Məhkəmə qərarları › İş №e-2(004)-6274/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6274/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6274/2023 26.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 257 (iki yüz əlli yeddi) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 3521/M/CFİ-275/2019 nömrəli sığorta aktının təsdiq edilmiş surətinə əsasən RAZ**********4 saylı sığorta şəhadətnaməsi ilə xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC-də sığortalanmış Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 75 daşınmaz əmlaka xx.xx.2019-cu il tarixdə baş vermiş hadisə nəticəsində dəymiş 457 manat ziyanın əvəzi olaraq 257 manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir. İş materiallarında olan Yasamal rayonu 56 saylı MKİS-in mühəndisi N.Məmmədov, sahə nəzarətçisi M.Əlişov tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli aktın surətinə əsasən Moskva prospekti 75 saylı evin 2 saylı mənzilindən (mənzilin sahibi Cavabdehdur) keçən çirkab su xəttinin dik dayağının çürüyüb sıradan çıxması nəticəsində həmin binanın birinci mərtəbəsində yerləşən “Yeni Med” Klinikasına su axıdılır, su axması nəticəsində klinikaya ziyan dəymişdir. İş materiallarında olan Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, sığortalı "xxxx" MMC ilə sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında sığortalıya məxsus qeyri-yaşayış sahəsinin, yəni Yasamal rayonu, Moskva prospekti 75-də yerləşən Yeni Med klinikasının sığorta haqqı 240 manat olmaqla, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək sığorta edilməsi ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 3521/M/CFİ-275/2019 nömrəli sığorta aktının təsdiq edilmiş surətinə əsasən RAZ**********4 saylı sığorta şəhadətnaməsi ilə xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC-də sığortalanmış Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 75 daşınmaz əmlaka xx.xx.2019-cu il tarixdə baş vermiş hadisə nəticəsində dəymiş 457 manat ziyanın əvəzi olaraq 257 manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təsdiq edilmiş ödənişin surətinə əsasən «Azsığorta” ASC tərəfindən X1 257 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il bildirişdən görünür ki, yaranmış borcla bağlı 15 gün ərzində ödəniş edilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Dəymiş zərərə dair hesabatından görünür ki, su basma hadisəsi nəticəsində Moskva prospekti 75 ünvanında yerləşən daşınmaz əmlakın təmir xərclərinin ümumi məbləği 457 manat təşkil etmişdir. İşin müəyyən edilmiş halları odur ki, cavabdehin mülkiyyətində olan (reyestr nömrəsi **********43-05101-093019) Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 75 saylı evin 2 saylı mənzilindən su sızması nəticəsində həmin binada yerləşən klinikaya maddi ziyan dəymişdir. Mağazaya dəymiş zərər 457 manat müəyyən edilərək, sığorta edən "xxxx" ASC tərəfindən 200 manat azadolma məbləği çıxılmaqla, 257 manat sığorta ödənişi edilmişdir. Hazırda iddiaçı ödənilmiş 257 manat sığorta haqqının subroqasiya qaydasında Cavabdeh tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin məcəllənin 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 257 (iki yüz əlli yeddi) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 257 (iki yüz əlli yeddi) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar