Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-605/2022 15.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə 06.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək 12273 manat pul, 5000 manat mənəvi zərər, 510 manat hüquqi yardımın göstərilməsi xərci və 142 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 06.01.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 25.01.2022-ci il tarixdə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək iş üzrə iddia müddətinin tətbiq olunaraq iddianın rədd ounması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirir ki, 2012-ci ildə "xxxx" Şirkəti Ləhiş qəsəbəsində turizmlə bağlı tikinti işləri ilə məşğul olmaq məqsədilə çoxlu bağ sahələri almışdır. İddiaçı da hüquqşünas kimi həmin ərazidəki bağ sahələrinin alqı-satqısı işləri ilə bağlı sənədləşmə və təşkilati məsələlərin həllində onlara köməklik etmişdir. 2012-ci ilin sonlarında cavabdeh iddiaçıya zəng vuraraq həmin ərazidə Bağlar İdarəsi tərəfindən müqavilə əsasında ona verilmiş 6456 saylı bağ sahəsinin olduğunu və həmin bağ sahəsini "xxxx" Şirkətinə satmaq istədiyini bildirmişdir. İddiaçı isə cavabında ona bildirmişdir ki, əgər onun bağ sahəsi "xxxx" Şirkətinin satın almaq istədiyi sahəyə düşərsə yəqin ki, onlar həmin sahəni almaq istəyərlər. Bu məsələ ilə bağlı "xxxx" Şirkəti ilə maraqlanacaq. Təxminən iki həftə sonra cavabdeh iddiaçıya zəng edəndə o, bildirdirmişdir ki, onun dediyi məsələ ilə maraqlanmışdır. Lakin onun bağ sahəsi "xxxx" Şirkətinin almaq istədiyi ərazidən kənarda yerləşir. Cavabdeh bu məsələ ilə bağlı onunla görüşmək istədiyini bildirmiş, onlar “İçəri Şəhər” metrostansiyasının qarşısında görüşmüşlər. Cavabdeh ona oğlunun Belorusiyada ali məktəbdə oxuduğu üçün ona pul lazım olduğunu, buna görə də həmin bağ sahəsini satmağın onun üçün çox vacib olduğunu bildirmiş və iddiaçıdan əgər kimsə həmin bağ sahəsini satın almaq istəsə ona bu barədə məlumat verməyini xahiş etmişdir. İddiaçı isə bu məsələ ilə bağlı imkan daxilində ona kömək edəcəyinə söz vermişdir. Təxminən bir ay keçdikdən sonra tanıdığı X2 zamanı ona bağ sahəsi almaq istədiyini bildirmişdir. İddiaçı da ona cavabdehin bağ sahəsini satmaq istəməsi barədə məlumat vermiş, Nəcəfov Allahverdi isə həmin bağ sahəsini almaq niyyətini bildirmişdir. Bundan sonra iddiaçı cavabdehə həmin bağ sahəsini almaq istəyən olması barədə məlumat vermiş, cavabdeh də həmin bağ sahəsini Nəcəfov Allahverdiyə satmağa razılığını bildirmişdir. Qeyd edilən məqsədlə onlar Bakı şəhəri 46 saylı notariat kontorunda görüşməyi razılaşmışlar. Onlar Bakı şəhəri 46 saylı notariat kontorunda görüşəndə Nəcəfov Allahverdi iddiaçıya zəng vuraraq gələ bilməyəcəyini bildirmiş və iddiaçıdan lazım olan sənədləşdirmə işlərini aparmaq üçün ona köməklik etməyini xahiş etmişdir. Cavabdeh görüşə qohumu olduğunu bildirdiyi təxminən özü yaşda olan bir kişi ilə gəlmişdi. Cavabdeh bağın müqaviləsinin əslini və notariat kontorunda cavabdeh X4 həmin bağ sahəsi üzərində sərəncam verə bilməsi üçün müddəti 31 yanvar 2033-cü ilə qədər olan etibarnamə də vermişdir. İddiaçı isə ona 3600 manat məbləğində pul vermişdir. Cavabdeh həmin torpaq sahəsini Nəcəfov Allahverdiyə satmasını və buna görə 3000 manat məbləğində pulu aldığını əks etdirən qəbzi iddiaçıya vermişdir. Həmin vaxt qeyd edilən bağ sahəsinin cizgi planı olmadığından cavabdeh bağ sahəsinin yerini ona göstərə bilməyəcəyini dedi. X12 həmin bağ sahəsinə gedərkən kəndin adamları həmin sahədə tikinti işlərinin aparılmasına mane olduqlarına görə o, iddiaçıdan xahiş etmişdir ki, cavabdehdən onun pulunu geri alsın, o isə cavabdehin sənədlərini geri qaytarsın. Lakin iddiaçı cavabdehə bu barədə telefon vasitəsi ilə məlumat verəndə cavabdeh aldığı pulu geri qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, bacısı Zülfiyyə ilə birlikdə cavabdehin evinə gedib bu məsələni bir daha ona bildirəndə cavabdeh həmin bağ sahəsinə ehtiyaclarının olmadığını və qaynatasının bağ sahəsindən istifadə etdiklərini bildirmişdir. Bundan sonra o, cavabdehin qeyd edilən bağ sahəsini geri almaq və ona ödənilmiş pulu geri qaytarmaq fikrinin olmadığını anlamışdır. Nəcəfov Allahverdi həmin bağ sahəsini satmaqda israrlı olduğu üçün iddiaçı, ona 6000 manat məbləğində pul ödəyərək həmin bağ sahəsini ondan satın almışdır. Nəcəfov Allahverdi həmin bağ sahəsinin sənədlərinin əslini iddiaçıya vermiş və cavabdeh tərəfindən ona verilmiş etibarnamə əsasında bütün səlahiyyətləri ona ötürmüşdür. Bundan sonra o, həmin sahənin yerinin müəyyən edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Həmin xidmətin əməkdaşları ilə qeyd edilən bağ sahəsinin Dövlət rüsumunun ödənilməsi haqqında məlumat sərhədlərini müəyyən etmişlər. Bundan sonra o, həmin sahəyə mişar daşı, qum və sement gətizdirərək həmin bağ sahəsini hasara aldırmağa başlamışdır. Bağ sahəsinə bünövrə də tökməklə 1,2 metr hündürlüyndə mişar daşı ilə hasar çəkdirmişdir. Bütün bu işlərin icra edilməsi üçün hissə-hissə olmaqla ümumilikdə o, 17000 manat məbləğində pul xərcləmişdir. Bundan sonra isə həmin bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün DƏDRX-ə müraciət etmişdir. 29 iyul 2021-ci il tarixdə DƏDRX-dan həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışını almışdır. Həmin çıxarış ilkin olduğu üçün cavabdehin adına çıxmışdır. Lakin qeyd edilən bağ sahəsinin sənədləşdirilməsini gizli şəkildə nəzarətdə saxlayan cavabdeh iddiaçının həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışını aldığını bilən kimi 31 iyul 2021-ci il tarixdə notariusa gedərək ona verilmiş etibarnaməni ləğv etdirmiş və onun aldığı çıxarışı itirdiyini əsas göstərərək yeni çıxarış almaq üçün müraciət etmişdir. Yeni çıxarış aldıqdan sonra isə qeyd edilən bağ sahəsini bağışlama ilə oğlu X9 adına keçirmişdir. O isə bu barədə yalnız 08 avqust 2021-ci il tarixində qeyd edilən bağ sahəsi üzərində cərəncam vermək üçün notariat kontoruna gedərkən məlumat almışdır. Bundan sonra o, cavabdehə müraciət edərək nə üçün belə bir hərəkət etməsi ilə bağlı danışmaq istəsə də cavabdeh onunla danışmaqdan imtina etmişdir. O dəfələrlə və müxtəlif vasitələrlə yaranmış problemin həll edilməsi ilə bağlı cavabdehlə danışmaq istəsə də heç bir nəticə əldə edə bilməmişdir. Cavabdeh nəinki satdığı bağ sahəsini ona qaytarmamış heç vurduğu zərəri də ödəməmişdir. Bu isə iddiaçının hüquqlarının kobud şəkildə pozulmasından başqa bir şey deyildir. Bu səbəbdən də o, pozulmuş hüquqlarını müdafiə və bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirir ki, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi dolayı yolla iddianın qəbul edilməsi deməkdir. Suala cavab olaraq bildirir ki, Nəcəfov Allahverdinin hüquqları iddiaçıya ötürülmüşdür. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, nümayəndəsi və vəkilinin izahatını təsdiq edir. Suala cavab olaraq bildirir ki, iddia ərizəsində göstərilənlərin hamısı doğrudur. Onun hüquqlarının pozulmağı ona 2019-cu ilin avqust ayında məlum olmuşdur. Ona əmlakı 3000 manata deyil, 6000 manat satmağının səbəbi üstündən uzun müddət keçməsi olmuşdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, torpaq sahəsi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir hüquq pozuntusuna yol verilməmişdir. İddiaçının tələbinin hüquqi əsası yoxdur. İddiaçı ilə cavabdeh arasında torpaq sahəsinə hasar çəkilməsi ilə bağlı razılıq olmamışdır. İddia ərizəsində istinad edilən maddə əsassız varlanma ilə bağlıdır. O da buna münasibətdə iddia müddətinin tətbiqi barədə ərizə verimişdir. Mənəvi zərərlə bağlı isə qeyd edir ki, iddiaçının mənəvi iztirab və sarsıntı keçirməsinin cavabdehlə səbəbli əlaqəsi mövcud deyildir. İddia müddətinin tətbiq olunması barədə ərizənin verilməsi əlavə müdafiə vasitəsidir. Həmçinin qeyd edir ki, iddiaçının hazırki iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüququ da yoxdur. Çünki həmin pul cavabdehə Nəcəfov Allahverdi tərəfindən ödənilmişdir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 230218 saylı, 31.01.2013-cü il tarixli etibarnamənin surətinə əsasən Cavabdeh ünvan ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar müəyyən hərəkətləri etməyi, sonradan həmin torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi 31.01.2033-cü il tarixədək X4 etibar etmişdir. İş materiallarında olan Cavabdeh 31.01.2013-cü il tarixli ərizəsinə əsasən o, ünvan ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 3000 manata X1. İş materiallarında olan X3 12.12.2017-ci il tarixli ərizəsinə əsasən o, ünvan ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 6000 manata İddiaçı satmış, Cavabdeh torpağı satması ilə əlaqədar 31.01.2013-cü il tarixli etibarnamə əsasında ona verilmiş torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı və bütün hərəkətləri etməyi İddiaçı 31.01.2033-cü ilədək etibar etmişdir. İş materiallarında olan AR-İ 567126 nömrəli, 12.12.2017-ci il tarixli etibarnamənin surətinə əsasən Cavabdeh adından onun nümayəndəsi X5 ünvan ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar müəyyən hərəkətləri etməyi, sonradan həmin torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi 31.01.2033-cü il tarixədək İddiaçı etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Lahış bağ sahəsi, 6456 saylı bağ sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir və bu barədə 29.07.2019-cu il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 12 saylı Notariat Ofisinin 08.10.2019-cu il tarixli, 549 nömrəli məktubuna əsasən 12.12.2017-ci il tarixdə Bakı şəhəri 46 saylı Notariat Ofisində 7E/12046 saylı reyestr nömrəsi ilə İddiaçı adına rəsmiləşdirilmiş etibarnaməyə mülkiyyətçi Cavabdeh 31.07.2019-cu il tarixli, 8İ-2919 saylı ərizəsi əsasında xitam verilmişdir. İş materiallarında olan Səbail RPİ-nin TŞ-nin PB-nin 09.12.2019-cu il, Səbail RPİnin İstintaq Şöbəsinin 25.02.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarların surətinə əsasən İddiaçı şikayət ərizəsi üzrə yaranmış mübahisə mülki xarakterli olduğundan həmin mübahisə barədə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində bildirmişdir ki, 15.04.2019-cu il tarixdən təxminən iyun ayının ortasına qədər Kürdəxanıda hasar hörmüş, 670 manat əl haqqı almışlar. Kənddən kimlərsə gəlib daşları aparırdı ki, bura onların babasının yeridir. Suala cavab olaraq bildirir ki, tikinti ilə bağlı İddiaçı ilə razılığa gəlmişlər. Kabildən başqa tikinti ilə maraqlanan olmamışdır. Tikinti materiallarını da Kabil alırdı. Kabil yerin onun olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində bildirmişdir ki, o da həmin yerdə işləmişdir. Həsənov Məhərrəm hörükçüdür, o da ona kömək üçün getmişdir. Suala cavab olaraq bildirir ki, Kürdəxanıda təxmini bir metr daş hörərək hasar çəkmişlər. Həmin yer mübahisəli olmuş, hətta həmin hasarı sökmüşlər. Materialları Kabil vermiş, bu işlə başqa heç kəs maraqlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində bildirmişdir ki, o, Kabili taksi sürücüsü kimi təsadüfən tanımışdır. Kabillə birlikdə 2019-cu ildə həmin əraziyə getmiş, Kabil traktor taparaq həmin ərazini düzəltmişdir. Suala cavab olaraq bildirir ki, bu hadisə 2019-cu ilin aprel ayında baş vermişdir. Sonra Şöhrət orada problem yaratmış, həmin ərazinin babasına məxsus olduğunu bildirmişdir. Həmin yer boş ərazi olmuşdur. Daha sonra oraya yenə getmiş, Şöhrət yenə problem yaratmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, mübahisə predmeti olan ünvan ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin satılması və sair hüquqlarla əlaqədar Cavabdeh X4 etibarnamə vermişdir. Cavabdeh 2013-cü ildə mübahisəli torpaq sahəsini etibarnamə əsasında 3000 manata Nəcəfov Allahverdiyə satılmasına dair ərizə yazmış, Nəcəfov Allahverdi isə 2017-ci ildə 2013-cü il tarixli etibarnamə əsasında 6000 manata iddiaçıya satmışdır. Bundan sonra cavabdeh 2019-cu ildə həmin torpaq sahəsinə dair adına çıxarış almış və 2017-ci il tarixli etibarnaməni ləğv etdirmişdir. Hazırda iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona dəymiş 12273 manat maddi ziyan, 5000 manat məbləğində mənəvi zərər, 510 manat hüquqi yardım üçün xərclənmiş pul və ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə iddiaya etiraz edərək iddia müddətinin tətbiq olunmasını və iddianın rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mübahisə predmeti olan daşınmaz əmlak 2013-cü ildə hər hansı bir şəxsin adına qeydə alınmamışdır. Həmin torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmadığından, cavabdeh əmlakı satmaq və ya həmin əmlakın alğı-satqısı ilə bağlı müqavilənin tərəfi olmaq səlahiyyətinə malik olmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlakın əldə olunması və ya satılması barədə müxtəlif şəxslər arasında şifahi razılaşmanın əldə olunması və bu niyyətlə pul alınmasının nə qanuni, nə də müqavilə əsası vardır. Tərəflər arasında ümumi xarakterli etibarnamə verilməsi də mövcud münasibəti qanunauyğun alğı-satqı kimi qiymətləndirməyə əsas vermir. Məhkəmə, o cümlədən qeyd edir ki, hazırki tələb üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı məhkəmə iclasında, o cümlədən, iddia ərizəsində qeyd etmişdir ki, o, cavabdeh tərəfindən verilmiş etibarnamənin ləğv edilməsi barədə 2019-cu ilin avqust ayında xəbər tutmuşdur. Lakin buna baxmayaraq iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə iki ildən çox vaxt keçdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsində əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Mülki Məcəllənin 1091.1-ci maddəsində əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İddiaçı eyni zamanda mənəvi zərərə görə 5000 manat pulun cavabdehdən tutulmasını tələb etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı 12273 (on iki min iki yüz yetmiş üç) manat pul, 5000 (beş min) manat mənəvi zərər, 510 (beş yüz on) manat hüquqi yardımın göstərilməsi xərci və 142 (yüz qırx iki) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 12273 (on iki min iki yüz yetmiş üç) manat pul, 5000 (beş min) manat mənəvi zərər, 510 (beş yüz on) manat hüquqi yardımın göstərilməsi xərci və 142 (yüz qırx iki) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-605/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-605/2022
15.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver