Məhkəmə qərarları › İş №e-2(004)-7012/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-7012/2025

27.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-7012/2025 27.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin edərək, Cavabdeh 2000 (iki min) manat məbləğində pulun və 40 (qırx) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2025-ci ilin sentyabr ayının 3-də dostu ona zəng edərək bildirdi ki, onun tanışı, hazırkı iş üzrə Cavabdeh Yasamal rayonunda yerləşən 1 mərtəbəli həyət evinin 2-ci mərtəbəsini tikdirmək istəyir və dizayner axtarır. Dostu dizayn işinin görülməsini ona təklif etdi, o da dostuna dedi ki, həmin şəxslə görüşüb danışarıq, əgər qiymət barədə razılığa gəlsələr, işi görər. O, elə həmin gün, yəni xx.xx.2025-ci il tarixdə evin yerləşdiyi yerə getdi, dostu da orada idi. Ev sahibinin, yəni cavabdehin istəklərini soruşdu, tikiləcək mərtəbənin ölçüsünü götürdü. Hansı üslubda dizayn istədiyini soruşdu, o da ona şəkillər göndərdi ki, belə üslubda istəyir. O da cavabdehə dedi ki, gün ərzində hesablayıb qiyməti deyəcək. Növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə WhatsApp sosial şəbəkəsində cavabdehə həyət daxil olmaqla görüləcək işin qiymətinin 2500 manat olacağını bildirdi. Təxminən 1 həftədən sonra, 2025-ci ilin sentyabr ayının 9-da cavabdeh ona zəng edib dedi ki, 500 manat versin, işə başlasın. O da dedi ki, bu işin qaydası belədir ki, məbləğin 50%-i ödənilir, işə başlanır və sonda dizayn təhvil verildikdə məbləğin qalan 50%-i ödənilməlidir. Cavabdeh də dedi ki, bir az maddi çətinlik var, pulun 50%-nin qalan hissəsini 1 həftə-10 gün ərzində verəcək, qalan 50% pulu isə dizayn bitən kimi verəcək. Amma o, layihəni — otaq bölgülərini ödəniş olmadan belə hazırlayıb cavabdehə təqdim eləmişdi ki, tikintidə gecikmə olmasın. Onların telefon danışığından 5-6 gün sonra o, tikinti gedən yerə getdi. Tikintidə işləyən onun dostu idi. Cavabdeh elə həyətdə ona 500 manat verdi. O da həmin gün dizayn işinə başladı və mütəmadi olaraq şəkillər hazır olduqca cavabdehə göndərirdi ki, əgər hansısa bir dəyişiklik istəsə, desin düzəliş etsin. Dizayn gedən müddətdə bəzi müzakirələr olurdu. Bir neçə gündən sonra o, cavabdehdən qalan pulu istədi. Ona dedi ki, “kartını göndər, mən də göndərim.” O da kartını cavabdehə göndərdi, amma pul göndərmədi. 2025-ci ilin sentyabr ayının 29-da o, həmin yerdə olanda cavabdeh yenə ona dedi ki, “kartını göndər.” O, yenə cavabdehə kartını göndərdi, amma yenə də ödəniş eləmədi. Elə həmin gün də ona həyətdə pilləkənin necə olmasını istədiyinin şəklini göndərdi. Bir neçə gündən sonra dizayn yekunlaşmaq üzrə idi. O, cavabdehə WhatsApp sosial şəbəkəsində yazdı ki, dizaynda dəyişiklik olacaq ya yox? Cavabdeh də rayonda işlədiyi üçün ona dedi ki, “mən rayondayam, 1 həftədən sonra Bakıya gəlib ailəmlə məsləhətləşib deyəcəm.” O da yaxşı dedi. 1 həftə sonra dostundan soruşdu ki, cavabdeh Bakıya gəlmişdirmi? Dostu dedi ki, hə, gəlib. 2025-ci ilin oktyabr ayının 19-da o, yenidən cavabdehə WhatsAppda dəyişiklik barədə mesaj yazdı. O da ona səsli mesaj göndərdi ki, “mən yoldayam, rayona gedirəm, səhər sənə zəng edəcəm.” Dedi yaxşı. Yenidən 2025-ci ilin oktyabr ayının 20-də o, cavabdehə WhatsApp-da dəyişiklik barədə mesaj yazdı, dedi dizayn yekunlaşmaq üzrədir, dəyişiklik olacaq ya yox? Cavabdehdən heç bir xəbər gəlmədi. Elə həmin gün, bir neçə saatdan sonra saat 18:20-də WhatsApp vasitəsi ilə cavabdehə zəng elədi. Dedi, “Sizdən bir xəbər gəlmədi”. Cavabdeh ona dedi ki, “mən hələ evi təmir elətdirmirəm, mənə dizayn lazım deyil.” O da dedi ki, “bu Sizin şəxsi işinizdir, mən dizayn edirəm, təmir etmirəm. Siz evinizi təmir etdirsəniz də etdirməsəniz də, bunun mənə aidiyyəti yoxdur, mən işimi görmüşəm, pulumu verin”. Bundan sonra ona cavabdeh bəhanə elədi ki, “sən şəkilləri internetdən götürüb mənə göndərmisən.” Sonra da dedi ki, “mən sənin verdiyin layihə ilə orada heç nə tikinti aparmamışam, nə eləmişəmsə özüm eləmişəm və öz evimi də dizayn eləmişəm.” O, dedi ki, bəs niyə şəkilləri alana qədər bunu demirdin? Şəkilləri alandan sonra isə dedin ki, artıq lazım deyil. Cavabdeh də ona dedi ki: “mənim əsəbi vaxtımda, mənim əsəblərimlə oynama. Bu işin qiyməti rayonda 100 manatdır.” O da dedi ki, o, 1 ay yarım vaxtını ayırıb gecə-gündüz işləyib. Lazım deyildirsə, vaxtında deyərdi, pulunu tələb etdi. Cavabdeh də dedi ki, “ödəniş yoxdur, mənə lazım deyil” və dəstəyi asdı. Cavabdeh dəstəyi asandan sonra o, dostuna zəng edib cavabdehin hərəkətləri barədə ona dedi. Dostu da ona dedi ki, səhər onunla danışıb soruşar. Səhər dostuna zəng elədi, soruşdu ki, nəsə xəbər varmı? O da dedi ki, danışdı, ona dediyi sözləri dostuna da deyib və qalan ödənişi eləməyəcək. 2-3 gündən sonra dostu ilə görüşdü və ona dedi ki, o, cavabdehi məhkəməyə verəcək. Dostu da dedi ki, o, istəmir münasibət pozulsun, gözləsin, ona yenə zəng etsin. 2025-ci ilin oktyabr ayının 23-də qalan şəkilləri də cavabdehə göndərdi və yazdı ki, dizayn tam bitib, ödəniş edin. O heç nə yazmadı. Dostu elə oradan cavabdehə zəng elədi, dedi ki, “Fərhadı mən sənə məsləhət görmüşəm, mən pis vəziyyətdə qalıram, onun ödənişini eləmirsən.” Cavabdehdə dedi ki, “puldan heç bir söhbət gedə bilməz. Hələ rayondan gəlim, ona verdiyim pulu da geri alacam. Rayonda bu işi 100 manata görürlər” və sağollaşdılar. Cavabdeh dostu ilə telefonla danışandan sonra ona WhatsApp-da mesaj yazdı ki, “6-cı gün görüşərik.” O da dedi ki, 6-cı gün gecdir, dizayn bitib, amma ödəniş eləməyib. Cavab vermədi. Elə oldu ki, 6-cı gün yox, bazar günü görüşməli oldular, yəni oktyabrın 26-da. O, görüşə getmədi, dostu orada işlədiyi üçün o getmişdi. Cavabdeh soruşub ki, Fərhad gəlməyib? Dostu da cavab verib ki, Fərhad gəlməyəcək. Cavabdeh də deyib ki, “özüm zəng edib danışaram” və o gündən bəri cavabdeh nə ona zəng edib, nə də pulunu verib. Göründüyü kimi cavabdeh aralarındakı şifahi razılaşmanın şərtlərini pozmuş, onun evində gördüyü dizayn işlərinə görə razılaşdığı 2500 manat məbləğində puldan ona cəmi 500 manat pul ödəmiş, qalan 2000 manat məbləğində pulu bugünədək verməmişdir. Cavabdeh onun təqdim etdiyi dizayndan öz evində istifadə etməklə, lakin onun göstərdiyi xidmətin dəyərini ödəməməklə əsassız varlanmışdır. Odur ki, o, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, 03 sentyabr tarixində dostu onu ev tikdirmək istəyən cavabdehlə tanış etdirmişdir. Ev Yasamal rayonunda yerləşirdi və evə baxış keçirərkən, cavabdeh orada olmuşdur. Cavabdehlə danışıqlardan sonra aralarında razılıq əldə edilmiş və o, bildirmişdir ki, ilkin ödəniş kimi 2000 manatın 50% ödənilməlidir. Cavabdeh isə bildirdi ki, ilkin olaraq 500 manat ödəyə bilər, 10 gün sonra isə qalan məbləği ödəyəcək. O, bu təkliflə razılaşdı, lakin cavabdehə daha sonra dəfələrlə müraciət etməyinə baxmayaraq hər dəfə müxtəlif bəhanələr gətirirdi. Sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, cavabdehə mesaj vasitəsi ilə qiyməti göndərmişdi, layihəni göndərməmişdi. 1 ay yarım müddətinə layihə hazır olub. Aralarında 2500 manat ilə bağlı razılıq olub. Onun özünə ödənilən məbləğ yalnız 500 manat olub. Layihənin lazım olmadığını, evin yay aylarında təmir olunacağı ilə bağlı cavabdeh ona bildirməyib. Aralarında razılıq olmamışdır. Cavabdehlə danışdıqdan sonra ilkin olaraq ona 500 manat verib. Əgər cavabdehlə razılıq olmasa idi, işə başlamazdı. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə layihənin hazırlanması ilə bağlı 2000 manat olmaqla, razılaşmışlar. Bu puldan 2 dəfə 500 manat olmaqla, 1000 manat pul ödəmişdir. Həmin vaxt iddiaçının çəkdiyi və ona göndərdiyi şəkillərə münasibət bildirməmişdir, heç bir düzəliş etdirməmişdir. Çünki həmin vaxt layihəyə ehtiyacı olmamışdır. Bununla bağlı o, iddiaçıya da bildirmişdir ki, yay aylarında layihə ilə birlikdə təmir işlərinə başlayacaq. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçıya 1000 manat pul ödəmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında cavabdehin Yasamal rayonunda yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsinin dizayn layihəsinin hazırlanması barədə razılaşmışlar. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, görüləcək dizayn işlərinin ümumi dəyəri 2500 manat müəyyən edilmiş, ilkin ödəniş kimi cavabdeh tərəfindən 500 manat məbləğində pul iddiaçıya verilmişdir. Bu hal iddiaçının təqdim etdiyi vatsap platformasında olan yazışmalarla sübuta yetir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı üzərinə düşən öhdəliyi icra edərək dizayn layihəsini mərhələli şəkildə hazırlamış, görülmüş işlərin nəticələrini cavabdehə “WhatsApp” vasitəsilə təqdim etmiş, cavabdeh isə bu müddət ərzində layihə ilə bağlı etiraz etməmiş, dəyişiklik tələbi irəli sürməmişdir. Cavabdeh yalnız layihə yekunlaşmaq üzrə olduqdan sonra dizayna ehtiyacının olmadığını bildirmiş və qalan məbləğin ödənilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Belə ki, məhkəmə bildirir ki, tərəflər arasında podrat münasibətləri yaranmışdır. İddiaçı ona cavabdeh tərəfindən cəmi 500 (beş yüz) manat məbləğində pul ödənildiyini bildirir, cavabdeh isə 2 dəfə 500 manat olmaqla, cəmi 1000 (bir min) manat pul ödədiyini bildirsə də, buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçıya cavabdeh tərəfindən yalnız 500 (beş yüz) manat ödənilməsi halını iddiaçı və cavabdehin etirafı, yəni cəmi 500 (beş yüz) manat məbləğində pul ödənildiyini işin mübahisəsiz halı kimi qiymətləndirir. Cavabdehin iddiaçıya 1000 manat pul ödəməsi barədə izahatı iş materialları ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar