Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-553/2023 01.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi və artıq ödənilmiş pulun geri ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 11910756 nömrəli müqavilə hesabına əsassız olaraq hesablanmış 3710 manat məbləğindən qanunsuz olaraq alınmış 1950 manat pulun geri qaytarılması və abonent hesabında borc olaraq əks olunan 1970,72 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə Sad. Park. Ev 10 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Ərizəçi ilə Cavabdeh ASC arasında xx.xx.2022-ci il tarixdə 11910756 nömrəli abonent kodu verilməklə su təchizatından istifadəyə dair müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC-nin X1 İdarəsinin əməkdaşları İddiaçı evinə gələrək (müqavilə nömrəsi 11910756, tarixi xx.xx.2022-ci il) su sayğacını çıxararaq apamışlar. Həmin sayğac idarənin “Suölçən cihazların kalibrləmə laboratoriyası”na göndərilmişdir. xx.xx.2022-ci il tarixdə ərizəçiyə sayğaca müdaxilə aşkar olunduğu bildirilmiş, bu səbəbdən ona 3710 manat cərimə hesablanmışdır. Həmçinin yeni sayğac quraşdırılaraq istismara təhvil verilmişdir.Bir müddət sonra evə suyun verilməsində məhdudiyyət yaranmış, hesablanmış cərimə məbləği ödənilmədiyi təqdirdə suyun verilməyəcəyi bildirilmişdir. Ərizəçi ayrı-ayrı vaxtlarda suyun kəsilməməsi üçün 2000 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”na əsasən pozuntu aşkar edildikdə istehlakçının əvvəlki 12 aylıq dövrdə (istehlak dövrü 12 aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən cihazın sonuncu dəfə göstərilcilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini müəyyənləşdirir və hesablaşma aparır; Həmin qaydaların 4-cü əlavəsinə əsasən İddiaçı hesablanmış cərimə məbləği istehlakçının əvvəlki 12 aylıq dövrünə də uyğun deyil. Həmin qaydalara əsasən istehlakçıya ən çoxu 240 manat məbləğində cərimə hesablana bilər. İstehlakçıya hesablanmış cərimənin qanuni əsası yoxdur. İddiaçıya məxsus abonent kartından aydın görmək mümkündür ki, istehlakçı istifadə eydiyi suyun dəyərini hər ay ödəməklə sudan istifadə etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanunu: M a d d ə 3 0 . Verilən suyun həcminin hesablanması
1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ona məxsus evdə yaşayır və cavabdeh tərəfindən hesablanmış borc qanunsuzdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsindən və iddiaçının nümayəndəsi tərəfindən verilmiş izahatdan görünür ki, iddiaçıya məxsus evdə quraşdırılan sayğac cavabdehin nümayəndələri tərəfindən dəyişdirilmiş və bundan sonra cavabdehə əlavə sərfiyyat hesablanmışdır. Abonent haqqında kartdan da iddiaçıya xx.xx.2022-ci il tarixdən 3710 m3, yəni cəmi 3710 manat əlavə sərfiyyat hesablanması görünür. Məhkəmə baxışına hazırlıq iclasında cavabdehin nümayəndəsinə həmin borcun hesablanmasına əsas olmuş sənədlərin məhkəməyə təqdim olunması təklif edilmiş, lakin cavabdehin nümayəndəsi borcun hesablanmasına əsas olmuş sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış 3710 manat borc əsassız hesab edilməlidir. İddiaçıya məxsus abonent kartından görünür ki, iddiaçı həmin borcdan 1950 manat ödəmiş, qalan borc 1760 manat (3710-1950) təşkil edir. Odur ki, iddia 1950 manat məbləğinin geri qaytarılması hissəsində təmin edilməli, 1970,72 manat məbləğinin silinməsi hissəsində qismən təmin olunaraq 1760 manat borcun silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, qalan hissədə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Qət etdi:
İddia qismən təmin olunsun. Cavabdeh ASC tərəfindən İddiaçı məxsus 11910756 saylı abonent koduna qanunsuz hesablanmış 1760 (min yeddi yüz altmış) manat su borcu silinsin. Cavabdeh ASC-dən İddiaçı xeyrinə 1950 (min doqquz yüz əlli) manat tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Təhminə xəlilova