Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-579/2024 14.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "mənzilin altında yerləşən qarajın və qarajın giriş acarlarının X5 təhvil verilməsi həmin qaraja giriş və cıxışla əlaqədar yaradılmış maneələrin cavabdehlər tərəfindən aradan qaldırılaraq qarajla zirzəmi arasında olan divarın cavabdehlərin hesabına sökülməsi və cavabdehlərə məxsus nəqliyyat vasitəsinin və digər əşyaların cavabdehlər tərəfindən qarajdan çıxarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "mənzilin altında yerləşən qarajın və qarajın giriş acarlarının X5 təhvil verilməsi həmin qaraja giriş və cıxışla əlaqədar yaradılmış maneələrin cavabdehlər tərəfindən aradan qaldırılaraq qarajla zirzəmi arasında olan divarın cavabdehlərin hesabına sökülməsi və cavabdehlərə məxsus nəqliyyat vasitəsinin və digər əşyaların cavabdehlər tərəfindən qarajdan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X7 tərəfindən ünvan 1 ünvanında yerləşən sahənin mülkiyyətçisi olan Cavabdeh1 eyni zamanda onun əri Cavabdeh2 sifarişi əsasında həmin sahənin satışını həyata keçirdiyini satılan əmlaka 61.16 kv m ölçüdən ibarət əsas sahənin və təqribi 40 kv.m dən ibarət qarajın və zirzəminin daxil edildiyini və əmlakın ümumilikdə dəyərinin 190.000 (yüz doxsan min) manat olduğunu bildirilmişdir. Həmin şərtlərlə iddiaçı P.Müseyibova razılaşdıqdan sonra 26 avqust 2023-cü il tarixdə tərəflər sözügedən daşınmaz əmlaka dair alqı satqı müqaviləsini rəsmiləşdirmişlər. Tərəflər arasında təhvil təslim baş tutduqdan sonra Cavabdeh2 qarajda bəzi əşyalarının və Mitsubishi markalı nəqliyyat vasitəsinin olduğunu və onlarında çıxarılması üçün qısa müddət verilməsini P.Müseyibovadan xahiş etmiş Pərvin Müseyibova isə bununla razılaşaraq Cavabdeh2 əşyalarının cıxarılması üçün qısa müddətdə şərait yaradacağını bildirərək zirzəminin digər açarının Cavabdeh2 digər əşyaların cıxarılmasına qədər qalmasına razılıq vermişdir. Lakin Cavabdeh2 ona edilən etibardan və P.Müseyibova tərəfindən əşyaların çıxarlması ilə əlaqədar ona verilmiş hüquqdan sui-istifadə edərək daşınmaz əmlakın təhvil verildiyi gün gecə saatlarında heç kimə məlumat vermədən özbaşına olaraq zirzəmiyə daxil olaraq zirzəmi ilə qaraja gediş gəlişi dayandırmaq üçün divar tikdirmiş və Pərvin Müseyibovanın qaraja giriş cıxış imkanının bu hərəkətləri ilə tamamilə qarşısını almış daha sonra Pərvin Müseyibova tərəfindən Cavabdeh2 yol verdiyi özbaşınalığın aradan qaldırılması üçün dəfələrlə ona müraciət etmiş edilmiş xəbərdarlığa və danışıqlara baxmayaraq Cavabdeh2 həmin qarajı ümumiyyətlə onlara satmadığını bildirərək sözügedən qarajı yenidən satmağa cəhd göstərərək üzərinə onun satılmasına dair müvafiq reklamlar əlavə etmişdir. P.Müseyibovaya satışa təqdim edilmiş sahə qaraj və zirzəmi ilə birlikdə təklif edilməsinə və P.Müseyibova tərəfindən həm ümumi sahənin eyni zamanda qaraj və zirzəmiyə aid ödənişin edilməsinə baxmayaraq Cavabdeh2 və Cavabdeh1 tərəfindən yol verilən hərəkətlər tamamilə qanunsuzdur və özbaşınalıqdır, iddiaçın mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Vəkil Nümayəndə xx.xx.2024-cü il tarixdə keçirilmiş yerli baxış prosessual hərəkətində, sonuncu xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında və xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bütün prosessual hərəkətlər tam vaxtında başlamış və yekunlaşmışdır. Bu barədə “Elektron məhkəmə” informasiya sistemində audio, video qeydlər mövcuddur. Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan AN – İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Satıcı Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzili 183.900 manat məbləğində Alıcı X1. İş materiallarında olan Çıxarışın surətinə əsasən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən mənzil X4 mülkiyyətindədir. İş materiallarına X7 ilə Cavabdeh1 əri Cavabdeh2 arasında bağlanmış beh müqaviləsi əlavə edilmişdir. İş materiallarına xx.xx.2024-cü il tarixli məhkəmə yerli baxış protokolu əlavə edilmişdir. Sözügedən protokolda olan qeydlərə və keçirilmiş yerli baxışın nəticəsinə əsasən aşağıdakılar müəyyən edilmişdir: “Mübahisə predmeti olan qaraj binanın daxilində, mənzilin bilavasitə altında yerləşir, mənzillə vahid əmlak təşkil edir və mənzilə dair kommunal xəttlərin hamısı qarajdan keçir, həmin xəttlər qarajın daxilində qalmışdır. Mənzil binanın 1-ci mərtəbəsində yerləşir. Mənzildən birbaşa küçəyə və qaraja giriş-çıxış vardır. Qaraj sonradan tikilməklə mənzilə əlavə edilmiş tikilidir və dövlət qeydiyyatı mövcud deyildir. Qarajın ön tərəfdən qapısı kilitlidir, mənzil tərəfdən giriş hissəsi isə daşla hörülüb. Bu səbəbdən, iddiaçı olan mənzil sahibi olan mülkiyyətçi hazırda kommunal xidmətlərdən yararlana bilmir. Cavabdeh2 qarajı bağlayıb, eyni zamanda mənzilin daxilindən qaraja olan girişi də alqı-satqı baş tutandan bir neçə saat sonra qapı hissəsini daşla hörüb, bunun əsas səbəbi qaraja münasibətdə cavabdeh tərəfindən qaraja münasibətdə əlavə pulun tələb olunmasıdır. Cavabdeh2 bildirir ki, mənzilin alqı-satqısı baş tutandan sonra o, iddiaçıya qaraja görə də əlavə pulun ödənilməsini tələb etmiş, lakin, iddiaçı mənzilin qarajla birlikdə müvafiq məbləğə ona satıldığını bildirmişdir. Cavabdeh2 bildirir ki, mənzilin bazar dəyəri qarajla birlikdə təxminən 215-220 min manat civarındadır, mənzil 190 min manata satılmışdır, odur ki, çalışır ki, qaraja münasibətdə də ona əlavə pul ödənilsin, bu səbəbdən, o, mənzili satdıqdan sonra qaraja görə də əlavə pul tələb etmişdir. Lakin, Alıcı bununla razılaşmamışdır. Bu səbəbdən, həmin vaxt Cavabdeh2 alqı-satqı müqaviləsinin ləğv edilməsini Alıcıya bildirmişdir. Alıcı bununla razı olmadığından vaxt Cavabdeh2 müvafiq hörgü işlərini aparmışdır”. Müvafiq video çəkilişlər protokola əlavə edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən şahid (daşınmaz əmlakın alqı-satqısı üzrə şəxs-makler) X12 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisə predmeti olan əmlak ilkin olaraq 250 min manata start qiymətlə satışa çıxarılmışdır. Lakin, cavabdehin tanışı İlqar adlı şəxs Fuad Həsənovla əlaqə saxlayaraq sözügedən əmlakın təcili satılmalı olduğunu bildirməklə sonuncunun Tik-Tok sosial şəbəkəsində əmlak alqı-satqısı ilə bağlı geniş izləyici kütləsinin olması əsası ilə əmlakın bütöv şəkildə qarajla birlikdə 210 min manata satışa çıxarılmasını xahiş etmişdir. Təklif onun tərəfindən qəbul edilmiş, Tik-Tok sosial şəbəkəsində elan yerləşdirilmiş və iddiaçı tərəfindən zəng edilərək əmlakın alınması istəyi bildirilmişdir. F.F.Həsənovun iştirakı ilə əmlak 190 min manata satışla bağlı tərəflər arasında razılaşdırılmış və beh müqaviləsi bağlanmaqla sonradan alqı-satqı baş tutmuşdur. Alqı-satqı zamanı əmlakın qarajla birlikdə satılması razılaşdırılmış, cavabdeh tərəfindən qarajın satılmaması barədə hər hansı fikir bildirilməmişdir. O, bildirmişdir ki, ümumiyətlə, həmin ərazidə yerləşən evləri dəyərli edən qaraj və əlavə edilmiş tikililərdir. Məhkəmə baxış iclasında iştirak edən şahid (daşınmaz əmlakın alqı-satqısı üzrə şəxs-makler) X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, sözügedən əmlakın alqı-satqısı prosesində şəxsən iştirak etmişdir, əmlak qarajla birlikdə vahid əmlak kimi satışa çıxarılmış və satılmışdır. Ümumiyyətlə həmin ev qarajsız satılmazdı və qarajsız heç kimə lazım deyildir. Məhkəmə baxış iclasında iştirak edən şahid X9 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının iş yoldaşıdır, alqı-satqı baş tutduqdan 1 ay sonra xırda işləri görmək üçün evə gedərkən qarajın bağlı olduğunu görmüşdür. O, bu barədə iddiaçıya zəng etmiş və qarajın bağlandığını, qapının isə hörüldüyünü bildirmişdir. Ona məlumdur ki, sözügedən əmlak qarajla birlikdə alınmışdır, lakin, cavabdehlər tərəfindən qaraja maneələr yaradılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab oluna bilməz. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Satıcı (cavabdeh) Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzili 190.000 manat məbləğində Alıcı (iddiaçı) X1. Cavabdeh2 Cavabdeh1 əridir. Aparılmış yerli baxış prosessual hərəkətinin nəticəsinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan qaraj alqı-satqı predmeti olan mənzilin bilavasitə daxilində (altında) yerləşir, qarajın dövlət reyestrində qeydiyyatı yoxdur, əlavə tikilmiş tikilidir. Lakin, qaraj mülkiyyət hüququnun obyekti kimi faktiki olaraq mövcuddur. Mənzil qarajla birlikdə satışa çıxarılmaqla Alıcıya təklif edilmiş və tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlandıqdan sonra mübahisə predmeti olan qarajla mənzilin giriş-çıxış cavabdehlər tərəfindən bağlanmış və iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə qərar qəbul edərkən məhkəmə-yerli baxış iclasının keçirilməsi barədə protokolda olan qeydləri, xüsusən Cavabdeh2 bildirdiklərini və mövcud real vəziyyəti əsas götürür, ədalətin bərqərar edilməsini qarşısına məqsəd qoyur. Məhkəmə nəzərə alır ki, müqavilə obyekti olmuş mənzil genişləndirilmiş, giriş qapısı küçədən qoyulmuş, təxminən 3-4 kv.m. sahəsi olan həyatanı mövcuddur, həmçinin, əlavə kimi mübahisə predmeti olan qaraj da qurulmuşdur. Yəni, sözügedən obyekt (mənzil-qaraj-həyət, hətta hörülmüş hasar) vahid əmlak kimi nəzərdən keçirilməlidir. Qarajım, həmçinin həyət sahəsinin müqaviləyə daxil edilməməsinin səbəbi onları dövlət reyestrində qeydiyyatının olmaması, bu səbəbdən, legitim əsaslar daşınmaz əmlakın predmeti qismində çıxış edə bilməməlidir. Cavabdehlər tərəfindən mənzilin qaraj istisna olmaqla alqı-satqısının həyata keçirilməsi barədə mülahizələri sübuta yetirilmir. Hətta, Cavabdeh2 bildirdikləri həmin iddia ilə ziddiyyət təşkil edir. Cavabdeh2 bildirir ki, artıq alqı-satqı baş tutduqdan sonra Satıcı Alıcıdan qaraja münasibətdə əlavə pul məbləği tələb etmişdir. Məhkəmə qeyd edir ki, bu zaman artıq alqı-satqı münasibətləri baş tutmuş və hüquqi fakt olaraq bitmişdir. Məhkəmə Cavabdeh2 izah edir ki, müqavilənin ləğvi institutu başqa hüquqi kateqoriyadır və dispozitiv şərtləri başqadır (MM 421-ci maddə). Bu barədə iddia qaldırılması hüquqi baxımdan yolveriləndir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə “prosessual qənaət” prinsipinin tələblərini, mülkiyyətçinin (iddiaçı) maraqlarını əsas götürərək, həmçinin cavabdehlərin işə baxılmasın vaxtının süni şəkildə uzadılmaqla istəklərinə nail olmasının (ehtimal olunan) qarşısının alınması məqsədilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini əsaslı hesab etməmişdir. Nəzərə almaq lazımdır ki, mənzilin real qiymətinin həddi mübahisə predmeti deyildir və dəyəri “müqavilə azadlığı” prinsipinin kontekstindən qiymətləndirilməlidir. Həmçinin, 210 min məbləğə satışa çıxarılmış əmlakın 190 min manata əldə edilməsi ağlabatan və əsaslıdır, qiymətdə kəskin fərq mövcud deyildir. Cavabdehin vəkili məhkəmə iclaslarında iştirak etmədiyindən vəsatətin əsaslandırılması təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Satıcı Cavabdeh1 ilə X3 arasında ünvan 2 ünvanında yerləşən mənzilə dair bağlanmış AN – İ ******* nömrəli alqı-satqı müqaviləsi üzrə etibarsızlıq əsasları müəyyən edilmir. Sözügedən müqavilə məhkəmə tərəfindən etibarlı hesab olunur. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2 ünvanında yerləşən mənzilin altında yerləşən qaraj və qarajın giriş acarları X5 təhvil verilməli, həmin qaraja giriş və çıxışla əlaqədar yaradılmış maneələr cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən aradan qaldırılmalı, qarajla zirzəmi arasında olan divarın hörülmüş hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hesabına sökülməli və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus nəqliyyat vasitəsi və digər əşyalar cavabdehlər tərəfindən qarajdan çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "mənzilin altında yerləşən qarajın və qarajın giriş acarlarının X5 təhvil verilməsi həmin qaraja giriş və cıxışla əlaqədar yaradılmış maneələrin cavabdehlər tərəfindən aradan qaldırılaraq qarajla zirzəmi arasında olan divarın cavabdehlərin hesabına sökülməsi və cavabdehlərə məxsus nəqliyyat vasitəsinin və digər əşyaların cavabdehlər tərəfindən qarajdan çıxarılması” tələbinə dair iddiası təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzilin altında yerləşən qaraj və qarajın giriş acarları X5 təhvil verilsin. Həmin qaraja giriş və çıxışla əlaqədar yaradılmış maneələr cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən aradan qaldırılsın. Qarajla zirzəmi arasında olan divarın hörülmüş hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hesabına sökülsün. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus nəqliyyat vasitəsi və digər əşyalar cavabdehlər tərəfindən qarajdan çıxarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-579/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-579/2024
14.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver