Məhkəmə qərarları › İş №e-2(004)-6533/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-6533/2023

26.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6533/2023 26.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş maddi zərərə görə 150 000 manat, mənəvi zərərə görə isə 50 000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 490 manat dövlət rüsumunun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2017ci il tarixədək Cavabdeh QSC-də müxtəlif vəzifələrdə işləmiş, 2010-cu ilin dekabr ayından başlayaraq sağ - işlək əlində qıcolmalar başlamış və bununla əlaqədar 2011-ci ilin yanvar ayında həkimə müraciət etmiş, aparılmış müayinələr nəticəsində ona “yazı spazmı” diaqnozu (peşə xəstəliyi) qoyulmuşdur. Həkim məsləhəti ilə Cavabdeh QSC-də vəzifəsi dəyişdirilərək yazı əlaqəsi az olan işə keçirilsə də, “yazı spazmı” xəstəliyi davam etmişdir və hazırda da davam etməkdədir. Xəstəliyin yaranmasına səbəb bank tərəfindən qoyulan aylıq iş planlarının fiziki (əzələ) və psixoemosional (stress) gərginlik yaratması olmuşdur. Bu xəstəliyi bankda işlədiyi müddətdə qazanmışdır. “Yazı spazmı” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na daxildir. İddiaçının 13 ildən artıq müddətdən indiyə kimi müxtəlif (dövlət, özəl, ölkəxarici) tibb müəssisələrində müayinə və müalicə olunmağına baxmayaraq sağ - işlək əlində sağalma müşahidə olunmamış və təyin olunmuş “yazı spazmı” diaqnozunun xroniki peşə xəstəliyi olduğu müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC tərəfindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən iddiaçının əmək müqaviləsi ləğv edilmişdir. Hansı ki, həmin dövrdə o “yazı spazmı” peşə xəstəsi olmuşdur. Cavabdeh QSC-də işlədiyi son dövrdə orta əmək haqqı 1544,33 manat olmuşdur. Cavabdeh QSC-dəki işindən ixtisar olunduqdan sonra təqribən 18 ay işsiz qalmışdır. xx.xx.2018-ci il tarixdən daha aşağı gəlirli işlərdə çalışmağa başlamışdır. İddiaçının peşə xəstəliyi səbəbi ilə 3-cü dərəcəli əlil olmağını, sağ - işlək əlində xroniki çatışmazlıq olduğunu, yazı yaza bilməməyini, işdəki attestasiyalarda iştirak imkanının olmamağını, karyera (vəzifə) irəliləyişinin olmamasını, nevrastenik olmağını, əmək fəaliyyəti bacarığının məhdudlaşmasını, uzun müddət (18 ay) işsiz qalmağını, gəlirinin kəskin azalmasını, əldən çıxmış faydanı, şəxsi nəqliyyat vasitəsini və digər əmlaklarını satmağını, ev şəraitinin əlverişsiz olmasını, himayəsində 2 azyaşlı uşağının və 2 ahıl və (ana onkoloji, ata insult) xəstə valideyninin olmasını, sağlamlığına xəsarət yetirilməsini, xəstəliyi ilə əlaqədar çəkdiyi xərcləri, səhhəti ilə və sadalananlarla əlaqədar mənəvi sarsıntı keçirməyini və peşə xəstəliyini Cavabdeh QSC-də işlədiyi müddətdə qazandığını nəzərə alaraq ona dəymiş maddi və mənəvi zərərin qarşılığı olaraq Cavabdeh QSC-dən ümumi 200 000 manat təzminat tələb edir. Onun Cavabdeh QSC-də çalışdığı zamanlarda ona işçi krediti kimi Cavabdeh QSC-dən ABŞ dolları valyutası ilə kreditlər (18000 $; 35000 $) verilmişdir, hansı ki, manatın devalvasiyası zamanı dollarla olan kreditlərin ödənişlərində ona xeyli ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır... “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Mediasiyanın tətbiq dairəsi 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; Həmin Qanunun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İddia ərizəsinə mübahisənin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydasına əməl edilməsinə - ilkin mediasiya sessiyasında iştirak olunmasına dair arayış əlavə edilməmişdir. Mübahisənin məhkəməyə qədər həlli qaydasına əməl edilmədiyindən, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa... 114.2. ...... Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu 5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə… Hesab edirəm ki, iddia ərizəsi qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 490 (dörd yüz doxsan) manat dövlət rüsumu (qəbz: No **********, xx.xx.2023-cü il tarixli ) Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı geri qaytarılsın. Qərardad dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsində icrası Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş № 2(004)-6533/2023 Yasamal Rayon Məhkəməsi Məhkəmə iclasından kənar prosessual hərəkət barədə Protokol Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında Bakı şəhərində məhkəmənin binasında nəzərdən keçirib iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 15:00-da başladı. Prosessual hərəkət saat 15:20-də başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib edilib. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar