Məhkəmə qərarları › İş №e-2(004)-604/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-604/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-604/2023 17.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh Osmana qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh Osmana qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1582,98 manat məbləğində vurulmuş zərər və 35,83 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Osmanın idarə etdiyi “BMV 730 Lİ” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil, "xxxx" ASC-yə məxsus “Skoda Rapid” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Skoda Rapid” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər CSH200139586 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış, tam sığorta təminatı almışdır. "xxxx" ASC xx.xx.2019cu il tarixli, C-018-SA-19 nömrəli avtomobilin alqı satqısı üzrə müqavilə əsasında qeyd olunan nəqliyyat vasitəsini “X5” MMC-dən satın almışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “Skoda Rapid” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2020-ci il tarixli akta əsasən, 1682,98 manat məbləğində maddi zərər dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən 1582,98 manat (100 manat müqavilədə nəzərdə tutulmuş şərtsiz azadolma məbləği franşizadır.) tərəfindən dəymiş zərərin məbləği olaraq, "xxxx" ASC-nin hesabına ödənilmişdir. YNH-nin təfərrüatları barədə Bakı şəhəri DYPİnin arayışından və xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Cavabdeh Osman İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması) maddəsi ilə təqsirli bilinmiş, barəsində 40 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Göründüyü kimi, “Skoda Rapid” markalı, **-PG-***dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh Osmanın təqsiri ucbatından maddi ziyan dəymişdir. "xxxx" ASC-yə məxsus “Skoda Rapid” markalı, **-PG-***dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq "xxxx" ASC tərəfindən sığorta ödənişi həyata keçirildiyindən cavabdehə (mülki məsuliyyəti icbari qaydada sığortalanmadığından) qarşı iddiaçının subroqasiya tələbi yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli Avtomobilin sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" ASC-yə məxsus “Skoda Rapid” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də sığortalanmışdır. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və xx.xx.2020-ci il tarixli, TP3972565 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən edilir ki, Cavabdeh Osman xx.xx.2020-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsində “BMV 730 Lİ” markalı, **- AN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən manevr etmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh Osmanın idarə etdiyi “BMV 730 Lİ” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil “Skoda Rapid” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə “X2” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli icra edilmiş xidmətlərə dair akta uyğun olaraq hadisə nəticəsində “Skoda Rapid” markalı, **-PG-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 1682,98 manat məbləğində müəyyən edilmişdir. CSH72062 nömrəli sığorta aktına əsasən “Skoda Rapid” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC-yə 1582,98 (100 manat şərtiz azadolma məbləği nəzərə alınmaqla) ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021 -ci il tarixli ödəniş tapşırığından görünür ki, zərərin məbləği olaraq 1582,98 manat iddiaçı tərəfindən "xxxx" ASC-nin bank hesabına ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriya tələb (reqress) hüququ vardır. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh Osman yolnəqliyyat hasisəsinin baş verməsində təqsirkar olduğuna və "xxxx" ASC “Skoda Rapid” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün "xxxx" ASC-yə 1582,98 manat sığorta ödənişi verdiyinə görə, həmin məbləği subroqasiya qaydasında cavabdeh X3 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, Cavabdeh Osmandan 1582,98 manat məbləğində sığorta ödənişi və ödənilmiş 35,83 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284- 6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Skoda Rapid” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 1582,98 (bir min beş yüz səksən iki manat doxsan səkkiz qəpik) manat sığorta ödənişi və ödənilmiş 35,83 (otuz beş manat səksən üç qəpik) manat dövlət rüsumu Cavabdeh Osmandan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar