Məhkəmə qərarları › İş №e-2(004)-508/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-508/2025

22.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-508/2025 22.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “payçı siyahısında adın bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolunun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “payçı siyahısında adın bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolunun verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, onun adının, yəni İddiaçı adının "xxxx" MTK-nın payçılarının siyahısında bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolundan çıxarışın verilməsi vəzifəsinin "xxxx" MTK-nın rəhbərliyinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1988-ci il tarixdə kooperativ mənzil alınması üçün "xxxx" Mənzil-Tikinti Kooperativində 3 (üç) otaqlı mənzilin alınması üçün növbəyə durmuşdur. Növbəyə durduqdan sonra onun növbəsinin çatması ilə maraqlanmış və ona məlum olmuşdur ki, 1989-cu ildə min nəfərdən çox insan mənzil ilə təmin edilmiş, bundan sonra 1990-cı ildə yenə də min nəfərdən çox insan mənzillə təmin edilmiş və nəhayət onun növbəsinin çatması ilə əlaqədar 1991-ci ildə ona kooperativə üzvlük ilə bağlı ödəniş etmək təklif edilmişdir və o, öz növbəsində 1991-ci ildə mənzilə görə ilkin ödəniş olaraq 8000 min ödəniş etmişdir. Bundan sonra binanın və mənzilinin tikintisini gözləmişdir. Bir qədər keçdikdən sonra binanın tikintisi dayandırılmışdır. Paycıların hamısı, yəni 50-60 nəfərdən çox payçı yığışaraq Bakı şəhəri sovetinə getmişlər. Orada gəlməklərinin səbəbini bildikdən sonra polis əməkdaşları onları dövriyəyə almış və Bakı şəhər sovetinin nümayəndələri onları qarşılayaraq bildirmişlər ki, bir daha bura yığışmasınlar və bina tikiləndə onlara xəbər edəcəklər. Bundan sonra o, vaxt aşırı Bakı şəhər sovetinə gedib maraqlanmışdır ki, tikinti necə oldu və hər dəfə ona bildirmişlər ki, bina hələ tikilməyib, gözləyin. 1998-ci ildə o, iş yeri üzrə mənzil növbəsinə durmaq üçün sənədləri toplayıb təqdim etmişdir, lakin ona rədd cavabı gəlmişdir. Ona bildirmişlər ki, o, iki mənzil ala bilməz. Bundan sonra o, dəfələrlə İcra hakimiyyətinə, Bakı şəhər sovetinə müraciət etmiş və hər dəfə onu müxtəlif instansiyalara yönləndirirdilər. Hətta pul ödəyib yeni mənzil üçün növbəyə durmağı belə məsləhət görümüşdülər. Uzun sürən uğursuzluqlardan sonra o, Mehriban xanım Əliyevanın adına və “Neft fonduna” məktub ünvanlamış və məktuba cavab olaraq ona bildirmişlər ki, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ona mənzil veriləcəkdir. Bundan sonra o, "xxxx" Mənzil-Tikinti Kooperativini axtarmağa başlamış və Dadaş Bünyadzadə küşəsi 55 ünvanında yerləşdiyini öyrənmişdir. Lakin həmin ünvan düzgün deyildi. Həmin ünvanda yaşayış evi yerləşirdi. Təkrar axtarış apardıqdan sonra (070) 688- 62-78 nömrəli telefonu tapa bilmiş və nömrənin sahibi Məmməd adlı şəxs idi. Həmin şəxs onu küçədə qarşılamış və ofislərinin harada yerləşməsini soruşduqda Rəşad adlı şəxsin telefon nömrəsini vermişdir. Telefon nomrəsi (070) ***-**-** Rəşad ilə o, çayxanada görüşmüşdü. O, sənədlərin surətlərini ondan almış və bildirmişdir ki, bina 2006-cı ildə inşa edilmişdir, lakin iddiacıya heç bir mənzil verilməmişdir. O, artıq 32 ildir ki, mənzilini gözləyir. Bakı şəhər İcraiyyə Komitəsinin Mənzil-kooperativ təsərrüfat idarəsinin ******* nömrəli hesab üzrə 5 nömrəli qəbzindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə MTK üzvünün 30% həcmində pay ödənişi 8000 rubl ödəniş etmişdir. 198 saylı MTK-nın xx.xx.2006cı il tarixli 0106-P269-47128 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış nizamnaməsinin 4.4-cü bəndinə əsasən müəyyən olunur ki, kooperativin ilkin pay fondu 5500 manat müəyyən edilmişdir, lakin və 55 (əlli beş) nəfər payçı (kooperativ üzvü) arasında onun, yəni İddiaçı adı yoxdur. Göründüyü kimi o, 1991-ci il tarixdə MTK üzvülüyünə görə 30% həcmində pay ödənişi, yəni 8000 rubl ödəniş etmiş, hansı ki, MTK-nın nizamnaməsində ilkin pay fondu minimum olaraq 5500 ödənişin edilməsi kifayət idi. Lakin ona məlum olmayan hansısa səbəbdən onun adı MTK-nın payçıları sırasında, yəni 55 nəfərin siyahısında yoxdur. Bu məsələ ilə bağlı cənab X1 müraciət etmiş, onu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov qəbul etmiş və ona bildirmişdir ki, ona həmin mənzil verilməlidir və nəticəsi barədə də özünə məlumat etməyini bildirmişdir. Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. 198 saylı MTK-nın xx.xx.2006-cı il tarixdə təsdiq olunmuş Nizamnaməsinin surətindən görünür ki, kooperativ Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 3/103 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış 198 saylı MTK-nın bazasında yaradılmışdır və onun hüquqi varisidir. Amma buna baxmayaraq kooperativin 55 nəfər üzvünün sırasında iddiaçının adı yoxdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı payçıların siyahısında olmadığı aşkardır və MTK-nın yaşayış binasının inşası payçıların öz vəsaiti hesabına aparılmışdır. İddiaçı özünün 198 saylı MTK-nın payçısı kimi təqdim etsə də, iddia ərizəsinə əlavə edilən sənədlərdə bunu təsdiq edən hər hansı sübut yoxdur. Eyni zamanda, mövcud qanunvericiliyin tələbləri baxımından, iddia tələbinin təmin olunması üçün hüquqi əsaslar da yoxdur. Çünki, qanunvericiliyin tələbləri baxımından iddia tələbinin təmin edilməsi üçün, həmin MTK-da payçı olmaqla yanaşı, eyni zamanda mənzilin dəyəri də ödənilməlidir. Göründüyü kimi, iddiaçı iddia etdiyi mənzilin nəinki dəyərini ödəməmişdir, eyni zamanda nə üçün 198 saylı MTK tərəfindən tikilmiş binanın dəyərini payçıların siyahısına daxil edilməsini əsaslandırmamışdır. İddiaçı adının "xxxx" MTKnın payçılarının siyahısında bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolundan çıxarışın verilməsi vəzifəsinin "xxxx" MTK-nın rəhbərliyinin üzərinə qoyulması tələbi əslində mümkünsüzdür. Çünki, bina çoxdan tikilib təhvil verilib. İddiaçı özü isə iddia ərizəsində etiraf edir ki, 40 il bundan qabaq payın 30 faizini ödəyib. O zaman sual olunur ki, niyə 100 faiz pay ödəməyə ödəməyə payçı olmaq istəyir iddiaçı. Ən yaxşı halda iddiaçı 40 il bundan qabaq ödədiyi 8000 min rublun əvəzini tələb edə bilər ki, bu tələbdə iddia müddəti baxımından və əsasslılıq baxımından uğursuz görünür. Həmçinin hesab edir ki, iddia tələbi əsassız olmaqla yanaşı iddia müddəti ötürülməklə verildiyindən rədd edilməlidir. Həmçinin hazırkı tələblə oxşar tələb qaldırılıb, qətnamə çıxarılb və qanununi qüvvəyə minib. Hesab edir ki, məhkəmə diqqətə alacaq bu xüsusatları. Yuxarıda göstərilənlərə əsasən, iddiaçının İddiaçı adının "xxxx" MTKnın payçılarının siyahısında bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolundan çıxarışın verilməsi vəzifəsinin "xxxx" MTKnın rəhbərliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin (tələbinin) təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırkı iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülüb. Çünki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şərh olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti buraxıldığından və tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edildiyindən İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı onun adının, yəni İddiaçı adının "xxxx" MTK-nın payçılarının siyahısında bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolundan çıxarışın verilməsi vəzifəsinin "xxxx" MTK-nın rəhbərliyinin üzərinə qoyulmasına dair iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Mənzil Koorperativinin Nizamnaməsindən görünür ki, İddiaçı adı payçılar siyahısında yoxdur. Nizamnamənin 4.5-ci bəndindən görünür ki, koorperativin pay fondu koorperativ dövlət qeydiyyatına alındıqdan sonra 1 il ərzində ödənilməlidir. Göstərilən müddətdə mütləq pay haqqını ödəməyən kooorperativ üzvü ümumi yığıncağın qərarı ilə üzvlükdən çıxarılır. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı "xxxx" saylı MTK-ya 07 iyun 1991-ci il tarixdə 8000 rubl məbləğində pul ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3629/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi” barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilən cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddia müddətinin tətbiqinə dair ərizəsindən görünür ki, cavabdeh iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti buraxıldığından iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və buna görə də rədd edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materiallarında olan 198 saylı Mənzil Kooperativinin 09 noyabr 2006-cı ildə qeydə alınmış Nizamnaməsində göstərilən 55 nəfər payçı siyahıda payçı qismində iddiaçının adı qeyd olunmamışdır. İddiaçı iddiasında 09 noyabr 2006-cı ildə qeydə alınmış 198 saylı Mənzil Kooperativinin payçı siyahısında adın bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolunun verilməsini tələb etmiş, əsas kimi pay haqqını xx.xx.1991-ci ildə ödəməsi ilə əsaslandırmışdır. Ancaq məhkəmə qeyd edir ki, Nizamnamədən də görünür ki, Bakı şəhəri XDS İK-nin xx.xx.1991-ci il tarixli 5/359 saylı qərarı ilə təsdiq edilmiş 198 saylı kooperativinin üzvlərinin sıyahısında iddiaçının adının aşkarlanmamışdır. Bu cür vəziyyətdə iddiaçı həmin MTK-nın bazasında yaradılmış və hüquqi varisi olan 198 saylı Mənzil Kooperativinin də məhkəmə aktı ilə payçı siyahısında adının bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolunun verilməsi tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İşin materiallarından görünür ki, İddiaçı "xxxx" saylı MTKya 8000 rubl məbləğində pulu məhz 07 iyun 1991-ci il tarixində ödəmişdir. Belə ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra (10 ildən çox müddət ötürülmüş) iddia ərizəsi ilə 28 oktyabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi üzrə iddia müddəti də ötürülmüşdür. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" saylı Mənzil Tikinti Kooperativinə qarşı “payçı siyahısında adın bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolunun verilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “payçı siyahısında adın bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolunun verilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar