Məhkəmə qərarları › İş №e-2(004)-6358/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6358/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6358/2021 18.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 və Cavabdeh1 22560,50 (iyirmi iki min beş yüz altmış manat əlli qəpik) manat məbləğində vəsaitin və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, 13.02.2021-ci il tarixində Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə olunan ** VX *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** UY *** dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən sürücü Cavabdeh2 barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü cərimə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** UY *** dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 36005,15 (otuz altı min beş manat on beş qəpik) manat müəyyən edilmişdir. Zərər aktında qeyd olunan zərər məbləği avtomobilə dəymiş zərər real bazar dəyərinin 75%-ni keçdiyi üçün avtonəqliyyat vasitəsi tam məhv kimi qiymətləndirilmişdir. Belə olan halda avtonəqliyyat vasitəsinin qalıq dəyəri avtonəqliyyat vasitəsinin ümumi dəyər məbləğindən çıxılmış və "xxxx" ASC-nin 19.03.2021-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyan üzrə azadolmada çıxılmaqla 22 560,50 (iyirmi iki min beş yüz altmış manat əlli qəpik) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Köçürülmə həyata keçirildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 22 560,50 (iyirmi iki min beş yüz altmış manat əlli qəpik) manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş lakin, cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Ona görə də hesab edir ki, 22560,50 (iyirmi iki min beş yüz altmış manat əlli qəpik) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmalıdır. İddiaçının nümayəndəsi məhkəmə baxış iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək iddia tələbinin xahiş edirəm hissəsindəki yanlışlığı düzəldərək X7 Cavabdeh2 ilə əvəz edilməsini və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında 22560,50 (iyirmi iki min beş yüz altmış manat əlli qəpik) manat məbləğində vəsaitin və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, ** UY *** dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtonəqliyyat vasitəsinə dəyən zərər onun təqsiri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymişdir. Həmin hadisə zamanı digər iki avtomobilə də ziyan dəymişdir, onlarla razılaşma əldə olunmuş və dəyən zərər ödənilmişdir. Toyota Rav 4 markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin kasqo sığortası olduğundan həmin vaxt dəyən zərər ödənilməmişdir. Hal-hazırda həmin məbləği ödəmək imkanı yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini özünə dair hissədə qəbul etməyərək izahatında göstərmişdir ki, o, **-VX-*** dövlət qeydiyyat nişanlı, Chevrolet Cruze markalı avtomobili 04.12.2020-ci ildə Cavabdeh2 satmışdır. Lakin Cavabdeh2 bugünə kimi maşını öz adına keçirməmişdir. Bu hadisədə onun heç bir məsuliyyəti olmamışdır. Odur ki, iddia tələbinin ona dair hissəsində rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X8 arasında bağlanmış İ-MİC-6728/20 saylı avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, ** UY *** dövlət qeydiyyat nişanlı, Toyota Rav 4 markalı avtonəqliyyat vasitəsi 47.000 manat məbləğində sığorta olunmuşdur. İş materiallarında olan 15.03.2021-ci il tarixli sığorta hadisəsi nəticəsində tam itkiyə uğramış avtonəqliyyat vasitəsinin qalıq hissə dəyərinin məbləğinin qarşılıqlı razılaşdırılmasına dair aktdan görünür ki, İ-MİC-6728/20 saylı sığortası şəhadətnaməsi ilə sığortalanmış və 13.02.2021-ci il tarixdə qəzaya məruz qalmış **-UY-*** dövlət qeydiyyat nişanlı, Toyota Rav 4 markalı avtomobil tam itkiyə məruz qalmış və avtomobilin hadisədən sonrakı qalıq hissə dəyəri 24.000 manat, bazar dəyəri isə 457.000 manat məbləğində müəyyənləşdirilmiş və müvafiq sığorta qaydalarına uyğun olaraq avtomobilin qalıq hissəsi sığortalının öhdəliyində qalır. İş materiallarında olan 19.03.2021-ci il tarixli sığorta aktından görünür ki, İ-MİC-6728/20 saylı sığortası şəhadətnaməsi ilə sığortalanmış **-UY-*** dövlət qeydiyyat nişanlı, Toyota Rav 4 markalı avtomobilə dəymiş zərər məbləği 36.005.15 (otuz altı min beş manat 15 qəpik) manat, sığorta ödənişi isə 22.560.50 (iyirmi iki min beş yüz altmış manat əlli qəpik) manatdır. İş materiallarında olan zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, material və ehtiyyat hissələri və görüləcək işlər üçün xidmət haqqı ümumilikdə 36.005.15 (otuz altı min beş manat 15 qəpik) manat təşkil edir. İş materiallarında olan 30.01.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, 22.560.50 (iyirmi iki min beş yüz altmış manat əlli qəpik) manat məbləğinə pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış 09 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, subroqasiya hüququna əsasən 22 560,50 (iyirmi iki min beş yüz altmış manat əlli qəpik) manat məbləğində vəsaitin 15 təqvim günü ərzində cəmiyyətin bank hesabına ödənilməsi xahiş edilmişdir. Qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında ona qarşı məhkəmə qaydasında subroqasiya tələbinin irəli sürüləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan AD № 856229 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Toyota Rav 4 markalı **-UY-*** dövlət qeydiyyat nişanlı, avtomobil X5 məxsusdur. İş materiallarında olan 12.10.2020-ci il tarixli nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, X9 ona məxsus olan Toyota Rav 4 markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün X6 etibar etmişdir. İş materiallarında olan AD № 977300 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Chevrolet Cruze markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur. İş materiallarında olan 04.12.2020-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin surətindən görünür ki, Cavabdeh1 ona məxsus olan Chevrolet Cruze markalı **-VX- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün Cavabdeh2 etibar etmişdir. İş materiallarında olan İcbari sığorta Bürosunun “icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması” barədə çıxarışdan görünür ki, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin 13 fevral 2021-ci il tarixinə icbari avtonəqliyyat sığorta müqaviləsinə dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol nəqliyyat hadisəsinin baş verdiyi an Cavabdeh2 ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan 13.02.2021-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X5 məxsus olan **-UY-*** dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtomobildə arxa banpərdə, baqajda, ön bamperdə, üzlükdə, mühərrik yuvasında, ön faralarda, ön qanadlarda, alın şüşəsində, kapotda və s zədələr aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis polkovnik leytenantı Aydın Zeynalovun 04 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan görünür ki, Cavabdeh2 13 fevral 2021-ci il tarixdə saat 15:30 radələrində idarə etdiyi Chevrolet Cruze markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu Ş.Mehdiyev küçəsi ilə, təxminən 50 km/saat sürətlə üzü H.Cavid parkı istiqamətinə hərəkət edərkən yolun əks hərəkət istiqamətinə keçərək Ş.Mehdiyev küçəsi ilə A.Abbasov küçəsinin kəsişməsindəki işıqforda dayanmış X2 idarə etdiyi Toyota Rav 4 markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə çırpılmış, zərbənin təsirindən Toyota Rav 4 markalı avtomobil geriyə hərəkət edərək arxasında dayanmış X10 idarə etdiyi Mercedes Benz E220 CDİ markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə, Mercedes Benz E220 CDİ markalı avtomobil də geriyə hərəkət edərək arxasında dayanmış Əliyev İlham Şämil oğlunun idarə etdiyi Hyundai Accent markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə- çırpılmışdır. X17 4 markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11 xəsarət almışdır. Araşdırma zamanı izahatı alınmış Cavabdeh2 göstərmişdir ki, 13 fevral 2021-ci il tarixdə təxminən saat 15:30 radələrində özünə məxsus Chevrolet Cruze markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu Ş.Mehdiyev küçəsi ilə, yolun hərəkət istiqamətinin sol zolağı ilə, təxminən 50 km/saat sürətlə üzü H.Cavid parkı istiqamətinə gedərkən çox yorğun və yuxusuz olduğuna görə sükan arxasında yuxlamış, bir də zərbə səsinə ayılanda görmüşdür ki, idarə etdiyi avtomobillə Ş.Mehdiyev küçəsilə A.Abbasov küçəsinin kəsişməsindəki işıqforda dayanmış Toyota Rav 4 markalı avtomobilin ön hissəsinə çırpılmışdır. Həmin avtomobil də geriyə hərəkət edərək arxasında dayanmış Mercedes və Hyundai markalı avtomobilləri zədələmişdir. Hadisə zamanı Toyota Rav 4 markalı avtomobilin sürücüsü xəsarət aldığına görə, bir qədər sonra TTYS-nin ekipajı hadisə yerinə gedərək həmin sürücüsüyə tibbi yardım göstərmiş, lakin həmin sürücü xəstəxanaya getməkdən imtina etmişdir. Daha sonra hadisə yerinə gedən polis əməkdaşları araşdırma aparmağa başlamışlar. O, hadisə zamanı tam sağlam olmuş, sadəcə olaraq yuxusuz və yorğun olduğuna görə sükan arxasında yataraq hadisəni törətmişdir. Hadisə zamanı avtomobildə tək olmuş, hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuş və o, hadisə zamanı heç bir xəsarət almamışdır. Cavabdeh2 əməlində cinayət tərkibi olmadığına görə iş üzrə onun barəsində cinayət işinin başlanmasına rədd verilmiş və cinayət işinin icraatına xitam verilmişdir. Chevrolet Cruze markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan 13 avqust 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən zərəri tələb etmə hüququ subroqasiya qaydasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinə keçdiyindən iddia qismən təmin edilməli, nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği qismində edilmiş sığorta ödənişi həcmində 22.560,50 (iyirmi iki min beş yüz altmış manat əlli qəpik) manat məbləğində pul Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, Cavabdeh2 Chevrolet Cruze markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə idarə etdiyindən Cavabdeh1 dair hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 subroqasiya qaydasında dəymiş ziyana görə 22560,50 (iyirmi iki min beş yüz altmış manat əlli qəpik) manat sığorta ödənişi və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar