Məhkəmə qərarları › İş №e-2(004)-5115/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5115/2025

27.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5115/2025 27.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Maraqlı şəxs və Səbail rayon İcra şöbəsinə qarşı üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi və X3 olmaqla hərrac, həərracın yekunları barədə protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə (açar sözlər: hərracın nəticələrinin etibarsız edilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Maraqlı şəxs vəkili və nümayəndəsi Nümayəndə, üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Maraqlı şəxs və Səbail rayon İcra şöbəsinə qarşı üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi və X3 olmaqla hərrac, həərracın yekunları barədə protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(009)- 936/2023 nömrəli icra vərəqəsinə əsasən X3 və İddiaçı paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, ev 6, 8 nömrəli mənzil açıq hərracda satılmalı, əldə olunmuş vəsait X1 (1/5 hissə) və İddiaçı (4/5 hissə) arasında onların paylarına uyğun mütənasib bölünməlidir.

2. Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, ev 6, 8 nömrəli mənzilin dəyəri 260000 manat müəyyənləşdirilmişdir.

3. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2025-ci il tarixli, e176639/2024-16-15/2 nömrəli icra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması barədə sifarişindən görünür ki, sifariş “İcra haqqında” Qanunun 61-ci və “İpoteka haqqında” Qanunun 41.2-ci maddələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, № 1-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması” Qaydasının müddəaları nəzərə alınmaqla hazırlanmışdır. Sifarişdə əmlakın ilkin satış qiyməti 260000 manat, minimum satış qiyməti 182000 manat göstərilmişdir.

4. xx.xx.2025-ci il tarixli, 84/25 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, ev 6, 8 nömrəli mənzil hərracda satışı ilə bağlı ilkin hərracın keçirilmə vaxtı xx.xx.2025-ci il tarixə təyin edilmiş, əmlakın qiyməti 260000 manat, minimum satış qiyməti 182000 manat göstərilmişdir.

5. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, bildiriş xx.xx.2025-ci il tarixdə İddiaçı çatdırılmışdır.

6. xx.xx.2025-ci il tarixli, 112/25 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, ev 6, 8 nömrəli mənzil hərracda satışı ilə bağlı birinci təkrar hərracın keçirilmə vaxtı xx.xx.2025-ci il tarixə təyin edilmiş, əmlakın qiyməti 260000 manat, minimum satış qiyməti 156000 manat göstərilmişdir.

7. xx.xx.2025-ci il tarixli, 122/25 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, ev 6, 8 nömrəli mənzil hərracda satışı ilə bağlı ikinci təkrar hərracın keçirilmə vaxtı xx.xx.2025-ci il tarixə təyin edilmiş, əmlakın qiyməti 260000 manat, minimum satış qiyməti 130000 manat göstərilmişdir.

8. “Market” qəzetinin xx.xx.2025-ci il tarixli elanından görünür ki, Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, ev 6, 8 nömrəli mənzilin satışı ilə bağlı hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur.

9. Portaldan çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, ev 6, 8 nömrəli mənzilin hərracda satılması ilə bağlı elan portalda (https://herrac.gov.az/ ) yerləşdirilmişdir.

10. xx.xx.2025-ci il tarixli hərracın nəticələrinə dair protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, ev 6, 8 nömrəli mənzil 130000 manata Maraqlı şəxs tərəfindən əldə edilmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbinin dəlilləri

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan tələbin dəqiqləşdiriməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu R.Rza küçəsi ev 6, 8 nömrəli mənzilin qiymətləndirilməsi ilə Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş hesabat, həmin əmlakla bağlı Əmlak Hərrac Mərkəzi MMC tərəfindən xx.xx.2025, xx.xx.2025-ci il tarixdə keçirilmiş hərracın və nəticələrinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokol, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddianın əsaslarına görə, Bakı şəhər Səbail rayon İcra Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-936/2025 nömrəli icra sənədinə əsasən X3 və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu R.Rza küşəsiev 6, 8 nömrəli mənzilin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin 1/5 hissənin X3 və 4/5 hissəsinin İddiaçı arasında paylara mütənasib olaraq bölünməsi nəzərdə tutulmuşdur. Səbail rayon İcra şöbəsinin sifarişinə əsasən Cavabdeh1 MMC tərəfindən xx.xx.2024-cü il tarixli hesabatına əsasən verilmiş eyni tarixli məktubda əmlakın dəyərinin 260000 manat olduğu qeyd edilmişdir. Sonrakı müddətdə iş məlum olmayan səbəblərdən hərəkətsiz qalmış və yalnız xx.xx.2025-ci il tarixli məktubla Səbail rayon İcra şöbəsinin əmlakın hərracda satmaq üçün sənədləri Əmlak Hərrac Mərkəzi MMC-yə göndərmişdir. Əmlak Hərrac Mərkəzi MMC hərracı ilkin olaraq satışını xx.xx.2025-ci il tarixə təyin etmiş, həmin tarixdə hərracda iştirakçı olmamış, daha sonra 1-ci təkrar hərracın keçirilməsi xx.xx.2025 təyin edilmişdir, bu tarixdə də hərrac keçirilməmiş və 2-ci təkrar hərrac xx.xx.2025 tarixə təyin edilmişdir. Həmin tarixdə mənzili 130000 manat udulmuşdur. Həm əmlak qiymətləndirilərkən, həm qiymətləndirmədən sonra qanunvericiliklə nəzərdə tutulan bir çox hüququları pozulmuş, 3 dəfə baha qiymətə olan mənzil qəsdən dəfələrlə ucuz satılmışdır. Qısa olaraq reallığı əks etdirməyən əmlakın qiyməti ucuz göstərilmiş, mütəxəssis hesabatı təqdim edilməmiş, təkrar hesabat verməyi tələb etmək, bununla bağlı icra məmuruna vəsatət vermək üçün şərait yaradılmamış, qiymətləndirmə aparıldıqdan sonra da əmlak hərraca gec çıxarılmış, ötən müddətdə əmlakın dəyərə əlavə olaraq qalxmışdır, hərrac keçirilərkən elan müəyyən edilmiş müddətdə və qaydada verilməmiş, bu səbəbdən rəqabət olmamış, hərraca iştirakçı gəlməmiş və əmlakı su qiymətinə satılmışdır. Bakının mərkəzində, memarlıq baxımından qədimi, tarixi binada bundan 3 dəfə artıq qiymətə əmlak əldə etmək mümküsüz məsələdir. Bunu icra məmuru, qiymətləndirmə şirkəti və hərrac mərkəzi təşkil etmişlər. Hərrac təşkilatı hətta hərracın keçirilməsi ilə bağlı bildiriş belə hərrac tarixindən 3 gün sonra poçtla göndərmişdir. Bundan sonra Səbail İcra şöbəsində olmuş, hazırkı iddia ərizəsinə əlavə edilən sənədləri oradan almışdır. Müəyyən etmişdir ki, hərracın keçirilməsindən vaxt keçməsinə baxmayaraq vəsait alıcı tərəfindən ödənilməyib. xx.xx.2025 tarixdən əvvəl qüvvədə olan İcra haqqında qanunun 62-ci maddəsinə əsasən: Hərracın keçirilməsi müddətləri və qaydası) 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Qanunun. 12.1 maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. xx.xx.2025-ci il tarixli, 250-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, xx.xx.2025-ci il, “Azərbaycan” qəzeti, 2.08.2025-ci il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 8, maddə 744) ilə 62-ci maddə yeni redaksiyada verilmiş və elektron hərrac qaydaları müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2025-ci il tarixli 250-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, xx.xx.2025-ci il, “Azərbaycan” qəzeti, xx.xx.2025-ci il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025ci il, № 8, maddə 744) ilə yeni məzmunda 415.8-ci və 415.9-cu maddələr əlavə edilmişdir. Mülki Məcəllənin yeni 415.8-ci maddəsinə əsasən İcra sənədinə əsasən elektron hərracın keçirilməsi qaydaları “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Göründüyü kimi, xx.xx.2025 tarixə kimi qanunvericilkdə elektron hərracın keçirilməsi müəyyən edilməmişdir, buna baxmayaraq cavabdehlər qanunsuz olaraq elektron hərrac keçiriblər. O ki qaldı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının “xx.xx.2024-cü il” tarixli “1-N” nömrəli Qərarı ilə təsdqi edilmiş “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”na bu qayda hərracın işini tənzimləyir və gələcək üçün nəzərdə tutulmuşdur. Hətta qüvvəsini almayan bu qaydalar da cavabdehlər tərəfindən pozulub. Çünki Qaydaların 4.10-cu maddəsinə əsasən Hərrac başa çatdıqdan dərhal sonra Portal tərəfindən avtomatik olaraq baş tutan hərracın nəticələri haqqında protokol tərtib edilir, İcra xidmətinin, təşkilatçının və Portalın operatorunun məsul şəxslərinin və hərracın qalibinin elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş protokol müqavilə qüvvəsinə malikdir. Eyni zamanda qüvvədə olmayan qaydalara əsasən hərracın maksimum 1 həftə davam edə bilməsi müəyyən edilsə də, bu müddətdən sonra hərrac udulub. Maddə 4.7. Hərrac 7 təqvim günü davam edir. İştirakçı təklifi həmin müddətin başa çatmasının sonuncu dəqiqəsində verdikdə hərracın müddəti 5 dəqiqə uzadılır. Buna baxmayaraq protokol hərracdan guya 1 gün sonra xx.xx.2025 tarixdə tərtib edilib, 10 gün sonra xx.xx.2025 tarixdə ilkin imzalanıb və əlavə 4 gün sonra, xx.xx.2025 tarixdə sonuncu imzalanıb. Əslində isə bu elektron sənədin məhz xx.xx.2025 tarixdə tətrib edildiyi ilk elektron imzadan görünür. Bundan başqa qiymətləndirmə zamanı mənzilin faktiki sahəsi dəfələrlə kiçildilib, bu isə qiymətə təsir edən amildir. Mənzilin faktiki sahəsi 89,0 kv.metr olmasına baxmayaraq sahə 76,7 kv.m kimi göstərilib.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qəraradadına əsasən İddiaçı Cavabdeh1 MMC-yə qarşı hesabatın etibarsız hesab edilməsi tələbi ilə bağlı hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

b) iddiaya etirazın dəlilləri

14. İddia tələbinə yazılı qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin məzmununa uğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdeh Maraqlı şəxs vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır;

Maddə 415.8. İcra sənədinə əsasən elektron hərracın keçirilməsi qaydaları “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir; Maddə 415.9. Bu maddənin tələbləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.4-cü maddəsinə uyğun olaraq tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında həyata keçirilən hərraclara bu Məcəllənin 415.5-ci maddəsi ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla həmin razılaşmada ayrı qayda müəyyən edilmədikdə şamil edilir;

Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

19. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı ilə qiymətləndirildiyi, yaxud əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir; Maddə 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı elektron hərrac yolu ilə satılır. Dəyəri 5000 manatdan az olan daşınar əmlak “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müəyyən edilən elektron ticarət platformaları vasitəsilə də satıla bilər;

Maddə 61.1. İcra məmuru aşağıdakı halların baş verdiyi gündən 3 iş günü müddətində əmlakın elektron hərracda satılması üçün “Elektron icra” informasiya sistemi vasitəsilə sifariş formalaşdırır: 61.1.1. bu Qanunun 53.2-1-ci maddəsində müəyyən edilən müddətdə borclunun müraciət etməməsi; 61.1.2. borcluya əmlakın açıq bazarda satılması üçün verilmiş müddətdə əmlakın satılmaması; 61.1.3. tələbkara təklif edilməli olmayan əmlaka dair qiymətləndirmənin nəticələri haqqında hesabatın icra məmuruna təqdim edilməsi, belə əmlakın qiyməti icra sənədində göstərildikdə isə icra sənədinin könüllü icrası üçün verilmiş müddətin başa çatması. Maddə 61.3. Sifarişə aşağıdakılar barədə məlumatlar və sənədlər (elektron formada) əlavə edilir: 61.3.1. elektron hərraca çıxarılan əmlakın bazar qiyməti; 61.3.2. icra sənədi; 61.3.3. əmlak üzərinə həbs qoyulması barədə sənəd; 61.3.4. daşınmaz əmlak və ya rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlak satıldıqda, həmin əmlaka dair hüquqmüəyyənedici və texniki sənədlər; 61.3.5. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər; 61.3.6. əmlakı ətraflı təsvir edən video və ya foto görüntü; 61.3.7. əmlakın satış qiymətinin, bu Qanunda nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödəniləcəyi icra xidmətinin depozit hesabına dair məlumat; Maddə 62.1. Elektron hərrac avtomatlaşdırılmış qaydada açıq auksion formasında keçirilir; Maddə 62.2. Bu Qanunun 50.6-cı maddəsinin ikinci abzasında göstərilən məhsullar istisna olmaqla, sifariş formalaşdırıldığı gündən 30 təqvim günündən gec olmayaraq ilk elektron hərrac, ilk elektron hərrac baş tutmadığı, yaxud onun nəticələri ləğv olunduğu gündən 10 təqvim günündən gec olmayaraq təkrar elektron hərrac keçirilir; Maddə 62.3. Bu Qanunun 50.6-cı maddəsinin ikinci abzasında göstərilən məhsullar elektron hərraca çıxarıldıqda, sifariş formalaşdırıldığı gündən 5 təqvim günündən gec olmayaraq ilk elektron hərrac, ilk elektron hərrac baş tutmadığı, yaxud onun nəticələri ləğv olunduğu gündən 3 təqvim günündən tez və 5 təqvim günündən gec olmayaraq təkrar elektron hərrac keçirilir; Maddə 62.4. Elektron hərracda mülki hüquq fəaliyyət qabiliyyətli fiziki şəxslər (o cümlədən tələbkar və borclu) və hüquqi şəxslər iştirak edə bilərlər; Maddə 62.5. Elektron hərracda iştirak etmək istəyən şəxslər iştirak haqqını və beh məbləğini ödəməli və ya beh məbləğində bank qarantiyasını təqdim etməlidirlər; Maddə 62.6. Elektron hərracda iştirak üçün behin məbləği daşınmaz əmlaka münasibətdə minimum satış qiymətinin 5 faizi (lakin 30.000 manatdan çox olmamaqla), daşınar əmlaka münasibətdə isə həmin qiymətin 10 faizi (lakin 5000 manatdan çox olmamaqla) həcmində müəyyən edilir; Maddə 62.7. Elektron hərracın keçirilməsinə 1 iş günü qalanadək iştirakçılara icra məmuru tərəfindən satışa çıxarılan əmlakla tanış olmaq üçün imkan yaradılır; 62.8. İlk elektron hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın bazar qiymətinin azı 85 faizini (minimum satış qiyməti), təkrar elektron hərracda isə azı 65 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə elektron hərrac baş tutmuş hesab edilir; Maddə 62.9. Elektron hərraca çıxarılan əmlakı almağı yalnız bir iştirakçı təklif etdikdə həmin iştirakçı, iki və ya daha çox iştirakçı təklif etdikdə isə ən yüksək məbləği təklif edən iştirakçı elektron hərracın qalibi hesab edilir; Maddə 62.10. Elektron hərrac baş tutmadıqda, şəxsin hərracın iştirakçısı kimi qeydə alınmasından imtina edildikdə, qeydə alınmış iştirakçı elektron hərracda iştirakdan özü imtina etdikdə, habelə hərracda iştirak edən, lakin onu udmayan iştirakçıların beh məbləğləri 5 iş günü müddətində geri qaytarılır; Maddə 62.11. Elektron hərrac başa çatdıqdan dərhal sonra onun nəticələri haqqında avtomatik olaraq protokol tərtib edilir. Protokol müqavilə qüvvəsinə malikdir; Maddə 62.12. Protokol imzalandığı vaxtdan ən geci 7 iş günü müddətində elektron hərracın qalibi əmlakın satış qiymətini icra xidmətinin depozit hesabına köçürməlidir; Maddə 62.13. Elektron hərracın qalibi əmlakın satış qiymətini və qanunla müəyyən olunmuş ödənişləri (vergilər istisna olmaqla) bu Qanunun 62.12-ci maddəsində müəyyən edilmiş müddətdə ödəmədikdə və ya protokolu imzalamaqdan imtina etdikdə beh məbləği qaytarılmır və o, elektron hərracın qalibi statusunu itirir. Bu halda növbəti yuxarı qiymət təklif etmiş şəxs (olduğu halda) elektron hərracın qalibi hesab edilir; Maddə 62.14. Elektron hərracda növbəti yuxarı qiymət təklif etmiş iştirakçı 3 təqvim günü müddətində özünün təklif etdiyi qiymətə elektron hərrac predmeti olan əmlakı almağa razılığını bildirə və elektron hərracın predmeti olan əmlakın elektron hərrac qalibi tərəfindən alınması üçün müəyyən edilmiş prosedura uyğun ala bilər; Maddə 62.15. İkinci ən yuxarı qiymət təklif etmiş şəxs əmlakı almaqdan imtina etdikdə, yaxud əmlakı almağa razılığını bildirdikdən sonra bu Qanunun 62.12-ci maddəsində müəyyən edilmiş müddətdə əmlakın satış qiymətini tam ödəmədikdə sıra ilə növbəti yuxarı qiymət təklif etmiş şəxslərə eyni qayda tətbiq olunur; Maddə 62.16. Növbəti yuxarı qiyməti təklif etmiş digər iştirakçılar da əmlakı almaqdan imtina etdiyi, yaxud əmlakın satış qiymətini bu Qanunun 62.12-ci maddəsində müəyyən edilmiş müddətdə ödəmədiyi halda elektron hərracın nəticələri avtomatik olaraq ləğv olunur; Maddə 62.17. Elektron hərracın qalibinin daşınmaz əmlak və ya rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə elektron hərracın nəticələri barədə protokol “Elektron icra” informasiya sistemindən X2 Sistemi vasitəsilə müvafiq reyestrlərə ötürülür və həmin gün elektron hərracın qalibinə bu barədə bildiriş göndərilir; Maddə 62.18. aşağıdakı hallarda elektron hərrac baş tutmamış sayılır: 62.18.1. elektron hərracın iştirakçısı olmadıqda; 62.18.2. elektron hərracda iştirak edən şəxs (şəxslər) tərəfindən elektron hərrac bitənədək bu Qanunun 62.8-ci maddəsinə uyğun təklif verilmədikdə; 62.18.3. icra məmuru bu Qanunun 17.1-ci, 20.1-ci və 23.1.1-ci maddələri ilə müəyyən edilən hallarda icra sənədi üzrə icraatı elektron hərracın nəticələrinə dair protokol tərtib edilənədək dayandırdıqda, icraata xitam verilməsi barədə, yaxud icra sənədinin qaytarılması barədə qərar qəbul etdikdə; 62.19. Elektron hərracın keçirilməsi qaydası, elektron hərracda iştirak haqqı və elektron hərracın keçirilməsi ilə bağlı xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir; 62.20. Təkrar elektron hərracda satılmayan əmlak bu Qanunun 53.1-1-ci və 53.1- 2-ci maddələrində göstərilən tələblər tətbiq olunmaqla onun bazar qiymətinin 65 faizi həcmində yenidən tələbkara təklif olunur. Tələbkar hərracda satılmayan əmlakı qəbul etməkdən imtina etdikdə və ya bu Qanunun 53.1-1-ci maddəsində müəyyən edilmiş müddət ötürüldükdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır; Maddə 62.21. Bu Qanunun 17.1.10-cu maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılması və ya bu Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin qaytarılması barədə tələbkarın müvafiq xahişi (ərizəsi) təqdim olunduğu vaxt borclunun tələb yönəldilmiş əmlakının hərracda satılması üçün sifariş formalaşdırıldığı halda, bu Qanunun 19.2-1-ci və 23.3-1-ci maddələri nəzərə alınmaqla sifariş ləğv edilir; Maddə 62-1.1. Hərracda satılmış, yaxud tələbkar tərəfindən əldə edilmiş daşınmaz əmlak borclu (sahiblik edən digər şəxs) tərəfindən alıcıya (əldə edənə) təhvil verilməlidir; Maddə 62-1.2. Əmlakın təhvil verilməsi ilə bağlı alıcı (əldə edən) və borclu, yaxud maraqlarına toxunulan digər şəxslər arasında mübahisə yarandıqda daşınmaz əmlak əlavə məhkəmə qərarı tələb olunmadan alıcının (əldə edənin) tələbi ilə icra məmuru tərəfindən boşaldılır və ona təhvil verilir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, № 1-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması” Qaydası: Bənd 2.3. Təşkilatçı sifarişçidən sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair elanı Portalda yerləşdirir və bu barədə Portal öz funksional imkanlarından istifadə etməklə tələbkara və borcluya sms və ya elektron poçt (olduqda) vasitəsilə bildiriş göndərir. Təşkilatçı elanı hərracın keçiriləcəyi tarixə ən geci 20 təqvim günü, bu Qaydanın 2.7-ci bəndində göstərilən məhsul satışa çıxarıldıqda isə ən geci 5 təqvim günü qalmış yerləşdirməlidir. Bənd 2.4. Təşkilatçı tərəfindən verilən elanda sifarişdə göstərilənlərdən başqa Portala aşağıdakı məlumatlar əlavə edilir: 2.4.1. hərracda iştirak üçün müraciət müddəti; 2.4.2. hərracın başlanma və bitmə tarixi və vaxtı; 2.4.3. hərrac addımı (hərracın predmeti olan əmlakın minimum satış qiymətinin 1%-dən az, 3%-dən artıq olmayaraq); 2.4.4. hərracda iştirak üçün behin məbləği; 2.4.5. behin və əmlakın satış qiymətinin birdəfəlik ödənilməsi tələbi; 2.4.6. beh məbləğinin bank qarantiyası formasında təqdim edilə bilməsi ilə bağlı məlumat. Bənd 2.5. Bu Qaydanın 2.7-ci bəndində göstərilən məhsullar istisna olmaqla, təşkilatçı sifarişi aldığı gündən sonra 30 təqvim günündən gec olmayaraq ilk hərrac, ilk hərrac baş tutmadığı, yaxud hərracın nəticələri ləğv olunduğu gündən sonra 10 təqvim günündən gec olmayaraq birinci təkrar hərrac, bu hərrac da baş tutmadığı, yaxud hərracın nəticələri ləğv olunduğu gündən sonra 10 təqvim günündən gec olmayaraq ikinci təkrar hərrac avtomatlaşdırılmış qaydada keçirilir. Bənd 2.6. Bu Qaydanın 2.7-ci bəndində göstərilən məhsullar hərraca çıxarıldıqda, təkrar hərraclar barədə elanlar Portalda yerləşdirildiyi gündən sonra 3 təqvim günündən tez və 5 təqvim günündən gec olmamaqla avtomatlaşdırılmış qaydada keçirilir. Bənd 2.7. Qanunun 50.6-cı maddəsinin ikinci abzasına müvafiq olaraq hərrac predmeti tez xarab olan (yararlılıq müddəti 60 təqvim günündən tez başa çatan) məhsullar olduqda sifarişçi təşkilatçıya sifarişlə bağlı sənədləri 3 təqvim günü müddətində təqdim etməlidir; Bənd 4.2. İştirakçı hərracda şəxsən iştirak etməlidir. İştirakçı hərrac başlayanadək hərracda iştirakdan imtina edə bilər; Bənd 4.3. Hərrac iştirakçılara elektron bildirişdə göstərilən tarixdə və vaxtda hərracın predmeti olan əmlakın ilkin qiyməti və minimum satış qiyməti göstərilməklə “hərrac başlandı, minimum satış qiymətindən az olmayan qiymət təklif et” elanı ilə avtomatik olaraq başlanır; Bənd 4.4. Hərrac iştirakçıları hərracın davam etdiyi müddətdə istənilən vaxt hərraca qoşula bilərlər; Bənd 4.5. İştirakçı hərrac addımına uyğun olaraq əmlakın satış qiymətini artırmaqla təklif verə bilər; Bənd 4.6. İştirakçının təklif etdiyi qiymət hərrac addımına uyğun olmadıqda təklif qəbul edilmir və bu barədə iştirakçıya “elektron kabinet” vasitəsi ilə məlumat verilir; Bənd 4.7. Hərrac 7 təqvim günü davam edir. İştirakçı təklifi həmin müddətin başa çatmasının sonuncu dəqiqəsində verdikdə hərracın müddəti 5 dəqiqə uzadılır. Həmin 5 dəqiqə ərzində yenidən təklif verildikdə hərracın keçirilməsi müddəti bu təklifin verildiyi vaxtdan daha 5 dəqiqə uzadılır. Bu proses sonuncu təklifin verilməsindən 5 dəqiqə ərzində yeni təklif verilməyənədək davam edir; Bənd 4.8. İlk hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın ilkin qiymətinin ən azı 70 faizini (minimum satış qiyməti), ikinci hərracda ilkin qiymətinin ən azı 60 faizini (minimum satış qiyməti), üçüncü hərracda isə ən azı 50 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə hərrac baş tutmuş hesab edilir; Bənd 4.9. Hərraca çıxarılan əmlakı minimum satış qiyməti ilə almağa razılıq verən yalnız 1 iştirakçı olduqda həmin iştirakçı, iki və ya daha çox iştirakçı olduqda isə ən yüksək məbləği təklif edən iştirakçı hərracın qalibi hesab edilir; Bənd 4.10. Hərrac başa çatdıqdan dərhal sonra Portal tərəfindən avtomatik olaraq baş tutan hərracın nəticələri haqqında protokol tərtib edilir, İcra xidmətinin, təşkilatçının və Portalın operatorunun məsul şəxslərinin və hərracın qalibinin elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş protokol müqavilə qüvvəsinə malikdir; Bənd 4.11. Protokol təsdiq edildikdən sonra bu barədə hərrac iştirakçılarına, habelə tələbkara və borcluya elektron qaydada bildiriş göndərilir; Bənd 4.12. Protokol imzalandığı andan ən geci 5 iş günü müddətində hərracın qalibi əmlakın satış qiymətini sifarişçinin sifarişdə göstərilən hesabına köçürməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

23. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi ev 6, 8 nömrəli mənzili İddiaçı və X1 paylı mülkiyyətində olmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-936/2023 nömrəli qətnaməsinə əsasən həmin mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin X1 1/5 hissədə və İddiaçı 4/5 hissədə aralarında paylara uyğun mütənasib olaraq bölünməsi qət edilmişdir.

24. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin qərarı ilə icra vərəqəsi üzrə icraata başlanılmışdır. Barəsində hazırkı mübahisə olan əmlak 260000 manat məbləğdə qiymətləndirilmiş, əmlak hərraca çıxarılmış, təkrar hərracda satılaraq xx.xx.2025-ci il tarixli hərracın yekunları barədə protokol tərtib edilmişdir.

25. İddiaçının hərracın yekunları barədə protokolun etibarsızlığına dəlalət edən ilkin dəlilləri əmlakın faktiki sahəsinin az hesablanmaqla qiymətləndirilməsi, əmlakın qiymətinin reallıqdan uzaq olması ilə bağlıdır.

26. "xxxx" MMC tərəfindən verilmiş hesabatda əmlakın ümumi sahəsi olaraq 76,70 kv.m göstərilmişdir. İş materiallarında olan mənzilə dair texniki pasportdan və çıxarışdan da görünür ki, mənzilin ümumi sahəsi 76,7 kv.m-dən ibarətdir. Odur ki, qiymətləndirmənin mənzilin ümumi sahəsi nəzərə alınmaqla keçirilməsi, mənzil üzrə dövlət qeydiyyatına alınmayan əlavə, artırma və s. sahələrin nəzərə alınmaması pozuntu halı təşkil etmir.

27. Mənzilin qiymətinin aşağı göstərilməsi və qiymətləndiricinin Qiymətləndiricilər Palatasının üzvü olmayan şəxs olması da qəbul edilən dəlillər sırasında deyil. Görünən odur ki, icra sənədi üzrə mənzilin qiymətləndirilməsi 2024-cü ildə keçirilmişdir. İcra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə qiymətləndirici dəvət edilməsi haqqında qərar qəbul etmişdir. Qiymətləndirici seçilərkən və ya qiymətləndirmə həyata keçirildikdən sonra tələbkarın İcra məmuruna hər hansı müraciəti olmamış, etirazını bildirməmiş, yenidən qiymətləndirmə keçirilməsini xahiş etməmişdir.

28. Eyni zamanda təqdim edilmiş nizamnamədən görünür ki, Azərbaycan Qiymətləndiricilər Palatasının nizamnaməsi xx.xx.2025-ci ildə təsdiq edilmişdir. Hazırkı iş üzrə verilmiş hesabat isə əvvəlki tarixdə, xx.xx.2024-cü il tarixdə verilmişdir ki, həmin vaxt qiymətləndiricinin Palatanın üzvü olmaq kimi bir imkanı və seçimi mövcud deyildi. Qiymətləndiricinin sonradan Palatanın üzvlüyünə qəbul edilməməsi də, faktın doğruluğu qəbul edilsə belə hesabatı şübhə altına almır.

29. İddiaçının hərrac barədə məlumatsızlığı barədə dəlilləri ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçının hərracda iştirak etməməsi və ya hərracdan məlumatsız olması faktı həqiqətən mövcuddursa bu onun öz ehtiyatsızlığından irəli gəlmişdir. Mübahisəli əmlakın hərraca çıxarılacağı və hərracda satılmaqla əldə olunan vəsaitin paylara uyğun bölüşdürüləcəyi iddiaçının öz təşəbbüsü ilə başlamış və iddianın təmin olunması ilə yekunlaşmış digər məhkəmə işi üzrə yekun məhkəmə aktından artıq məlum idi. Həmin məhkəmə aktı qüvvəyə minmiş və icra vərəqəsi verilmişdir. Bundan sonra isə əmlakın hərracda satılacağı aşkar nəticədir və tələbkarın hərrac barədə məlumatsızlığı bu konteksdə formal mülahizədir.

30. Hərrac və icra işi materiallarından görünür ki, keçirilmiş hərraclar barədə müvafiq bildirişlər həm tələbkara, həm də borcluya – hazırkı iş üzrə üçüncü şəxsə göndərilmişdir, onların bildirişləri əldə etmələri barədə müvafiq xəbərnamələr mövcuddur.

31. Digər tərəfdən, “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması” Qaydasının 2.3-cü bəndinə əsasən təşkilatçı sifarişçidən sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair elanı Portalda yerləşdirir və bu barədə Portal öz funksional imkanlarından istifadə etməklə tələbkara və borcluya sms və ya elektron poçt (olduqda) vasitəsilə bildiriş göndərir.

32. Göründüyü kimi, qaydalarda ümumiyyətlə borcluya poçt vasitəsi ilə bildiriş çatdırılması nəzərdə tutulmamışdır. Təşkilatçının üzərinə düşən öhdəlik 5 iş günü müddətdə elanı portalda yerləşdirməkdir ki, məhkəmənin yoxlaması ilə məlum olmuşdur ki, belə bir elan portala yerləşdirilmişdir.

33. İddiaçının digər əsas dəlili qanunvericilkdə elektron hərracın keçirilməsi müəyyən edilmədiyi halda hərracın keçirilməsi, bununla da qanunvericiliyin tələblərinin pozulması ilə bağlıdır.

34. “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması” Qaydası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, № 1-N nömrəli qərarı ilə təsdiq edilmişdir.

35. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2025-ci il tarixli, № 250- VİİQD nömrəli Qanunu ilə, bir sıra normativ hüquqi aktlara, o cümlədən “İcra haqqında” qanuna dəyişiklik edilmiş, Qanunun 61-ci maddəsi “Elektron hərracların keçirilməsi barədə sifariş” adlanmaqla yeni redaksiyada verilmişdir.

36. Qanunun 61.1-ci maddəsinin əvvəlki redaksiyasında deyilirdi: “61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.”

37. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinin əvvəlki redaksiyasında isə vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakının qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılması təsbit edilmişdir.

38. Göründüyü kimi, “İcra haqqında” Qanunun əvvəlki redaksiyasında da hərracın hansı formada keçiriləcəyi ilə bağlı hər hansı imperativ norma nəzərdə tutulmamış, hərracın elektron keçirilməsinə maneə olacaq tənzimləmə mövcud olmamışdır.

39. Hərrac keçirildiyi vaxt “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması” Qaydası artıq qüvvədə idi və bu Qaydaların təsdiq edildiyi vaxtdan qanunvericiliyin tərkib hissəsi olması mübahisəsizdir. İddiaçının istinad etdiyi dəyişikliklərdən sonra vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı elektron hərrac yolu ilə satılması imperativ norma olaraq təsbit edilsə də, bu dəyişikliklərdən əvvəlki dövrdə də Qaydalar qüvvədə olmuşdur və bu qaydalarla hərracın keçirilməsi pozuntu olmamışdır.

40. Digər tərəfdən, “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması” Qaydası həmin Qaydanın 1.1-ci bəndindən göründüyü kimi, borclunun əmlakının icra məmuru tərəfindən elektron hərracda satılması ilə bağlı ixtisaslaşdırılmış müəssisələrə sifarişin verilməsi və hərracda satılması ilə bağlı qaydaları tənzimləyir. Yəni, “İcra haqqında” Qanunun tələblərinin pozulması üçün icra məmurunun hərrac barədə sifarişi verdiyi vaxt Qanunun qüvvədə olan redaksiyasının tələblərinin pozulması zəruri idi ki, sifariş verilərkən, sifariş məzmun və forması baxımından bu cür pozuntu aşkarlanmır.

41. “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması” Qaydasına əsasən hərrac avtomatlaşdırılmış qaydada keçirilir və hərrac başa çatdıqdan dərhal sonra Portal tərəfindən avtomatik olaraq baş tutan hərracın nəticələri haqqında protokol tərtib edilir, İcra xidmətinin, təşkilatçının və Portalın operatorunun məsul şəxslərinin və hərracın qalibinin elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş protokol müqavilə qüvvəsinə malikdir.

42. Göründüyü kimi, hərrac avtomatlaşdırılmış qaydada keçirilir və hərracın yekunları barədə protokol da Portal tərəfindən avtomatik olaraq tərtib edilir. Bu baxımdan, qalib alıcı Portal tərəfindən müəyyənləşdirildikdən sonra, sənədin qaydalarda adıçəkilən şəxslər tərəfindən sonrakı tarixdə imzalanması özlüyündə ptorokolun etibarsızlığına səbəb olmur. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş hesabdan çıxarış və ödəniş tapşırıqlarından müəyyən olunur ki, əmlakın alış qiyməti ödənilmişdir.

43. Odur ki, bunun üçün əsaslar müəyyən edilmədiyindən, hərracın yekunları barədə protokolun etibarsızlığı və əlaqəli digər tələblərin təmin edilməməlidir.

44. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

45. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdehlər Cavabdeh2, Maraqlı şəxs və Səbail rayon İcra şöbəsinə qarşı üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi və X3 olmaqla hərrac, həərracın yekunları barədə protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar