Məhkəmə qərarları › İş №e-2(004)-59/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-59/2025

31.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-59/2025 31.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan “Mersedes Benz 320D” minik markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə iddiaçıya məxsus olan “Tesla” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin 05 dekabr 2023-cü il tarixdə, saat 18:00 radələrində toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Yasamal rayon X4 Şöbəsinin mayoru X1 tərəfindən tərtib olunan 06 dekabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və 06 dekabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan da aydın olur ki, yol nəqliyyat hadisəsi Cavabdeh təqsirindən baş vermiş, buna görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. "xxxx" MMC-nin 12 dekabr 2023-cü il tarixli qüsur aktından göründüyü kimi “Tesla” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin məbləği 49 979,00 (qırx doqquz min doqquz yüz yetmiş doqquz) manat məbləğində hesablanmışdır. Lakin, bu günə qədər cavabdeh tərəfindən onun təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçıya və avtomobilinə dəyən ziyan ödənilməmişdir. “TESLA” markalı avtomobillərinin Azərbaycan Respublikasında rəsmi servis xidməti göstərən müəsissəsi olmadığı üçün avtomobil "xxxx" MMC-də təmir olunmuşdur və həmin müəsissə tərəfindən qüsur aktı tərtib olunmuşdur. Odur ki, hazırda cavabdeh heç bir halda avtomobilin rəsmi servis xidmətində təmir olunmaması ilə bağlı etirazla çıxış edə bilməz. Bundan əlavə, avtomobilə vurulan ziyanla bağlı tərəfimdən cavabdehin avtomobilin sığorta olunduğu "xxxx" ASC-yə müraciət olunmuşdur və həmin şirkət tərəfindən 5000 manat məbləğində maddi ziyanın əvəzi mənə ödənilmişdir. Göründüyü kimi, cavabdehin sığorta şirkəti tərəfindən də maddi ziyanın vurulması təsdiqlənmişdir və həmin şirkət qanuna uyğun şəkildə üzərinə düşən öhdəlik üzrə maddi ziyanın əvəzini ödəmişdir. Buna görə də, sığorta şirkətinin ödədiyi məbləği ümumi məbləğdən çıxmaq şərtilə hazırda cavabdehdən maddi ziyanın əvəzi olaraq 45 979,00 (qırx beş min doqquz yüz yetmiş doqquz) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi zərurəti vardır. Həmçinin, qəza nəticəsində iddiaçının sağlamlığına da zərər vurulmuşdur. Bununla bağlı məhkəməyə tibbi arayış da hazırki iddia ərizəsinə qoşma kimi əlavə edilmişdir. Həmin ziyanın vurulması nəticəsində iddiaçı dərin mənəvi iztirab keçirmiş və mənəvi sarsıntıya məruz qalmışdır. Hadisədən uzun müddət keçməsinə baxmayaraq, hadisə nəticəsində sağlamlığına dəymiş ziyanı hələ də hiss etməkdədir, bədəninin müxtəlif nahiyələrində hələ də ağrılar var. Buna görə də, Cavabdeh maddi ziyandan əlavə mənəvi zərərin əvəzi olaraq da 5000 (beş min) manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul olunması zəruridir. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında sonuncu (2-ci) dəfə iddia tələbini azaltmış və tələbi Cavabdeh 30.000 manat maddi zərər, 5000 manat mənəvi zərər, hüquqi yardım üçün ödənilmiş 120 manat və dövlət rüsumu qismində ödənilmiş 240 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərara əsasən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinin tələblərinə əsasən cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına xx.xx.2023-cü il tarixli qüsur aktı əlavə edilmişdir. Sözügedən akta əsasən müəyyən edilir ki, “Tesla” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin təmir-bərpa xərci ümumilikdə 49979 manat təşkil edir. İş materiallarında olan X3 Mərkəzinin 9/4306 nömrəli xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən olunur ki, iş materiallarında olan qüsur aktına əsasən “Tesla” markalı, **- EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 48415 manat təşkil edir. İş materiallarında olan ödəniş qəbzinə əsasən müəyyən edilir ki, hüquqi xidmətin göstərilməsinə görə 120 manat pul “Kəngərli və partnyorları” Vəkil Bürosuna ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Belə ki, MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan dispozitiv şərtlərin hər üçü yerinə yetirilir, mübahisə üzrə MM-in 1108-ci maddəsində göstərilən əsaslar müəyyən edilir. Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi üzrə təqsirli bilinməsi mülki işin mübahisəsiz halıdır. Baş vermiş hadisə üzrə icbari sığorta ödənişi əsasında 5000 manat vəsaitin sığorta şirkəti tərəfindən zərərçəkənə (sığortalı) ödənilməsi nəzərə alınır. Məhkəmə zərərin həcmini müəyyən edərkən avtomobilin markasını (Tesla), növünü (elektromobil olması), buraxılış ili (2020) və hadisənin baş vermə tarixini (2023), müvafiq vaxtda həmin avtomobilin bazar dəyərinin və ehtiyat hissələrinin indiki vaxtdan çox yüksək olmasını, avtomobilin əsas aparıcı hissəsi olan batareyalarının xüsusilə yüksək dəyərdə (20.000 manatdan yüksək) olması və bu səbəbdən təmir-bərpa xərcinin yüksək məbləğ təşkil etməsini nəzərə alır. Odur ki, iddia tələbi 30.000 manat (müvafiq rəydən daha aşağı məbləğdə) zərərin cavabdehdən tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Lakin, iddia tələbi üzrə iddiaçıya mənəvi zərərin vurulması sübuta yetirilmir, iddiaçı tərəfindən bu barədə əsaslı arqumentlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, sözügedən hadisə ehtiyatsızlıqdan (özünəgüvənmə) törədilmişdir və mahiyyəti üzrə də əsasən avtomobilə maddi zərərin vurulmasına səbəb olur. Lakin, hadisə zərərçəkəndə ciddi mənəvi iztirablara, ağrılara səbəb olmamışdır, bunun əski ağlabatan deyildir. Oxşar yol nəqliyyat hadisələrin hər gün yüzlərlə faktlar üzrə baş verməsi xüsusatı və müasir dünyada gündəlik şəhər həyatında gözlənilən hal olması nəzərə alınır. Odur ki, iddia tələbi mənəvi zərərin vurulması hissəsində əsassızdır və təmin edilməməlidir. Maddi zərərin kompensasiya edilən məbləği (30.000 manat) nəzərə alınır və cavabdehə ədalətsiz formada məsuliyyətin yüklənilməsindən çəkinilir. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Bu səbəbdən, məhkəmə hazırki mübahisə üzrə iş materiallarında olan sübutları, işin faktiki hallarını, qanunun normasının dispozitiv şərtlərini əsas götürərək mübahisəni həll etməyi zəruri hesab edir. Məhkəmə mübahisə üzrə obyektiv vəziyyəti müəyyən etmək üçün bütün prosessual vasitələrdən istifadə etsə də, “qanunun ədaləti” çərçivəsində qərar qəbul etməyi əsaslı hesab edir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, üzərinə düşən təkzib etmə yükü təmin edilməmişdir. Cavabdeh vurulan zərərin həcmini mübahisələndirsə də (vurulan real zərərin daha aşağı məbləğ təşkil etməsi), bu barədə öz təşəbbüsü ilə hər hansı arqument və ya sübut təqdim etməmiş, araşdırma istiqaməti ilə bağlı məhkəməyə təklif (vəsatət, xahiş) verməmiş, yalnız zərər həcminin yüksək qeyd edildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, mülki iş üzrə ödənilmiş 240 manat dövlət rüsumu və hüquqi xidmətlərə görə ödənilmiş 120 manat pul cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 30000 (otuz min) manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 120 (yüz iyirmi) manat pul vəsaiti və ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 30000 (otuz min) manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 120 (yüz iyirmi) manat pul vəsaiti və ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar