Məhkəmə qərarları › İş №e-2(004)-63/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-63/2025

18.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-63/2025 18.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “İddiaçı mənzilinə vurulmuş maddi zərərin əvəzi kimi 6.000 (altı min) manat, mənəvi zərərə görə 1.000 (min) manat, hüquqi xidmətə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 94 (doxsan dörd) manat məbləğində dövlət rüsumu, cəmi 7.414 (yeddi min dörd yüz on dörd) manat pul vəsaitinin Cavabdeh tutulub iddiaçıya ödənilməsi, ünvan 1-də mövcud olan, mənə maddi və mənəvi ziyanın vurulması ilə nəticələnmiş hadisənin baş verməsinə səbəb olan texniki nasazlıqların (mənzildə quraşdırılmış avadanlıqların su borularında olan nasazlıqlar, onların quraşdırıldığı yerdə döşəmə səthi boyunca suyun birbaşa, maneəsiz şəkildə aşağı mənzillərə axmaması üçün izolyasiya (kafel və sair) tədbirlərinin həyata keçirilməməsi) qətnamə icraya yönəldildiyi gündən 1 ay müddətində aradan qaldırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “İddiaçı mənzilinə vurulmuş maddi zərərin əvəzi kimi 6.000 (altı min) manat, mənəvi zərərə görə 1.000 (min) manat, hüquqi xidmətə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 94 (doxsan dörd) manat məbləğində dövlət rüsumu, cəmi 7.414 (yeddi min dörd yüz on dörd) manat pul vəsaitinin Cavabdeh tutulub iddiaçıya ödənilməsi, ünvan 1-də mövcud olan, mənə maddi və mənəvi ziyanın vurulması ilə nəticələnmiş hadisənin baş verməsinə səbəb olan texniki nasazlıqların (mənzildə quraşdırılmış avadanlıqların su borularında olan nasazlıqlar, onların quraşdırıldığı yerdə döşəmə səthi boyunca suyun birbaşa, maneəsiz şəkildə aşağı mənzillərə axmaması üçün izolyasiya (kafel və sair) tədbirlərinin həyata keçirilməməsi) qətnamə icraya yönəldildiyi gündən 1 ay müddətində aradan qaldırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə istifadədə olan 0.18 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 5 mərtəbəli binanın 2- ci girişində, 2-ci mərtəbəsində yerləşən 41.0 kv.m ümumi, 29.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 24 nömrəli mənzil Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanı üzərində xx.xx.1984cü il təvəllüdlü Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********99-15101-093047 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İddiaçının mənzili 2-ci, cavabdehin mənzili isə 3-cü mərtəbədə yerləşir. Cavabdehə məxsus mənzildən iddiaçının mülkiyyətində olan mənzilə suyun axıdılması uzun müddətdir ki, davam edir. Hətta bununla bağlı cavabdehə məxsus mənzildə yaşayan sakinlərlə dəfələrlə söhbətlər olmuşdur. Lakin, buna baxmayaraq həmin mənzildən iddiaçının mülkiyyətində olan mənzilə suyun axıdılmasının qarşısı alınmamışdır. Cavabdehə məxsus mənzildən iddiaçının mülkiyyətində olan mənzilə suyun axıdılması nəticəsində mənzil yararsız hala düşmüşdür. Bununla bağlı 2 saylı MKTİİS-nin mühəndisi X2, 2 saylı MKTİİS-nin nəzarətçisi X1 və 2 saylı MKTİİS-nin mühasibi X3 iştirakları ilə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə xidməti ərazidə olan 3 saylı binanın 24 nömrəli mənzilinin sahibi evinə su axması ilə bağlı MKTİİS-yə müraciət etmişdir. Həmin müraciət əsasında sözü gedən mənzilə baxış keçirilərkən məlum oldu ki, su 27 nömrəli mənzildən gəlir. Bununla bağlı dəfələrlə 27 saylı mənzilə getmiş, lakin həmin evdə iddiaçıya məlum olmayan adamlar kirayə qaldıqları üçün qapını açmaqdan imtina etmişlər. Baxış zamanı 24 nömrəli mənzilə su axdığı müşahidə olunur və mətbəx mebelinə ziyan vurur. Bundan başqa axan suyun çirkab suyu olduğu görünür. Daha sonra iddiaçının mülkiyyətində olan mənzilə və həmin mənzildəki ev əşyalarına dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC tərəfindən yerində baxış keçirilməklə 384 nömrəli, 23 yanvar 2024-cü il tarixli hesabat tərtib olunmuşdur. Həmin hesabata qeyd edilmişdir ki,ekspert araşdırması zamanı, mənzilin üst mərtəbəsində qonşunun evinə baxış keçirməyə çalışsa da, şərait yaradılmamışdır. Zərər dəymiş mənzilə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, üst mərtəbədən bu günədək su sızıntısı var. Dəhliz, sanuzel və mətbəx divarlarında su sızıntısı var və gözlə görünən şəkildədir. Sanuzeldə kafellərdən su gəlir nəzm içindədir. Mətbəx mebeli su sızma nəticəsində taxtalar şişmiş və yararsız vəziyyətə düşmüşdür. Tavanlara əl ilə toxunan zaman nəm olduğu aşkar edilmişdir. Mənzilin zərər dəymiş yerləri, tavanları və oboyları yenidən sökülüb boyanmışdır. Mənzilə su sızıntısının olduğunu blokun payına düşən divardan da görmək olur. İstifadəyə yararsız vəziyyətdədir və dağılma təhlükəsi var. Mənzilin əsaslı təmirə ehtiyacı var. Ekspert tərəfindən araşdırılma aparılmışdır. İşçilik haqqı daxil olmaqla təxmini olaraq 5500-6000 manat civarında müəyyən olunur. Beləliklə, mənzilə dəymiş ziyanın aradan qaldırılmasına tələb olunan xərc, ümumilikdə 6.000 (altımin) manat təşkil edir. İddiaçıya məxsus mənzilə dəymiş ziyanın və cavabdehə məxsus ünvan 1-də hazırki maddi ziyanın vurulmasına səbəb olan texniki nasazlıqların (həmin mənzildən mənə məxsus mənzilə suyun axıdılmasının qarşısının alınması, döşəmə səthi boyunca suyun birbaşa, maneəsiz şəkildə aşağı mənzillərə axmaması üçün izolyasiya (kafel) tədbirlərinin görülməsi) aradan qaldırılması ilə bağlı cavabdehə məxsus evdə yaşayan şəxslərlə danışıqlar aparılmış, lakin o, nə mənzilində olan texniki nasazlıqları aradan qaldırmamış, nə də təqsiri üzündən mənə vurulmuş zərərin ödənilməsi ilə bağlı heç bir hərəkət etməmişdir. Cavabdehə məxsus mənzildə hazırki hadisənin baş verməsinə səbəb olmuş texniki nasazlıqlar bir neçə ildir ki, davam edir. Dəfələrlə cavabdehə həmin texniki nasazlıqların aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilsə də, o, iddiaçının xəbərdarlığına heç bir məhəl qoymamışdır. Əgər cavabdehə məxsus mənzildə hazırki hadisənin baş verməsinə səbəb olmuş texniki nasazlıqlar (mənzildə quraşdırılmış avadanlıqların su borularında olan nasazlıqlar, onların quraşdırıldığı yerdə döşəmə səthi boyunca suyun birbaşa, maneəsiz şəkildə aşağı mənzillərə axmaması üçün izolyasiya (kafel) tədbirlərinin həyata keçirilməməsi) aradan qaldırılmasa, belə hadisənin təkrarlanacağı vəziyyətdə bu, mənə vurulmuş zərərin həcminin davamlı artması ilə yanaşı, yüzlərlə insanın yaşadığı 5 mərtəbəli binanı uçmaq təhlükəsi ilə üz-üzə qoya bilər. Çünki Abşeron rayonu, Xırdalan şəhəri, 27-ciməhəllə, bina 3, mənzil 27 saylımənzildən fasiləsiz olaraq,aşağımərtəbədə yerləşən mənzillərə su axır. İddiaçı olaraq cavabdehin ona qarşı olan qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maddi zərər görməklə yanaşı fiziki əzab və mənəvi sarsıntı keçirmişdir. Cavabdeh iddiaçıya vurulmuş zərəri ödəmədiyinə görə iddiaçı vəkil xidmətindən istifadə etmək məcburiyyətində qalmışdır. Buna görə, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil ilə müqavilə bağlamış və bunun üçün 320 (üç yüz iyirmi) manat pul ödəmişdir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan çıxarışa əsasən müəyyən edilir ki, ünvan 2 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Qiymətləndirmə Xidmət Mərkəzi MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli QXM 384 nömrəli rəyə əsasən müəyyən edilir ki, su axıtma ilə əlaqədar olaraq ünvan 2 ünvanının təmir-bərpa xərci 5500-600 manat təşkil edir (iddiaçı tərəfindən təqdim edilmişdir). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2413 nömrəli xx.xx.2024-cü il tarixli ilkin rəyinə əsasən müəyyən edilir ki, tədqiq oluan 24 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, ünvan 2 ünvanına həmin mənzil ilə eyni proyeksiyada olan və binanın 3-cü mərtəbəsində yerləşən 27 saylı mənzildən su axıdıldığı və nəticədə 24 saylı mənzilin dəhliz və mətbəx tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. 27 saylı mənzil təmirli olduğundan, su kanalizasiya xəttlərinin gözlə görünən hissələrinin üzərində qüsur olmadığından, 24 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. ünvan 2 ünvanına həmin mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1030 manat məbləğində müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/128 nömrəli xx.xx.2025-ci il tarixli təkrar rəyinə əsasən müəyyən edilir ki, ünvan 2 ünvanının üst mərtəbəsində inşa edilən 27 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su kanalizasiya xəttlərinin gözlə görünən hissələrinin üzərində hər hansı qüsur olmadığından, eyni zamanda 27 saylı mənzilin üst mərtəbəsində yerləşən 30 saylı mənzildə quraşdırılmış paltaryuyan maşının borularında hər hansı qüsur aşkar edilmədiyindən 24 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edibetməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, binanın 2-ci mərtəbəsində yerləşən ünvan 2 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Həmin binanın 3-cü mərtəbəsində, eyni proyeksiyada yerləşən mənzil 27 ünvanı Cavabdeh xüsusi mülkiyyətindədir. Binanın 4-cü mərtəbəsində, eyni proyeksiyada yerləşən 30 saylı mənzildə isə hazırda X5 ailə üzvləri ilə birlikdə kirayə yaşayır. Həmin mənzillərə məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə yerli baxış prosessual hərəkətləri keçirilmişdir. Müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan 27 saylı mənzil uzun müddətdir ki, kirayədədir, mülkiyyətçi (cavabdeh) həmin mənzildə özü yaşamır. 27 saylı mənzilin tavan, mətbəx və hamam hissəsinin divarlarında su sızma ilə bağlı geniş ləkələr mövcuddur. İddiaçıya məxsus 24 saylı mənzildə də hal-hazırda kirayəçi yaşayır. Həmin mənzilə baxış keçirilərkən müəyyən edilmişdir ki, mənzil təmirlidir, mətbəx hissədə divarın yuxarı hissələrində gözlə çətin görünən, cüzi su ləkələri vardır. Ən üst mərtəbədə yerləşən mənzil 30 ünvanında kirayədə yaşayan X5 bildirmişdir ki, mübahisə predmeti üzrə sözügedən su sızma hadisəsi mənzil 30 ünvanında paltaryuyanın borusunun partlaması səbəbindən baş vermiş, su aşağı mərtəbələrə axmışdır. Nəticə olaraq, hazırki mülki iş üzrə aparılmış araşdırma üzrə müəyyən edilir ki, sözügedən su sızma hadisəsi binanın eyni proyeksiyada 4-cü mərtəbədə yerləşən 30 saylı mənzilin mətbəx hissəsində paltaryuyanın borusunun partlaması səbəbindən aşağıda yerləşən 3 və 2-ci mərtəbələrin məxbət-hamam hissəsinə su sızma baş vermişdir. Cavabdehə məxsus olan 2-ci mərtəbənin mətbəx-hamam hissəsinin tavan və divarlarına dəymiş maddi zərər aşkar şəkildə görünür. Həyata keçirilmiş məhkəmə ekspertizaları nəticəsində də, iddiaçıya məxsus olan mənzilə su sıxmanın üst mərtəbədən gəlməsi (təbii olaraq su yuxarıdan aşağı axmalıdır) müəyyən edilsə də, səbəbinin bilavasitə cavabdehə məxsus olan mənzildə baş vermiş nasazlıq və ya digər təsirdən yaranması və ya məhz cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi səbəbindən baş verməsi sübuta yetirilməmişdir. Odur ki, iddia vurulmuş zərərlə bağlı hadisənin törədilməsində təqsiri olan (obyektiv və ya subyektiv təqsir) əsl cavabdehə qarşı qaldırılmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırki situasiya üzrə mənzil yüksək təhlükə mənbəyi kimi, cavabdeh isə yüksək təhlükə mənbəyinin sahibi kimi qiymətləndirilə bilər (MM 1108-ci maddə). Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə cavabdehin hərəkətlərində yuxarıda qeyd olunan dispozitiv şərtlər yerinə yetirilmir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinin tələblərinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. Tələbin təmin edilməməsi əsas götürülməklə hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 320 manat və dövlət rüsumu qismində ödənilmiş 94 manat məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Mülki iş üzrə aparılmış ekspertiza üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “İddiaçı mənzilinə vurulmuş maddi zərərin əvəzi kimi 6.000 (altı min) manat, mənəvi zərərə görə 1.000 (min) manat, hüquqi xidmətə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 94 (doxsan dörd) manat məbləğində dövlət rüsumu, cəmi 7.414 (yeddi min dörd yüz on dörd) manat pul vəsaitinin Cavabdeh tutulub iddiaçıya ödənilməsi, ünvan 1-də mövcud olan, mənə maddi və mənəvi ziyanın vurulması ilə nəticələnmiş hadisənin baş verməsinə səbəb olan texniki nasazlıqların (mənzildə quraşdırılmış avadanlıqların su borularında olan nasazlıqlar, onların quraşdırıldığı yerdə döşəmə səthi boyunca suyun birbaşa, maneəsiz şəkildə aşağı mənzillərə axmaması üçün izolyasiya (kafel və sair) tədbirlərinin həyata keçirilməməsi) qətnamə icraya yönəldildiyi gündən 1 ay müddətində aradan qaldırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə aparılmış ekspertiza üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Mülki iş hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 320 manat və dövlət rüsumu qismində ödənilmiş 94 manat məhkəmə xərci İddiaçı özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar