Məhkəmə qərarları › İş №e-2(004)-6537/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6537/2021

13.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6537/2021 13.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi, "xxxx" MMC və Cavabdeh2 MTK-ya qarşı "mənəvi zərərin ödənilməsi və pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi, "xxxx" MMC və Cavabdeh2 MTK-ya qarşı "mənəvi zərərin ödənilməsi və pul" tələbinə dair iddia ərizəsi ilə 29.09.2021-ci il tarixdə müraciət edərək Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minmiş 10.07.2017-ci il tarixli, 2(004)-599/2016 saylı qətnamənin icra edilməməsi və icra edilməsinə əngəl törədilməsi nəticəsində əldən çıxmış fayda olan 50000 (əlli min) manat və öz mülkiyyətindən məhrum olan iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 15000 (on beş min) manat olmaqla, ümumilikdə 65000 (altmış beş min) manat məbləğində pulun cavabdehlər Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi, "xxxx" MMC və Cavabdeh2 MTK-dan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı 07 avqust 2007-ci il tarixdə Cavabdeh1 MMC ilə alğı-satqı müqaviləsi imzalayaraq, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evinin blok 7, mərtəbə 1, ümumi sahəsi 112,3 m2 olan qeyri-yaşayış sahəsini almışdır. Müqavilə şərtlərinə uyğun olaraq İddiaçı payçı kimi qeyriyaşayış sahəsinin hər m2 üçün 1973,4 manat olmaqla 221612 manat məbləği tam olaraq ödəmişdir. Həmin tarixdə Cavabdeh1 MMC tərəfindən pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışı da təqdim edilmişdir. Cavabdeh1 MMC tərəfindən qeyri-yaşayış sahəsinin təhvil verilmədiyini görən vətəndaş İddiaçı aidiyyəti üzrə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İşə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi cavabdehin üzərinə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evinin blok 7, mərtəbə 1, ümumi sahəsi 112.3 m2 olan qeyriyaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin qoyulması ilə bağlı 10 iyul 2017-ci il tarixli, 2(004)-4599/2016 saylı qətnamə qəbul etmişdir. Eyni zamanda, Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 aprel 2017-ci il tarixli, 2(004)-4599/2017 saylı qərardadla Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evinin blok 7, mərtəbə 1, ümumi sahəsi 112.3 m2 olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi qadağan edilmiş, icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilmişdir. “İcraata başlamaq haqqında” Qərarın üstündən 3 ildən artıq müddət keçdikdən sonra konkret heç bir addımın atılmaması əsasında etdiyi müraciətdən sonra Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi tərəfindən 07.09.2020-ci il tarixli qərar çıxarılaraq müxtəlif əsassız bəhanələr yazılmış, qeyd olunan ünvanda yerləşən binanın Cavabdeh1 MMC tərəfindən deyil, Cavabdeh2 MMC tərəfindən inşa edilməsi qeyd edilmiş və icra sənədi məhkəməyə geri qaytarılmışdır. Qeyd olunan qərardan verdiyi şikayətə baxılmış, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi həmin qərarı əsassız hesab edərək ləğv etmiş, icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı 13.10.2020-ci il tarixli qərardad qəbul etmişdir. Bu qərardadın da qəbul edildiyi gündən 9 ay keçməsinə baxmayaraq yenə heç bir tədbir görülməmişdir. Nəticədə Yasamal Rayon İcra Şöbəsinin cavabdehlərlə əlbir olaraq məhkəmə qətnaməsinin icrasından yayınması qənaəti hasil olmaqdadır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qəbul edildiyi 10 iyul 2017-ci il tarixdən bu günə kimi icra olunmaması nəticəsində iddiaçıya külli miqdarda ziyan vurulmuşdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının nümayəndəsi və vəkilinin verdiyi izahatı təsdiq edir. Əlavə olaraq bildirir ki, onlar pulu ödəyərək maliyə arayışı alaraq əmlakı almışlar. Lakin əmlak onlara təhvil verilməmişdir. Suala cavab olaraq bildirir ki, onlar gedib şəxsən həmin yeri görmüşlər. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, öhdəliyin əmələ gəlməsi əsaslarından biri tərəflər arasında qanunla müəyyən edilmiş müqavilənin olmasıdır. İddiaçı tərəflə Safari-N MTK arasında müqavilə yoxdur. Onların iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. Onlar iddiaçıdan pul qəbul etməmişlər. Birgə təsərrüfat haqqında müqaviləyə uyğun olaraq torpağı vermiş və orada Cavabdeh1 MMC tikintini aparmışdır. Onların Cavabdeh1 MMC ilə aralarında olan müqaviləyə əsasən Cavabdeh1 MMC satış apara bilməz, həmçinin müqavilədə nəzərdə tutulmuşdur ki, müqavilə şərtlərini pozsa Cavabdeh1 MMC özü məsuliyyət daşıyır. 2019-cu ildə həmin mənzillər və qeyri-yaşayış sahələri Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə verilmişdir. Hazırda bu bina X3 balansındadır. Qətnamədə öhdəlik kimin üzərinə qoyulubsa həmin öhdəlik qoyulan subyekt qətnaməni icra etməlidir. MTK-nın üzərinə elə bir öhdəlik qoyulmamışdır. İddianın təmin olunmamasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli izahat verərək bildirmişdir ki, məhkəmənin qətnaməsinə əsasən Cavabdeh1 MMC-nin üzərinə iddiaçıya əmlakın təhvil verilməsi öhdəliyi qoyulmuşdur. Sonradan onlara məlum olmuşdur ki, Cavabdeh1 MMC-nin binanı tikmək və tikinti aparmaq səlahiyyəti yoxdur. Həmin binanı Cavabdeh2 MTK tikmişdir. İcra şöbəsinə olan bütün müraciətlərə rəsmi cavab verilmişdir. İddiaçı görmədiyi bir əmlakla bağlı aidiyyatı olmayan təşkilatla mücərrəd müqavilə bağlamışdır. İcra sənədinin icrası mümkün deyildir. İddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.09.2016-cı il tarixli, 1(101)-410/2016 saylı hökmünə əsasən Cavabdeh1 MMC-nin rəhbəri X1 AR Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək yeddi il müddətinə azadlıqdan məhrum edilmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-4599/2016 saylı, 10.07.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 MMC-nin üzərinə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, blok 7, mərtəbə 1, ümumi sahəsi 112,3 m2 olan qeyri yaşayış sahəsinə İddiaçı təhvil verilməsi öhdəliyi qoyulmuşdur. Həmin qətnaməyə əsasən İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, blok 7, mərtəbə 1, ümumi sahəsi 112,3 m2 olan qeyri yaşayış sahəsi üçün cəmi 221612 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Yasamal rayon İcra Şöbəsinin icra məmuru Kənan Quliyevin 21.09.2017-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-4599/2016 saylı, 10.07.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan 18.10.2017-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4599/2017 saylı, 10.07.2017-ci il tarixli icra sənədinə əsasən Cavabdeh1 MMC-nin üzərinə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evinin blok 7, mərtəbə 1, ümumi sahəsi 112,3 m2 olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi qoyulmuşdur. Bununla bağlı qeyd olunan ünvana baxış keçirilmiş, sözü gedən binanın Cavabdeh1 MMC tərəfindən deyil, Cavabdeh2 MMC tərəfindən inşa edildiyi məlum olmuşdur. Həmçinin iş üzrə borclu 2016-cı il tarixdə 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Binaya baxış keçirilərkən həmin binada boş qeyri-yaşayış sahəsinin olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də, icra sənədini icra etmək mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Quliyevin 07.09.2020-ci il tarixli qərarına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4599/2017 saylı, 10.07.2017-ci il tarixli icra sənədi məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-722/2020 saylı, 13.10.2020-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Quliyevin icra sənədi üzrə icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında 07.09.2020-ci il tarixli qərarı ləğv edilsin və icra sənədi, icra hərəkətlərinin davam etdirilməsi üçün icra şöbəsinə göndərilmişdir. İşin halları odur ki, iddiaçı Cavabdeh1 MMC ilə müqavilə bağlayaraq qeyri yaşayış sahəsini almış və dəyərini ödəmişdir. Qeyri yaşayış sahəsi iddiaçıya təhvil verilmədiyindən məhkəmənin 10.07.2017-ci il tarixli qətnaməsinə əsasən qeyri yaşayış sahəsinin Cavabdeh1 MMC tərəfindən İddiaçı verilməsi öhdəliyi qoyulmuşdur. Lakin sonradan məlum olmuşdur ki, qeyri yaşayış sahəsi Cavabdeh2 MMC tərəfindən inşa edilmiş, Cavabdeh1 MMC-nin həmin qeyri yaşayış sahəsini satmaq səlahiyyəti olmamışdır. Cavabdeh1 MMC-nin direktoru X1 isə 2016-cı ildə 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hazırda iddiaçı cavabdehlərdən 10.07.2017-ci il tarixli məhkəmə qətnaməsinin icra edilmədiyi müddət ərzində 50000 manat məbləğində əldən çıxmış fayda və 15000 manat mənəvi zərərin onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı qeyri-yaşayış sahəsi ilə bağlı "xxxx" MMC ilə alğı-satqı müqaviləsi bağlamış və həmin əmlakın mülkiyyətçisi olan Cavabdeh2 MTK həmin müqavilənin tərəfi olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia Cavabdeh2 MTK-ya münasibətdə əsassız olduğundan təmin edilməməlidir. Bundan əlavə, iş materialları ilə də təsdiq olunur ki, "xxxx" MMC-nin rəhbəri cəzaçəkmə müəssisəsindədir. Bu səbəbdən də icra məmuru Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-4599/2016 saylı, 10.07.2017-ci il tarixli icra sənədi üzrə "xxxx" MMC-nin rəhbəri barəsində icra tədbirləri görə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. İddiaçı eyni zamanda mənəvi zərərə görə 15000 manatın cavabdehlərdən tutulmasını tələb etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi, "xxxx" MMC və Cavabdeh2 MTK-ya qarşı Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minmiş 10.07.2017-ci il tarixli, 2(004)- 599/2016 saylı qətnamənin icra edilməməsi və icra edilməsinə əngəl törədilməsi nəticəsində əldən çıxmış fayda olan 50000 (əlli min) manat və öz mülkiyyətindən məhrum olan iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 15000 (on beş min) manat olmaqla, ümumilikdə 65000 (altmış beş min) manat məbləğində pulun cavabdehlər Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi, "xxxx" MMC və Cavabdeh2 MTK-dan onun xeyrinə tutulması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi, "xxxx" MMC və Cavabdeh2 MTK-ya qarşı Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minmiş 10.07.2017-ci il tarixli, 2(004)-599/2016 saylı qətnamənin icra edilməməsi və icra edilməsinə əngəl törədilməsi nəticəsində əldən çıxmış fayda olan 50000 (əlli min) manat və öz mülkiyyətindən məhrum olan iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 15000 (on beş min) manat olmaqla, ümumilikdə 65000 (altmış beş min) manat məbləğində pulun cavabdehlər Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi, "xxxx" MMC və Cavabdeh2 MTK-dan onun xeyrinə tutulması barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar