Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6224/2025 04.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: subroqasiya) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X2 məxsus “Toyota Prius” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icrabi sığortası növündə sığortalanmışdır.
2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, dayanmış nəqliyyat vasitəsinə vurma növündə yol nəqliyyat hadisəsi zamanı “Toyota Prius” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən “Nissan X-Trail” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir.
3. TP seriyalı, ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Toyota Prius” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə, sonuncu 40 manat məbləğdə cərimə edilmişdir.
4. İAS221553 nömrəli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdəki yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərlərə görə 820 nanat sığorta ödənişi hesablanmışdır.
İddia tələbinin və ona etirazın dəlilləri
a) iddia tələbi
5. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 820 manat məbləğində pulun və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, “Toyota Prius” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində PME********** nömrəli müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Nissan X-Trail” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisə ilə bağlı tərtib olunan qərara əsasən “Toyota Prius” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı nəqəliyyat vasitəsinin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 820 manat məbləğində maddi zərər dəymişdir. Beləliklə, "xxxx" ASC qeyd edilən yol nəqliyyatı hadisəsində zərərçəkənə 820 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
b) iddiaya etiraz
7. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur; Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
9. “İcbari sığortalar haqqında” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
10. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir; Maddə 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir.
Məhkəmə baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
12. İşdəki faktiki halları ilə müəyyən edilir ki, sığorta hadisəsi zamanı X1 mülkiyyətində olan avtomobil "xxxx" ASC-də nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icrabi sığortası növündə sığortalamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə “Toyota Prius” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolnəqliyyat hadisəsi nəticəsində “Nissan X-Trail” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuş, hadisədə təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Avtomobilə dəymiş zərər 820 manat məbləğlərdə qiymətləndirilmişdir.
13. İddiaçı ödənilmiş sığorta ödənişlərini subroqasiya qaydasında tələb edərək “İcbari sığortalar haqqında” qanunun 25.1.3-cü maddəsinin dispozitiv şərtinin yarandığını bildirir.
14. Həmin maddəyə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
15. Məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.
16. Sığorta hadisəsi qeydə alınan zaman avtomobilin sürücüsü – iş üzrə Cavabdeh nəqliyyat vasitəsi etibarnamə olmadan idarə etməsi, buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi mübahisəsizdir.
17. Lakin məhkəmənin qənaətincə, şəxsin avtomobili idarə edərkən bu barədə etibarnaməsinin olmaması, buna görə inzibati məsuliyyəti cəlb edilməsi qanunun 25.1.3cü maddəsinin dizpozisiyasında sadalanan şərtlərin baş verdiyini, şəxsin mülki hüquqi konteksdə qanuni sahib statusunda olmadığını deməyə əsas vermir.
18. Belə ki, şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən avtomobili sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir.
19. Mülki qanunvericilikdə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində çıxması lazımdır. Əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır.
20. Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir.
21. Qanunun 25.1.3-cü maddələrinin tələbi baxımından nəqliyyat vasitəsini idarə etmək hüququnun olub-olmaması isə şəxsə bunun üçün verilmiş nəqliyyat vasitəsini idarə etmək üçün səlahiyyəti ethiva edən etibarnamə ilə yox, şəxsin sürücülük hüququnun olubolmaması ilə müəyyənləşdirilə bilər. Hazırkı halda sürücünün bu hüqunun olmadığı iş materialları ilə təsdiqini tapmır.
22. Odur ki, hazırkı halda etibarnaməsi olmasa belə, avtomobil Cavabdeh faktiki sahibliyinə verdiyi andan sahibliyi, bununla da avtomobili istismar etmək hüququ yaranmışdır.
23. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
25. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə