Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5289/2023 07.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 57/24 saylı evin 84 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun bacısı Cavabdeh 2003-cü ildə ailə qurub, başqa ünvana köçmüş və hazırda qeydiyyat ünvanı formal xarakter daşıyır. Hətta o, atasından miras qalmış əmlakın yalnız onun tərəfindən faktiki qəbul edilməsi ilə bağlı iddia qaldırmış və Yasamal Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə Şamil Feyzullayevdən miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 57/24 saylı evin, 84 saylı mənzilinin və ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin miras əmlak kimi faktiki olaraq onun tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuşdur. Cavabdehin apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. Həmin qətnamə əsasında Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 57/24 saylı evin, 84 saylı mənzil İddiaçı mülkiyyətinə verilmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 57/24 saylı evin, 84 saylı mənzilin üzərində heç bir hüququ olmadığı halda, həmin mənzildə formal qeydiyyatda olması mülkiyyətçinin hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 57/24 saylı evin, 84 saylı mənzil üzərində istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə tərəfindən onların faktiki yaşayış yeri və qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehin faktiki yaşayış ünvanı aşkar olunmadığından, bildirişin ona çatdırılması mümkün olmadığından geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsində qeyd olunur: cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının və onun nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24də yerləşən 84 saylı mənzil İddiaçı mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 25 may 2005-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24-də yerləşən 84 saylı mənzildə qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxs Cavabdehdır. - Ali Məhkəmənin 2(102)-5370/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24-də yerləşən 84 saylı mənzil miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Daha sonra Cavabdeh apellyasiya şikayəti verərək sözügedən əmlakın onunla qardaşı İddiaçı arasında ½ hissədə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh kassasiya şikayəti verərək Apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 06 dekabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24in 84 saylı mənzili Şamil Feyzullayevdən miras qalmış və onun qanun üzrə birinci növbəli vərəsəsi olan İddiaçı faktiki idarə etməklə həmin əmlakı miras olaraq qəbul etmiş və hazırki vaxtadək idarə etməklə o sahiblik edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24, mənzil 84 İddiaçı mülkiyyətindədir. Cavabdeh həmin ünvanda qeydiyyatdadır. Cavabdehin hər hansı hüquqi əsas olmadan mülkiyyətçi İddiaçı məxsus mənzildə qeydiyyatda qalmağı mülkiyyətçinin qanunla qorunan hüquqlarını məhdudlaşdırır. Məhkəmə cavabdehin mübahisəli yaşayış evində yaşamamasının səbəblərini araşdıraraq qeyd edir ki, cavabdeh uzun bir müddət ərzində mübahisəli evdə yaşamamış, 2003-cü ildə ailə həyatı quraraq həmin evdən köçmüş, onun bu evdən getməsi daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. İşin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh mübahisəli evdən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqələrini kəsmişdir. Onun mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşıyır. Yaranmış vəziyyətdə cavabdehin mənzildə yaşamadığına baxmayaraq, onun mənzilə formal qeydiyyatının və istifadə hüquqlarının saxlanılması iddiaçının mənzil üzərində qanuni sahiblikdən irəli gələn hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdırır. Buna görə də, cavabdehin iddiaçıya məxsus yaşayış evindən istifadə hüquqları itirilməlidir. Bundan başqa, yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh daimi yaşamaq üçün başqa yerə getdiyindən, onun iddiaçıya məxsus evdə uzun müddət yaşamaması müəyyən edildiyindən, onun həmin evdən əvvəllər mövcud olan istifadə hüququ artıq itirilmişdir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olması onun hüquqlarını məhdudlaşdırdığından, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 57/24 evin, 84 saylı mənzildən istifadə hüquqları itirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 57/24 nömrəli evin 84 nömrəli mənzilinə olan istifadə hüququ itirilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-5289/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5289/2023
07.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver