Məhkəmə qərarları › İş №e-2(004)-6430/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-6430/2025

07.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6430/2025 07.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı Cavabdeh Qəzeti Redaksiyasına qarşı “məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qəzeti Redaksiyasına qarşı “məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 (bir min) manat hüquqi xidmətə dair çəkdiyi xərcin, 150 (bir yüz əlli) manat dövlət rüsumuna görə çəkdiyi xərcin, 440 (dörd yüz qırx) manat apellyasiya və kassasiya şikayətlərini tərtib olunmasına görə vəkilə çəkdiyi xərc və hazırda ödədiyi 36 (otuz altı) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 229.1.3-cü maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə, əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə dövlət rüsumu və vəkilin göstərdiyi yardıma görə ödənilmiş xərclər məhkəmə xərclərinə aiddir və məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Əgər məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişdirsə, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Belə olan halda, məhkəmə iddiaçıya ayrıca iddia icraatı qaydasında baxılması üçün iddia ərizəsi ilə deyil, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakimə məhkəmə xərcləri haqqında məsələnin həll edilməsi üçün ərizə ilə müraciət etmək hüququnun olduğunu izah edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Qəzeti Redaksiyasına qarşı “məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar