarayev küçəsi 93 nömrəli fərdi yaşayış evinə onunla birlikdə getdilər. Bu zaman onları iddaçının mərhum qardaşı X15 vərəsələri X24, X20, X21 çox aqresiv qarşıladılar. Həmin vərəsələr iddiaçıya “burda sənin evin yoxdur, sənin evini mərhum qardaşın X39 Cavabdeh satmışdır” dedilər. Həmin vaxt iddiaçının evinin qapısı bağlı olduğundan onun mənzilində yaşayan Cavabdeh ilə görüşmək, ona həmin əmlakda payın kimin tərəfindən satıldığını və iddiaçının mülkiyyətində olan evin ona kim tərəfindən verildiyini aydınlaşdırmaq mümkün olmamışdır. Cavabdeh telefon nömrəsini həmin şəxslər onlara vermədilər. 40 saylı Mənzil İstismar İdarərəsinin həmin sahəyə təhkim edilmiş Gülarə adlı (tel:***-***-**-**) işçisi ilə görüşüb cavabdehlə əlaqə saxlamaq üçün onun telefon nömrəsini istəsələr də, o da onlara Cavabdeh nə telefon nömrəsini, nə də onun harada yaşaması barədə məlumat verməmişdir. Odur ki, onlar sübutlar toplamağa başlamış və əldə edilən sübutlara əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx/xx/2007 ci il qeydiyyat tarixli, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsində ümümi sahəsi 245.8 km olan 93 nömrəli fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə 5/45 hissəsədə (27,3 kv.m.) İddiaçı, Cavabdeh isə 10/45 hissədən 1 otaq (10,8 kv.m.) mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən İddiaçı həmin əmlakda payı 5/45 hissəsədə dəyişməz olaraq qalmışdır - yəni iddaçının payının satılmadığı müəyyən olmuşdur. Həmin arayışa əsasən iddaçının mərhum qardaşı X39 özünə məxsus 10/45 hissəni Bakı şəhəri 12 saylı DNK-nın xx.xx.2003-ci il tarixli 4Ə-4-783 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X25 adına özgəninkiləşdirmişdir. Həmin arayışa əsasən X16 miras qalmış 10/45 hissəsi Bakı şəhəri 12 saylı DNK-nın xx.xx.2007-ci il tarixli 2V-1-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X15 adına qeydiyyatdan keçmişdir. X15 ölümündən sonra onun miras qalmış 10/45 hissəsi vərəsələri X10, X5, X6 adlarına qeydiyyatdan keçmişdir. Həmin arayışa əsasən sözü gedən fərdi evin Cavabdeh adına 10/45 hissədən 1 otaq (10.8 kv.m) pay xx.xx.2003-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alındığı, lakin sənəd əsaslarının, nə alqı-satqı müqaviləsinin, nə də alqı-satqı müqaviləsinin reyestr nömrəsinin arxiv qovluğunda aşkar edilmədiyi göstərilir. Bakı şəhəri 12 saylı notariat ofisinin verdiyi arayışdan və “Elektron notariat” X1 Çıxarışlardan da məlum olur ki, 10,8 kv.m. payın Cavabdeh satılması, alqı-satqı müqaviləsinin özü və alqı-satqı müqaviləsinin reyestr nömrəsi barədə məlumatlar arxiv sənədlərində mövcud olmamışdır. Odur ki, sözü gedən əmlakda 10,8 kv.m. payın kimin tərəfindən, kimin payının Cavabdeh satılması barədə heç bir rəsmi məlumat və rəsmi sənəd yoxdur. İddaçı İddiaçı həmin əmlakda payı 5/45 hissəsədə dəyişməz qaldığı üçün onun payı və evi mərhum qardaşı X39 tərəfindən və həmçinin digər mülkiyyətçilər tərəfindən Cavabdeh satılmadığı öz təsdiqini tapmışdır. Əldə edilmiş sübutlardan məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan və uzun zaman yaşadığı evi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir, iddiaçının mülkiyyətdən istifadə, sahiblik və sərəncam vermək hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozmuşdur. Hal-hazırda həmin ərazidə evlərin dövlət tərəfindən sökülməsi və mülkiyyət sahiblərinə kompensasiyaların verilməsi prosesinə başlanılmışdır. İddiaçının mülkiyyətində olan evi və ona aid mənzil cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyi üçün o, həmin evi komisiyaya təqdim edə və əvəzinə verilən pul kompensasiyasını ala bilmir. Cavabdeh öz qanunsuz əməlləri ilə iddiaçının mülkiyyətlə bağlı bütün hüquqlarını pozmaqla yanaşı həm də ona külli miqdarda zərər vurmuşdur. Qeyd etmişdir ki, miras əmlakın vərəsələrə keçməsinə dair Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunun sənədləri arasında mərhum X16 miras qalmış payın qəbul edilməsindən imtina barədə İddiaçı 13 mart 2007-ci il tarixli ərizəsinin olduğu məlum olmuşdur. Lakin iddiaçı miras əmlakdan imtina etməsi barədə ərizə yazmadığını, mərhum qardaşının miras əmlakının bölüşdürülməsindən ümumiyyətlə xəbərinin olmadığını bildirmişdir. Bu fakt deməyə əsas verir ki, mərhum X16 miras qalmış payın bölüşdürülməsində saxtakarlığa yol verildiyi kimi iddiaçıya məxsus evin cavabdehə satılmasında da qanunsuz əməllərə və saxtakarlığa yol verilmişdir. Mülkiyyət hüququnun əmələ gəlməsinin əsaslarından olan notariat qaydada təsdiq olunmuş alqısatqı müqaviləsinin arxiv sənədlərində mövcud olmaması faktı göstərir ki, Yasamal rayonu, Akademik A.Qarayev küçəsində 93 nömrəli fərdi yaşayış evində 10/45 hissədən 1 otaq (10,8 kv.m.) pay Cavabdeh adına qanunsuz olaraq rəsmiləşdirilmişdir. Odur ki, notariat qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi arxiv qovluğunda mövcud olmadığı üçün cavabdehin mübahisəli əmlakdan 10/45 hissədən 1 otaq (10.8 kv.m) paya dair mülkiyyət hüququnun qeydiyyatı və DƏDR-dən çıxarışı qanunsuz hesab edilərək ləğv edilməlidir. İddaçı İddiaçı mübahisəli əmlak üzrərində pozulmuş sahiblik, istifadə və sərəncam vermək hüquqları bərpa edilməli, cavabdeh qanunsuz olaraq zəbt etdiyi mənzildən çıxarılmalı və həmin mənzil iddaçıya qaytarılmalıdır. Yuxarıda qeyd edilənlər faktlara, sübutlara əsasən cavabdehin 10,8 kv.m.-lik bir otaqı payı qanunsuz əldə etməsinə baxmayaraq iddaçının 27.3 kv.m-lik mənzilini zəbt etmişdir. Sadalanan qanunların tələblərinə görə Bakı şəhəri, Yasamal rayonu, Ak.A.Qarayev küçəsində yerləşən ümumi sahəsi 245.8 kv.m. sahədən ibarət 93 nömrəli fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə 10/45 hissədən -1 otaq 10,8 kv.m. mənzilə dair alqı-satqı müqaviləsi mövcud olmadığından daşınmaz əmlakın dövlət reyestrində cavbdeh Cavabdeh həmin əmlaka dair mülkiyyət hüququnun qeydiyyatı etibarsız sayılaraq ləğv edilməli, cavabdeh həmin mənzildən çıxarılmalı və mənzil iddaçıya qaytarılmalıdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 AZEMİS elektron kabinet vasitəsilə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsində 0.3242 ha torpaq sahəsində yerləşən 170.2 kv.m yaşayış, 75.6 kv köməkçi, ümumi sahəsi 245.8 km sahədən ibarət 93 nömrəli fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə 10/45 hissədən -1 otaq 10.8 kv.m paya dair 1 iyul 2003-ci il tarixli, 4Ə-4- 783 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması, cavabdehin həmin əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi; iddiaçının həmin əmlak üzərində pozulmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının bərpa edilməsi; Cavabdeh 10,8 kv.m –dən əlavə qanunsuz olaraq zəbt etdiyi mənzildən 2 otaqdan (27 kv.m.) çıxarılması və həmin mənzilin iddaçı İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, miras əmlak vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçib. İddiaçının qardaşı Kərimov Balağa adlı şəxs vəfat etməmişdən əvvəl özünə məxsus evin 1 otağını Cavabdeh satıb. İddiaçı qardaşına humanist yanaşaraq, özünə məxsus evində qardaşının yaşamasına icazə verib. Ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçı qeydiyyata düşməyib. Eyni ünvandı, sadəcə paylar naturada bölünməyib. 5/45 hissə iddiaçıya, 5/45 hissə isə Kərimov Balağaya məxsusdur. İddiaçı notariusda olmayıb, razılıq da verməyib. Hesab edir ki, atasından miras qalmış əmlakın 2 otağına cavabdeh qanunsuz yiyələnmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, çox uzun illərdir ki, o evdə yaşayır. Müvafiq olaraq çıxarışla da mülkiyyət hüquqları təsdiqlənmişdir. İddia tələbi əsassız formada qaldırılmışdır. İddiaçının da razılığı olmuşdur. Naibədə notariat ofisinə gedib, razılığı olmuşdur. Hətta onun həyat yoldaşı da orada olub və ona dedi ki, ev sənindir, çünki pul verib almısan. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, 23 il əvvəl cavabdeh iddiaçının qardaşından ev almışdır. Müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Etibarsızlıq üçün əsas yoxdur. Bu gün iddiaçıya qarşı iddia tələbi qaldırmaq ədalət meyarına uyğun deyil. Hətta əldə etdiyi məlumata görə iddiaçının başqa yerdə evləri var. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin seriya FM, 017846 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Kr.Krivaya küçəsindəki 14 otaq 170,2 kv.m. yaşayış sahəsindən ibarət 93 saylı fərdi yaşayış evini 1) X23 adına 5/15 hissədə, digər paylar üzrə 2) İddiaçı və 3) X15 adına 5/15 hissədə, 4) X11 adına 2/15 hissədə, 5) X40 adına 2/15 hissə, 6) X36 adına 2/15 hissədə, 7) Səkinə Abdulla qızının adına 4/15 hissədə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 142 saylı reyestr kitabında 4607 səhifə qeydə alma 30/25.08 nömrəli xx.xx.2002-ci il tarixində qeydiyyat aparılmışdır. - X11, X36, X40 və X15 19 iyun 2003-cü il tarixli ərizələrinə əsasən onlar X28 məxsus olan və A.Qarayev küçəsi, ev 93 ünvanında yerləşən mənzilin (evin) satılmasına etiraz etmədiklərini bildirmişlər. - X12 27 iyun 2003-cü il tarixli ərizəsinə əsasən o, dayısı X28 məxsus olan və A.Qarayev küçəsi, ev 93 ünvanında yerləşən mənzilin (evin) satılmasına etiraz etmədiyini bildirmişdir. - İddiaçı 01 iyul 2003-cü il tarixli ərizəsinə əsasən o, X28 məxsus olan və ünvan 1 ünvanında yerləşən mənzilin (evin) satılmasına etiraz etmədiyini bildirmişdir. - X39 ilə Cavabdeh və X41 arasında bağlanmış 198492 saylı, xx.xx.2003-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən X69 Bakı şəhəri, Kr.Krivaya küçəsi, ev 93, 612,60 kvadrat metr torpaq sahəsində yerləşən 5/45-paydan ibarət yaşayış evini (mənzili) vətəndaş Cavabdeh bir otaq 10,8 kv.m., X30 bir otaq 6,9 kv.m. satmışdır. - Bakı şəhəri Yasamal Rayon VVADQ şöbəsinin AZ-İ №014564 saylı, 02 iyul 2003-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X39 ilə X37 arasında olan nikah ləğv edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 10/45 hissədən – 1/3 hissəsi X6 adına xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 6/45 hissəsi X4 adına xx.xx.2016-cı il tarixdə qeydiyyatdan keçmişdir. - X48 ilə X49 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən X48 Bakı şəhəri, Yasamal rayonu, Ak.A.Qarayev küçəsində yerləşən 93 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 12/45 hissədən – 1 otaq 7.4 kv.m. k/s – 8.3 kv.m. hissədən 2 kv.m. hissəsini ünvanında yerləşən ümumi sahəsi 241,3 kv.m., yaşayış sahəsi 176,5 kv.m., yardımçı sahəsi 64,8 kv.m. olan 14 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 9000 manata X2. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 12/45 hissədən - 1 otaq 7,4 kv.m. və k/s – 8,3 kv.m. hissədən 2 kv.m. hissəsi X31 adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 12/45 hissədən - 1 otaq 7,4 kv.m. və k/s – 8,3 kv.m.-dən qalan hissəsi X32 adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. - X26 ilə X22 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X26 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 241,3 kv.m., yaşayış sahəsi 176,5 kv.m., yardımçı sahəsi 64,8 kv.m. olan 14 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 6/45 hissəni bacısı X13 bağışlamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı ünvan 3 ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən X33 miras qalmış (1/3 və 5/15 hissə sənəddə olduğu kimi) Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, 93 saylı fərdi yaşayış evinin bir hissəsi Bakı şəhəri 12 sayli DNK-nın xx.xx.2022-ci il tarixli 2V-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən İddiaçı, X27 və X15 adlarına qeydiyyatdan keçmişdir. X42 özünə məxsus 5/45 hissəsini Bakı şəhəri 12 saylı DNK-nın xx.xx.2003-cü il tarixli 4Ə-4-783 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X25 adına özgəninkiləşdirilmişdir. X16 miras qalmış 10/45 hissəsi Bakı şəhəri 12 saylı DNK-nı xx.xx.2007-ci il tarixli 2v-1-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X15 adına qeydiyyatdan keçmişdir. X14 miras qalmış 10/45 hissəsi Bakı şəhəri 12 saylı haqqında şəhadətnaməsinə əsasən ümumbirgə payda X10, X5 və X6 adlarına qeydiyyatdan keçmişdir. X43 məxsus olan 4/15 hissəsi (1 otaq) Bakı şəhəri 12 saylı DNKnın xx.xx.2004-cü il tarixli 4Ə-030587 reyestr nömrəli alqı-satqı müqaviləsinə sasən X7 satmışdır. Sözügedən fərdi yaşayış evnin yerləşdiyi torpaq sahəsinin qeydiyyatdan keçməsi haqqında məlumat(sənəd) aşkar edilməmişdir. Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, 93 saylı fərdi yaşayış evi (ümumi sahəsi 241.30 kv.m., yaşayış sahəsi 176,50 kv.m, köməkçi sahəsi 64,80 kv.m., 14 otaq) hazırda aşağıda qeyd olunmuş şəxslərin mülkiyyətindədir: X55 (12/45 hissədən -1 otaq); İddiaçı (5/45 hissə); X56 (12/45 hissədən -3 otaq); X41 (10/45 hissədən- 1 otaq (6,9 kv.m)) Cavabdeh (10/45 hissədən- 1 otaq (10,8 kv.); X17 (12/45 hissədən -bir hissə); X20 (10/45 hissədən qalan hissənin 1/3 hissəsi); X21 (10/45 hissədən qalan hissənin 1/3 hissəsi); X24 (10/45 hissədən qalan hissənin 1/3 hissəsi); X18 (6/45 hissə); X49 (12/45 hissədən -1 otaq 7.4 kv.m və k/s-8.3 kv.m hissədən 2 kv.m.); X48 (12/4 hissədən -1 otaq 7.4 kv.m və k/s-8.3 kv.m.–dən qalan hissə); X22 (6/45 hissə); X59 (6/45 hissə). Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 izahatında bildirmişdir ki, iddiaçı onun bibisidir. Atası sağ olarkən, əmisi öz payını satmaq istəyib və bununla bağlı bütün ailə üzvləri razılaşmışdır. 2001-ci ildə əmisi payını Cavabdeh satmış, bibisi də həmin vaxt buna razılıq vermişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin yerdə onunda payı var. 1 otaq və 1 mətbəx olub, əmisi Balağanın olub. Orada başqa tikili olmamışdır. Bibisi evlənəndən sonra orada yaşamamışdır. İddiaçı onlarla da, anasının, Nəzakətin həyətində də qalmışdır. Evlərin hamısı əvvəl babasının olub. Bibisi 1982-1983cü illərdə gəlin köçüb. Evlənmişdən əvvəl isə müxtəlif otaqlarda yaşamışdır, dəqiq bilmir. İddiaçının çıxarış almasından heç kimin xəbəri və razılığı olmamışdır. Əlibala özünə düşən payı satıb, mətbəx və 1 otaq olub. Daha sonra o, onların Əhmədlidə olan evində yaşayıb. Münasibətləri çox yaxşı olub. Babasının harada yaşaması barədə bilmir, onda onun 4 yaşı var idi. Balağa vəfat edəndə 31 yaşı var idi. Nəzakət adlı xanıma da başqa 1 otağı əmisi satıb. Satılan yer Naibənin atasının evi olub. Bibisi ilə münasibətləri çox yaxşıdır. Hazırda Cavabdeh ailəsi ilə birlikdə orada yaşayır. 1 il əvvəl iddiaçı Naibə evə gəlmiş, həmin vaxtda aralarında mübahisələri olmamışdır. Günəşli ərazisində olan ev 4 otaqlıdır. Həyətdə təxminən 8 ailə yaşayır. Cəfərova Nəzakət, Cavabdeh, Kərimov Gülağa yəni o, atasının evində, Bədəlov Ələkbər, Bədəlov Azər, Bədəlov Yaqubun uşaqları, Səkinənin uşaqları həyətdə yaşayır. Həyətin giriş-çıxışı eynidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir(MM-nin 390.4-cü maddəsi). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllənin 337.1-ci maddəsinə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ə.İbrahimovun şikayəti ilə bağlı mülkiyyət hüququ, onun əmələ gəlməsi və xitamı, alqısatqı müqaviləsinin etibarlılığının müəyyən olunmasına dair bəzi məsələlər üzrə, habelə mübahisə olunan məhkəmə aktının qanuniliyi ilə əlaqədar aşağıdakılar qeyd olunmalıdır. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda həmçinin əmlakı özgəninkiləşdirilən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilələrin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sənədi təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının və onun nümayəndəsinin öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli əmlak üzrə 10/45 paydan 1 otaq (10,8 kv.m.) hissəsinə dair mülkiyyət hüququ xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmışdır. İş materiallarında olan xx.xx.2003-cü il tarixli ərizədən görünür ki, İddiaçı X28 məxsus payın satılmasına etiraz etmədiyini yazılı şəkildə bildirmişdir. İddiaçı hal-hazırda cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsində 0.3242 ha torpaq sahəsində yerləşən 170.2 kv.m yaşayış, 75.6 kv köməkçi, ümumi sahəsi 245.8 km sahədən ibarət 93 nömrəli fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə 10/45 hissədən -1 otaq 10.8 kv.m paya dair1 iyul 2003-ci il tarixli, 4Ə-4-783 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılmasını, cavabdehin həmin əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsini; iddiaçının həmin əmlak üzərində pozulmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının bərpa edilməsini; cavabdehin 10,8 kv.m.–dən əlavə qanunsuz olaraq zəbt etdiyi mənzildən - 2 otaqdan (27 kv.m.) çıxarılması və həmin mənzilin iddaçıya qaytarılmasını tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüquqlarının pozulması sübuta yetirilməmişdir. Belə ki, ilk növbədə iddiaçının mərhum qardaşı X84 sağlığında ona məxsus Bakı şəhəri, Kr.Krivaya küçəsi, ev 93, 612,60 kvadrat metr torpaq sahəsində yerləşən 5/45paydan ibarət yaşayış evini (mənzili) - bir otaq 10,8 kv.m., 198492 saylı, xx.xx.2003-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satmışdır. Alğı-satqı müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas müəyyən edilməmişdir. İddiaçı 5/45 payı dəyişməz qalmış, Cavabdeh isə yalnız X28 məxsus payı əldə etmişdir. Həmçinin şahidin ifadəsi cavabdehin əmlakı qanuni əsaslarla əldə etdiyini və uzun illərdir faktiki istifadə etdiyini təsdiq etmişdir. Dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir. İddia tələbinin “Cavabdeh 10,8 kv.m –dən əlavə qanunsuz olaraq zəbt etdiyi mənzildən 2 otaqdan (27 kv.m.) çıxarılması və həmin mənzilin iddaçı İddiaçı qaytarılması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materillarında olan sənədlərlə də müəyyən olunur ki, daşınmaz əmlak üzərində təreəflərin paylı mülkiyyəti mövcuddur. Alğı-satqı müqaviləsindən görünür ki, alğı-satqı predmeti 10,8 kv.m bir otaqdan ibarətdir. Cavabdehin paylı mülkiyyəti 10/45 hissədən- 1 otaq (10,8 kv.);-dir. Daşınmaz əmlakın naturada bölgüsü həyata keçirilməmişdir. İddiaçıya məxsus 5/45 hissənin neçə kv.m və neçə otaqdan ibarət olması müəyyən edilmir. 10,8 kv.m –dən əlavə 2 otağın (27 kv.m.) iddiaçıya məxsus olması, iddiaçıya məxsus 2 otağın cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsi iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrində qeydiyyatın ləğv edilməsi, iddiaçının sahiblik, istifadə və sərəncam vermək hüquqları bərpa edilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80 və 81ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrində qeydiyyatın ləğv edilməsi, iddiaçının sahiblik, istifadə və sərəncam vermək hüquqları bərpa edilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5041/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5041/2025
30.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver