Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-651/2025 19.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X1 arasında xx.xx.2023 cü ildə “Tapşırıq müqaviləsi “ bağlanıb və xx.xx.2023 cü ildə S.K.Mehdizadə iddiaçıya etibarnamə vermişdir. İddiaçı həmin müqavilə və etibarnamə əsasında onun üçün müqavilədə və etibarnamədə qeyd olunmuş hüquqi və məişət tapşırıqlarını həyata keçirmişdir. Bu barədə kifayət qədər sübut və faktlar var. Həmin müqavilə 3 illik müddətə nəzərdə tutulsa da, 2 aydan sonra S.K.Mehdizadə istədiyinə nail olandan müqaviləni və etibarnaməni birtərəfli ləğv edərək götürdüyü öhdəliyini pozaraq iddiaçıya ödəməli olduğu 1000 manat ödənişi etməmişdir. İddiaçı isə həmin ödənişi ondan almaq üçün mülki qaydada S.K.Mehdizadənin qeydiyyatda olduğu Biləsuvar rayon məhkəməsinə müraciət etmişdir. Mübahisəyə məhkəmədə baxılan zaman Səadət Mehdizadənin və onun işlə heç bir əlaqəsi olmayan qardaşı Tahir adlı şəxs iddiaçıdan Vəkillər Kollegiyasına, prokurorluq və polis orqanlarına şikayət etmişdir. Nərimanov RPİ nin müstəntiqi E.İbrahimli xx.xx.2024 cü ildə həmin faktı araşdıraraq “cinayət işinin başlanmasının rədd barədə” qərar qəbul etmişdir. Lakin, Xətai rayon prokurorluğu xx.xx.2024-cü il tarixdə iddiaçı barəsində CM-in 178.1 maddəsi ilə ********* saylı cinayət işi başlayaraq işi həmin işlə əvvəldən maraqlı olan polis müstəntiqi Taleh Baxışıyevə tapşırmışdır. Müstəntiq də iddiaçıya heç bir bildiriş göndərmədən barəsində “axtarış“ qərarı qəbul etmiş və “şübhəli şəxs” qismində “tutma protokoklu” tərtib edərək 48 saat həbs etmək üçün hazırlıq görmüşdur. Daha sonra iddiaçı könüllü olaraq polis idarəsinə gəldiyi halda müstəntiq onu 15 iyun 2024 cü ildə günorta vaxtı saxlayaraq 48 saat müddətinə tutmuşdur. Tutulan zaman müstəntiq ona qarşı mütəmadi olaraq fiziki və psixoliji təsirlər etmiş, iddiaçını məcbur etmişdir ki, ona 1000 manat versin. 17 iyun 2024 cü ildə mən 48 saat yatandan sonra müstəntiq iddiaçı barəsində “başqa yerə getməmək barədə” qətimkan tədbiri seçmişdir. İki gün ərzində kamerada saxlandığı dövrdə özünü pis hiss etmişdir. Bundan əvvəl 2 dəfə keçirdiyi tibbi əməliyyatların yerləri ağramağa başlamışdır. Bel nahiyyəsindən əməliyyat keçirtmişdir. Kamerada isə dəmir çarpayıların üstündə yatdığına görə fəsadlara səbəb olmuşdur. Buna görə də, iddiaçı Bakı şəhəri 19 saylı poliklinikasına müraciət etmişdir. Müayinə zamanı məlum olmuşdur ki, 2 gün sutka ərzində sağlamlığında mənfi dəyişiliklər yaranmışdır. Daha sonra iddiaçı kamerada aldığı ziyanlara görə ambulator müalicə almağa başlamışdır. Barəsində cinayət işi olduğuna görə və 48 saat tutulduğuna görə iddiaçını işdən azad etmişlər. Hazırda işsizdir. Bir müddət müalicə olunandan sonra iddiaçı müstəntiqin onun barəsində həyata keçirtdiyi qanunsuz məcburi prosessual hərəkətə görə məhkəmə nəzarəti qaydasında Xətai rayon Məhkəməsinə şikayət etmişdir. Həmin şikayət Xətai rayon məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Bundan sonra Xətai rayon Məhkəməsinin hakimi Sulhanə Hacıyeva növbəti məhkəmə prosesini xx.xx.2024-cü ildə saat 14:10-a təyin edilmişdir. Həmin zaman iddiaçı məhkəmə zalında prosesin başlamasını gözləmişdir. Hakim isə müstəntiqin prosesə gəlməsini gözlədiyi üçün müvəqqəti olaraq işi təxirə salaraq zaldan çıxmışdır. Bu zaman 3 nəfər mulki şəxs zala daxil olaraq özlərini təqdim etmədən iddiaçını zaldan çıxardaraq şəxsi maşında Xətai RPİ 34 cü polis bölməsinə gətirmişlər. Halbuki, həmin zaman iddiaçıya dair hər hansı rəsmi bir axtarış olmamışdır. İddiaçını bölmədən Xətai RPİ inzibati binasında müstəntiq Taleh Baxışevin kabinetinə aparmışlar.Müstəntiq təqribən 1 saata yaxın otağında iddiaçını hədələmiş və təhqir etmişdir. Daha sonra yenidən iddiaçını zirzəmiyə aparıb kameraya salmışdır. Bu barədə iddiaçıya heç bir sənədə imza etdirməmişdir. Müstəntiq yenə ondan 1000 manat pul tələb etmişdir. 2 avqust 2024-cü il tarixdə müstəntiq iddiaçını kameradan çıxardaraq yenidən kabinetinə aparmış və bildirmişdir ki, həftənin birinci günü iddiaçıya ittiham elan edəcək. Beləliklə, müstəntiq iddiaçını 15-17 iyun tarixlərində kamerada 48 saat saxlayandan sonra xx.xx.2024 cü ildə daha 24 saat kamerada saxladı. Beləliklə iddiaçı 96 saat həbsdə qalmışdır. Bu isə CPM in normalarına zidddir. Göstərilənlər nəzərə alınmaqla 2500 manat maddi, 5000 manat mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilir. Tərəflər məhkəmə iclaslarında iştirak etməmişlər. İş materiallarında olan Xətai RPİ İstintaq Şöbəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən müəyyən edilir ki, CM-in 178-ci maddəsi üzrə təqsirləndirilən şəxs İddiaçı əməlində cinayət tərkibi olmadığından ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmiş, barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilənlərə əsasən müəyyən edilir ki, İddiaçı 15 iyul 2024-cü il tarixdə 48 saat, 01 avqust 2024-cü il tarixdə 48 saat müddətinə tutulmuşdur. 17 iyun 2024-cü il tarixdən isə “başqa yerə getməmək barədə” qətimkan tədbiri seçilmişdir. 01 iyul 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək barəsində axtarış verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1100-cu maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. MM-in 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. MM-in 1101.2-ci maddəsinə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda və inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən, fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 əsas şərti vardır:
1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır.
2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır.
3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə göstərilən hər 3 (üç) dispozitiv şərt yerinə yetirilir. Mülki iş üzrə cinayət təqibi orqanları tərəfindən iddiaçıya mənəvi zərərin vurulması xüsusatı ortadadır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Xətai RPİ İstintaq Şöbəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, CM-in 178-ci maddəsi üzrə təqsirləndirilən şəxs İddiaçı əməlində cinayət tərkibi olmadığından ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmiş, barəsində seçilmiş “başqa yerə getməmək barədə” qətimkan tədbiri ləğv edilmişdir. Həmin qərarın təsviriəsaslandırıcı hissəsində qeyd edilənlərə əsasən, sözügedən cinayət işi üzrə İddiaçı barəsində 15 iyul 2024-cü il tarixdə 48 saat, 01 avqust 2024-cü il tarixdə 48 saat müddətinə tutma tətbiq edilmişdir. 17 iyun 2024-cü il tarixdən isə “başqa yerə getməmək barədə” qətimkan tədbiri seçilmişdir. 01 iyul 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək barəsində axtarış verilmişdir. Nəticədə, İddiaçı ibtidai istintaq orqanlarının hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalması, əsassız yerə barəsində müxtəlif cinayət təqibi hərəkətlərinə məruz qalması mübahisəsizdir. Məhkəmə mənəvi zərərin hesablanması zamanı mövcud məhkəmə təcrübəsinə istinad etməyi əsaslı hesab edir. Belə ki, tətbiq edilmiş prosessual məcburiyyət tədbirlərinin növü, tətbiq edilmə müddəti və forması, istintaq orqanı tərəfindən edilmiş prosessual pozuntuların mahiyyəti, təqsirləndirilən şəxsə qarşı sərgilənmiş mövqe əsas götürülməklə İddiaçı vurulmuş mənəvi zərərin həcmini 1000 manat məbləğində hesablamaq qanuni, əsaslı, ədalətli və ağlabatandır. Tələb üzrə 2.500 manat maddi zərərin ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, bu barədə əsaslı sənəd, sübut və ya materiallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Sübutetmə yükü cavabdeh (hakimiyyət orqanı) tərəfin üzərindədir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, mənəvi zərərin əvəzi kimi 1000 (min) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə xüsusi qərardadın çıxarılmasına kifayət qədər hüquqi əsas yoxdur. Lakin, bu hal iddiaçının şikayət ərizələri ilə müvafiq dövlət orqanlarına müraciət etmək hüququna mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Mənəvi zərərin əvəzi kimi 1000 (min) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Fariz Əlizadə