Məhkəmə qərarları › İş №e-2(004)-5514/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5514/2021

24.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5514/2021 24.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh1, onun vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, 15000 ABŞ dolları əsas borcun, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 15000 ABŞ dolları pul vəsaitini qanunsuz saxlamağa görə 4942,55 ABŞ dolları faizlərin, hüquqi yardım üçün 700 manat və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ildə Cavabdeh1 ondan borc istəmiş və o ayrı-ayrı vaxtlarda cavabdehə 5000 ABŞ dolları bir və 10000 ABŞ dolları bir borc vermişdir. Cavabdeh həmin pulları bir həftə, on gün ərzində ona üstündə müəyyən qazancla geri qaytarmağı vəd etməsinə baxmayaraq borcu hal-hazıradək geri qaytarmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək iddiaçıdan cəmi 10000 manat borc götürdüyünü bildirmiş və iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehn nümayəndəsi cavabdehin izahatını müdafiə edərək, qalan hissədə iddianın əsassız olduğunu bildirərək iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1.-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqinin icraatında olmuş ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına hissəvi xitam verilməsi barədə 05 iyul 2021-ci il tarixli qərarından görünür ki, həmin cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh1 təxminən 2018-ci ilin yanvar – fevral aylarında bir ay müddətinə qaytarmaq şərti ilə iddiaçıdan cəmi 15000 ABŞ dolları məbləğində borc götürdüyünü etiraf etmiş və iltizam verərək iddiaçıdan almış olduğu pulu 15 iyul 2021-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Həmin cinayət işi üzrə şahid qismində dindirilmiş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da ifadələrində Cavabdeh1 2018-ci ildə iddiaçıdan cəmi 15000 ABŞ dolları məbləğində borc götürdüyünü təsdiq etmişlər. Beləliklə tədqiq olunmuş sübutlarla Cavabdeh1 ilə iddiaçı arasında 2018-ci ildə şifahi borc müqaviləsinin bağlandığı, iddiaçının cavabdehə 15000 ABŞ dolları borc verdiyi və həmin borcun hal-hazıradək geri qaytarılmaması öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia Cavabdeh1 həmin borcun tələbi hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı təsdiq edilmədiyindən onlara qarşı hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia həmin cavabdehlərə qarşı ümumiyyətlə əsaslandırılmamışdır. Məhkəmə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 15000 ABŞ dolları pul vəsaitini qanunsuz saxlamağa görə 4942,55 ABŞ dolları faizlərin tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1.-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.(449.2.) Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (449.4.) Hal-hazırda Mərkəzi Bank tərəfindən müəyyən edilmiş bank uçot dərəcəsinin 7,25% olmasını, Cavabdeh1 borcu 01 aprel 2018-ci il tarixdən geri qaytarmamasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 3 il 8 ay 24 gün üçün 4060 ABŞ dolları (15000 x 7,25%) x 3 il 8 ay 24 gün) faiz tutulmalıdır, qalan hissədə faiz tələbi rədd edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia hüquqi xidmət üçün xərc tələbi hissəsində də qismən əsaslıdır. Belə ki, iddiaçı ilə nümayəndəsi arasında bağlanmış 10 avqust 2021-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, hüquqi yardıma görə haqq 700 manat manat müəyyən edilmişdir. Lakin təqdim olunmuş Kapital Bank tərəfindən verilmiş 10.08.2021-ci il tarixli 86-297 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən nümayəndəsinə 350 manat məbləğində xidmət haqqı ödənilmişdir. İddiaçı qalan məbləğin ödənilməsinə dair sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5. və 115.0.6.-cı maddələrinə əsasən nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 28,70 manat hissəsi, 350 hüquqi xidmət haqqının 336 manat hissəsi Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməlidir Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 15000 ABŞ dolları əsas borc, 4060 ABŞ dolları faiz, cəmi 19060 (on doqquz min altmış) ABŞ dolları (məhkəmə qərarının icra olunduğu tarixə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə), 336 manat (üç yüz otuz altı manat) hüquqi yardım üçün ödənilən xərc və 28,70 (iyirmi səkkiz manat yetmiş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar