Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6613/2021 07.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş 900 manat sığorta ödənişi məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "VAZ-21074” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil 18.05.2019-cu ıl tarixli PSS********** saylı “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən cəmiyyətdə sığortalanmışdır. Cavabdeh1 16.03.2020-ci il tarixdə, saat 22:40 radələrində həmin avtomobili İsmayıllı rayonu, Quşencə kəndi ərazisində idarə edərkən “VAZ-2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və ona maddi ziyan vurmuşdur. İsmayıllı RPŞ DYPB-nin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, İsmayıllı YPX inspektoru, polis serjantı X2 16.03.2020-ci il tarixli, İXP3145852 saylı inzibati xəta haqqında protokolundan və İsmayıllı rayon məhkəməsinin 17.03.2020-ci il tarixli, 3(037)-94/2020 saylı qərarından görünür ki, 2020-ci ilin 16 mart tarixində saat 22:40 dəqiqədə İsmayıllı rayonu, Quşencə kəndi ərazisində baş vermiş yolnəqliyyat hadisəsi zamanı cavabdeh avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “VAZ-2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında” qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, müqavilə üzrə Cəmiyyətlə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən qiymətləndirilərək 900 manat məbləğində müəyyən edilmiş, 08.05.2020-ci il tarixli 1- 212/20 saylı sığorta ödəniş aktına və 12.05.2020-ci il tarixli **********2 saylı ödəniş tapşırığına əsasən 900 manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Üçüncü şəxsə ödənilmiş 900 manat cavabdeh tərəfindən cəmiyyətə qaytarılmalıdır. Cavabdehə bu barədə pretenziya məktubu da göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. “VAZ-21074” markalı, **-VK-*** dövlət nömrə nişanlı avtomobili sürücülük hüququ olmayan şəxsin idarəetməsinə verdiyi üçün həmin avtomobilə etibarnamə əsasında sahiblik edən Cavabdeh2 da ödənilmiş 900 manat məbləğində sığorta ödənişinin geri qaytarılmasına məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddələrinə əsasən, iddiaçının ödənilmiş sığorta ödənişi məbləğini cavabdehlərdən subroqasiya hüququ qaydasında tələb etmək hüququ yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İsmayıllı RPŞ DYPB-nin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, İsmayıllı YPX inspektoru, polis serjantı X2 16.03.2020-ci il tarixli, İXP3145852 saylı inzibati xəta haqqında protokolundan və İsmayıllı rayon məhkəməsinin 17.03.2020-ci il tarixli, 3(037)-94/2020 saylı qərarından görünür ki, Cavabdeh1 18.05.2019-cu ıl tarixli PSS********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış, X1 məxsus, Cavabdeh2 etibarnamə əsasında verilmiş “VAZ-21074” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillə 16.03.2020-ci il tarixdə, saat 22:40 radələrində həmin avtomobili İsmayıllı rayonu, Quşencə kəndi ərazisində idarə edərkən “VAZ-2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və ona maddi ziyan vurmuşdur. Cavabdeh1 yol-nəqliyyat hadisəsi zamanı cavabdeh avtomobili idarəeymə hüququ olmadan və alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş və 800 manat cərimə edilmişdir. 19.03.2020-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC tərəfindən dəymiş ziyanın məbləği 900 manat müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinə əsasən sığortalının, təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması hallarında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortaləya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir k, Cavabdeh1 idarə etdiyi, mülkiyyət hüququ X1 məxsus olan, etibarnamə əsasında Cavabdeh2 verilmiş və "xxxx" ASC tərəfindən sığortalanmış “VAZ-21074” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillə 16.03.2020-ci il tarixində yol hərəkəti qaydalarını pozaraq, VAZ-2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və ona maddi ziyan vurmuşdur. "xxxx" ASC tərəfindən zərərçəkənin hesabına 900 manat pul vəsaiti keçirilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, baş vermiş sığorta hadisəsini bilavasitə Cavabdeh1 törətsə də, mülki məsuliyyətə eyni zamanda sığortalı Cavabdeh2 da cəlb edilməlidir.Belə ki, Cavabdeh1 avtomobili onun məlumatı ola-ola qanunsuz əsasla idarə etmişdir. Bundan başqa yoxlama zamanı sürücünün sürücülük vəsiqəsi aşkar edilməmiş, onun alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Belə olduğu halda o, avtomobili idarə etməyə hüququ olmayan şəxs hesab olunur. Digər Cavabdeh2 sahibliyində olan avtomobili başqasının sahibliyinə verdikdə həmin şəxsin sürücülük vəsiqəsinin olub-olmadığı bilməyə borclu idi. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 900 (doqquz yüz) manat sığorta ödənişi məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-6613/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6613/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver