Məhkəmə qərarları › İş №e-2(004)-5855/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5855/2025

22.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5855/2025 22.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kommunal xidmətlərə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən kommunal xidmətlərin haqqının (yaşayış kompleksinin saxlanma xərcləri) ödənilməməsinə görə yığılmış 665,84 (altı yüz altmış beş manat səksən dörd qəpik) manat və digər Cavabdeh1 tərəfindən kommunal xidmətlərin haqqının (yaşayış kompleksinin saxlanma xərcləri) ödənilməməsinə görə yığılmış 663,6 (altı yüz altmış üç manat altı qəpik) manat borcun cavabdhelərdən tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh2 tərəfindən kommunal xidmətlərin haqqının (yaşayış kompleksinin saxlanma xərcləri) ödənilməməsinə görə yığılmış 832,3 (səkkiz yüz otuz iki manat üç qəpik) manat və digər Cavabdeh1 tərəfindən kommunal xidmətlərin haqqının (yaşayış kompleksinin saxlanma xərcləri) ödənilməməsinə görə yığılmış 829,5 (səkkiz yüz iyirmi doqquz manat beş qəpik) manat borcun cavabdehlərdən tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixdə “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı- satqısına dair” müqavilə əsasında ünvan 1 ünvanındakı binanın 10-cu blokunda, 3-cü mərtəbədə yerləşən, sahəsi 118,9 kv/metr olan, 3 otaqlı, 11 saylı mənzil Cavabdeh2 satılmışdır. Həmin müqaviləyə əlavə razılaşma olaraq 1 saylı Əlavə edilmişdir. Həmin əlavəyə əsasən, Cavabdeh2 mənzillərə quraşdırılmış su, qaz, elektrik və digər kommunal xidmətlərə görə (yaşayış kompleksinin saxlanma xərcləri) ödənişləri həyata keçirmək öhdəliyini öz üzərinizə götürmüşdür. Hazırda Cavabdeh2 mülkiyyətində olan mənzildə yaşasa da, 8 aydır ki, kommunal xidmətlərə görə borcunu ödəmir. Onun MTK-ya olan borcu hazırda 665,84 manat təşkil edir. Bununla bağlı cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh hələ də, borcunu ödəməmişdir. Ona görə də, Məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Digər Cavabdeh1 ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixdə “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” müqavilə əsasında Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən binanın 2-cu blokunda, 4-cü mərtəbədə yerləşən, sahəsi 118,5 kv/metr olan, 11 saylı mənzil cavabdehə satılmışdır. Həmin müqaviləyə əlavə razılaşma olaraq 1 saylı Əlavə edilmişdir. Həmin əlavəyə əsasən, Cavabdeh1 mənzillərə quraşdırılmış su, qaz, elektrik və digər kommunal xidmətlərə görə (yaşayış kompleksinin saxlanma xərcləri) ödənişləri həyata keçirmək öhdəliyini öz üzərinizə götürmüşdür. Hazırda Cavabdeh1 8 aydır ki, kommunal xidmətlərə görə borcunu ödəmir. Onun MTK-ya olan borcu hazırda 663,6 manat təşkil edir. Bununla bağlı cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh hələ də, borcunu ödəməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, iddia ərizəsi əsasız və qanunsuz olduğu səbəbindən təmin edilməməlidir. Belə ki, iddia ərizəsi qaldırılaraq prosesual və maddi hüquq normaları pozulmuşdur. 18 noyabr 2025-ci tarixli İddiaçı MTK tərəfindən təqdim olunan arayışda qeyd edir ki, mənzil təhvil verildiyi tarixdən yaşayış olduğu halda kvadrata görə 0,70 manat, yaşamadığı halda 0,40 manat müəyyən edilir. İddiaçı mənzillərin nə vaxt təhvil verilməsinə dair heç bir sübut təqdim etməyib. Eyni zamanda 2-ci blokda yerləşən mənzildə yaşayış olmadığı halda yenə də, 0,70 manat ödənişi tədbiq edib. Mənzildə yaşayış olmadığını elektrik, qaz sayğacları və internetdən müəyyən etmək mümkündür. Bundan əlavə İddiaçı MTK 06 yanvar 2025-ci il tarixli X1 əlavə edir, protokolda komunal xidmətlərin dəyərini müəyyən edir, lakin bu protokol ancaq MTK-nın təsisçiləri tərəfindən imzalanır və digər mülkiyyətçilərə heç bir məlumat vermir yığıncaq barədə və heç birinin protokolda imzası yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli Qərarına əsasən, Mənzil Məcəlləsinin normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Sosial vəziyyəti nəzərə alsaq, o, tək anadır və 2 uşağ böyüdür, aylıq əmək haqqı 724 manat təşkil edir. Nəzərə alsaq ki, ölkə üzrə hər bir adam üçün nə qədər nəzərdə tutulub, onun əmək haqqı heç dövlət tərəfindən müəyyən olunmuş minimumu ödəmir. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. X2 məzmunundan görünür ki, Qərarın qəbul edilməsində kooperativ üzvləri deyil, yalnız 5 nəfər təsisçi iştirak etmiş və kommunal xidmət haqlarının yığılması qərara alınmışdır. Lakin həmin qərarda göstərilənlərdə kommunal xidmətlərin hansı xidmətlərdən ibarət olması və müəyyən edilmiş kommunal haqqın məbləğinin hansı meyarlarla müəyyən edilməsi görünmür. İddiaçı MTK yaşayış kompleksində yerləşən binaya kommunal xidmətlərə görə haqların miqdarı kooperativ üzvlərinin ümumi yığıncağında müəyyən edilməli məsələ olduğundan, 5 nəfərdən ibarət (təsisçilər) şəxslərin qəbul etdiyi Qərar mənzil qanunvericiliyə zidd olduğundan, həmin kommunal xidmətlərə görə cavabdehlər ilə müqavilə bağlanılmadığından, həmin Qərar əsasında cavabdehlər tərəfindən kommunal xidmətlər haqqı ödənilməsi barədə iddia tələbi əsassızdır və təmin edilə bilməz. Bundan əlavə, iddiaçının istinad etdiyi Alqı-satqı müqavilələrin 7.5-ci maddəsində göstərilib ki, mənzil təhvil verildikdən sonra komunal haqqı ödənilməlidir. Belə ki, mənimlə İddiaçı MTK arasında komunal xidmətlərin göstərilməsi barədə heç bir müqavilə bağlanmayıb. Həmin müqavilədə hansı xidmətlərə görə nə qədər xidmət haqqının tutulması göstərilməlidir və tərəflər arasında imzalanmalıdır. İddiaçı iddia ərizəsində yaranmış borcun nəyə əsasən hesablanmasını sübuta yetirməlidir. Ağlına gələn məbləği yazıb ondan və digər cavabdehdən tələb edə bilməz. Bundan əlavə iddiaçının istinad müqaviləyə əsasən, iddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməmiş, yəni müqavilədə 118 kvadrat yazılsa da, işə əlavə olunan eskpert rəyinə əsasən görünür ki, hər iki mənzil qanunvericilik tələblərinə ölçülmüş və hər iki mənzil cəmi 102 kvadrat təşkil edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 hazırda mənzildə yaşasa da, digər cavabdeh, Cavabdeh1 faktiki olaraq mənzildə yaşamır. Cavabdehlərlə MTK arasında müqavilənin şərtlərinə uyğun kommunal xidmətlərə görə haqq ödənilməlidir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mənzildə kommunal xidmətlərə görə haqq mənzilin sahəsinə uyğun hesablanır. Lakin onlar mənzilin sahəsini Nəsimi rayon Məhkəməsində mübahisələndirmiş və bugünə kimi mübahisə həllini tapmamışdır. Bu halda, mənzilin ölçüsünün tam müəyyən edilmədən kommunal xidmət haqqının hesablanması qanunsuzdur. Həmçinin digər Cavabdeh1 həmin mənzildə yaşamır. Mənzildə yaşamayan sakinlərə münasibətdə kommunal xidmət haqqının hesablanması fərqlidir. Ona görə də, iddia tələbinin rədd edilməsini xahiş edir. Digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 2/11 saylı müqavilənin surətindən görünür ki, satıcı ("xxxx" MTK) Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində, 3 otaqlı, 11 saylı ümumi sahəsi 118,5 kv.m-dan ibarət mənzili tikib alıcının mülkiyyətinə verməyi, alıcı (Cavabdeh1) isə öz növbəsində mənzili qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər. İş materiallarında olan iş materiallarında olan 06 avqust 2020-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 10/22 saylı müqavilənin surətindən görünür ki, satıcı ("xxxx" MTK) Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 10-cu blok, 3-cü mərtəbəsində, 3 otaqlı ümumi sahəsi 118,9 kv.m-dan ibarət mənzili tikib alıcının mülkiyyətinə verməyi, alıcı (Cavabdeh2) isə öz növbəsində mənzili qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər. İş materiallarında olan çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 10/22 saylı müqaviləyə 1 saylı əlavənin surətindən görünür ki, Cavabdeh2 müqavilə üzrə öhdəliyi aşağıdaki şərtlərlə İddiaçı MMC-ə vermişdir:

2. Mənzili natura şəklində qəbul etdikdən sonra mənzilə quraşdırılacaq su, elektrik, qaz sayğaclarının, qaz detektorunun dəyərini və telefon kabelləşməsi işlərinin, mənzilin sığorta haqlarından əlavə bütün kommunal, o cümlədən liftin istismarı, blokların işıqlandırılması, abadlıq, daimi suyun təchizi, havalandırma sistemlərinin xərclərini, mühafizə xidmətinin haqqını, müəyyən edilmiş məbləğdə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 22 yanvar 2026-cı il tarixli Kommunal Xidmətlərə görə xidmət haqqı barədə Arayışdan görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən binanın 10-cu blokunda, 3-cü mərtəbədə yerləşən, 118,9 kv/metr sahəsi olan 3 otaqlı, 11 saylı mənzil üzrə kommunal xidmətlərin (yaşayış kompleksinin saxlanma xərclərinin) ödənilməməsinə görə 2025-ci ilin yanvar ayından noyabr ayınadək borclar aylıq 83,23 manat olmaqla ümumilikdə 832,3 manat borc yaranmışdır. Cavabdeh1 məxsus 118,5 kv/metr sahəsi olan mənzil üzrə kommunal xidmətlərin (yaşayış kompleksinin saxlanma xərclərinin) ödənilməməsinə görə 2025-ci ilin yanvar ayından noyabr ayınadək borclar aylıq 82,95 manat olmaqla ümumilikdə 829,5 manat borc yaranmışdır. İş materiallarında olan İddiaçı MTK-nın üzvlərinin ümumi yığıncağının 06 yanvar 2025-ci il tarixli protokolundan görünür ki, iclas iştirakçılarına gündəlikdə duran məsələ barəsində məlumat verərək kommunal xidmətlərə görə xidmət haqqı mənzildə yaşayan sakinlərə münasibətdə mənzilin hər kv/metr üçün 0,70 manat, mənzil təhvil aldıqdan sonra orada yaşamadığı halda mənzilin hər kv/metri üçün 0,40 manat müəyyən edilmiş və hər ayın 5-dək ödənilməsi təklif edilmiş, və qərar yekdilliklə qəbul edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının xx.xx.2025-ci il tarixli protokolundan Çıxarışa əsasən kommunal xidmətlərə görə xidmət haqqı mənzildə yaşayan sakinlərə münasibətdə mənzilin hər kv/metr üçün 0,70 manat, mənzil təhvil aldıqdan sonra orada yaşamadığı halda mənzilin hər kv/metri üçün 0,40 manat müəyyən edilməsi qərara alınmışdır. İddiaçı ilə cavabdehlər arasında 06 avqust 2020-ci il tarixli və 11 oktyabr 2021-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilə bağlanmış, cavabdehlərə müvafiq mənzillərin verilməsi öhdəliyini iddiaçı öz üzərinə götürmüşdür. Öhdəlik iddiaçı tərəfindən icra edilmiş, mənzillər cavabdehlərin mülkiyyətinə verilmişdir. Bu hal tərəflər arasında mübahisələndirilmir. Mübahisə iddiaçı tərəfindən cavabdehlərə göstərilən kommunal xidmət haqlarının cavabdehlər tərəfindən ödənilməməsi ilə bağlıdır. Müəyyən edilmişdir ki, fərdi mənzilin alqı-satqısına dair 10/22 saylı müqaviləyə 1 saylı əlavə ilə Cavabdeh2 müqavilə üzrə öhdəliyi aşağıdaki şərtlərlə İddiaçı MMC-ə vermişdir: Mənzili natura şəklində qəbul etdikdən sonra mənzilə quraşdırılacaq su, elektrik, qaz sayğaclarının, qaz detektorunun dəyərini və telefon kabelləşməsi işlərinin, mənzilin sığorta haqlarından əlavə bütün kommunal, o cümlədən liftin istismarı, blokların işıqlandırılması, abadlıq, daimi suyun təchizi, havalandırma sistemlərinin xərclərini, mühafizə xidmətinin haqqını, müəyyən edilmiş məbləğdə ödəməyi öhdəsinə götürür. Cavabdehin etirazı iddiaçı tərəfindən kommunal xidmət haqlarının qanunvericiliyə uyğun müəyyən edilməməsi, həmçinin ona təhvil verilən mənzilin ölçüsünün mübahisələndirilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən kommunal xidmət haqları müəyyən edilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Belə ki, mənzil qanunvericiliyinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Mənzil Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Mənzil Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Mənzil Məcəlləsinin 45.6-cı maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil Məcəlləsinin 136.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal haqqdan ibarətdir. Mənzil Məcəlləsinin 137.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Mənzil Məcəlləsinin 140.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Mənzil Məcəlləsinin 141.3-cü maddəsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Mənzil Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1- ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur.Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur:binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi;mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi;idarəedici təşkilat tərəfindən idarə edilməsi.Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər...Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir.Mənzil Məcəlləsinin 138.4-cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərəgörə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Göstərilələrə əsasən məhkəmə hesab edir ki, iddiaçının kommunal xidmətlərə görə haqqın ödənilməsi ilə bağlı tələbi əsaslıdır. Həmçinin iddiaçı tərəfindən zəruri şərtlərə əməl olunmuş, kommunal xidmət haqlarının müəyyən edilməsi üçün ümumi yığıncağın iclas protokolu tərtib edilmiş və qərar onun üzvlərinin səs çoxluğu ilə qəbul edilmişdir. Cavabdehin mənzilin faktiki sahəsinin digər məhkəmədə müahisələndirməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə 1 saylı əlavədə cavabdehlər mənzilin müqavilədə göstərilən sahəsinə uyğun kommunal xidmət haqqı ödəməyi öhdəsinə götürdüyündən cavabdehin dəlili əsaslı hesab edil bilməz. Buna görə də, Cavabdeh2 münasibətdə ünvan 1 ünvanında yerləşən binanın 10-cu blokunda, 3-cü mərtəbədə yerləşən, 118,9 kv/metr sahəsi olan 3 otaqlı, 11 saylı mənzil üzrə kommunal xidmətlərin (yaşayış kompleksinin saxlanma xərclərinin) ödənilməməsinə görə 2025-ci ilin yanvar ayından noyabr ayınadək borclar aylıq 83,23 manat olmaqla ümumilikdə 832,3 (118,9 kv.m x 0,70 AZN manat x 10 ay =832,3 manat) manat borc hesablanmaqla ödənilməlidir. Bununla belə, məhkəmə Cavabdeh1 münasibətdə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, iddiaçının nümayəndəsi və vəkili qeyd olunan halı təkzib etmir, əksinə cavabdehin orada yaşamadığını özü təsdiq etmişdir. Buna görə də, kommunal xidmət haqqı hesablanarkən ümumi yığıncağın qərarı nəzərə alınmaqla mənzilin hər kv/metri üçün 0,40 manat müəyyən edilməlidir. Belə ki, Cavabdeh1 məxsus olan mənzilin ümumi sahəsi 118,5 kv.m olması nəzərə alınmaqla, hər ay üçün kommunal xidmət haqqı 0,40 manat olmaqla 2025-ci ilin yanvar ayından noyabr ayınadək ödənilməmiş kommunal borc 474 manat (118,5 kv.m x 0,40 AZN manat x 10 ay =474 manat). Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 832.3 (səkkiz yüz otuz iki manat otuz qəpik) manat məbləğində kommunal borc və Cavabdeh1 474 (dörd yüz yetmiş dörd) manat məbləğində kommunal borc tutularaq İddiaçınə ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh2 832.3 (səkkiz yüz otuz iki manat otuz qəpik) manat məbləğində kommunal borc və Cavabdeh1 474 (dörd yüz yetmiş dörd) manat məbləğində kommunal borc tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar