Məhkəmə qərarları › İş №e-2(004)-608/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-608/2024

16.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-608/2024 16.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya məhkəməsinin 2(103)- 382/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə iddiaçıya məxsus ipoteka pedmeti olan əmlak barədə hərracin kecirilməsi Binəqədi Rayon İcra şöbəsinin 17 oktyabr 2022-ci il tarixli xx/xx-122246-16 saylı sifarişi əsasında "xxxx"MMC-yə həvalə edilmişdir. 11 noyabr 2022-ci il və 29 noyabr 2022-ci il tarixlərdə təkar hərraclar keçirilmişdir. Hər iki hərrac barədə mülkiyyətçi olaraq iddiaçıya məlumat verilməmişdir. Lakin, 2023-cü ilin noyabr ayında iddiaçıya məlum olmuşdur ki, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 9, 92 saylı mənzil X1 "xxxx" MMC-nin 26 dekabr 2022-ci il tarixli Açıq Hərracın yekunları barədə (ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair) 288/22 saylı protokola əsasən "xxxx" BOKT ASC-nin mülkiyyətinə keçmişdir. Yuxarıda qeyd etdiklərimin nəticəsi olaraq məlum olur ki, "İpoteka Haqqında" Qanunun 41.2 -ci maddəsinin və MM-nin 415-ci maddəsinin tələbləri kobudcasına pozularaq 5 ildən az olan daimi fəaliyyət göstərməyən hərrac təşkilatında hərrac keçirilmişdir. Bu halda bir başa hüquqlarımı pozulmuş və ipoteka haqqında qanunun və Mülki Məcəlləsinin tələbləri pozulmuşdur. "xxxx" MMC 5 ildən az müddətdir fəaliyyət göstərir. Ona görə də həmin təşkilatın apardığı hərrac qanunsuzdur. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xx/xx-122246/-16 nömrəli məktuba əsasən müəyyən olunur ki, Binəqədi rayon İcra Şöbəsi tərəfindən hərracın keçirilməsi barədə sifariş Cavabdeh MMC-yə göndərilmişdir. İş materiallarında olan BirjaNews portalında yerləşdirilmiş xx.xx.2022-ci il tarixli bildirişə əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 9, 92 saylı mənzilə dair ilkin hərracın xx.xx.2022-ci il tarixdə keçirilməsinə dair məlumat paylaşılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2088/22 nömrəli məktuba əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 9, 92 saylı mənzilə dair ilkin hərracın xx.xx.2022-ci il tarixdə keçirilməsinə dair bildiriş İddiaçı göndərilmişdir. Əmlakın ilkin satış qiyməti 70.000 manat həddində qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokola əsasən müəyyən olunur ki, təyin edilmiş hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan BirjaNews portalında yerləşdirilmiş xx.xx.2022-ci il tarixli bildirişə əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 9, 92 saylı mənzilə dair təkrar hərracın xx.xx.2022-ci il tarixdə keçirilməsinə dair məlumat paylaşılmışdır. Əmlakın təkrar hərracda satış qiyməti 15% aşağı qiymət, yəni 59.500 manat həddində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2249/22 nömrəli məktuba əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 9, 92 saylı mənzilə dair təkrar hərracın xx.xx.2022-ci il tarixdə keçirilməsinə dair bildiriş İddiaçı göndərilmişdir. Əmlakın satış qiyməti 59.500 manat həddində qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokola əsasən müəyyən olunur ki, təyin edilmiş təkrar hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2419/22 nömrəli ipoteka predmetinin əldə olunmasına dair təklifə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 9, 92 saylı mənzilin 59.500 manat həddində olmaqla ipoteka saxlayan "xxxx" ASC-yə təklif edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 6084-122022 nömrəli məktuba əsasən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" ASC Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 9, 92 saylı mənzilin əldə edilməsinə razıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 288/22 nömrəli protokola əsasən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 9, 92 saylı mənzil 44.625 manat dəyərində "xxxx" ASC tərəfindən əldə edilmişdir. Yuxarıda qeyd olunan məlumatların İddiaçı göndərilməsini təsdiq edən müvafiq məktublar iş materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər MM-in 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. MM-in 414.2-ci maddəsinə əsasən, hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. MM-in 414.3-cü maddəsinə əsasən, bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. MM-in 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. MM-in 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 43.3-cü maddəsinə əsasən, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti üzrə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə 2 (iki) dəfə hərrac keçirilmiş, lakin, iştirakçının olmaması əsası ilə hərraclar baş tutmamışdır. Hərrac predmeti olan mənzil xx.xx.2023-cü il tarixdə ipoteka saxlayan "xxxx" ASC-yə təklif edilmiş və sonuncunun iradə ifadəsi həyata keçirilməklə xx.xx.2023-cü il tarixli məktubla təklif qəbul edilmişdir. Nəticədə, sonuncu hərracın keçirildiyi vaxtdan 30 (otuz) təqdim günü ərzində xx.xx.2023-cü il tarixdə hərracın yekunları barədə 102/23 nömrəli protokolun imzalanmışdır. Təyin edilmiş hərrac proseslərinə və hərracın obyektinin ipoteka saxlayana təklif edilməsinə dair bildirişlər İddiaçı və digər maraqlı şəxslərə poçtla göndərilmiş, proseslər barədə məlumatlar ixtisaslaşdırılmış kütləvi informasiya vasitəsi olan BirjaNews portalında açıq məlumatlar yerləşdirilmişdir. Hazırki informasiya dövrünün tələbləri nəzərə alınmaqla müvafiq məlumatların (bildiriş) internet portalında yerləşdirilməsi daha effektiv, qanuni olmaqla həm də tutarlıdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı hərracın gedişatı barədə lazımi qaydada məlumatlandırılmışdır. Texniki baxımdan müvafiq bildirişlər İddiaçı tərəfindən əldə olunmasa belə, göstərilən xüsusatlar hərracın yekunları barədə protokolun etibarsızlığına dəlalət etmir. Nəzərə almaq lazımdır ki, hərrac təşkilatı və icra orqanının vəzifəsi müvafiq bildirişlərin maraqlı şəxslərə göndərilməsinin təmin edilməsi və subyektlərin lazımi qaydada məlumatlandırılmasıdır. Sözügedən bildirişlər maraqlı şəxslərə göndərildiyi təqdirdə həmin bildirişləri əldə olunub-olunmamasına görə məsuliyyətin hərrac təşkilatı və ya icra orqanının üzərinə qoyulması əsaslı və qanuni hesab edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə-icra proseslərindən məlumatlı olmuş, özü tərəfindən öhdəliyin icra edilməməsi əsası ilə hərracın keçiriləcəyi zərurətini nəzərə almaqla proseslər barədə maraqlanmaq, məlumat almaq hüququ mövcud olmuşdur. Məhkəmə cavabdeh hərrac təşkilatının hərrac prosedurası ilə fəaliyyətinin 5 ildən az olması ilə bağlı (3 il) iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, göstərilən xüsusat mübahisənin formal tərəfidir. Azərbaycan Respublikasının 30 ildir ki, müstəqillik əldə etməsi, 1991-ci ildən etibarən sosialist sistemdən ayrılaraq kapitalist sistemə keçid etməsi xüsusatı nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, ölkənin kapitalist tarixi, ənənələri, biznes mühiti, sahibkarların, hüquqi şəxslərin fəaliyyətinin təşkil-təmin edilməsi xüsusatları yenidir, gəncdir. Bu səbəbdən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş minimum 5 il şərtinin istisnasız tətbiq edilməsi məqsədə müvafiq hesab edilmir. Bu normanın zaman keçdikcə imperativ qaydada tətbiq edilməsi istisnasızdır. Sözügedən məsələ formal xarakterlidir, təkbaşına mahiyyəti üzrə hərracın keçirilməsi prosesinin qanunsuzluğuna səbəb olmağa yetərli deyildir. Məhkəmə qeyd edir ki, mülki dövriyyəsinin sabitliyinin qorunması, mülki hüquq münasibətlərinin subyektlərinin qanuni maraqlarının təmin olunması, qanunçuluq, hüquqi müəyyənlik prinsipləri nəzərə alınmaqla ipoteka saxlayanın üstün hüquqları təmin olunmalı, mülki dövriyyənin iştirakçılarının hüquqi intizamı, qanuna itaəti möhkəmləndirilməlidir. Hüquqdan sui-istifadə yolverilməzdir. Mülki münasibətlərin subyektləri öhdəliklərini vicdanla icra etməklə mükəlləfdirlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki icraatda “formal həqiqətin müəyyən edilməsi” prinsipi əsas götürülərək mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. İddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərində olsa da, iddiaçı tərəfindən hərracın yekunlarına dair protokolun etibarsızlığının sübut edilməsi funksiyası əsaslı formada həyata keçirilməmişdir. İddiaçının qeyd etdiyi dəlillər isə şəxsi mülahizələrə əsaslanır, sübuta yetirilmir və hərracın yekunları barədə protokolun etibarsızlığına dəlalət etməyə əsas deyildir. Beləliklə, məhkəmə mülki işdə olan sübutlar və materiallara məcmunu halında qiymət verərək, yuxarıda qeyd olunan maddi hüquq normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və Qanunlarına uyğunluğu barədə” 30 dekabr 2008-ci il tarixli qərarında və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe rəhbər tutulmaqla hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar