Məhkəmə qərarları › İş №e-2(004)-5497/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5497/2024

05.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5497/2024 05.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə qanunsuz hərəkətlərinə son qoymasının həvalə olunması, cavabdehdən 25,95 manat maddi ziyan məbləğinin məcburi qaydada tutularaq ona ödənilməsi, cavabdehdən 10.000 manat mənəvi ziyanın məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, neçə illərdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi telefon rabitəsi xidmətlərindən istifadə edir. Xidmət haqlarını gecikdirmədən, hətta əvvəlcədən ödəmişdir. Telefon nömrəsi 533-82-70-dir. Oktyabr ayının əvvəlindən cavabdeh telefon xidmətlərini dayandırmışdır. 155 “ÇAĞRİ XİDMƏTİ” ilə əlaqə saxladıqda, ona bildirilmişdir ki, mütləq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Baktelekom” internet provayderinin internet xidmətlərindən istifadə etməlidir, əks təqdirdə ona telefon xidməti də göstərilməyəcək. Cari il iyulun 1-də qüvvəyə minmiş Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində də ümumi istifadədə olan telefon rabitəsi xidmətləri təbii inhisar fəaliyyət sahələrinə aid edilib. Rəqabət Məcəlləsinə əsasən, təbii inhisar fəaliyyətinin nəticəsi olan məhsulu satmaq imkanına malik olduqda müştərilərlə belə məhsulun satışına dair müqavilə bağlamaqdan əsassız olaraq imtina etmək, məhsulların istehsalı (satışı), habelə təbii inhisar subyektinin şəbəkələrinə qoşulma ilə əlaqədar müştərilərə münasibətdə normativ hüquqi aktlarda nəzərdə tutulmayan fərqli qaydalar müəyyən etmək və onların icrasını tələb etmək təbii inhisar subyektlərinə qadağan edilir. Qeyd olunanları nəzərə alaraq, istehlakçılar telekommunikasiya operatorları tərəfindən telefon çəkilişi zamanı müqavilə bağlanılmasından əsassız olaraq imtina edilməsi, qoşulma zamanı normativ hüquqi aktlarda nəzərdə tutulmayan tələblərin qoyulması, eləcə də ümumi istifadədə olan telefon rabitəsi xidmətlərinin göstərilməsi zamanı müəyyən edilmiş tariflərdən əlavə ödənişlərin tələb edilməsi qanunsuzdur. Bildirir ki, telefon xidməti tarifi 2,85 manat olarkən – 18 may 2022-ci ildə əvvəlcədən xidmət haqqını 2025ci ilin mart ayına qədər, cəmi 100 manat ödəmişdir. Lakin cavabdeh xidmət haqları 3,85 manat olandan sonra qanunsuz olaraq onun xidmət haqlarını yenidən hesablamış və 2024-cü ilin sentyabr ayında telefonunu bağlayaraq, onu yenidən ödəniş etməyə məcbur etmişdir. Telefonun açılması üçün 09 sentyabrda 6 manat ödəmişdir. Bundan başqa 2024-cü ilin sentyabr ayından 2025-ci ilin mart ayına qədər – 7 ay üçün 2,85 manat tarifi ilə ödədiyi xidmət haqları hesabından silinmişdir ki, bu da 19,95 manat edir. Cavabdehin ona vurduğu ziyan cəmi 25,95 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının qanunvericilik aktları ilə üzərlərinə düşən vəzifələrini yerinə yetirməməsi səbəbindən, məcbur olub, məhkəməyə müraciət edir və pozulmuş hüquqlarının bərpa olunmasını xahiş edir. Cavabdehin təqsiri üzündən o və ailəsi uzun müddət telefon rabitəsiz qaldıqlarından sarsıntı keçirmişlər. Qanuni əsaslarla istifadələrində olan telefon nömrəsindən cavabdehin təqsiri üzündən istifadə edə bilməmişlər. Həmçinin dəfələrlə bu məsələ ilə bağlı şifahi olaraq cavabdehin qaynar xətlərinə (155, 0-12-432-45-99) müraciət edərkən, haqlı tələblərini irəli sürərkən səlahiyyətli orqanın operatorların laqeydliyi ilə üzləşmişdir. Ona qarşı haqsızlıqlar onun həm sağlamlığımda, həm də psixi durumunda güclü iz qoymuşdur. Bu səbəblərdən ona dəymiş mənəvi ziyanı 10.000 manat dəyərində qiymətləndirir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 25,95 manat maddi və 10.000 manat dəyərində mənəvi ziyanın cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Daha sonra, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, iddiaçının tələbi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı istifadəsində olan stasionar telefona telefon xidməti tarifi 2,85 manat olarkən - 18 may 2022- ci ildə əvvəlcədən xidmət haqqını 2025-ci ilin mart ayına qədər, cəmi 100 manat ödədiyini, lakin cavabdeh tərəfindən xidmət haqqı 3,85 manat olduqdan sonra həmin məbləğin qanunsuz olaraq onun hesabından silindiyini iddia edir. İddiaçının istifadəsində olan telefon xidməti onun yaranmış abunə borcu səbəbindən dayandırılmışdır. Telefonun xidmət haqqına görə dayandırılması barədə iddiaçının məlumatlı olması halı birbaşa olaraq iddia ərizəsinin özündən məlum olmaqdadır. Etiraza əlavə edilən MHM arayışından müəyyən edilir ki, iddiaçı 18 may 2022-ci il tarixdən 100 manat ödəniş etmiş və onun hesabından ödəniş etdiyi aydan 2022-ci ilin noyabr ayınadək hər ay müvafiq olaraq 2,85 manat ( əvvəlki tarifə əsasən 2,5 manat - aylıq abunə haqqı, 0,35 manat-nömrə yazma xidməti) silinmiş, 2022-ci ilin noyabr ayından etibarən isə yeni tariflə 3,85 manat (yeni tariflə 3,5 manat və 0,35 manat) silinmişdir. Bu proses avtomatik olaraq həyata keçirilir və şəxsin ödədiyi məbləğdən artıq olaraq hər hansı ödənişin silinməsi ümumiyyətlə mümkün deyildir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqlarının tənzimlənməsi barədə” 2013-cü il 2 dekabr tarixli 5 nömrəli və “Sabit şəbəkə operatorlarının şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 2013-cü il 2 dekabr tarixli 7 nömrəli Qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 26 oktyabr 2022-ci il tarixli 13 nömrəli qərarına əsasən ölkə daxilində sabit şəbəkə (o cümlədən, məftilli və məftilsiz) telefonlarından istifadəyə görə aylıq abunə haqları ƏDV daxil olmaqla əhali kateqoriyasına münasibətdə 3.5 manat olaraq təsdiq edilmişdir. Əvvəlki tarifdə bu məbləğ 2,5 manat təşkil edirdi. Yəni iddiaçı keçmiş tarifin qüvvədə olduğu zaman 100 manat ödənişi etmiş və həmin tarifin qüvvədə olduğu müddətdə həmin məbləğdə (2,5 manat) ödəniş aylıq olaraq şəxsin ödədiyi məbləğdən silinmişdir. Yeni tarif qüvvəyə mindiyi tarixdən isə yeni tarifə uyğun məbləğ şəxsin ödənişində silinmişdir. Qeyd edilən bu proses Cəmiyyətin öz təşəbbüsü ilə deyil Tarif Şurası tərəfindən qəbul edilən və bütün ölkə səviyyəsində tətbiq edilən müvafiq qərara əsasən həyata keçirilmişdir. Şəxsin daha əvvəlki tariflə əvvəlcədən ödəniş etdiyinə görə onun hesabından ödənişin əvvəlki tariflə silinməsi proseduru hər hansi normativ aktda və ya daxili qaydada təbii ki, nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçının aylıq abunə haqqının artması barədə məlumatının əvvəlcədən olması iddia ərizəsinin mətnindən də müəyyən edilməkdədir. Dolayısı ilə iddiaçı Cəmiyyət tərəfindən hərhansi bir pozuntuya yol verilmədiyi barəsində də məlumatlı olmuşdur. Yəni iddiaçının qanunsuz olaraq silindiyini iddia etdiyi 25,95 manat ölkə ərazisində qüvvədə olan və şəxsin özünün də məlumatlı olduğu yeni tarif üzrə onun telefon abunə haqqı ilə bağlı silinmişdir. Əlavə olaraq iddiaçı əsassız olaraq telefon xidmətinin dayanması səbəbindən ona 10 000 (on min) manat mənəvi zərər dəydiyini iddia edir. Lakin o, dəymiş mənəvi zərər barədə hər-hansı tutarlı səbəb göstərməmiş və heç bir əsaslandırma etməmişdir. Şəxsə zərər dəyməsinin əsasında digər şəxsin hüquqazidd və təqsirli əməli olmalıdır Sözügedən iş üzrə iddiaçının iddia etdiyi hüquq pozuntusu ümumiyyətlə baş vermədiyi üçün iddiaçıya ümumiyyətlə heç bir halda nə maddi, nə mənəvi zərər dəyməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsii xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. 2022-ci ilin may ayında telefon xidmətinin aylıq abunə haqqı 2,50 manat təşkil etmiş, Azərbaycan Respublikası Tarif Şurasının qərarı ilə 2022-ci ilin oktyabr ayından isə telefon xidmətinin abunə haqqı 3,50 manat təşkil etmişdir. Telefon rabitəsi borca görə kəsilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Çıxarışdan görünür ki, 2022-ci ilin may ayından 2022-ci ilinin oktyabr ayına kimi telefon xidmətinin aylıq abunə haqqı 2,85 manat hesablanmış, 2022-ci ilin noyabr ayından etibarən 3,85 manat hesablanmışdır. İddiaçı tərəfindən telefon xidmətindən istifadəyə görə 2022-ci ilin may ayında 100 manat ödənilmişdir və telefon xidmətinin aylıq abunə haqqı aylara görə mövcud olan tarifə uyğun həmin məbləğdən çıxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən telefon xidmətindən istifadəyə görə 2022-ci ilin may ayında 100 manat ödənilmişdir. və telefon xidmətinin aylıq abunə haqqı aylara görə mövcud olan tarifə uyğun həmin məbləğdən çıxılmışdır. 2022-ci ilin may ayından 2022-ci ilinin oktyabr ayına kimi telefon xidmətinin aylıq abunə haqqı 2,50 manat təşkil etmiş, 2022-ci ilin noyabr ayından etibarən 3,85 manat təşkil etmişdir. Bu baxımdan İddiaçı tərəfindən telefon xidmətindən istifadəyə görə 2022-ci ilin may ayında ödənilmiş 100 manat telefon xidmətinin aylıq abunə haqqı aylara görə mövcud olan tarifə uyğun çıxıldıqdan sonra 2024-cü ilin iyul ayında bitmişdir. Həmin vaxtan etibarən İddiaçı telefon rabitəsindən istifadəyə görə borcu yaranmağa başlamış, 2024-cü ilin sentyabr ayında yaranmış borca görə "xxxx" MMC tərəfindən telefon rabitəsi kəsilmişdir. Hazırda iddiaçı telefon xidməti tarifi 2,85 manat olarkən – 18 may 2022-ci ildə əvvəlcədən xidmət haqqını 2025-ci ilin mart ayına qədər, cəmi 100 manat ödədiyinə, lakin cavabdehin xidmət haqları 3,85 manat olduqdan sonra qanunsuz olaraq onun xidmət haqlarını yenidən hesabladığına, 2024-cü ilin sentyabr ayından 2025-ci ilin mart ayına qədər – 7 ay üçün 2,85 manat tarifi ilə ödədiyi xidmət haqlarının hesabından silinməsinə, telefon rabitəsini qanunsuz olaraq kəsdiyinə istinad edərək, cavabdehə qanunsuz hərəkətlərinə son qoymasının həvalə olunması, cavabdehdən 25,95 manat maddi ziyan məbləğinin məcburi qaydada tutularaq ona ödənilməsi, cavabdehdən 10.000 manat mənəvi ziyanın məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbindən və iddiaçının məhkəmə iclasında verdiyi izahatından məlum olur ki, iddiaçı istifadəsində olan stasionar telefona telefon xidməti tarifi 2,85 manat olarkən - 18 may 2022- ci ildə əvvəlcədən xidmət haqqını 2025-ci ilin mart ayına qədər, cəmi 100 manat ödədiyini, lakin cavabdeh tərəfindən xidmət haqqı 3,85 manat olduqdan sonra həmin məbləğin qanunsuz olaraq onun hesabından silindiyini iddia edir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, cavabdehin iddiaçı qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Həmçinin, iddiaçı maddi ziyanın məbləğini və onun vurulduğunu, cavabdeh tərəf isə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludur. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, cavabdehin qanunazidd əməli nəticəsində ona ziyan vurulduğunu sübut edə bilməmişdir. İddiaçının istifadəsində olan telefon xidməti onun yaranmış abunə borcu səbəbindən dayandırılmışdır. Telefonun xidmət haqqına görə dayandırılması barədə iddiaçının məlumatlı olması halı birbaşa olaraq iddia ərizəsinin özündən məlum olmaqdadır. İş materialalrında olan arayışdan müəyyən edilir ki, iddiaçı 18 may 2022-ci il tarixdən 100 manat ödəniş etmiş və onun hesabından ödəniş etdiyi aydan 2022-ci ilin noyabr ayınadək hər ay müvafiq olaraq 2,85 manat ( əvvəlki tarifə əsasən 2,5 manat - aylıq abunə haqqı, 0,35 manatnömrə yazma xidməti) silinmiş, 2022-ci ilin noyabr ayından etibarən isə yeni tariflə 3,85 manat (yeni tariflə 3,5 manat və 0,35 manat) silinmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqlarının tənzimlənməsi barədə” 2013-cü il 2 dekabr tarixli 5 nömrəli və “Sabit şəbəkə operatorlarının şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 2013-cü il 2 dekabr tarixli 7 nömrəli Qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 26 oktyabr 2022-ci il tarixli 13 nömrəli qərarına əsasən ölkə daxilində sabit şəbəkə (o cümlədən, məftilli və məftilsiz) telefonlarından istifadəyə görə aylıq abunə haqları ƏDV daxil olmaqla əhali kateqoriyasına münasibətdə 3.5 manat olaraq təsdiq edilmişdir. Əvvəlki tarifdə bu məbləğ 2,5 manat təşkil edirdi. Yəni iddiaçı keçmiş tarifin qüvvədə olduğu zaman 100 manat ödənişi etmiş və həmin tarifin qüvvədə olduğu müddətdə həmin məbləğdə (2,5 manat) ödəniş aylıq olaraq şəxsin ödədiyi məbləğdən silinmişdir. Yeni tarif qüvvəyə mindiyi tarixdən isə yeni tarifə uyğun məbləğ şəxsin ödənişində silinmişdir. Qeyd edilən bu proses Cəmiyyətin öz təşəbbüsü ilə deyil Tarif Şurası tərəfindən qəbul edilən və bütün ölkə səviyyəsində tətbiq edilən müvafiq qərara əsasən həyata keçirilmişdir. Şəxsin daha əvvəlki tariflə əvvəlcədən ödəniş etdiyinə görə onun hesabından ödənişin əvvəlki tariflə silinməsi proseduru hər hansı normativ aktda və ya daxili qaydada nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçının aylıq abunə haqqının artması barədə məlumatının əvvəlcədən olması iddia ərizəsinin mətnindən də müəyyən edilməkdədir. Dolayısı ilə iddiaçı Cəmiyyət tərəfindən hər-hansi bir pozuntuya yol verilmədiyi barəsində də məlumatlı olmuşdur. Yəni iddiaçının qanunsuz olaraq silindiyini iddia etdiyi 25,95 manat ölkə ərazisində qüvvədə olan və şəxsin özünün də məlumatlı olduğu yeni tarif üzrə onun telefon abunə haqqı ilə bağlı silinmişdir. Bu baxımdan cavabdeh "xxxx" MMC-nin İddiaçı münasibətdə hər hansı qanunsuz hərəkəti məhkəmə tərəfindən müəyyən olunmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən "xxxx" MMC tərəfindən ona ziyan vurulması, səbəbli əlaqə və s. bu kimi halların mövcudluğu sübuta yetirilmədiyindən, bununla da cavabdehin hərəkəti nəticəsində iddiaçıya maddi zərər vurulması halı müəyyən olunmadığından cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə İddiaçı mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından və bununla da maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və ya mənəvi zərər vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar