Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5994/2021 22.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, cavabdehlər Cavabdeh5 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı maneələrin aradan qaldırılması və mənzildən çıxarılma tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı maneələrin aradan qaldırılması və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, 7 saylı evin 5 saylı mənzilinə dair hüquqlarını həyata keçirməyə mane olan hərəkətlərə son qoyulması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.32 kv.m olan yaşayış sahəsi əri X12 ilə ona məxsus olmuşdur. Əri vəfat etmişdir. Hazırda həmin mənzilə hüquqlar ona məxsusdur. Cavabdehlər qohumdurlar. Şuşa şəhərindən məcburi köçkündürlər. Cavabdehlərdən ikisinin mülkiyyətində yaşaya biləcəkləri torpaq sahəsi və ev vardır. Qaçqınların və X6 Üzrə Dövlət Komitəsinə müraciət etsə də, onlar hüququnun pozulmasını aradan qaldırmamışdırlar. Mülkiyyət hüquqlarından yararlana və başqa vasitələrlə hüququnu bərpa edə bilmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi nümayəndəsi ərizə təqdim edərək, Cavabdeh5 iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsini, eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 dair iddiaçı və onun müəyyən etdiyi şəxslərin həmin mənzilə daxil olmasına və mənzildən istifadə etməsinə maneə yaradılmamasını, həmin mənzilə hüquqların dövlət reyestrində qeydə alınması üçün faktiki işlərin və sənədləşmələrin aparılmasına maneə yaradılmamasını cavabdehlərin üzərinə vəzifə qoyulması, cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa izahat verdi və əlavə olaraq bildirdi ki, cavabehlər uzun illərdi ki, Şuşa şəhərindən məcburi köçkün olaraq iddiaçya məxsus mənzildə məskunlaşmışdırlar. Halhazırda iddiaçının da yaşayış üçün mənzilə ehtiyacı olduğundan və mənzil də cavabdehlər tərəfindən könüllü şəkildə boşaldılmadığından mənzilin boşaldılmasına dair iddia tələbi ilə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddia tələbinin digər hissəsinə gəldikdə isə iddiaçı mənzilə bağlı mülkiyyət hüququna dair müvafiq sənədləri rəsmiləşdirmək istəyir. Düzdür bununla bağlı tərəflərindən DƏDRX-nə rəsmi müraciət olunmamış və eləcə də müvafiq qurum tərəfindən onlara rəsmi qaydada imtina verilməmişdir. Bu səbəbə görə də həmin hallara dair sənədləri məhkəməyə təqdim edə bilməsə də, hesab edirlər ki, gələcəkdə bununla bağlı problemlər yaşaya bilərlər. Odur ki, mənzilin boşaldılması ilə yanaşı cavabdehlərin üzərinə mülkiyyət hüquqlarının həyata keçirilməsinə, o cümlədən də mənzillə bağlı sənədlərin rəsmişləşdirilməsi zamanı edilə biləcək maneələrin onlara qadağan edilməsinə dair də qətnamə çıxarılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh5 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, vaxtı ilə ailəsi ilə birlikdən Şuşa şəhərindən məcburi köçkün olmuşdur və Bakı şəhərində də həmin zamanı onları yerləşdirilməsi mümkün olmadığından onlara göstərilən boş mənzillərdə məskunlaşmağa məcbur olmuşlar. Qeyd edir ki, bu hallar ona da xoş olmamaqla ən qısa zamanda öz yurd yuvasına qayıtmaq istəyir. Başa düşür ki, mənzil iddiaçıya məxsusdur. Lakin hazırda onun və ailə üzvləri olan digər cavabdehlərin gedə biləcəyi yer olmadığından mənzili tərk edə bilməzlər. Onlara mənzil verilməsi ilə bağlı dəfələrlə müxtəlif qurumlara, o cümlədən də Qaçqınkoma müraciətlər etmiş, lakin bu müraciətlərinin heç bir müsbət nəticəsi olmamışdır. Odur ki, yalnız onlara mənzil veriləcəyi təqdirdə və ya öz yurdlarına qayıtdıqları zaman mənzildən çıxa bilərlər. Eyni zamanda bildirir ki, cavabdehlər Tural, Toğrul və İlahə onun başqa bacısı, yəni Nərminənin övladlarıdır. Qaçqınkomdan verilmiş məktubda Toğrulun guya Əfifə bacısının oğlu olduğu bildirilsə də, bu yalnışdır. Əfifə bacısının ümumiyyətlə övladı olmamışdır. Toğrul isə anası tərəfindən övladlığa götürülmüş və həmişə onlarla mübahisəli mənzildə yaşamışdır. Toğrulun adına Yevlax şəhərində olan ev isə onun ata babasından miras qalan evdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iş üzrə digər Cavabdeh3 iddia tələbinə etiraz edərək digə cavadbehlə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, Toğrul və İlahə onun qardaşı və bacısıdır. O, tələbə olarkən hazırki ünvanda yaşamış və sonradan da, burada qalmışdır. Hazırda başqa yaşayış yeri yoxdur. Şuşa şəhərinə köçürmələr başlanacağı təqdirdə mənzili könüllü surətdə tərk edəcəklər. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 001334 nörməli, 22.01.1992-ci il tarixli orderin surətindən görünür ki, ünvan 1 Yasamal rayon xalq deputatları sovetinin 16.01.1192-ci il tarixli, 22/4 nörməli qərarına əsasən X7 verilmişdir. Bakı şəhəri Yasamal rayon icra Hakimiyyətinin 17.06.2008-ci il tarixli, 304 saylı sərəncamından görünür ki, Bakı şəhəri, Y.Yasamal-1, 7 saylı evin, yaşayış sahəsi 63.32 kv.m olan 4 otaqlı, 5 saylı mənzilin kirayəçisi X5 vəfat etməsi ilə əlaqədar mənzilin kirayə müqaviləsi həyat yoldaşı İddiaçı adına keçirilmişdir. İddiaçı, X1, X3, X4, X2 və X8 ailə tərkibi kimi qeyd edilmişdir. Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 13.07.2021-ci il tarixli, 01/4069 nömrəli məktubundan görünür ki, Şuşa rayonundan məcburi köçkün X9 və övladı Cavabdeh1 ailə üzvləri ilə birgə Bakı şəhəri, Yeni Yasamal-1, 7 saylı evin 5 nömrəli mənzilində kommunal qeydiyyatda olmaqla məskunlaşmış və məcburi kökünlər üçün yeni inşa edilmiş yaşayış məntəqələrindən mənzillə təmin olunmamışlar. X9 vəfat etmişdir. Ailə üzvlərində qızı Cavabdeh1 mülkiyyətində Abşeron rayonu, Masazır kəndi ərazisində sahəsi 0,03 ha olan çıxarışlı torpaq sahəsi aşkarlanmışdır. Həmçinin Cavabdeh1 övladı Cavabdeh2 mülkiyyətində Yevlax şəhəri, İlyas Əfəndiyev küçəsində yerləşən 0,043 ha torpaq sahəsi vardır ki, həmin torpaq sahəsi 82.4 kv.m ölçüdə olan 17 nömrəli fərdi yaşayış evi mövcuddur. Məhkəmə ilk növbədə iddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, 7 saylı evin 5 saylı mənzilindən çıxarılması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli Qanun 5-ci maddəsinə görə “Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”nın 4-cü bəndinə əsasasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin hüquqlarını pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsində görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulubpozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Hazırki, mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, məcburi köçkün statusuna malik olan şəxslərin iddiaçıya məxsus olan mənzili zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Məhkəmə iddia tələbinin ünvan 1 dair iddiaçı və onun müəyyən etdiyi şəxslərin həmin mənzilə daxil olmasına və mənzildən istifadə etməsinə, həmin mənzilə hüquqların dövlət reyestrində qeydə alınması üçün faktiki işlərin və sənədləşmələrin aparılmasına maneə yaradılmamasını cavabdehlərin üzərinə vəzifə qoyulması hissəsinə münasibbətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə bu hissədə iddian tələbini təmin etməyərkən ilk növbədə iddia tələbinin birinci hissədə, cavabdehlərin iddiaçıya məxsus mənzildən çıxarılması hissədində artıq təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edildiyindən və mənzil də, boşaldılaraq iddiaçıya təhvil veriləcəyindən, bununla iddiaçının istər mənzilə daxil olması, istərsə də mənzildən istifadə etməsinə cavabdehlər tərəfindən yaradılmış hər-hansı bir maneələrdə aradan qalxməş olacaqdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlər tərəfindən mənzilə hüquqların dövlət reyestrində qeydə alınması üçün faktiki işlərin və sənədləşmələrin aparılmasına manelər yaradılmasını, bu səbbədən də, müvafiq qurum tərəfindən ona mülkiyyət hüququna dair çıxarış verilməsindən imtina olunmasını iddia etsə də, məhkəməyə tərəfindən yuxarıda qeyd edilmiş hallarla, eləcə də, ümumiyyətlə DƏDRX-nə mülkiyyət hüquqlarının qeyd alınması üçün müraciət edilməsi ilə bağlı belə, hər hansı bir mötəbər sübutlar təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə iclasında dindirilmiş cavabdehlərin ifadələri eləcə də, iddiaçının nümayəndəsinin etirafedici izahatı ilə mübahisəli ünvana dövlət reyestri xidmətindən müvafiq işlərin aparılması üçün hər hansı bir şəxslərin gəlməməsi və bu məqsədlədə cavabdehlər tərəfindən iddiaçıya hər hansı bir maneənin yaradılmaması və gələcəkdə bu halların baş vermə ehtimalının olmasının iddiaçının fərziyəsi olması müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək eləcədə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, 7 saylı evin 5 saylı mənzilindən çıxarılmalıdırlar. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, 7 saylı evin 5 saylı mənzilindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-5994/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5994/2021
22.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver