Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6631/2025 21.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMMC-nin Cavabdeh qarşı “kommunal borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMMC Cavabdeh qarşı “kommunal borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2001 (iki min bir) manat əsas borc məbləğinin, vəkil xidməti olaraq ödənilmiş 400 (dörd yüz) manat məbləğindəki pul vəsaitinin və 45 ( qırx beş ) manat məbləğindəki dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahə mülkiyyətçilərinin qərarı ilə, İddiaçı qeydiyyata alınmışdır. Yeni yaranan Cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ İddiaçınə həvalə olunub. Amma buna baxmayaraq Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 92 A, 179 saylı mənzilin mülkiyyətçisi kimi İddiaçınə ümumilikdə 2001 (iki min bir) manat məbləğində borcu vardır və cavabdeh ona edilən xəbərdarlıqlara baxmayaraq həmin borcu ödəməmişdir. Mövcud qanunvericilikdə müəyyən edilmiş qaydalara uyğun olaraq borcun ödənilməsini cavabdehdən xahiş etsəkdə cavabdeh tərəf borcunu ödəməkdən yayınıb. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətində qaldığımız üçün, vəkil xidməti olaraq 400 (dörd yüz) manat və dövlət rüsumu olaraq 45 (qırx beş) manat pul vəsaiti ödəmişik. Hesab edir ki, iddia tələbində qeyd edilən 2001 (iki min bir) manat məbləğindəki əsas borc məbləği, vəkil xidməti olaraq ödənilmiş 400 (dörd yüz) manat məbləğindəki pul vəsaiti və 38 (otuz səkkiz) manat məbləğindəki dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir: «Bütün fiziki və hüquqi şəхslər özlərinin qanunla qоrunan hüquq və azadlıqlarını, еləcə də maraqlarını qоrumaq və təmin еtmək məqsədilə qanunla müəyyən еdilmiş qayda da məhkəmə müdafiəsindən istifadə еtmək hüququna malikdirlər». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsində göstərilmişdir: «Məhkəmə həqiqətə nail оlmaq üçün işin hərtərəfli, tam və оbyеktiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak еdən şəхslərə оnların prоsеssual hüquq və vəzifələrini izah еdir, görüləcək, yaхud görülməyəcək hərəkətlərin nəticələri barədə оnları хəbərdar еdir, оnların prоsеssual hüquqlarının həyata kеçməsinə kömək göstərir.» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6631/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraatın iddia icraata keçirilməsi qərara alınmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, onun nə ASP MTK, nə özünü komendant kimi təqdim edən Etibar İbrahimov, nə də "xxxx" MMMC ilə hər hansı mülki- hüquqi münasibəti mövcud olmamışdır. Həmin şəxslər və ya qurumlarla aralarında yazılı və ya şifahi formada heç bir müqavilə bağlanmamış, tərəfindən hər hansı öhdəlik götürülməmişdir. Buna görə də, göstərilən subyektlər qarşısında borc və ya digər maliyyə öhdəliyinin mövcudluğu hüquqi baxımdan mümkünsüzdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarında da açıq şəkildə qeyd edildiyi kimi, vətəndaş ilə idarəedici qurum arasında müvafiq öhdəliklərin yaranması yalnız qanunvericiliyə uyğun bağlanmış müqavilə və hüquqi əsaslar mövcud olduqda mümkündür. Belə bir hüquqi əsas mövcud olmadığından, ona qarşı irəli sürülən tələblər əsassız və qanunsuz xarakter daşıyır. Çoxmənzilli binaların idarə edilməsi ilə bağlı ciddi və davamlı problemlərin olması heç kimə sirr deyil. Təsadüfi deyil ki, mediada binaların idarəetməsi ilə bağlı problemlərə dair xeyli sayda məlumatlara rast gəlmək olar. Bunun bariz sübutu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin vətəndaş müraciətləri ilə bağlı icmal məlumatlarında bu sahəyə ayrıca hissənin həsr edilməsidir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərinin mənzil qanunvericiliyi ilə kifayət qədər aydın və hərtərəfli tənzimlənməsinə baxmayaraq, Konstitusiya Məhkəməsi Plenumunun iclasında müəyyən olunmuşdur ki, təcrübədə kommunal xidmətlərin göstərilməsi ilə bağlı mübahisələrin yaranması əsasən həmin binaların idarə olunmasında qanunvericiliyin tələblərinə riayət edilməməsindən irəli gəlir. Göründüyü kimi bu sahədə sistem xarakterli problemlər mövcuddur. Çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi ilə bağlı pozuntular və tələbin güzəştinin əhəmiyyətsizliyi: binanın idarə edilmə üsulunun seçilməsi, idarəçinin təyini üçün çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı qanunvericiliyə uyğun keçirilməli və bu barədə qərar qəbul edilməlidir. Hazırki iş üzrə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasına qədər belə bir ümumi yığıncağın keçirilməsi və bu tarixə qədər “idarəedicilərin” mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hansı hüquqi əsasla fəaliyyət göstərməsi müəyyən edilmir. Belə olan halda qanuni əsasa söykənməyən tələb güzəşt edilə bilməzdi və burada süni şəkildə hüquqi əsas yaradılmasına cəhd bariz şəkildə özünü göstərir. "xxxx" MTK ilə X2 arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilə”nin əvəzsiz olması da bunun əlavə təsdiqidir. Necə ola bilər ki, tərkibinə liftlər kimi təhlükə potensiallı obyektlər olan, yanğın, texniki təhlükəsizlik və s. sahələrdə ciddi tənzimləməyə tabe tutulan böyük bir yaşayış kompleksi tək bir fiziki şəxs sahibkarın “idarəetməsinə” verilsin?! Sahibkarın bu sahədə portfoliosu varmı?! Məsələnin saxta, yalan və pərdələmə xarakterli olduğunu həm də o göstərir ki, tələbin güzəştinə dair 01 yanvar 2024-cü il tarixli müqavilə üzrə küllü miqdarda təqribən 197, 652.65 manat iddia edilən vəsait də ödənişsiz olaraq MMMC-yə güzəşt edilib?! Yeni yaradılmış MMMC-nin əvvəlki münasibətlər üzrə hüquqi varisi kimi çıxış edə bilməməsinin yaratdığı hüquqi vəziyyətin aradan qaldırılması məqsədi ilə guya “tələbin güzəşti”nin həyata keçirildiyi görüntüsü yaratmaq üçün formal olaraq yalan və pərdələnmiş əqdin bağlanması məsələlərin həqiqi mahiyyətini aradan qaldıra bilməz. Çox maraqlıdır, necə ola bilər ki, 2001 manat məbləğində hazırkı iddianın verilməsi üçün onun 3/1 qədər vəsait 400 manat xərc çəkildiyi iddia edilir, amma fərdi sahibkar X2 iddia edilən vəsaiti pulsuz peşkəş edir. Bu hansı məntiqə, iqtisadi qaydalara uyğundur?! Fərdi sahibkar X2 xeyriyyəçidirmi ya məqsədi gəlir əldə etmək olan sahibkardırmı?! Göründüyü kimi məqsədi sakinlərdən yığılan vəsait üzrə hesabatlılığı aparmamaq olan bu müqavilələr etibarsız olmaqla heç bir hüquqi nəticə yarada bilməz. Göründüyü kimi, binanın idarə edilmə üsulunun seçilməsi, idarəçinin təyini üçün çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı qanunvericiliyə uyğun keçirilməli və bu barədə qərar qəbul edilməlidir. Hazırkı iş üzrə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasına qədər belə bir ümumi yığıncağın keçirilməsi və bu tarixə qədər “idarəedicilərin” mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hansı hüquqi əsasla fəaliyyət göstərməsi müəyyən edilmir. Ləğv edilməli və MMMC yaradılmalı olduğu halda, bunu etməməklə inzibati xəta törədərək idarəetmənin şübhəli şəkildə fərdi sahibkar X1 verməklə sakinlərdən yığılan vəsait üzrə hesabatlılığı aparmamaq, bu hesabatlılıqdan irəli gələn öhdəliklərdən yayınmaq sxeminə əsaslanmaqla qaldırılan iddia əsassızdır. Göründüyü kimi MTK ləğv edilməli və ya MMMC-yə çevrilməli olduğu halda bunu etməməklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı olmadan idarəetmə barədə hər hansı bir qərar qəbul etməsi qanunsuzdur, xx.xx.2024-cü il tarixinə qədər binanın idarə edilməsinə dair MTK-nın hər hansı bir qərarı hazırkı iddianın əsasında dura bilməz. "xxxx" MTK ilə X2 arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilə”nin müddəti "xxxx" MTK ilə X2 arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilə”nin 3.1.-ci bəndinə əsasən müqavilə xx.xx.2016-cı tarixində başlamış və xx.xx.2030-cu ildə bitməlidir. Göründüyü kimi müqavilə 14 il müddətinə bağlanıb. Halbuki, bu müddət ən çox 5 il ola bilərdi. Belə ki, AR Mənzil Məcəlləsinin 142.5-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bir ildən az və beş ildən çox olmayan müddətə, bu Məcəllənin 141.6-cı maddəsində göstərilən halda isə bir ildən az və üç ildən çox olmayan müddətə bağlanılır. Göründüyü kimi, əgər şərti olaraq müqavilənin hüquqi əhəmiyyəti olsa idi onun qüvvəsi xx.xx.2021-ci ildə bitmiş olmalıydı. Belə olan halda da, əgər şərti olaraq müqavilənin hüquqi əhəmiyyəti olsa idi belə xx.xx.2021-ci il tarixindən sonrakı dövrü üçün hüquqi nəticə yarada bilməzdi. Göstərilənlərə əsasən hesab edir ki, müqavilənin hüquqi əsasının olmaması, məqsədinin heç də sakinlərə xidmət etmək olmaması əsası ilə yanaşı, əgər şərti olaraq müqavilənin hüquqi əhəmiyyəti olsa idi belə, xx.xx.2021-ci il tarixindən sonrakı dövrü üçün o tətbiq edilə bilməzdi. Ümumiyyətlə MMMC onun tərəfindən irəli sürülmüş xx.xx.2024-cü il tarixindən əvvəlki dövr üçün tələb üzrə subyektiv tələb hüququna malik əsl iddiaçı deyil. Tələb edilən haqqın özünün, onun miqdarının, hesablandığı məbləğinin əsasları və müddəti müəyyən deyil. İddiaçı MMMC öz iddia ərizəsində pul tələb edir. Lakin, bu məbləğin necə formalaşdığı, necə hesablandığı, tərkibinin nədən ibarət olduğu, hansı dövrü əhatə etdiyi, hüquqi əsası barədə heç bir məlumat göstərilmir. “Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında manatın denominasiyasınm tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında 2006-cı il yanvarın 1-dək mütləq rəqəmlərlə müəyyən olunan 5000 manat 2006-cı il yanvarın 1-dən 1 manata bərabər tutulsun. 75 köhnə manat, 0,015 yeni manat edir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbuledilmədiyi dövür üçün iddiaçının hansı əsasla pul tələb etməsi aydın deyil. MMMC-nin yarandığı tarixindən sonrakı dövr üçün tələbinin əsassızlığı: ilk növbədə qeyd etmişdir ki, MMMC yaradılması barədə xəbəri olmayıb, belə MMMC-nin yaradılması barədə heç bir formada xəbərdar edilməmişdir. Göründüyü kimi MMMC-nin yarandığı tarixindən sonrakı dövr üçün də tələbin irəli sürülməsi üçün MMMC-nin iştirakçılarının ümumi yığıncağının mütləq ödənişlərinin və haqlarının miqdarının müəyyən edilməsi barədə qərarı olmalı, həmçinin müqavilə bağlanmalıdır ki, bunların heç biri mövcud deyil. Belə olan halda iddia bu hissədə də əsassızdır. Bu baxımdan iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qərarı özü-özlüyündə mahiyyəti və prosedurlara riayət edilməsi baxımından şübhəlidir və hər bir halda özündən əvvəlki münasibətlərə şamil edilə bilməz, heç bir hüquqi əhəmiyyəti yoxdur və bina idarəetməsinin sakinlərin maraqları üçün deyil, kənar biznes maraqlar üçün təşkil edildiyini bir daha göstərir. Sakinlər qarşısında heç bir hesabatlılıq mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr, həmçinin, ərizəçinin cavabdehin çoxmənzilli bina mülkiyyətçiləri ilə müqavilə bağlamadan kommunal xidmətlərə görə haqq tutması, eləcə də kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair ona məlumat verməməsi barədə dəlillərinə hüquqi qiymət verməmişlər. Belə ki, çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərindən biri kommunal xidmətləri həyata keçirən təşkilatların çoxmənzilli binanın sahə mülkiyyətçiləri qarşısında hesabat verməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərin düzgün araşdırılması üçün vacib əhəmiyyət daşıyan hallar sırasına Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət olunması faktının yoxlanılması daxildir. Lakin apellyasiya instansiyası məhkəməsi "xxxx" MMMC tərəfindən 2012-2016-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilibedilməməsinə hüquqi qiymət verməmişdir. Hazırkı iş üzrə bildirilməlidir ki, sakinlər qarşısında heç bir hesabatlılıq mövcud deyil və belə bir şəraitdə hazırkı iddianın irəli sürülməsi əsassızdır. “YASAMAL-71" MMMC-nin iştirakçılarının ümumi yığıncağının xx.xx.2025-ci il tarixli qərarının qanunsuzluğu AR Mənzil Məcəlləsinin 44.4-ci, 44.5-ci və 126.3-cü maddələrinin pozulması: MMMC iddia ərizəsinə “YASAMAL-71" MMMCnin iştirakçılarının ümumi yığıncağının xx.xx.2025-ci il tarixli qərarını əlavə etmişdir. Bildirmişdir ki, nə qərarın qəbul edildiyi iclasdan, nə də ki, qərarın qəbulundan sonra qərarın mövcudluğundan xəbəri olmamışdır və ona çoxmənzilli binanın sahə mülkiyyətçisi qismində bu barədə heç bir məlumat verilməmişdir. İş materiallarında xx.xx.2025-ci il tarixində keçirilməsi iddia edilən iclasdan öncə məlumatlandırmaya dair heç bir sübut yoxdur. Ümumi yığıncağın keçirilməsi haqqında yazılı bildiriş, məlumatın (bildirişin) sifarişli məktubla, imza ilə əlbəəl verilməklə və ya bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməklə çatdırılmasını təsdiq edən sübutlar mövcud deyil. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının keçirilməsi haqqında yazılı bildiriş, məlumatın (bildirişin) sifarişli məktubla, imza ilə əlbəəl verilməklə və ya bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməklə çatdırılmasını təsdiq edən sübutlar bu barədə yeganə məlumat sahibi olan iddiaçı tərəfindən təqdim etməmişdir. Bildirmişdir ki, MMMC-nin iştirakçılarının ümumi yığıncağının xx.xx.2025ci il tarixli qərarından görünür ki, qəbul edilmiş qərarın lehinə 643 nəfər səs verib. Onlardan da yalnız 283-ü mənzil mülkiyyətçisi, qalan 360 imza isə cəmi 4 nəfər qaraj sahibinə (X7 90 səs, X4 90 səs və X5 90 səs, X3 90 səs) aiddir. Belə çıxır ki, sakinlərin ödənişlərini bir neçə nəfər qaraj sahibi müəyyən edir!? Hesab edir ki, iclaslarda yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri iştirak edə bilərdi və onların bu hüququ, yəni yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla (çıxarışla) təsdiq edilməli idi. Hazırkı iş üzrə 4 nəfər olmaqla səslərin əksəriyyətini təşkil etmiş qaraj sahələrinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alımb-alınmaması məsələsi ümumiyyətlə araşdırılmamışdır. Belə olan halda yetərsay təmin edilməmiş qalır. İclasın həqiqtən keçirilib-keçirilməməsinin müyyən edilməsi, onun həqiqliyinin müəyyən edilməsi üçün xx.xx.2025-ci il tarixli qərarın əsli, X7 90 səs, X4 90 səs və X5 90 səs, X3 90 səs qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə bütün çıxarışlar, X7, X4, X6 və X3 ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti tərəfindən bağlanmış müqavilələr və mülkiyyət hüquqları yarandığı dövrdən bu günə qədər onlar tərəfindən mütləq ödənişlərin və (və ya) haqların həqiqətən ödənişini təsdiq edən ciddi hesabat blankı formasında ilkin maliyyə sənədlərinin təqdim edilməsi barədə sübutlar bu barədə yeganə məlumat sahibi olan iddiaçı tərəfindən təqdim etməmişdir. Bildirmişdir ki, MMMC-nin iştirakçılarının ümumi yığıncağının xx.xx.2025-ci il tarixli qərarı barədə məlumatların sahə mülkiyyətçilərinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilməmişdir. İş materiallarında xx.xx.2025-ci il tarixində keçirilməsi iddia edilən ümumi yığıncaqda qəbul edilmiş qərarlar və səsvermənin nəticələri barədə məlumat ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılmasını təsdiq edən heç bir sübut yoxdur, məhkəmə bu məsələnin üzərindən sükutla keçmiş, bu barədə yeganə məlumat sahibi olan iddaçı heç bir sübut təqdim etməmişdir. MMMC-nin iştirakçılarının ümumi yığıncağının xx.xx.2025-ci il tarixli iclasının keçirilmə qaydaları pozulmuşdur. Ümumi yığıncağının qərarının ümumi yığıncaq tərəfindən müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş protokolu, ümumi yığıncağın qərarının iclas (gündəliyə daxil edilən məsələlərin müzakirəsi və səsə qoyulmuş məsələlər üzrə qərar qəbul edilməsi üçün birgə əyani iştirak) və ya belə iclas keçirilmədən qiyabi səsvermə (səsverməyə qoyulmuş məsələlər üzrə iştirakçıların qərarlarının yazılı formada ümumi yığıncağının keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərilməsi) üsulu ilə qəbul edilməsi haqqında məsələ ümumiyyətlə araşdırılmamış, qərar iclas keçirilmədən qiyabi səsvermə üsulu ilə qəbul edilmişdirsə səsverməyə qoyulmuş məsələlər üzrə ümumi yığıncağı keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərdikləri yazılı formada tərtib edilmiş hər bir qərarı mövcud deyil. Sübutlar bu barədə yeganə məlumat sahibi olan iddiaçı tərəfindən təqdim etməmişdir. Belə olan halda, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının mütləq ödənişlərin və haqların miqdarının müəyyən edilməsi haqqında qərarı olmadığından və ödəniş və haqqlarla çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilə olmadığından iddia tələblərinin mənzilin hər kv.m görə 0,30 manat olmaqla tutulması üçün heç bir hüquqi əsas yoxdur. İşin tam və ədalətli araşdırılması üçün atılmalı olan prosessual addımlar: Hazırkı etirazda göstərilən məqamlara aydınlıq gətirilmədən, müvafiq məlumat və sənədlər təqdim edilmədən hazırkı işə baxıla bilməz. İşin tam və hərtərəfli araşdırılması məqsədi ilə tərəfimizdən verilmiş vəsatətlər əsasında məlumatların iddiaçı tərəfindən təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məlumatlar təqdim edildikdən sonra tərəfindən iddianın mahiyyəti üzrə əlavə etiraz təqdim ediləcəkdir. Vəkil xidməti olaraq ödənilən hissə ilə bağlı tələbin əsassızlığı: İddiaçı vəkilə ödədiyini iddia etdiyi vəsaiti tələb edir. İlk növbədə qeyd edilməlidir ki, MMMC ixtisaslaşmış funksionallığa malik hüquqi şəxsdir. Onun məqsədi çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etməkdir. Təşkilatlanmış qurum olmaqla iddiaçı binanın istismarı ilə bağlı bütün işləri aparmaq üçün müvafiq resursa malik olmalı və bunu səmərəli təşkil etməlidir. Bu baxımdan hazırkı iş üzrə vəkil ilə təmsil olunmağa heç bir zərurət yoxdur. Hazırkı iş üzrə hüquqi şəxs olan iddiaçı vəkil ilə müqavilə bağlamaq məcburiyyətində deyil. İşin mahiyyəti və məzmunu isə iddiaçının fəaliyyət predmeti və mahiyyəti ilə sıx bağlı olan rutin məsələdir. Digər tərəfdən hazırkı iddia MMMC tərəfindən onun əmək müqaviləsi üzrə işçisi tərəfindən verilmişdir. Bu tip iddiaların bütün sakinlərə münasibətdə iddianın mətn, əsaslandırma və sənədlər baxımından eyni olması əlavə xərc çəkilməklə vəkilin cəlb edilməsinin zəruri olmamasını bariz şəkildə göstərir. AR MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə həyata keçirilməlidir. Şablon iddia ərizəsi və davranış sxemi olduğu halda, işçisi tərəfindən öz fəaliyyət istiqaməti üzrə rutin işlərin iddiaçının özü tərəfindən icra edilməsi nəzərə alınmaqla, vəkil cəlb edilməsi zərurəti yoxdur, bu zaman xərclər zəruri deyi, işin iddiaçı üçün mürəkkəbliyi, məzmunu və mahiyyəti vəkilin cəlbini tələb etmir, vəkil xərcinin cavabdehlərdən tələb edilməsi onlara qarşı təzyiq üsulu kimi seçilmişdir. Hesab edir ki, iddiaçının tələbinin hüquqi əsası yoxdur, həmçinin iddiaçı ərizəsində göstərilən halları təsdiq edən sübutları təqdim etməmişdir. Odur ki, iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. İddiaçı “YASAMAL-71" MMMC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırki məhkəmə iclasında üzrlü səbəbədən iştirak edə bilmir. Amma buna baxmayaraq işə tərəflərin iştirakı olmadan baxılmasına etiraz etmir. İddia tələbini müdafiə edir. Əlavə sübutları yoxdur. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, o, iddia tələbini 939,78 manat hissəsində qəbul edir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin 939,78 manat hissəsində təmin olunmasını, digər hissədə təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “YASAMAL-71" MMMC-nin təsis yığıncağının 06 yanvar 2015-ci il tarixli qərarına əsasən Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanm ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqlan və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hor kvadrat metri üçün müəyyən edilmiş 0,30 (otuz qəpik) AZN məbləğindəki qiymətə yenidən baxılması, baxaraq aşağıdakı şərtlərlə razı olduğlarını təsdiq etdilər: Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanm ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqları və bu xidmətlərin göstərilməsi üzrə sakinlərlə müqavilə bağlanılması. - “YASAMAL-71" MMMC-nin xx.xx.2025-ci il tarixli arayışına əsasən kommunal xidmətlərə görə sakinlər tərəfindən ödənilən hər kvadrat metr üçün hesablanmış 0.30 manat (30 qəpik) pul vəsaiti dəhlizlər, pilləkan qəfəsi və pilləkan boşluğu, binanın girişi və digər ümumi sahələr, lift kabinaları, lift şaxtası və liftin matorxanası, binanın fasadı və dam örtüyü, havalandırma şaxtaları və bacaları, ümumi sahələrdə olan pəncərələr, küçə qapıları və binanın ümumi sahələrində yerləşən pəncərələr, yanğın pilləkənləri, yanğın söndürmə sistemi və vasitələri, bina daxili kanalizasiya, su və onların şaxtaları, su anbarı və nasosxanası, generator, elektrik təchizatı məntəqəsi, binanın həyəti, uşaqlar üçün əyləncə atraksionları, binanın fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilməsi üçün elektrik təchizatı məntəqəsinə qulluğun təmin edilməsi, binanın fasiləsiz olaraq su ilə təmin edilməsi üçün su nasoslarına qulluğun təmin edilməsi, binanı su ilə təchiz edən nasosların və liftlərin generator vasitəsi ilə fasiləsiz olaraq elektrik enerjisi ilə təchiz edilməsinin təmin edilməsi, binanın rabitə və televiziya xidməti ilə təmin edilməsi, binanın fasiləsiz nəzarət xidməti ilə təmin edilməsi, məişət tullantılarının daşınması, binanın ümumi sahələrinin (dəhlizlər, pilləkanlar, binanın girişi, liftin daxili və sair), həyətinin və ətrafının təmizliyinin təmin edilməsi, liftlərə texniki xidmət göstərilməsi və liftlərin işlək vəziyyətdə saxlanılması, yaşayış binasının, onun yerləşdiyi inzibati ərazinin və mərtəbələrin girişlərinin işıqlandırılması, illik torpaq haqqının ödənilməsi, liftlərin, su nasoslarının və binanın işıqlandırılmasının elektrik enerjisi haqlarının "xxxx" ASC-yə ödənilməsi, işçilərin əmək haqqlarının ödənilməsinə və əvvəlcədən nəzərdə tutulmayan digər məslələrin (poçt, nəqliyyat və sair) həllinə görə xərclənir. - “Çoxmənzilli evin idarə edilməsi haqqında” "xxxx" MTK (Mülkiyyətçi) ilə X2 (İdarə edən) arasında bağlanmış 01 fevral 2016-cı il tarixli müqaviləyə əsasən Mülkiyyətçi inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyətli əvəzsiz olaraq İdarə edənə verməyi, İdarə edən isə öz növbəsində Mülkiyyətçinin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırki müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə, ev 92A, 179 nömrəli mənzil tam mülkiyyət kimi Cavabdeh adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Tələbin güzəştinə dair 01 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən mülkiyyətçi X2 Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı 01 yanvar 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını və səlahiyyətlərini əvəzsiz olaraq idarəçi İddiaçı MMMC-yə güzəşt etmişdir. - İddiaçı MMMC tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə, ev 92A, 179 saylı mənzilin mülkiyyətçisi kimi 01 dekabr 2025-ci il tarixə kimi 2119,28 manat məbləğində borcu vardır. Borcun yaranması əsası: 1) sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq hər kvadrat metr üçün ödəniş və haqlarm miqdarı: 0,30 (otuz qəpik) manat, 1 ay üçün: 136x0,30=40,86 manat; 2) mənzilin sahəsi: 136,2 kvadrat metr; 3) 1133,50 manat – tələbin güzəştinə dair müqaviləyə 1 saylı əlavə, 22-ci sıra; 4) 939,78 manat - İddiaçı fəaliyyəti dövrü 01 yanvar 2024-cü il tarixdən 01 dekabr 2025-ci il tarixədək; 5) domofon-videomüşahidə sistemi üzrə aylıq xidmət haqqı: 2 manat – 23 ay üzrə 46 manat borc yaranıb; 6) ümumi borcun hesablanması: 939,78 + 1133,50 = 2119,28 manat. - Bakı şəhəri 9 saylı vəkil bürosunun EM-988VK-44559/25 saylı müqaviləsinə əsasən Vəkil hüquqi yardım göstərmək üçün İddiaçı MMMC-yə vəkil təyin edilmişdir. Həmin müqaviləyə əsasən İddiaçı MMMC ilə Vəkil arasında müqavilə bağlanmış və hüquqi yardıma görə 400 manat haqqla bağlı razılaşmışlar. - xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Vəkil hesab kartına 400 (dörd yüz) manat pul köçürülmüşdür. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti 92A ünvanında yerləşən 179 saylı mənzil Cavabdeh məxsusdur. İddiaçı MMMC həmin mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına kommunal xidmətlər göstərir. İddiaçı göstərilən xidmətlərin müqabilində ödənilməyən məbləğin cavabdehdən tutulmasını xahiş edir, cavabdeh iddia tələbini qismən qəbul edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır; 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir; 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir; 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır; 43.2.4-cü maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir; 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir; 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir; 119.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil; 120.5-ci maddəsinə əsasən tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər; 122.1.3-cü maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək kimi hüququ vardır; 122.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri üçün - mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan; 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal xidmətlərə görə haqqdan ibarətdir; 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər; 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər; 137.7-ci maddəsinə əsasən bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər; 137.8-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər; 137.9-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər; 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir; 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənziltikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir; 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir; 193.2-ci maddəsinə əsasən əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir; 193.3-cü maddəsinə əsasən əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur; 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür; 198.2-ci maddəsinə əsasən tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarı: ... Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, mənzil qanunvericiliyinə əsasən ümumi əmlakın saxlanması və təmiri üzrə kommunal xərclər ümumi yığıncağın qərarı ilə müəyyən edilir və sahə mülkiyyətçisi tərəfindən ödənilməlidir. İddiaçı MMMC tərəfindən məhkəməyə maliyyə arayışı təqdim olunmuş və həmin arayışda borcun yaranma əsası kimi xərclərin aşağıdakı formada hesablanması qeyd edilmişdir: 1) sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq hər kvadrat metr üçün ödəniş və haqlarm miqdarı: 0,30 (otuz qəpik) manat, 1 ay üçün: 136x0,30=40,86 manat; 2) mənzilin sahəsi: 136,2 kvadrat metr; 3) 1133,50 manat – tələbin güzəştinə dair müqaviləyə 1 saylı əlavə, 22-ci sıra; 4) 939,78 manat - İddiaçı fəaliyyəti dövrü 01 yanvar 2024-cü il tarixdən 01 dekabr 2025-ci il tarixədək; 5) domofon-videomüşahidə sistemi üzrə aylıq xidmət haqqı: 2 manat – 23 ay üzrə 46 manat borc yaranıb; 6) ümumi borcun hesablanması: 939,78 + 1133,50 = 2119,28 manat. Məhkəmə mənzilin sahəsinin 136 kv.m olması cavabdeh tərəfindən mübahisələndirilmir, xidmət haqqının 0,3 manat müəyyən olunması nəzərə alınmaqla aylıq xidmət haqqının 40,86 manat müəyyən olunması, İddiaçı MMMC-nin fəaliyyəti dövrü – 01 yanvar 2024-cü il tarixdən 01 dekabr 2025-ci il tarixədək 939,78 manat borcun hesablanması ilə bağlı qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin “tələbin güzəştinə dair müqaviləyə 1 saylı əlavəyə əsasən 1133,50 manat məbləğində tələbi”nə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, tələbin güzəştinə dair 01 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən mülkiyyətçi X2 Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı 01 yanvar 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını və səlahiyyətlərini əvəzsiz olaraq idarəçi İddiaçı MMMC-yə güzəşt etmişdir. Mülki Məcəllənin tələbin güzəşti ilə bağlı münasibətləri tənzimləyən normaların məzmununa görə əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir (maddə 193.2), tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur (maddə 198.2). Lakin hazırkı situasiyada tələbin hansı əsaslarla yaranması təsdiqini tapmır, yəni, tələb hüququnu təsdiqləyən borcun hansı əsaslarla yaranmasını əks etdirməli olan sənəd mövcud deyildir. Buna görə də məhkəmə qeyd edir ki, yalnız tələbin güzəşti barədə müqavilə bu hissədə iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə iddia tələbinin “domofon video müşahidə sistemi üzrə aylıq xidmət haqqı 2 manat hesablanmaqla 23 ay üzrə 46 manat məbləğində pul vəsaitinin tutulması” barədə hissəsini də əsassız hesab edir. Belə ki, bu ödənişin tutulması ilə bağlı ümumi yığıncağın qərarı və tərəflər arasında bağlanmış müqavilə yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, domofon video müşahidə xidməti göstərən hüquqi şəxslə mənzil mülkiyyətçisi arasında bu xidmətin göstərilməsi barədə müqavilə bağlanılır və xidmət haqqı hər bir sahə mülkiyyətçisi tərəfindən həmin hüquqi şəxsə ödənilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh kommunal xərclərə görə 939,78 (doqquz yüz otuz doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMMC-yə ödənilməlidir. Məhkəmə iddia tələbinin göstərilmiş hüquqi xidmətə görə pulun tutulması hissəsinə dair qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, qanunvericilik məhz işə məhkəmədə baxılması ilə əlaqədar nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilə bilinməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş məbləğlər hüquqi yardım göstərilməsi barədə müqavilənin tərəflərinin qarşılıqlı razılığı ilə müəyyənləşdirilir. Belə olan təqdirdə həmin müqavilədə göstərilən istənilən məbləğin ağlabatan hesab edilməsi mümkün deyildir. Nəzərə almaq lazımdır ki, hazırkı məhkəmə işi mürəkkəb iş də sayıla bilməz və məhkəmədə çoxsaylı məhkəmə iclasları da keçirilməmişdir. Bu hallar da vəkilin iddiaçıya göstərdiyi yardıma görə cavabdehdən alınıb iddiaçıya verilməsi məqsədilə xərclərin ağlabatan məbləğinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Məhkəmə, işin konkret halları və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, iddiaçıya göstərilmiş hüquqi yardıma görə xərcin (haqqın) ağlabatan məbləğini 200 (iki yüz) manat müəyyən edir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, məhkəmə hüquqi xidmətə görə 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin 200 (iki yüz) manat hissəsinin Cavabdeh tutularaq İddiaçı MMMC-yə ödənilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMMC-yə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 939,78 (doqquz yüz otuz doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı MMMC-yə ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Hüquqi xidmətə görə ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin 200 (iki yüz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-6631/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6631/2025
21.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver