Məhkəmə qərarları › İş №e-2(004)-505/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-505/2023

23.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-505/2023 23.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız varlanması nəticəsində 1084,4 manat borcun, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və 30,85 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli hesab və ödəniş kartına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən müştəri kart vasitəsi ilə hesabda olan pul vəsaiti məbləğində əməliyyat aparmalı və “overdraft”a yol verməməlidir. Lakin cavabdeh bank tərəfindən açılmış hesab üzrə overdrafta yol vermiş, həmin borcdan 1084,4 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, cavabdehdən müqavilənin şərtlərini pozduğuna görə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiyini bildirərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İş materiallarına əlavə edilmiş: Müqavilədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli hesab və ödəniş kartına dair müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli balansdankənar məxaric orderindən görünür ki, bank tərəfindən cavabdehə həmin tarixdə 416974******0695 nömrəli plastik kart verilmişdir. Həmin ödəniş kartı üzrə xx.xx.2019-xx.xx.2022-ci il dövrə aid çıxarışdan görünür ki, cavabdeh xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərində kartla ödəniş həyata keçirmiş və bu zaman kartda kifayət qədər vəsait olmadığından hesabın kerditləşməsi baş vermiş və 1084,40 manat borc yaranmışdır. 13 may 2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə müraciət edərək həmin vəsaitin karta mədaxil etməsini xahiş etmiş və əks halda vəsaitin qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağını bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlarla cavabdeh tərəfindən overdrafta yol verməsi, yəni bank kartında olan vəsaitdən artıq vəsait çıxarması təsdiq edildiyindən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən iddia 1084,40 manat borcun tələbi hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan əlavə 1084,40 manat borcun məbləğindən faizlərin ödənilməsi tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1.-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən alınmış məlumata əsasən 16 dekabr 2022-ci il tarixindən hal-hazıradək Mərkəzi Bank tərəfindən müəyyən edilmiş uçot faiz dərəcəsi 8,25 % təşkil edir. Cavabdehin xx.xx.2019-cu il tarixindən 1084,40 manat məbləğində borcun geri qaytarılması öhdəliyinin yaranması nəzərə alınaraq həmin tarixdən qətnamənin çıxarıldığı xx.xx.2023-cü il tarixədək olan müddət üçün (1084,40 / 100 x 8,25%) x 3 il 2 ay 6 gün) 284,60 manat faizlər də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün 30,85 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 1084,4 (min səksən dörd manat qırx qəpik) manat əsas borc, 284,60 (iki yüz səksən dörd manat altmış qəpik) faiz, cəmi 1369 (min üç yüz altmış doqquz) manat və 30,85 (otuz manat səksən beş qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elekron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar