Məhkəmə qərarları › İş №e-2(004)-5136/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5136/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5136/2023 31.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı « pul» tələbinə dair kiçik iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 544 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 2(004)-5136/2023 saylı qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsinə iddia qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə baş vermiş subasma hadisəsi zamanı ünvan 1 ünvanında yerləşən, İddiaçı ASC-də RAZ********** saylı “Daşınmaz əmlakın icbari sığortası” müqaviləsi üzrə sığorta təminatı almış X3 məxsus daşınmaz əmlaka maddi ziyan dəymişdir. Hadisənin Cavabdeh məxsus həmin binanın 1 saylı mənzilindən su axması nəticəsində baş verməsi faktı 56 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci iltarixli aktı ilə öz təsdiqini tapmışdır. Bildirirlər ki, RAZ********** saylı sığorta şəhadətnaməsinə və CFİ-0096/2021- AKT2778/21 saylı sığorta aktına əsasən daşınmaz əmlaka dəymiş zərərlə bağlı 544 (beş yüz qırx dörd) manat sığorta ödənişi sığortalı X3 verilmişdir. Hesab edirlər ki, ödənilmiş 544 (beş yüz qırx dörd) manat pul məbləği, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 ərizə ilə müraciət edərək, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə "xxxx" ASC-nin iştirakı olmadan baxıb, qətnamə çıxarılmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, təmin edilməsini məhkəmədən xahiş etdi və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayonu 56 saylı MKİS-in mühəndisi N.Məmmədov, sahə nəzarətçisi A.Nəhmətov və S.Şirinova tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktın surətinə əsasən Ə.Əhmədov küçəsi 203 saylı evin 1 saylı mənzilindən (mənzilin sahibi Cavabdeh) həmin binada yerləşən Capsella mağazasına su axıdılır, belə ki mənzilin vanna otağındakı boruların və döşəmənin istismar müddəti bitib, ona görə də su axıntısı baş verir, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir tədbir görülməmişdir. İş materiallarında olan mütəxəssis X1 tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinə dair 1032 saylı 10 iyun 2021-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi Capsella mağazasına su sızma hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması və təmir-bərpa işlərinə görə cəmi 694 manat tələb olunduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, CFİ-0096/2021 nömrəli sığorta aktının təsdiq edilmiş surətinə əsasən X2 mülkiyyətində olan RAZ**********1 saylı sığorta şəhadətnaməsi ilə xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də sığortalanmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 202 ünvanında daşınmaz əmlaka xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində dəymiş 694 manat ziyanın əvəzi olaraq 544 manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının təsdiq edilmiş surətinə əsasən «Azsığorta” ASC tərəfindən X3 544 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 3 ünvanında 248.8 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. İşin müəyyən edilmiş halları odur ki, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi 203 saylı evin 1 saylı mənzilindən su sızması nəticəsində həmin binada yerləşən mağazaya maddi ziyan dəymişdir. Mağazaya dəymiş zərər 694 manat müəyyən edilərək, sığorta edən "xxxx" ASC tərəfindən 544 manat sığorta ödənişi edilmişdir. Hazırda iddiaçı ödənilmiş 544 (beş yüz qırx dörd) manat sığorta haqqının subroqasiya qaydasında Cavabdeh tutulmasını xahiş edir. Cavabdeh iddianı qəbul edir. Məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi 203 saylı evin 1 saylı mənzilindən su sızması nəticəsində həmin binada yerləşən mağazaya maddi ziyan dəymişdir. Maddi ziyanın həcmi müstəqil ekspert tərəfindən 694 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin məcəllənin 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 544 (beş yüz qırx dörd) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 544 (beş yüz qırx dörd) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar