Məhkəmə qərarları › İş №e-2(004)-564/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-564/2023

16.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-564/2023 16.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və əldən çıxmış faydanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 7 ünvanında yerləşən 22 nömrəli mənzildən çıxarılması və əldən çıxmış fayda qismində 3000 manat pul vəsaitinin cavabdehlərdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 7 ünvanında yerləşən 22 nömrəli mənzil 2018-ci ildən onun xüsusi mülkiyyətindədir. Belə ki, xx.xx.2018-ci il tarixdə alqı-satqı və ipoteka müqaviləsi əsasında Cavabdeh2 məxsus daşınmaz əmlak onun tərəfindən satın alınmış, Cavabdeh1 isə əmlakın satılmasına öz razılığını bildirmişdir. Sözügedən əmlak onun tərəfindən alınsa da, o, hərbiçi olduğu üçün Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 7 ünvanında yerləşən 22 nömrəli mənzildə daimi olaraq yaşaya bilmirdi. Belə olan halda məznili kirayə verməyi qərara almışdır. Cavabdehlər isə onun bu niyyətini bildikdən sonra mənzili aylıq 350 manat müqabilində onlara kirayə verməyi təklif etmiş, iddiaçı onlarla kirayə haqqının ödənilməsi şərtilə kirayəçi kimi yaşamalarına razılıq vermişdir. Belə ki, iddiaçı onsuz da mənzili kirayə vermək məqsədilə almışdır. Kirayə haqqını ilk vaxtlar cavabdehlərdən alaraq banka köçürsə də, daha sonra kirayə haqqını hərbiçi olduğu üçün birbaşa cavabdehlərdən ala bilməməyi səbəbindən, onlardan kirayə haqqını onun adından banka ödəməsini təklif etmişdir. Şifahi şəkildə aralarında kirayə müqaviləsi bağlandıqdan bir müddət sonra cavabdehlər pul vəsaitini ödəsələr də, artıq bir neçə müddətdir ki şərtləşdirilmiş kirayə haqqının ödənilməsindən yayınırlar. Cavabdehlərin şərtləşdirilmiş pul vəsaitini ödəməməsi səbəbindən xx.xx.2022-ci il tarixində "xxxx" ASC tərəfindən borc tələbi və tutmanın ipotekaya yönəldilməsi tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət olunmuşdur. O, yalnız bundan sonra cavabdehlərin aralarında bağlanmış şifahi kirayə müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən xəbər tutmuşdur. Həmin vaxtdan sonra isə cavabdehlərə pul vəsaitinin ödənilməsini, əks halda ona məxsus mənzildən çıxmalarını tələb etsə də, onun müraciətlərinə ümumiyyətlə məhəl qoyulmamışdır. Belə olan halda, ipoteka müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək borc məbləğini öz vəsaiti hesabına ödəmişdir. Göründüyü kimi, cavabdehlər tərəfindən ödənilməli olan pul vəsaitini öz hesabəna ödəyərək əlavə xərc çəkmişdir. Belə olan halda, tərəfindən ödənilmiş 3000 manat pul vəsaiti cavabdehlər tərəfindən ona ödənilməsi qanunamüvafiqdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən cavabdehlərin təqsiri səbəbindən bankla onun arasında bağlanmış ipoteka müqaviləsi üzrə borc məbləğləri hesablanmışdır ki, həmin borc məbləği də haqlı olaraq ondan tələb edilmişdir. Cavabdehlərin kirayə haqqını ödəmədiyinə görə o, bank qarşısında borclu olmuş, cavabdehlərin təqsiri ucbatından bankla bağlanan ipoteka müqaviləsi üçün mübahisə məhkəmənin icraatında baxılmışdır. Sözügedən mübahisə üzrə Nizami Rayon Məhkəməsi tərəfindən yekun akt qəbul edilərək ipoteka müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Bütün qeyd edilənlərə müvafiq olaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 7 ünvanında yerləşən 22 nömrəli mənzildən çıxarılmasını, eyni zamanda əldən çıxmış fayda qismində 3000 manat pul vəsaitinin cavabdehlərdən alınaraq onun xeyrinə ödənilməsini qanunauyğun hesab edir və bunun üçün məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və təqdim edilmiş sübutlar əsasında iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 8 saylı filialı ilə İddiaçı arasında bağlanmış 18 may 2018-ci il tarixli 20-İP-AİF-1-0-98-18 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 7 ünvanında yerləşən 22 nömrəli mənzilin alınması üçün illik 8 faiz dərəcəsi ilə 300 ay müddətinə 70000 manat məbləğində ipoteka krediti verilmişdir. İş materiallarında olan “kreditor-ipoteka saxlayan” qismində "xxxx" ASC-nin 8 saylı filialı, “alıcı” qismində İddiaçı və “satıcı” qismində Cavabdeh2 arasında bağlanmış 19 may 2018-ci il tarixli 20-İP- AİF-1-0-98-18 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüqquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən 27 yanvar 2012-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ona məxsus olan daşınmaz əmlakı alıcı-ipoteka saxlayanın mülkiyyətinə verir. Daşınmaz əmlakın satış qiyməti 100000 manat olmaqla, mənzilin dəyərinin 30000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 70000 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən 18 may 2018-ci il tarixli 20-İP-AİF-1-0-98-18 saylı kredit müqaviləsinə əsasən alıcıipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İş materiallarında olan Cavabdeh1 xx.xx.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 7 ünvanında yerləşən 22 nömrəli mənzilin satılmasına və ipotekaya qoyulmasına etiraz etməmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 7 ünvanında yerləşən 22 nömrəli mənzil İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)- 2249/2022 saylı qətnaməsinə əsasən, İddiaçı xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 53182 manat əsas borc, 2749,77 manat faiz borcu və 13,59 manat cərimə borcu olmaqla, cəmi 55945,36 manat pul məbləğinin, 297,23 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predimeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının əvəzinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 7 ünvanında yerləşən 22 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 78000 manat müəyyən edilməsi və həmin mənzilin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə edilən vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutulma ipoteka predimetinə yönəldikdə və o satıldıqdan 1 ay sonra İddiaçı mənzilə istifadə hüququ itirilmiş hesab edilməklə, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 7 ünvanında yerləşən 22 nömrəli mənzilin boşaldılaraq banka təhvil verilməsi, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş “AZEMİS” məhkəmə elektron sistemindən əldə olunmuş əmlak məlumatlardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 7 ünvanında yerləşən 22 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, həmin mənzil cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehlərin hazırda hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır. Odur ki, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 7 ünvanında yerləşən 22 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması hissəsində təmin edilməlidir. Bununla belə məhkəmə hesab edir ki, iddia tələbi 3000 manat əldən çıxmış faydanın ödənilməsi hissəsində təmin edilə bilməz. Belə ki, kredit müqaviləsi bankla iddiaçı arasında bağlanılmış və iddiaçının müqavilə üzrə öhdəliyi yaranmışdır. İddiaçı bank qarşısında öhdəliyini icra etməyərək borc məbləğini ödəməmiş, bank tərəfindən borcun ödənilməsi və tələbin ipoteka predimeti olan əmlaka yöndəlilməsi tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı Cavabdeh2 ilə aralarında bağlanmış şifahi kirayə müqaviləsi üzrə ödənilməli olan pul məbləğinin onun bank qarşısında olan borcunun ödənilməsi barədə razılığa gəldiklərini qeyd etsə də, bununla bağlı və öhdəliyin cavabdehin təqsiri səbəbindən icra edilməməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, bu hissədə öz sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 7 ünvanında yerləşən 22 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 7 ünvanında yerləşən 22 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar