Məhkəmə qərarları › İş №e-2(004)-5785/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5785/2022

30.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5785/2022 30.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 5600 ABŞ dolları, 7850 manat və 143 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı pul qazanacağı vədi ilə xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində qış parkının yanında yerləşən “Günay Bank”da 3000 ABŞ dolları, 2019-cu ilin iyul ayının axırlarında isə 3000 avro pul verdiyini, cavabdehin həmin pullarla özünə əvvəlcə mercedes markalı avtomobil almış və həmin avtomobili taksi kimi işlədərək hər ay 300-400 ödəniş edərək pulunu qaytaracağını, üzərində isə əlavə olaraq 1500 ABŞ dolları verəcəyini bildirmişdir. Cavabdeh həmin pulları götürüb Gürcüstan Respublikasına gedərək dəyəri 5000 ABŞ dolları olan Mercedes markalı avtomobil almışdır. Cavabdeh 2 ay həmin avtomobili işlədərək iddiaçıya hər ay 450 ABŞ dolları olmaqla, ümumilikdə 900 ABŞ dolları vermişdir. İddiaçı cavabdehdən pulunu istədikdə cavabdeh pulunun olmadığını, lakin iddiaçının ona xəzər avtomobili alarsa, işləyib hər ay ***-**** manat arası olmaqla borcunu və avtomobilin pulunu qaytaracağını bildirmişdir. İddiaçı bununla da razılaşmış, 3800 manat ödəməklə avtomobil almışdır. Cavabdeh sonradan həmin avtomobili satmışdır. İddiaçı tərəfindən cavabdehə ümumilikdə iş görüb qazanc əldə etmək üçün 6500 ABŞ dolları və 10350 manat pul verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 900 ABŞ dolları və 2500 manat pul qaytarılmışdır. Cavabdehin iddiaçıya 5600 ABŞ dolları və 7850 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qəbul edir. İddiaçıya borcu vardır. İddiaçıdan birinci 3000 ABŞ dolları almışdır. Daha sonra maşında müəyyən problemlər olmuş və düzəltdirmək üçün yenidən iddiaçıdan pul almışdır. Maşın ona çox problemlər yaradırdı. Hətta yol-nəqliyyat hadisəsi də baş vermişdir. O həmin maşını satmış və iddiaçıdan yeni avtomobil almaq məqsədilə yenidən borc almışdır. Həmin maşın da “Binə” çörək zavodunun maşını ilə toqquşmuşdur. Belə ki, Cavabdeh məhkəməyə xx.xx.2022-ci il tarixli ərizə təqdim edərək, iddiaçının ona qarşı qaldırdığı iddianı - 7850 manat və 5600 ABŞ dolları məbləğində pul tələbini qəbul etdiyini qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan 01 iyul 2022-ci il tarixli Yasamal RPİ-nin İŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından görünür ki, Cavabdeh izahatında İddiaçı 5600 ABŞ dolları və 7850 manat pul borcunun olması ilə bağlı sonuncunun düzgün danışdığını, hazırda onun Fərhada 16000 manata yaxın borcunun olduğunu, həmin borcu Fərhada pulunun olduğu zaman qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki işdən görünür ki, İddiaçı borc olaraq Cavabdeh versə də, cavabdeh daha sonra öhdəliyini icra etməmiş, 5600 ABŞ dolları və 7850 manat məbləğində borcunu borc verənə qaytarmamışdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, iddiaçının ona qarşı qaldırdığı iddianı - 7850 manat və 5600 ABŞ dolları məbləğində pul tələbini qəbul edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 5600 (beş min altı yüz) ABŞ dolları və 7850 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddianın 143 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 143 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi təmin edilsin. Cavabdeh 5600 (beş min altı yüz) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla həyata keçirilsin), 7850 manat və ödənilmiş 143 (yüz qırx üç) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar