Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-7027/2025 13.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “iddiaçının adının “kredit tarixçəsində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “iddiaçının adının “kredit tarixçəsində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adının borclular siyahısından çıxarılması və kredit tarixçəsində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmçinin ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ciddi müalicəyə ehtiyacı olduğu üçün kredit almaq məqsədilə Banka müraciət etdikdə ona bildirildi ki, onun adında gecikdirilmiş kredit var, problemli müştəridir deyə ona kredit verilə bilməz. Adında kreditin olmasının mümkünsüz olduğunu bildirdikdə ona Kredit Bürosuna müraciət edərək, çıxarış almaq məsləhət bilindi. Həmin çıxarışı əldə etdikdə gördü ki, həqiqətən də adına Cavabdeh ASC-də borc var. Halbuki, o, həmin Bankdan kredit almamışdır. Təkrar "xxxx" MMC-yə müraciət edəndə ona bildirdilər ki, onun kredit tarixçəsində düzəlişin edilməsi onların səlahiyyətləri xaricindədir və bu işi yalnız Əmanətlərin Sığortalanması Fondu edə bilər. Bir neçə dəfə Əmanətlərin Sığortalanması Fonduna kredit tarixçəsində düzəlişin edilməsi üçün müraciət etdikdən sonra ordan ona bildirildi ki, ləğv prosesində olan Cavabdeh ASC-nin bank əməliyyat sistemində adına borc yoxdur, lakin onun kredit tarixçəsində hər hansı düzəlişin edilməsi qanuni qüvvəsi almış məhkəmə qərarı əsasında mümkündür. Bundan sonra bu məsələ ilə bağlı dəfələrlə Mərkəzi Banka müraciət etdi. Xeyli müddət sonra onlardan cavab aldı ki, bu məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməlidir. Yəni onlar da ona yardım etmədilər. Bu məqsədlə o, ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondunun yerləşdiyi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etdi. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)-6090/2025 saylı qərardadı ilə ərizəsi geri qaytarılaraq iddia tələbi ilə Bakı şəhər Yasamal rayon Məhkəməsinə müraciət etmək hüququna malik olduğu bildirilmişdir. Bu səbəbdən də hal-hazırda Bakı şəhər Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən kredit tarixçəsində düzəlişin edilməsindən imtina qanunsuzdur və bu səbəbdən də cavabdehin üzərinə kredit tarixçəsində düzəlişin edilməsi öhdəliyi qoyulmalıdır. Belə ki, elə cavabdehin öz cavabından da görünür ki, "xxxx" MMC-nin məlumat bazasında qeyd olunan (00)**********00508 saylı hesab nömrəsi üzrə borc öhdəliyi ona aid deyildir. Yəni burda onun borcunun olmaması açıq-aşkardır. Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, "xxxx" MMC-nin məlumat bazasında qeyd olunan (00)**********00508 saylı hesab nömrəsi üzrə borc öhdəliyi S.İ Səmədova aid deyildir. Həmin hesab nömrəsi üzrə borc X1 aiddir, lakin MKR-in məlumat bazasında həmin hesab nömrəsi üzrə borc öhdəliyinin sahibinin kredit dosyesi LPO Bankın arxivinə təhvil verilmədiyindən, kredit müqaviləsinin, eləcə də müvafiq uyğunlaşdırmanın həyata keçirilməsi üçün borc öhdəliyi sahibinin zəruri məlumatlarının (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, FİN kodu) bank tərəfindən əldə olunması mümkün olmadığından qeyd edilən kredit tarixcəsində hər-hansı düzəlişin edilməsi qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında mümkündür. Bu mülki iş üzrə hər-hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, o, kredit müqaviləsi bağlamamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" MMC-nin İddiaçı ünvanladığı 21 may 2025-ci il tarixli cavab məktubuna əsasən qeyd etdiyi məsələnin araşdırılması üçün məlumat təchizatçısına (bank, bank olmayan kredit təşkilatı və s.) müraciət edilmişdir. Məlumat təchizatçısı tərəfindən Büroya göndərilən rəsmi məktubda müraciətində qeyd etdiyi kreditin digər şəxsə aid olduğu və həmin şəxsin adına olan kredit sənədlərinin aşkar olunmadığı bildirilmişdir. Həmçinin məlumat təchizatçısının rəsmi məktubunda müvafiq sənədlərin aşkar edilməməsi səbəbindən kredit tarixçəsində müvafiq düzəlişin aparılmasının qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında mümkün olacağı qeyd edilmişdir. Bildirilmişdir ki, Büroya məlumat təchizatçıları tərəfindən təqdim edilən məlumatlar yalnız texniki emal edilir və onların üzərində dəyişikliklərin aparılması Büronun səlahiyyətləri xaricindədir. Kredit hesabatının məlumatlarında hələ də yanlışlıq olduğunu iddia etdiyi halda, təsdiqləyici sənədlərlə müvafiq məlumatı təqdim etmiş məlumat təchizatçısına və ya məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası Mərkəzi Bankına və İddiaçı ünvanladığı 21 may 2025-ci il tarixli cavab məktubuna əsasən "xxxx" MMC-nin məlumat bazasında qeyd olunan (00)**********00508 saylı hesab nömrəsi üzrə borc öhdəliyi İddiaçı aid deyildir. Lakin "xxxx" MMC-nin məlumat bazasında (00)**********00508 saylı hesab nömrəsi üzrə borc öhdəliyinin sahibinin kredit dosyesi ləğv prosesində olan Cavabdeh ASC-nin arxivinə təhvil verilmədiyindən, kredit müqaviləsinin, eləcə də müvafiq uyğunlaşdırmanın həyata keçirilməsi üçün borc öhdəliyi sahibinin eyniləşdirilməsinə zəruri olan məlumatların (Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, FİN kodu) bank tərəfindən əldə olunması mümkün olmadığından qeyd edilən kredit tarixçəsində hər-hansısa düzəlişin edilməsi qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında mümkündür. İşin halları ondan ibarətdir ki, İddiaçı ilə ləğv prosesində olan Cavabdeh ASC arasında kredit müqaviləsi mövcud deyil. Lakin iddiaçı müalicəyə ehtiyacı olduğu üçün kredit almaq məqsədilə Banka müraciət etdikdə ona bildirilmişdir ki, onun adında gecikdirilmiş kredit var. Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC məhkəməyə ünvanladığı ərizəsində qeyd etmişdir ki, "xxxx" MMC-nin məlumat bazasında qeyd olunan (00)**********00508 saylı hesab nömrəsi üzrə borc öhdəliyi İddiaçı aid deyildir. Həmin hesab nömrəsi üzrə borc X1 aiddir, lakin MKR-in məlumat bazasında həmin hesab nömrəsi üzrə borc öhdəliyinin sahibinin kredit dosyesi LPO Bankın arxivinə təhvil verilmədiyindən, kredit müqaviləsinin, eləcə də müvafiq uyğunlaşdırmanın həyata keçirilməsi üçün borc öhdəliyi sahibinin zəruri məlumatlarının (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, FİN kodu) bank tərəfindən əldə olunması mümkün olmadığından qeyd edilən kredit tarixcəsində hər-hansı düzəlişin edilməsi qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında mümkündür. Bu hal Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası Mərkəzi Bankına və İddiaçı ünvanladığı 21 may 2025-ci il tarixli cavab məktubu ilə də təsdiq olunur. Hal-hazırda iddiaçı adının borclular siyahısından çıxarılmasını və kredit tarixçəsində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını, həmçinin ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Çünki tərəflər arasında bağlanmış hər hansı kredit müqaviləsi mövcud deyil və iddiaçının cavabdeh qarşısında heç bir öhdəliyi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, İddiaçı adının kredit üzrə borclular siyahısından silinməli və bu barədə kredit tarixçəsində düzəlişin edilməsi öhdəliyi cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 78.1-ci, 80-ci və 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (yüz) manat cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı adının kredit üzrə borclular siyahısından silinməsi və bu barədə kredit tarixçəsində düzəlişin edilməsi öhdəliyi cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (yüz) manat cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-7027/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-7027/2025
13.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver