Məhkəmə qərarları › İş №e-2(004)-5221/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5221/2022

14.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5221/2022 14.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh1 MMC-nin nümayəndələri X6 və X4, Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh1 MMC, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair” iddia ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 12420/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən verilmiş 163208/2020-3 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə, tələbkar Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 41 saylı evin 78 saylı mənzilinin satışı ilə bağlı “xx.xx.2022-ci il tarixli, 153/22 saylı “Hərracın yekunları barədə” Protokolun etibarsız sayılması, Cavabdeh2 ASC-adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair” qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12420/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən verilmiş 163208/2020-3 saylı, xx.xx.2022-ci il tarixli sifarişi ilə, ipoteka predmeti olan, İddiaçı məxsus, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 41 saylı evin 78 saylı mənzilinin açıq hərrcac vasitəsi ilə satışı Cavabdeh1 MMC-yə tapşırılmışdır. Daha sonra iddiaçı iddia ərizəsində göstərmişdir ki, sözügedən icra sənədinə əsasən Cavabdeh1 MMC-ti tərəfindən onun iştirakı olmadan hərrac keçirilmiş və xx.xx.2022-ci il tarixli, 153/22 saylı “Hərracın yekunları barədə” Protokol tərtib edilməklə ipoteka predmeti 45.900 manata Cavabdeh2 ASC-yə təklif olunaraq onun mülkiyyətinə keçirilmiş, bununla bağlı olaraq Cavabdeh2 ASC-nin adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hərrac keçirilən zaman hərrac prosessinə cəlb edilmədiyinə əsaslanan iddiaçı yuxarıda qeyd olunanlarla yanaşı iddiasında göstərmişdir ki, Cavabdeh1 MMC-nin 5 (beş) illik daimi fəaliyyəti mövcud deyildir. Hərrac 5 (beş) ildən az fəaliyyət göstərən hərrac təşkilatı tərəfindən həyata keçirilmiş, eyni zamanda o, hərrac prosesi barədə məlumatı ipoteka predmetinin boşaldılması tələbi gəldikdən sonra əldə etmişdir. Cavabdeh1 MMC-ti iddia tələbinə dair etirazının əsasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən Cavabdeh1 MMC-yə ünvanlanmış 163208/2020-3 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12420/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə ilkin satış dəyəri 72.000 (yetmiş iki min) manata olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 41 saylı evin 78 saylı mənzilinin açıq hərracda satılması “X1”nın təsisçisi olduğu Cavabdeh1 MMC-yə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 04 iyul 2022-ci il tarixinə, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, borclu İddiaçı hazırkı iddia ərizəsində göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanına, eləcə də digər borclular X9, X11, həmçinin iş üzrə tələbkar Cavabdeh2 ASC-nə 1027/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“Eherrac.com”) yerləşdirilmişdir. Daha sonra Cavabdeh1 MMC-ti iddiaya etirazında göstərmişdir ki, iş materiallarına əlavə edilən “hərracın baş tutmamasına dair” 04 iyul 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 04 iyul 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin mənzil ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 61.200 (altmış bir min iki yüz) manata olmaqla, 22 iyul 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) dərc olunmaqla həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Göstərilənlərlə yanaşı cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, yuxarıda sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından hərracın təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) dərc olunmuşdur. Cavabdeh etiraz mülahizələrinə əlavə etdiyi “təkrar hərracın keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli, 1296/22 saylı bildirişə əsaslanaraq daha sonra göstərmişdir ki, sözügedən bildirişdə təkrar hərrac barədə tərəflərə, o cümlədən İddiaçı hazırkı iddia üzrə iddia ərizəsində göstərdiyi ünvanına müvafiq məlumat göndərilmişdir. Məhkəməyə təqdim edilən etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 22 iyul 2022-ci il tarixli protokola əsaslanan cavabdeh yuxarıda göstərilənlərlə yanaşı iddiaya etirazında göstərmişdir ki, 22 iyul 2022-ci il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində hərracın təyin edilməsi barədə elanın verildiyi kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat həmçinin hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. Daha sonra cavabdeh etirazında qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli, 1442/22 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təkliflə yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.7-ci maddəsinin tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı olmayan qiymətə ipotekasaxlayana təklif olunmuşdur. İpoteka saxlayan Cavabdeh2 ASC-ti 01 avqust 2022-ci il tarixli məktubla ipoteka predmetini təklif edilən 45.900 (qırx beş min doqquz yüz) manat məbləğində əldə etməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X1”nın təsisçisi olduğu Cavabdeh1 MMC-ti tərəfindən xx.xx.2022-ci il tarixli, 153/22 saylı “X13 barədə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Cavabdeh1 MMC-nin 1524/22 saylı, xx.xx.2022-ci il tarixli məktubuna qoşma ilə (surəti məlumat üçün tələbkar və borclulara ünvanlanmaqla) sifarişçi icra Şöbəsinə göndərilmişdir. Yuxarıda qeyd olunan xüsusatlarla yanaşı cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Cavabdeh1 MMC (VÖEN **********) vergi ödəyicisi kimi xx.xx.2008-ci il tarixində uçota alınmışdır. xx.xx.2022-ci il tarixinədək Cavabdeh1 MMC X1 nəzdində fəaliyyət göstərmədiyindən ipoteka predmeti olan əmlaklar üzrə hərraclar təşkil etməmişdir. 10 yanvar 2022-ci il tarixindən Cavabdeh1 MMC Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2021-ci il tarixində, 1121-QK-11- 0081 nömrə ilə əmtəə birjası statusunda dövlət qeydiyyatına alınmış “X1”nın 100% təsisçiliyi ilə dövlət qeydiyyatına alınmaqla hazırda sözügedən “X1”nın təsisçiliyi ilə fəaliyyət göstərir.Cavabdeh1 MMC-ti hüquqi şəxs olaraq dövlət qeydiyyatına alındığı, eləcə də vergi ödəyicisi kimi uçota alındığı xx.xx.2008-ci il tarixdən hazırkı vaxtadək hüquqi şəxs olaraq daimi fəaliyyət göstərmişdir. Cavabdeh1 MMC hüquqi şəxs olaraq müvafiq hərrac sifarişləri əsasında açıq və ya qapalı hərracların təşkili və keçirilməsi üzrə daimi fəaliyyət göstərdiyi müddət ərzində açıq və ya qapalı hərraclar təşkil edib, onların keçirilməsi fəaliyyətini göstərməsi ilə əlaqədar qeyd etmişdir ki, Mərkəz “X1”nın nəzdinə keçən müddətədək ayrı-ayrı hüquqi və fiziki şəxslərin sifarişləri əsasında ipoteka predmeti olmayan hərrac sifarişləri üzrə xeyli sayda hərraclar təşkil edib keçirmiş və qanunvericiliklə müəyyən edilən qaydada həmin hərracların nəticələrini rəsmiləşdirmişdir. Cavabdeh1 MMC tərəfindən icra qurumlarının sifarişləri üzrə hərracların Cavabdeh1 MMC-yə verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edilənədək həmin hərraclar üzrə sənədlərin saxlanma müddəti keçsə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin məsul əməkdaşları tərəfindən Cavabdeh1 MMC-nin 5 (beş) illik fəaliyyətinin müəyyən edilməsi üçün sözügedən sənədlərin saxlanılması Cavabdeh1 MMC tərəfindən də təmin olunmuşdur. Sözügedən İdarənin əməkdaşları tərəfindən həmin sənədlərə faktiki olaraq baxış keçirildikdən və Baş İdarənin 04 aprel 2021-ci il tarixli, xx/xx- 2454 saylı məktubu ilə Cavabdeh1 MMC-nin yuxarıda sözügedən müraciəti müsbət cavablandırıldıqdan sonra, yəni 12 noyabr 2021-ci il tarixində açıq hərracların təşkili keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə əlaqədar 5 (beş) illik faktiki fəaliyyətin təsdiq edən sənədlər, o cümlədən hərrac sifarişləri üzrə daxil olan və çıxan sənədlərin qeydiyyatı jurnalları, hərrac sifarişləri üzrə sənədlər, onların yekunlarına dair protokollar, açıq hərracda iştiraka dair ərizələr, hərracın keçirilməsinə dair protokollar və s. Azərbaycan Respublikaısnın Milli Arxiv İdarəsinin 12 aprel 2016-cı il tarixli, 3/1 nömrəli əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Vahid hüquqi təsnifat üzrə 100.070.000 indeks kodu ilə, 20 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə **********0031 qeydiyyat nömrəsi ilə daxil edilmiş, xx.xx.2016-cı ildən qüvvəyə minmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlama müddətlərini göstərilməklə nümunəvi siyahı”nın tələblərinə uyğun olaraq seçilib ayrılmış və müvafiq Qaydalara uyğun olaraq məhv edilmiş və bu hal 12 noyabr 2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Yuxarıda sözügedən xx.xx.2021-ci il tarixli akt Azərbaycan Respublikasının Dövlət X7 Komissiyasının 06 № li, xx.xx.2021-ci il tarixli protokol-qərarı ilə təsdiq edilmişdir. Cavabdeh iddiaya etirazında daha sonra qeyd edtmişdir ki, 5 (beş) illik fəaliyyətinin olması araşdırılaraq müəyyən edildikdən sonra bu fəaliyyəti təsdiq edən sənədlər yuxarıda sözügedən akt əsasında məhv edilmiş və Azərbaycan Respublikasının Dövlət X7 Komissiyasının 06 № li, xx.xx.2021-ci il tarixli protokol-qərarı ilə təsdiq edilmiş xx.xx.2021ci il tarixli aktın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə də təqdim olunmuşdur. Azərbaycan Respublikasının 25 may 2021-ci il tarixli Qanunu ilə (dərci 22 iyun 2021-ci il) ixtisaslaşdırılmış hərrac təşkilatlarının sadələşdirilmiş vergiləri hesablamaq və ipoteka saxlayandan bu vergilər tutmaq, eləcə də Azərbaycan Respublikası VM-nin 150-ci maddəsində təsbit olunan bəyannamələri vergi orqanına təqdim etmək vəzifələri müəyyən edilənədək hərraclar vasitəsi ilə satılan əmlaklar vergi tutmanın predmeti olmadığından Cavabdeh1 MMC tərəfindən sahibkarlıq fəaliyyətinin deyil, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyatı vergi orqanına vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırılması barədə müvafiq arayış təqdim edilmişdir. Vergi ödəyicisinin digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmaq barədə aidiyyatı vergi orqanına arayış təqdim etməsi onun daimi fəaliyyət göstərmədiyini ehtiva etmir. Yuxarıda göstərilənlərlə yanaşı cavabdeh “X17” MMC-ti iddiaya etirazında göstərmişdir ki, vergi ilində (vergi illərində) vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya vergi tutlan əməliyatlarını müvəqqəti olaraq dayandırdığı müddət hüquqi şəxsin həmin dayandırılan müddətdə daimi fəaliyyətdə olub-olmamasını istisna etməsi barədə müvafiq rəyin verilməsi üçün Cavabdeh1 MMC tərəfindən “X8 Mərkəzi” İctimai Birliyi vasitəsi ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, eləcə də “Bakı Hüquq Təlim Mərkəzi”nə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən verilən 22 iyul 2022-ci il tarixli, 17/11-A-86 saylı cavab məktubunda göstərilmişdir ki, müvafiq qanunvericiliyə uyğun olaraq hüquqi şəxsin dövlət reyestrində qeydiyyata alındığı andan onun dövlət reyestrindən çıxarıldığı anadək olan fəaliyyəti hüquqi şəxsin daimi fəaliyyəti hesab olunur. Eyni hüquqi mövqe “Bakı Hüquq Təlim Mərkəzi”nin direktoru, Azərbaycan Respublikasının əməkdar hüquqşünası Əsəd Mirzəliyev tərəfindən imzalanmış 01/22 saylı, 22 iyun 2022-ci il tarixli cavab məktubunda da ehtiva olunmuşdur. Sadalanan xüsusatlara əsaslanan cavabdeh daha sonra iddiaya etirazında qeyd etmişdir ki, vergi ilində (illərində) vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırmaq barədə aidiyyatı vergi orqanına arayışın təqdim edilməsi hüquqi şəxsin daimi fəaliyyətdə olmasını istisna etmir. Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin yuxarıda sözügedən cavab məktubunda ifadə etdiyi hüquqi mövqeyinə əsaslanan cavabdeh həmçinin qeyd etmişdir ki, hüquqi şəxsin dövlət reyestrində qeydiyyata alındığı andan onun dövlət reyestrindən çıxarıldığı anadək olan fəaliyyəti hüquqi şəxsin daimi fəaliyyət müddətini ehtiva edir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də qeyd olunan halları təsdiq edənetiraz mülahizələrinə əlavə edilən sənədlərə istinad edən cavabdeh iddiaya etirazında göstərmişdir ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun hərrac sifarişində, eləcə də iddiaçının hazırkı iddia ərizəsində göstərilən ünvanına (yəni Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3ldirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Hesab edir ki, hərracın nəticələrinin etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Məhkəmə iclasında İddiaçı səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndələri X12 və X6 iddia tələbini qəbul etməyərək ayrı-ayrılıqda etiraz mülahizələrinin məzmununa uyğun izahat verərək Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir. Lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri arşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rəd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12420/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, sözügedən icra vərəqəsinə əsasən X5 199075 manat əsas borc, 14239 manat faiz, 50 manat cərimə, 30 manat dövlət rüsumunun, 60 manat digər xərclərin, cəmi 213454 (iki yüz on üç min dörd yüz əlli dörd) manat pul tutularaq "xxxx" ASC-yə ödənilməli, tutma cavabdeh İddiaçı məxsus ipoteka predmeti Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 41, 78 saylı mənzilə yönəldilməli, ilkin satış qiyməti 60.000 manat müəyyən edilməklə, həmin mənzil açıq hərracda satılmalıdır. İpoteka predmeti satıldıqdan 1 ay sonra cavabdehlər İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 41 saylı evin 78 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməli, və onlar həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq yeni alıcıya təhvil verilməlidir. İpoteka ilə yüklü edilmiş əmlakın satışından əldə olunacaq vəsait hesabına 213454 (iki yüz on üç min dörd yüz əlli dörd) manat ödənilməli, artıq qalan vəsait cavabdeh X9 qaytarılmalıdır. Satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməldir. Aparılmış tədqiqatların dəyəri olan 200 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra ŞöbəsindənCavabdeh1 MMC-yə ünvanlanmış 163208/2020-3 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12420/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsin icrasını təmin etmək məqsədilə icra vərəqəsində qeyd edilən mənzilin hərrac yolu ilə satılmasına sərəncam verilməsini xahiş etmişdir. İş materiallarında olan “hərracın keçirilnəsinə dair” 1027/22 saylı, xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, yuxarıda sözügedən sifariş üzrə ilkin hərracın keçirilməsi 04 iyul 2022-ci il tarixinə, saat 11:00 (növbəlik qaydasında) təyin edilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, hərracın keçirilnəsinə dair yuxarıda sözügedən bildiriş hərracın təşkilatçısı olaraq Cavabdeh1 MMC tərəfindən iddiaçının hazırkı iddia ərizəsində göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanına göndərilmişdir. İş materiallarında olan “Hərracın baş tutmamasına dair” 04 iyul 2022-ci il tarixli protokolun surətindən isə görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Həmçinin iş materiallarına əlavə edilən sənədlərlə müəyyən edilir ki, hərracın təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) dərc olunmuşdur. İş materiallarında olan “təkrar hərracın keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli, 1296/22 saylı bildirişdən görünür ki, təkrar hərracın keçirilməsi 22 iyul 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmişdir. Təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Həmçinin iş materiallarına əlavə edilən sənədlərlə də müəyyən edilir ki, hərracın keçirilnəsinə dair bildirişdə hərracın təşkilatçısı Cavabdeh1 MMC tərəfindən iddiaçının hazırkı iddia ərizəsində göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanına göndərilmişdir. İş materiallarında olan 22 iyul 2022-ci il tarixli protokolun surətindən görünür ki, həmin tarixə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində hərracın təyin edilməsi barədə elanın verildiyi kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat həmçinin hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (eherrac.com) yerləşdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1442/22 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25% aşağı olmayan qiymətə ipotekasaxlayana təklif olunmuşdur. İş materiallarında olan Cavabdeh2 ASC-ti tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış 01 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 41 saylı evin 78 saylı mənzilinə dair təklifi 45.900 (qırx beş min doqquz yüz) manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bank tərəfindən qəbul edilməsinə razılıq bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 153/22 saylı protokolun surətindən görünür ki, əmlakın ilkin satış qiyməti 72.000 manatın enmiş faizləri: “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25%-dən aşağı olmayan qiymətə salınmaqla, əmlakın son satış qiyməti 45.900 manat müəyyən edilmişdir. Keçirilən hər iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan Cavabdeh2 ASC Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 41 saylı evin 78 saylı mənzili 45.900 manata əldə etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Mülki Məcəlləsinin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəlləsinin 414.3-ci maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəlləsinin 414.5-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə iclasında təhqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən Cavabdeh1 MMC-yə ünvanlanmış 163208/2020-3 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12420/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 41 saylı evin 78 saylı mənzilinin açıq hərracda satılması “X1”nın təsisçisi olduğu Cavabdeh1 MMC-yə sifariş olunmuşdur. lkin hərracın keçirilməsi 04 iyul 2022-ci il tarixinə, saat 11:00 (növbəlik qaydasında) təyin edilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“Eherrac.com”) yerləşdirilmişdir. Göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. xx.xx.2022-ci il tarixə, saat 11:00-a (növbəli qaydasında) təyin edilmiş hərrac baş tutmadığından təkrar hərrac 22 iyul 2022-ci il tarixə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmiş və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Həmçinin hər iki hərracın keçirilməsinə dair bildirişlər hərracın keçirilnəsinə dair bildiriş hərracın təşkilatçısı olaraq Cavabdeh1 MMC tərəfindən borclunun hazırkı iddia ərizəsində göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanına göndərilmişdir. 22 iyul 2022-ci il tarixinə təyin edilimiş təkrar hərracda hərrcın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində hərracın təyin edilməsi barədə elanın verildiyi kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat həmçinin hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. İpoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq ipotekasaxlayana təklif olunmuşdur. İpoteka saxlayan tərəfindən təklif qəbul edilmişdir. Əmlakın ilkin satış qiyməti 72.000 manatın enmiş faizləri: “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25%-dən aşağı olmayan qiymətə salınmaqla, əmlakın qiyməti 45.900 manat müəyyən edilmişdir. Keçirilən hər iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan Cavabdeh2 ASC Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 41 saylı evin 78 saylı mənzili 45.900 manata əldə etmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır. İddiaçı iddiasının əsası kimi istinad etdiyi müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcüd sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İddiaçı hərracın keçirilməsi barədə onlara məlumat verilməməsini qeyd etsə də, iş materiallarında olan sənədlərlə təsdiq edilir ki, həm ilkin, həmdə təkrar hərracların keçirilməsi barədə hərrac təşkilatçısı tərəfindən hərracın kecirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilmiş, həminin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində (e-herrac.com) yerləşdirilmişdir. Həmçinin hər iki hərracın keçirilməsinə dair bildirişlər hərracın təşkilatçısı "xxxx" MMC-ti tərəfindən iddiaçının hazırki iş üzrə olan iddia ərizəsində göstərilən və onun qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Odur ki, "xxxx" MMC-ti tərəfindən hərrac ipoteka haqqında qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmiş, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcüd deyildir. Məhkəmə iddiaçının hərracın təşkilatçısının 5 (beş) illik daimi fəaliyyətinin olmamasına dair dəlilinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının bu dəlilinin heç bir hüquqi əsası yoxdur. Belə ki, məhkəmədə təhqiq olunan sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-ti xx.xx.2008-ci il tarixdə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmaqla dövlət reyestrinə daxil olunmuş və qeydiyyata alındığı tarixdən hal-hazıra kimi hüquqi şəxs olaraq daimi fəaliyyət göstərir. Məhkəmə hesab edir ki, Azərbaycan Respubikasının qanunvericiliyinə əsasən hüquqi şəxs dövlət reyestrində qeydə alındığı andan onun dövlət reyetrindən çıxarıldığı vaxtadək olan fəaliyyəti hüquqi şəxsin daimi fəaliyəti hesab olunduğundan, onun fəaliyyətdə olduğu müddətdə vergi tutulan əməliyyatları dayandırması barədə adiyyatı vergi orqanına müvafiq arayış təqdim etməsi və bu arayış əsasında onun fəaliyyətinin müvəqqəti dayandırması hüquqi şəxsin daimi fəaliyyətdə olmaması anlamına gəlməyə əsas ola bilməz. Bununla da məhkəmə hesabb edir ki, iddiaçının iddiasının əsaslarından biri kimi isdinad etdiyi hərracın təşkilatçısı "xxxx" MMC-nin 5(beş) illik daimi fəaliiyyətinin olmaması barədə dəlili əsassız olmaqla yanaşı Azərbaycan Respubikasının qanunvericiliyinin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə o, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoylumuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü naddəsində təsbit edilmiş bilavasitəlik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tətbiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalanan xüsusatlara və isdinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona aid olunmalıdır. Göstərilənləri və Azərbaycan Respubikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 357,360, 362-ci maddələrini rəhbər tutaraq Məhkəmə; QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh1 MMC, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar