Məhkəmə qərarları › İş №e-2(004)-7101/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-7101/2025

12.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-7101/2025 12.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə dair iş üzrə (açar sözlər: iddiadan imtina, məhkəmədə baxılmalı deyil) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 103/1 nömrəli və 127 nömrəli hesabatlarının etibarsız sayılması, Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə (icra məmuruna) Mingəçevir şəhəri Heydər Əliyev prospekti 65 ünvanında yerləşən 6.184,3 kv.m əmlak kompleksinin və Mingəçevir şəhəri Heydər Əliyev prospekti 65A ünvanında yerləşən 5.866,7 kv.m əmlak kompleksinin və onlara aid torpaq sahələrinin ayrılıqda ədalətli ədalətli bazar qiymələrini müəyyən etmək üçün yenidən qiymətləndirmə keçirilməsini təmin etməyin tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər.

Məhkəmənin mövqeyi

3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir.

4. Təqdim edim olunmuş iddia ərizəsindən görünür ki, iddiaçının tələbi əmlakın qiymətləndirilməsi barədə hesabatının etibarsız hesab edilməsi, yenidən qiymətləndirmə keçirilməsinin təmin edilməsidir.

5. Lakin əmlakın qiymətləndirilməsinə dair hesabat iddiaçıya münasibətdə hüquqi əhəmiyyətə malik sənəd olmadığından, müstəqil olaraq hər hansı hüquq və vəzifə müəyyən etmədiyindən onun etibarsızlığı məhkəmə qaydasında mübahisələndirilə bilməz.

6. Odur ki, hazırkı işə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, iddiaçıya icra icraatı çərçivəsində müraciət etmək hüququ izah edilməlidir.

7. Göstərilənləri və MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı hesabatın etibarsız hesab edilməsi tələbinə iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. **********82 nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə icra icraatı qaydasında müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar