Məhkəmə qərarları › İş №e-2(004)-5738/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5738/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5738/2021 23.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC-nin kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş 200 manat sığorta ödənişinin və ödənilmiş 20 manat dövlət rüsümunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10(on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş lakin, bildiriş məhkəməyə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36, 81-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 883.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1-ci, ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsi, İcbari sığortalar haqqında qanunun 14-cü və 63.1-ci maddələrini nəzərə alaraq, müəyyən etdi ki, "xxxx" ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh 27.06.2021-ci il tarixdə idarə etdiyi “Toyota” markalı **-MY-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Binə Ticarət Mərkəzinin qarşısı ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş, nəticədə “Chevrolet Aveo” markalı **-XG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Qaradağ rayon RPİ DYPŞ tərəfindən tərtib olunan inzibati xəta haqqında AP ******* saylı 27.07.2021-ci il tarixli protokola əsasən Cavabdeh avtonəqliyyat vasitəsini idarəetmə hüququ (etibarnamə) olmadan idarə etmişdir və İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı ** XG *** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərə görə PME ********** saylı sığorta şəhadətnaməsinə, 09.08.2021-ci il tarixli İAS 210992 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 200 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Habelə həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizimlərindən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayan maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla baglı digər fəaliyyətlərin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Cavabdeh yol-nəqliyyat hasisəsinin baş verməsində təqsirkar olduğu və hadisə baş verdiyi zaman nəqliyyat vasitəsinin idarə etməyə hüququ olmadığı üçün iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi əsaslı və qanuni olub təmin edilməli, 200 manat məbləğində ziyanın və ödənilmiş 20 manat dövlət rüsümu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 200 (iki yüz) manat məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsümu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar