Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5883/2025 21.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Xətai rayon Bələdiyyəsi və "xxxx" MMMC cəlb edilməklə cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kommunal borcun qanunsuz hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Xətai rayon Bələdiyyəsi və "xxxx" MMMC cəlb edilməklə cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kommunal borcun qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ona qarşı əsassız olaraq hesablanmış 8470 (səkkiz min dörd yüz yetmiş) manat borcun hüquqi əsası olmadığından qanunsuz hesab edilərək silinməsi; yaşadığı ünvan 1 ünvanda 7-ci blokda yerləşən liftlərə cavabdeh tərəfindən tətbiq edilmiş məhdudiyyətlərin ləğv edilməsi, onun 7-ci blokda yerləşən hər iki liftdən sərbəst və maneəsiz istifadə hüququnun bərpa olunması; cavabdeh tərəfindən 7-ci blokun liftlərinin digər giriş və çıxışlarının bərpası üçün maneənin aradan qaldırılması və liftlərin dəhlizə çıxışının bərpa edilməsi; lift kartının blokdan çıxarılması, liftlərdən sərbəst istifadəsi üçün zəruri şəraitin yaradılması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması; məhkəmə üçün ödədiyi 100 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 18-ci mərtəbəsində 305 nömrəli mənzilin mülkiyyətçisidir. Onun mənzilinin yerləşdiyi çoxmənzilli yaşayış binası heç bir qanuni əsas olmadan "xxxx" MMC tərəfindən idarə olunur və həmin MMC-nin rəhbərliyinin mülahizəsinə görə sakinlərdən yaşayış sahəsinin hər kvadratmetrinə 1.30 manat məbləğində pul tələb olunur. MMC ilə müqavilə bağlamayan və kommunal ödəniş adı altında tələb edilən vəsaiti ödəməyən mülkiyyətçilərin və onların ailə üzvlərinin binanın liftindən istifadələrinə məhdudiyyət yaradılaraq lift kartları bloklanır. Bu halda həmin sakinlər yuxarı mərtəbələrə piyada qalxmaq məcburiyyətində qalırlar. "xxxx" MMC bütün bu məhdudiyyətlərlə bina sakinlərinin öz mənzillərindən, eləcə də yaşadıqları binanın ümumi sahəsindən istifadə etmələrinə süni maneələr yaradır ki, bunlar qanunazidd və yolverilməzdir. Cavabdeh "xxxx" MMC heç bir hüquqi əsas olmadan onun hüquqlarını pozaraq onun 7-ci blokda olan lift kartına blok qoymuşdur. Nəticədə o, və ailə üzvləri yaşadığı binada yerləşən hər iki liftdən istifadə etmək hüququndan məhrum edilmişdir. Bu hal qonşuları – X4, X2 və Nümayəndə2 tərəfindən rəsmi aktla təsdiqlənmişdir. Bundan əlavə, "xxxx" MMC ilə onun arasında heç bir xidməti müqavilə yoxdur. Lakin buna baxmayaraq şirkət tərəfindən əsassız olaraq 8470 manat kommunal ödənişə görə ona “borc” hesablanmışdır. "xxxx" MMC bu əsassız borcu əsas götürərək lift kartını bloklamış və onun faktiki yaşayış hüququnu məhdudlaşdırmışdır. Bundan əlavə, qeyd etmişdir ki, 7-ci blokda cəmi 2 ədəd lift mövcuddur və bu liftlərin iki giriş və çıxışı mövcuddur. Bu liftlər 7-ci blokda yerləşdiyi üçün, 7-ci blokun sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur. Hər iki liftlərin digər çıxışları binanın ümumi istifadə dəhlizinə daxil olmaq üçün nəzərdə tutulmuşdur. "xxxx" MMC həmin sahəni (ümumi istifadədə olan sahəni-dəhlizi) liftlərin hər ikisi ilə bağlı vəziyyətdə qanunsuz olaraq “Araz market”ə icarəyə vermişdir. Nəticədə, sakinlərin və onun liftlərə giriş çıxışı məhdudlaşdırılmışdır. Hal-hazırda liftlərin digər çıxışlarından ümumiyyətlə o, və heç bir sakin istifadə edə bilmir. Bu faktları qonşuları X5, X2 və Nümayəndə2 təsdiqləyə bilərlər. Əslində "xxxx" MMC çoxmənzilli yaşayış binasına hər hansı aidiyyəti olmayan bir hüquqi şəxsdir və həmin binanın idarə edilməsi ilə bağlı apardığı fəaliyyət özü qanunsuzdur. Çünki, çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti ancaq binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (ixtisaslaşmış istehlak kooperativi) vasitəsilə və ya idarəedici təşkilat tərəfindən həyata keçirilə bilər. Mənzil məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi, idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və bianın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. "xxxx" MMC isə bina mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında idarəedici təşkilat kimi təyin edilməmişdir. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(103)-5425/2025 saylı qətnaməsinə əsasən cavabdehin fəaliyyəti qanunsuz hesab edilmiş, həmin binanın idarəetməsindən kənarlaşdırılmışdır. Əlavə olaraq onu da qeyd etmişdir ki, liftlərdən istifadə etmək üçün kartlara məhdudiyyətin qoyulmasının "xxxx" MMC-yə qadağan edilməsi barədə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, e-16(004)- 141/2024 saylı qərardadı və həmin qərardadın icra edilməsinə dair 17 aprel 2024-cü il tarixli aktı mövcuddur. Göründüyü kimi, mülkiyyətçinin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməsi dövlət tərəfindən tanınır və qorunur. Mülkiyyət hüququna məhdudiyyət ya qanunda, ya da müqavilədə nəzərdə tutulmalıdır. Daha sonra İddiaçı xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC tərəfindən ona qarşı əsassız olaraq hesablanmış 8470 (səkkiz min dörd yüz yetmiş) manat borcun qanunsuz hesab edilməsi, ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respubliası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyun 2025-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab etmişdir. "Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki Qərarlarında da qeyd etmişdir ki, həm milli, həm də beynəlxalq-hüquqi aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərar). Mülki hüquq münasibətlərində bu təminat şəxsin pozulmuş və ya mübahisələndirilən hüquqlarının müdafiəsi üçün tələblə məhkəməyə müraciət etmək imkanında ifadə olunur. Tələb hüququnun məhkəmə qaydasında müdafiəsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquqi mexanizm olaraq iddianın qaldırılması çıxış edir. İddiaçının tələbi cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələbdir.” Göründüyü kimi məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Lakin hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən verilmiş ünvan 1ünvanda 7-ci blokda yerləşən liftlərə cavabdeh tərəfindən tətbiq edilmiş məhdudiyyətlərin ləğv edilməsi, iddiaçının 7-ci blokda yerləşən hər iki liftdən sərbəst və maneəsiz istifadə hüququnun bərpa olunması, cavabdeh tərəfindən 7ci blokun liftlərinin digər giriş və çıxışlarının bərpası üçün maneənin aradan qaldırılması və liftlərin dəhlizə çıxışının bərpa edilməsi; lift kartının blokdan çıxarılması, liftlərdən sərbəst istifadəsi üçün zəruri şəraitin yaradılması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması tələbləri pozulmuş hər hansı hüquq və azadlıqların mövcud olmamasından dolayı təmin edilməməlidir. Ümumiyyətlə məhkəmə pozulmamış hüquq və azadlıqların bərpa edilməsi ilə bağlı qətnamə qəbul edə bilməz. Çünki mövcud olmayan mübahisə ilə əlaqədar məhkəmədə iddia tələbinin irəli sürülməsi üçün subyektiv hüquq mövcud deyil. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Belə ki, iddiaçı qeyd etdiyi liftlərdən, giriş çıxışlardan sərbəst, maneəsiz, heç bir məhdudiyyət olmadan istifadə edir. İddiaçının lift kartları blokda deyil. Bu baxımdan iddiaçının bu barədə tələbləri təmin edilməməlidir. Bundan əlavə iddia ərizəsində qeyd edilməsinə baxmayaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, e-16(004)-141/2024 saylı qərardadı və həmin həmin qərardadın icra edilməsinə dair 17 aprel 2024-cü il tarixli aktı da mövcud deyil. Yəni mövcud məhdudiyyətlər iddiaçı tərəfindən sübuta yetirilmir. Bundan əlavə iddia tələbi həm də ona görə təmin edilməməlidir ki, cavabdeh təşkilat artıq həmin binada idarəedici təşkilat kimi fəaliyyət göstərmir. Belə olduğu halda idarəedici təşkilat kimi fəaliyyət göstərməyən cavabdehin üzərinə hər hansı öhdəliyin, vəzifənin qoyulması ağlabatan deyil. İddiaçının Cavabdeh MMC tərəfindən ona qarşı əsassız olaraq hesablanmış 8470 (səkkiz min dörd yüz yetmiş) manat borcun hüquqi əsası olmadığından qanunsuz hesab edilərək silinməsi tələbi də hesab edir ki, rədd olunmalıdır. 2(102)-445/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının qərarında qeyd edilmişdir: “Apellyasiya instansiya məhkəməsi MMC-nin qarşılıqlı iddia tələbi ilə bağlı isə qeyd etmişdir ki, MMC ilə “İstifadəçi” olaraq mülkiyyətçi İddiaçı1 arasında çoxmənzilli binaya xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsi isə belə münasibətlərin yaranması üçün müqavilənin mütləq bağlanmasını tələb etmir, bunun üçün hər bir mülkiyyətçinin çoxmənzilli yaşayış evində yaşaması və mənzilə mülkiyyət hüququ əldə etməsi onu kommunal xidmətlərlə bağlı münasibətlərin subyektinə çevirir.” Bu baxımdan hesab edir ki, mülkiyyətçi olaraq iddiaçı müqavilənin olub-olmamasından asılı olmayaraq kommunal xidmətlərlə bağlı münasibətlərin subyektinə çevrilmişdir və cavabdeh tərəfindən mütəmadi olaraq xidmət göstərilmiş və işlək vəziyyətdə saxlanılmış liftlərdən və digər xidmətlərdən istifadə etdiyinə görə də xidmət haqqını ödəməlidir. İddiaçı özü iddia ərizəsində həmin binada yaşadığını qeyd etmişdir və yaşadığına görə də binaya göstərilmiş xidmətlərdən istifadə etmişdir. Cavabdeh təşkilatın iddiaçıya əvəzsiz xidmət göstərməsi onun mənafeyinə uyğun deyil. Bu baxımdan iddiaçı göstərilmiş xidmətlərlə bağlı münasibətlərin subyekti kimi borc məbləğini ödəməlidir. Yuxarıda sadalananları nəzərə alaraq, iddia tələbinin bütünlüklə rədd edilməsini Sizdən məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, onun Cavabdeh MMC ilə müqaviləsi yoxdur, ona görə də, ondan borc tutula bilməz. Ona verilən suallara cavab olaraq bildirdi ki, evinin çıxarışı var. Müqaviləni "xxxx" MMC ilə bağlamışdır. Kommunal pulunu həmişə "xxxx" MMC-yə ödəmişdir. Aralarında məhkəmə mübahisəsi olmayıb. DƏDRX-dən çıxarışı yalnız arayış təqdim edərək, almışdır. Mənzil faktiki olaraq ona 2013-cü ildə təhvil verilmişdir. Sonuncu dəfə nə vaxt kommunal borcunu ödədiyini xatırlamır. Növbəti məhkəmə iclasında bununla bağlı qəbzləri təqdim edə bilər. Təqdim etdiyi qətnamə Ali Məhkəmədə qüvvədə qalıb. Ona Səbinə adlı xanım zəng edərək, kommunal pulunu ödəməyini bildirmişdir. Ona kommunal pulunun ödənilməsi ilə bağlı rəsmi şəkildə bildiriş gəlməmişdir, ancaq zəng edilmişdir. Evini təmir etdirə bilməmişdir, evdə yaşamır. 2025-ci ilin yanvar ayında "xxxx" MMC-nin fəaliyyəti qanunsuz hesab edilmişdir. Bugünə kimi Cavabdeh MMC-yə kommunal pulu ödəməmişdir, "xxxx" MMC-yə ödəmişdir. Hazırda dəhlizə çıxışı ilə bağlı məhdudiyyət aradan qaldırılmışdır. "xxxx" MMC ilə müqaviləsi olmayıb. "xxxx" MMC-yə komunal pulu ödəməmişdir. Mənzilinin çıxarışı var. Liftlə bağlı olan mübahisə MTT qərarına əsasən aradan qaldırılıb. "xxxx" MMC-yə kommunal xidmət haqqı ilə bağlı ödəniş etməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, hazırda xidmət göstərməyən şirkətə qadağaq qoyulması absurddur. Ona verilən suallara cavab olaraq bildirdi ki, kommunal pulunun kim tərəfindən yığıldığını bilmir. Səbinə xanım adlı əməkdaşlarının olub-olmaması ilə bağlı məlumatı yoxdur, növbəti məhkəmə iclasında bununla bağlı fikir bildirə bilər. İddiaçının borcu var. Lakin hazırda tələb etmirlər. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, 15 noyabr tarixində ümumi yığıncaq keçirilib və protokol tərtib edilmişdir. Sakinlərə görə xidmətlər üçün müəyyən olunmuş məbləğ 1 manat 30 qəpik müəyyən edilmişdir. Cavabdeh MMC-nin fəaliyyətinin qanunsuz olması o əsasla oldu ki, məhkəmə qətnaməsi ilə kommunal yığımlar düzgün həyata keçirilmir. Heç bir ümumi yığıncaq keçirilməmiş, protokol tərtib olunmamışdır. Ona verilən suallara cavab olaraq bildirdi ki, binanın idarəetməsi "xxxx" MMMC-dədir. Liftlərə hazırda "xxxx" MMMC nəzarət edir. Kommunal xidmətləri "xxxx" MMMC göstərir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə məsələnin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "xxxx" MTK-nın 19 saylı, xx.xx.2011-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" MTK-nın ünvan 2 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 7-ci giriş, 18-ci mərtəbəsində ümumi sahəsi 202,5 kv.m. olan 4 otaqlı, 305 saylı mənzil İddiaçı məxsusdur və dəyəri tam ödənilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5425/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2(004)-2333/2024 nömrəli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2(004)- 2333/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilmiş, Cavabdeh ünvan 4 (yeni qaydalarla: AZ 1025, ünvan 3 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyəti qanunsuz hesab edilərək Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin binanın idarəetməsindən kənarlaşdırılması, həmin binaya dair bütün sənədlər, açarlar və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, Cavabdeh ünvan 4 (yeni qaydalarla: AZ 1025, ünvan 3 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə quraşdırılmış kart sistemi qurğusunun sökülməsi öhdəliyinin Cavabdehnə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qət edilmişdir. - İddiaçı, X2, Nümayəndə2 və X5 tərəfindən tərtib olunmuş 06 oktyabr 2025-ci il tarixli akta əsasən binalarında fəaliyyət göstərən Cavabdeh MMC (VÖEN: **********) tərəfindən ünvan 4 ünvanında yerləşən 7-ci blokdakı liftə kartla giriş sistemi quraşdırılmışdır. Bu sistem çərçivəsində İddiaçı lift kartına blok qoyulmuş, nəticədə o, bu liftdən istifadə etmək hüququndan məhrum edilmişdir. Qeyd etmişlər ki, İddiaçı 7-ci blokun 18-ci mərtəbəsində yaşayır, X2, X5 və Nümayəndə2 bu halı şəxsən təsdiqləyiblər, yəni İddiaçı kartının bloklandığını və hər iki liftdən istifadə edə bilmədiyini bilavasitə müşahidə etmişlər. 7-ci blokda cəmi 2 ədəd lift mövcuddur və bu liftlərin 2-giriş və çıxışı mövcuddur. Bu liftlər 7-ci blokda yerləşdiyi üçün, 7-ci blokun sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur. Hər iki liftlərin digər çıxışı binanın ümumi istifadə dəhlizinə daxil olmaq üçün nəzərdə tutulmuşdur. Cavabdeh MMC həmin sahəni (ümumi istifadədə olan sahəni) liftlərin hər ikisi ilə bağlı vəziyyətdə Araz marketə icarəyə vermişdir; nəticədə sakinlərin ümumi istifadə yeri bağlanmış və sakinlərin lilftlərə giriş-çıxışı məhdudlaşdırılmışdır. Hal-hazırda liftlərin digər çıxışlarından ümumiyyətlə heç bir sakin istifadə edilə bilmir. Yekun olaraq blokda olan hər iki liftdən İddiaçı istifadə edə bilmir. Namaz, Ömər və Davud bu faktı və bu halları təsdiqləyirlər. - Cavabdehin “Azure Residence” yaşayış kompleksinin sakinlərinə ünvanladığı elana əsasən Cavabdeh MMC (GSM MMC) rəsmi (27 saylı mənzil sakinin məhkəmə qərarı əldə etməyi (digər sakinlərin hüquqları nəzərə alınmadan) nəticəsində) qərarla kompleksin İdarəetməsindən kənarlaşdırılmışdır. Lakin bütün bu müddət ərzində 70-80% sakinlər onlara müraciət edərək, xidmətin məhz GSM MMC tərəfindən davam etdirilməsini (MMMG yaradaraq və ƏDV-dən azad olaraq) və gələcəkdə kommunal xidmətlərə görə qiymətin artırılmasını anlayışla qarşıladıqlarını onlara bildirmişlər. Qeyd etmişdir ki, son 10 ildə yaşayış kompleksində qiymət artımı olmamışdır. Xidmətin fasiləsiz davam etdirilməsi üçün MMMC-nin yaradılması, xidmət sahəsində iş təcrübəsi olmayan sakinlər tərəfindən idarə olunması, yaxud kompleksin bələdiyyəyə təhvil verilməsində maraqlarının olmadığını qətiyyətlə vurğulayırlar. Onların əsas məqsədi hər zaman sakinlərinin rahatlığı, təhlükəsizliyi və yaşayış mühitinin keyfiyyətli şəkildə qorunması olmuşdur. Son dövrlərdə yaranmış vəziyyət, təəssüf ki, binanın idarə edilməsini çətinləşdirmiş, xidmətlərin göstərilməsində ədalətsizliklərə gətirib çıxarmışdır. Belə ki, kommunal xidmətlərə görə ödəniş etmiş sakinlərin hesabına digər ödəməyən borclu sakinlər təqdim etdikləri bütün xidmətlərdən istifadə etmiş, maksimum yararlanmış, bu da şirkət ücün ədalətsiz maliyyə vükü yaratmışdır. Mövcud tarifin (1 manat 30 qəpik) real xərcləri qarşılamaq imkanının olmaması, enerji, texniki xidmət, avadanlıqların saxlanılması, mühafizə və digər zəruri xərclərin artması səbəbilə xidmətlərdə maliyyə çatışmazlığı yaranmışdır. Bu da xidmət keyfiyyətinin yüksəldilməsini qeyri-mümkün etmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixindən etibarən tarif qiymətinin 20 qəpik artırılaraq - 1 manat 50 qəpik müəyyən olunması zəruri addım kimi qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin tələblərinə görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 18-ci mərtəbəsində 305 nömrəli mənzilin mülkiyyətçisidir. Onun mənzilinin yerləşdiyi çoxmənzilli yaşayış binası "xxxx" MMC tərəfindən idarə olunur və həmin MMC-nin rəhbərliyinin mülahizəsinə görə sakinlərdən yaşayış sahəsinin hər kvadratmetrinə 1.30 manat məbləğində pul tələb olunur. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xidməti müqavilə yoxdur. Cavabdeh tərəfindən iddiaçıya 8470 manat kommunal ödənişə görə borc hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(103)-5425/2025 saylı qətnaməsi ilə "xxxx" MMC-nin ünvan 5 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsində fəaliyyəti qanunsuz hesab edilərək dayandırılmışdır. İddiaçı hal-hazırda Cavabdeh MMC tərəfindən ona qarşı əsassız olaraq hesablanmış 8470 (səkkiz min dörd yüz yetmiş) manat borcun qanunsuz hesab edilməsini, ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: Maddə 2.1 Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Maddə 10.0.2. yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aiddir. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzilistismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2.3. Mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; Maddə 135.2.4. Yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir. Maddə 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Maddə 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Maddə 142.1. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Maddə 142.2. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə "xxxx" MMC ümumi yığıncağın qərarı ilə seçilməmişdir, iddiaçı ilə MMC arasında heç bir müqavilə bağlanmamışdır və binanın faktiki idarəçiliyi məhkəmədə üçüncü şəxs qismində iştirak edən "xxxx" MMMC tərəfindən həyata keçirilir. Belə olan halda cavabdeh "xxxx" MMC nə xidmət göstərən subyekt, nə də borc tələb edən kreditor statusuna malikdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 422-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Hazırki işin halları ondan ibarətdir ki, öhdəlik yalnız qanuni əsas olduqda yaranır, hüquqi əsas aradan qalxdıqda öhdəlik də xitam olunur. Göründüyü kimi, Cavabdeh MMC-nin idarəçilik hüququ aradan qalxdıqdan sonra kommunal xidmət göstərməsi hüquqi baxımdan mövcud olmamış sayılır və hesablanmış borc əsassızdır. Bu səbəbdən 8470 manat məbləğində borcun iddiaçıdan tələb edilməsi qanunsuz hesab edilməlidir. Bu baxımdan, yuxarıda şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh “X1” MMC tərəfindən İddiaçı dair kommunal xidmətə görə hesablanmış 8470 (səkkiz min dörd yüz yetmiş) manat məbləğində borc qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi - 104,70 (yüz dörd manat yetmiş qəpik) manat cavabdeh “X1” MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “X1” MMC tərəfindən İddiaçı dair kommunal xidmətə görə hesablanmış 8470 (səkkiz min dörd yüz yetmiş) manat məbləğində borc qanunsuz hesab edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi - 104,70 (yüz dörd manat yetmiş qəpik) manat cavabdeh “X1” MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5883/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5883/2025
21.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver