Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-588/2024 16.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon İcra və probasiya şöbəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1 QSC, "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon İcra və probasiya şöbəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1 QSC, "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayon Məhkəməsinin 2(046)- 22/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasında verilmiş icra sənədinə əsasən borclular İddiaçı, X1 və X2 tələbkar "xxxx" QSC-nin xeyrinə borc müştərək qaydada tutulmalı və tutma İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında 0,0026 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən (ümumi sahəsi - 22,8 kv.m.) qeyri-yaşayış sahəsinə yönəldilməli, ipoteka predmeti açıq hərracdan satılmalı, ipoteka predmetinin satışından əldə olunmuş vəsait hesabına borc ödənilməlidir. Məhkəmə Qətnaməsinin elan olunmasından sonra Bankla danışıqlar aparılmış və razılıq əldə edilərək Qətnamənin icrası dayandırılmışdır. 3 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçıya heç bir məlumat verilmədən, onlara məlum olmayan səbəblərdən icra sənədi icraya yönəldilmiş və dərhal “Hərracın keçirilməsi” barədə İcra Məmuru tərəfindən “Sifariş” verilmişdir. Əmlakın açıq hərraca çıxarılması, hansı hərracda satışa çıxarılması, hansı mərhələdə satılması, əldə edilib edilməməsi və satılıbsa hansı qiymətə satılması barədə ipoteka qoyanın məlumatı olmamışdır, İcra Məmuru və Hərrac təşkilatçısı tərəfindən məlumat verilməmişdir. Belə ki, həmin icra sənədi Göyçay rayon Məhkəməsi tərəfindən 2018-ci il tarixdə icraya yönəldilmiş və icra sənədinin məhz 2022-ci ildə surətli formada, borclulara və ipoteka qoyana məlumat verilmədən icra olunması səyləri qərəz və maraq olmasına dəlalət edir. Buna görə də "xxxx" MMC tərəfindən qanunun tələbləri ciddi şəkildə pozulmaqla hərrac keçirilmişdir. Qeyd olunanlar isə buna ciddi şübhələrin olmasına əsas verir. Burada ən önəmli nəzərə alınmalı ipoteka qoyanın hərracda əmlakını özü tərəfindən əldə edilməsi hüququdur. Hazırda bu hüququ itirilmiş və pozulmuş olur. Beləliklə iddiaçı "xxxx" MMC tərəfindən İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında 0,0026 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən (ümumi sahəsi - 22,8 kv.m.) qeyriyaşayış sahəsinin hərraca çıxarılmasının qeyri-qanuni hesab edilməsi, hərracın yekunları barədə protokolun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Nümayəndə məhkəməyə yazılı ərizə ilə müraciət edərək etibarsızlıqla bağlı 1 illik iddia müddətinin tətbiq edilməsi əsası ilə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. İş materiallarına Göyçay rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş borclular İddiaçı və digərlərinin imza etməkdən imtina etmələri barədə xx.xx.2022-ci il tarixli akt əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2(046)-xx/xx-77182/2019-61-6 nömrəli məktuba əsasən müəyyən olunur ki, Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən hərracın keçirilməsi barədə sifariş "xxxx" MMC-yə göndərilmişdir. İş materiallarına Hərracın keçirilməsi barədə xx.xx.2022-ci il tarixli sifariş əlavə edilmişdir. İş materiallarında olan “Market” reklam və elanlar qəzetində olan xx.xx.2022-ci il tarixli Lot 128/22 nömrəli elana əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 0,0026 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən (ümumi sahəsi - 22,8 kv.m.) qeyri-yaşayış sahəsinə dair ilkin hərracın xx.xx.2023-cü il tarixdə keçirilməsinə dair bildiriş yerləşdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 128/22 nömrəli hərrac bildirişinə əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 0,0026 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən (ümumi sahəsi - 22,8 kv.m.) qeyri-yaşayış sahəsinə dair ilkin hərracın xx.xx.2023-cü il tarixdə keçirilməsinə dair bildiriş İddiaçı göndərilmişdir. Əmlakın ilkin satış qiyməti 20000 manat həddində qiymətləndirilmişdir. İş materiallarında olan “Market” reklam və elanlar qəzetində olan xx.xx.2022-ci il tarixli Lot 128/22 nömrəli elana əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 0,0026 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən (ümumi sahəsi - 22,8 kv.m.) qeyri-yaşayış sahəsinə dair təkrar hərracın xx.xx.2023-cü il tarixdə keçirilməsinə dair bildiriş yerləşdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 128/22 nömrəli məktuba əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 0,0026 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən (ümumi sahəsi - 22,8 kv.m.) qeyri-yaşayış sahəsinə dair təkrar hərracın xx.xx.2023-cü il tarixdə keçirilməsinə dair bildiriş İddiaçı göndərilmişdir. Əmlakın təkrar satış qiyməti 17000 manat həddində qiymətləndirilmişdir. İş materiallarına iştirakçının olmaması əsası ilə ilkin və təkrar hərracın baş tutmamasına barədə protokollar əlavə edilmişdir. İş materiallarına keçirilmiş hərrac prosesləri barədə borclu İddiaçı göndərilmiş teleqram mətnləri və poçt qəbzlərinin surətləri əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 128/22 nömrəli protokola əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında 0,0026 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən (ümumi sahəsi - 22,8 kv.m.) qeyri-yaşayış sahəsi 12.750 manat dəyərində Cavabdeh1 ASC tərəfindən əldə edilmişdir. Yuxarıda qeyd olunan məlumatların İddiaçı göndərilməsini təsdiq edən müvafiq məktublar iş materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər MM-in 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. MM-in 414.2-ci maddəsinə əsasən, hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. MM-in 414.3-cü maddəsinə əsasən, bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. MM-in 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. MM-in 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 43.3-cü maddəsinə əsasən, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti üzrə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə 2 (iki) dəfə hərrac keçirilmiş, lakin, iştirakçının olmaması əsası ilə hərraclar baş tutmamışdır. Hərrac predmeti olan əmlak ipoteka saxlayan Cavabdeh1 ASC-yə təklif edilmiş və sonuncunun iradə ifadəsi həyata keçirilməklə təklif qəbul edilmişdir. Nəticədə, sonuncu hərracın keçirildiyi vaxtdan 30 (otuz) təqdim günü ərzində xx.xx.2022-ci il tarixdə hərracın yekunları barədə 128/22 nömrəli protokolun imzalanmışdır. Təyin edilmiş hərrac proseslərinə və hərracın obyektinin ipoteka saxlayana təklif edilməsinə dair bildirişlər İddiaçı və digər maraqlı şəxslərə poçtla göndərilmiş, proseslər barədə məlumatlar ixtisaslaşdırılmış kütləvi informasiya vasitəsi olan “Market” reklam və elanlar qəzetində açıq məlumatlar yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı hərracın gedişatı barədə lazımi qaydada məlumatlandırılmışdır. Texniki baxımdan müvafiq bildirişlər İddiaçı tərəfindən əldə olunmasa belə, göstərilən xüsusatlar hərracın yekunları barədə protokolun etibarsızlığına dəlalət etmir. Nəzərə almaq lazımdır ki, hərrac təşkilatı və icra orqanının vəzifəsi müvafiq bildirişlərin maraqlı şəxslərə göndərilməsinin təmin edilməsi və subyektlərin lazımi qaydada məlumatlandırılmasıdır. Sözügedən bildirişlər maraqlı şəxslərə göndərildiyi təqdirdə həmin bildirişləri əldə olunub-olunmamasına görə məsuliyyətin hərrac təşkilatı və ya icra orqanının üzərinə qoyulması əsaslı və qanuni hesab edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə-icra proseslərindən məlumatlı olmuş, özü tərəfindən öhdəliyin icra edilməməsi əsası ilə hərracın keçiriləcəyi zərurətini nəzərə almaqla proseslər barədə maraqlanmaq, məlumat almaq hüququ mövcud olmuşdur. Məhkəmə nəzərə alır ki, icra sənədi 2018-ci il tarixə aiddir. Məhkəmə mübahisəsi isə 2018-ci il tarixdən də əvvələ aiddir. İş materiallarında olan Göyçay rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş akta əsasən müəyyən edilir ki, borclular İddiaçı və digərləri imza etməkdən imtina etmişlər. Məhkəmə cavabdeh hərrac təşkilatının hərrac prosedurası ilə fəaliyyətinin 5 ildən az olması ilə bağlı (3 il) iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, göstərilən xüsusat mübahisənin formal tərəfidir. Azərbaycan Respublikasının 30 ildir ki, müstəqillik əldə etməsi, 1991-ci ildən etibarən sosialist sistemdən ayrılaraq kapitalist sistemə keçid etməsi xüsusatı nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, ölkənin kapitalist tarixi, ənənələri, biznes mühiti, sahibkarların, hüquqi şəxslərin fəaliyyətinin təşkil-təmin edilməsi xüsusatları yenidir, gəncdir. Bu səbəbdən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş minimum 5 il şərtinin istisnasız tətbiq edilməsi məqsədə müvafiq hesab edilmir. Bu normanın zaman keçdikcə imperativ qaydada tətbiq edilməsi istisnasızdır. Sözügedən məsələ formal xarakterlidir, təkbaşına mahiyyəti üzrə hərracın keçirilməsi prosesinin qanunsuzluğuna səbəb olmağa yetərli deyildir. Cavabdeh1 QSC-nin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddət isə etibarsızlığa münasibətdə deyil, etibarsızlığın hüquqi nəticələrinin aradan qaldırılmasına münasibətdə tətbiq edilən müddətdir. Etibarsız olan əqdi müddətlə məhdudlaşdırmaq olmaz. Etibarsız olan əqd müddətinin ötüb-ötməməsindən, məhkəmə qərarının mövcud olub-olmamasından asılı olmayaraq etibarsızdır. 1 illik müddəti tətbiq edib etibarsız əqdə etibarlı don geydirmək hüquqi hesab edilə bilməz. Odur ki, hazırki mülki iş üzrə iddia tələbi müddətin ötürülməsi əsası ilə rədd edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki dövriyyəsinin sabitliyinin qorunması, mülki hüquq münasibətlərinin subyektlərinin qanuni maraqlarının təmin olunması, qanunçuluq, hüquqi müəyyənlik prinsipləri nəzərə alınmaqla ipoteka saxlayanın üstün hüquqları təmin olunmalı, mülki dövriyyənin iştirakçılarının hüquqi intizamı, qanuna itaəti möhkəmləndirilməlidir. Hüquqdan sui-istifadə yolverilməzdir. Mülki münasibətlərin subyektləri öhdəliklərini vicdanla icra etməklə mükəlləfdirlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki icraatda “formal həqiqətin müəyyən edilməsi” prinsipi əsas götürülərək mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. İddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərində olsa da, iddiaçı tərəfindən hərracın yekunlarına dair protokolun etibarsızlığının sübut edilməsi funksiyası əsaslı formada həyata keçirilməmişdir. İddiaçının qeyd etdiyi dəlillər isə şəxsi mülahizələrə əsaslanır, sübuta yetirilmir və hərracın yekunları barədə protokolun etibarsızlığına dəlalət etməyə əsas deyildir. Beləliklə, məhkəmə mülki işdə olan sübutlar və materiallara məcmunu halında qiymət verərək, yuxarıda qeyd olunan maddi hüquq normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və Qanunlarına uyğunluğu barədə” 30 dekabr 2008-ci il tarixli qərarında və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe rəhbər tutulmaqla hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon İcra və probasiya şöbəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1 QSC, "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon İcra və probasiya şöbəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1 QSC, "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-588/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-588/2024
16.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver