Məhkəmə qərarları › İş №e-2(004)-7152/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-7152/2021

14.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-7152/2021 14.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin nümayəndəsi X3 və nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə qarşı “mülkiyyətə müdaxilənin və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə qarşı “mülkiyyətə müdaxilənin və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 mülkiyyətində olanBakı şəhəri, Yasamal rayonu, X6 küçəsi ev 9B ünvanında yerəşən 582.30 kv.metr qeyri-yaşayış sahəsinə Cavabdeh Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin nümayəndələri və qeyriləri tərəfindən olunan müdaxilənin və maneənin, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi ev 9B ünvanında yerəşən 589.8 kv.metr qeyri-yaşayış sahəsinə Cavabdeh Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin nümayəndələri və qeyriləri tərəfindən olunan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, qeyd olunan qeyri-yaşayış sahələri mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur. İddiaçı1 məxsus olan qeyri-yaşayış sahəsi əsas sahə olmaqla binanın zirzəmi mərtəbəsində, İddiaçı2 məxsus qeyri-yaşayış sahəsi isə binanın birinci mərtəbəsində yerləşir və hal-hazırda mülkiyyətçi həmin sahəni Kreativ uşaq inkişaf mərkəzi kimi fəaliyyət göstərən cəmiyyətə icarəyə vermişdir. Bu sahələrin yerləşdiyi bina hazırda cavabdeh MMC-nin idarəçiliyində olmaqla nümayəndələri tərəfindən edilən müdaxilələr nəticəsində iddiaçılar mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlakdan istifadə edə bilmirlər. Belə ki, hər dəfə İddiaçı1 mülkiyyəti olan və zirzəmi qatında yerləşən sahəyə istər baxış keçirən, istərsə də istifadə etmək istəyən zaman cavabdehin əməkdaşları səs-küy salaraq, gah polis çağırırlar, gah da mübahisəni elə həddə çatdırırlar ki, kimsə onlara cavab verməli olsun və onlar da bundan istifadə edərək şikayət etsinlər. Bu cür nəticələrlə qarşılaşmamaq üçün faktiki olaraq hazırkı vəziyyətdə əmlakından istifadə edə bilmir. İddiaçı2 məxsus olan birinci mərtəbədə yerləşən qeyriyaşayış sahəsini icarəyə götürən cəmiyyətin nümayəndələri hər dəfə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enən zaman cavabdehin nümayəndələri tərəfindən edilən maneə ilə rastlaşırlar. Sonuncu dəfə yükləmə həyata keçirmək üçün 4 saat bu cür maneəni dəf etmək məcburiyyətində qalmışlar və bu saatlarda da kreativ uşaq cəmiyyəti enerjisiz qalmışdır ki, bu da orada olan azyaşlı uşaqların aldıqları tədrisə ciddi şəkildə maneə törətməklə bərabər, həm də mənəvi sıxıntı da vermişdir. Bununla bağlı valideynlər tərəfindən də şikayətlər olmuş və bu halın artıq mütəmadi şəkildə təkrarlanması icarəçinin ciddi və haqlı narazılığına səbəb olmuşdur. Göründüyü kimi, İddiaçı2 mülkiyyətindən rahat şəkildə istifadə etmək imkanına hüquqən sahib olduğu halda, cavabdehin özbaşınalığı ucbatından bunu həyata keçirə bilmir. Cavabdehin nümayəndələri bu özbaşınalıqlarını həyata keçirən zaman Binəqədi Rayon Məhkəməsi tərəfindən iddianın təmin etmə tədbiri barədə 16.07.2021-ci il tarixli qərardadına istinad edirlər, hansı ki həmin qərardadla qeyd olunan ünvanında yerəşən 603.10 kv.m zirzəmi sahəsinin giriş-çıxış qapısının bağlı saxlanılması və həmin ünvanda tikinti-söküntü işlərinin aparılması İddiaçı1 və üçünçü şəxslərə qadağan edilmişdir. Dəfələrlə qərardadı icra edən Yasamal İcra şöbəsi tərəfindən cavabdehin nümayəndələrinə məhkəmənin mülkiyyətçinin öz əmlakından istifadəsinə qadağa qoymadığı və əmlakın istifadəsini onlara vermədiyi, eyni zamanda məhkəmə bu qərardadla mübahisəni mahiyyəti üzrə həll etməyərək, sadəcə işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul olunanadək qüvvədə olduğu izah olunsa da, cavabdehin nümayəndələri buna və qanunun tələblərinə əhəmiyyət verməyərək, özbaşınalıqlarına davam etməkdədilər. İcra şöbəsinin aktından da məlum olur ki, mübahisəli əmlakın giriş-çıxış qapısı sökülmüş vəziyyətdə olmuş və orada heç bir tikinti və söküntü işləri aparılmır. Artıq cavabdehin nümayəndələrinin özbaşınalığı o həddə çatıb ki, İddiaçı1 mülkiyyətində olan əsas sahələrə onun icazəsi olmadan ayrı-ayrı şəxslərin avtomobillərini yerləşdirərək gəlir əldə etməyə çalışır. Məhkəmə iclasında iddiaçıların vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı2 əmlakına hər-hansı müdaxilə və maneədən söhbət gedə bilməz. Sayğaclar barədə ilk növbədə qeyd etmək istəyir ki, kənarda yerləşir, tərəflərindən aidiyyəti orqanlara müraciət olunmuşdur ki, binanın özündə yerləşdirilsin. Digər tərəfdən sakinlərin mənzillərə köçürülməsi üçün heç bir məhdudiyyət qoyula bilməz, elə bir şey ola da bilməz. Tərəflərindən Binəqədi Rayon Məhkəməsinə müraciət etməklərinin səbəbi zirzəminin tək İddiaçı1 yox, sakinlərə məxsus olunmasıdır. Bu səbəbdən çıxarışın etibarsız hesab edilməsi edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Belə ki, zirzəmi sahəsi ümumiyyətlə satıla bilməzdi, ümumi istifadə üçün bir sahədir. Bunu qeyri-yaşayış sahəsi adı altında satılması qanuna uyğun deyildir. Zirzəmi sahəsi özəlləşdirilə bilməz, çünki digər sakinlərin hüquqları pozulmuş olacaqdır, bina sakinləri üçün nəzərdə tutulmuş podval sahələri də sakinlərə məxsus olmalıdır. Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, həmin binada komendant olaraq çalışır, İddiaçı2 əmlakına hər-hansı müdaxilə və maneə yoxdur, sayğaclar zirzəmidə yerləşir. Bir dəfə həmin uşaq bağçasının işıqları sönmüşdü, ona müraciət etdilər, sadəcə onun belə bir səlahiyəti yoxdur ki, sayğaclar olan yerə icazə versin, sonra "xxxx" ASC-nin əməkdaşları gəlib işığı bərpa etdilər. Başqa halda heç bir maneədən söbhət gedə bilməz. İddiaçı1lə bağlı isə qeyd edir ki, o zirzəmi ümumi istifadə üçün nəzərdə tutulmuşdur. O çıxarış qanunsuzdur. Bina sakinləri avtomobillərini orada saxlayır. Ona qadağa qoya bilməzlər. Bu səbəbdən Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçıların vəkili və nümayəndəsinin və cavabdehin nümayəndəsinin, nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin MTT(004)-22/2021 saylı, 29.10.2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə müvəqqəti təminat tədbiri kimi İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi ev 9B ünvanında yerəşən 582.30 kv.metr qeyri-yaşayış sahəsinə və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi ev 9B ünvanında yerəşən 589.8 kv.metr qeyri-yaşayış sahəsinə müdaxilə və maneə olunmasının cavabdeh "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin nümayəndələrinə və qeyrilərinə qadağan edilməsi barədə ərizəsi rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinini Mülki Kollegiyasının MTT (103)-10/2021 saylı, 07.12.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, MTT(004)-22/2021 saylı qərardadı ləğv edilmiş, ərizə təmin olunmuşdur. İşə mahiyyəti üzrə baxılıb həll edilənədək, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi ev 9B ünvanında yerəşən 582.30 kv.m qeyriyaşayış sahəsindən və digər İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi ev 9B ünvanında yerəşən 589.8 kv.m qeyri-yaşayış sahəsindən iddiaçılara təyinatı üzrə istifadəyə müdaxilə edilməsi və maneələr olunması (İddiaçı2 mülkiyyətində olan qeyri yaşayış sahəsi üzrə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enmə, İddiaçı1 mülkiyyətində olan əsas sahələrə onun icazəsi olmadan ayrı-ayrı şəxslərin avtomobillərinin yerləşdirilməsi, mülkiyyətçinin özünün istifadəsinə edilən hər hansı maneə və s.) cavabdeh "xxxx" MMMC-nin nümayəndələrinə və qeyrilərinə qadağan edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışdan görünür ki, "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti 22.05.2019-cu il tarixdə qeydiyyatdan keçmiş və hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, ev 9 B ünvanıdır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, 9 B, 1-ci mərtəbənin 2-ci səviyyəsi ümumi sahəsi 589.8 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 məxsusdur və Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 114 nömrəli reyestr ktabının 10679 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, ev 9 B ünvanında 582.30 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 məxsusdur. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2(001)- 2979/2021 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, ev 9 B ünvanında yerləşən 603.10 kv.m zirzəmi sahəsinin giriş-çıxış qapısının bağlı saxlanılması və həmin ünvanda tikinti-söküntü işlərinin aparılmasının cavabdeh İddiaçı1 və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin böyük icra məmurunun və MMMC-nin nümayəndələrinin iştirakı ilə tərtib olunmuş 25.08.2021-ci il tarixli aktdan görünür ki, sözügedən qadağalar İddiaçı1 və üçüncü şəxslərə elan olunmuş, zirzəmiyə baxış keçirilərkən giriş-çıxış qapısının söküldüyü və hazırda orada tikinti-söküntü işləri aparılmadığı müəyyən olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək heab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, 9 B, 1-ci mərtəbənin 2-ci səviyyəsi ümumi sahəsi 589.8 kv.m olan qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 və Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, ev 9 B ünvanında 582.30 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 məxsus olması iş materiallarına əsasən sübuta yetirilmişdir. Buna baxmayaraq, cavabdehlər iddiaçı tərəfindən qeyri-yaşayış sahələrinə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair süni maneələr yaratmışdır. Belə ki, İddiaçı2 mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzrə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enməsinə cavabdehin nümayəndələri tərəfindən maneələr yaradılır, eyni zamanda, İddiaçı1 mülkiyyətində olan əsas sahələrə onun icazəsi olmadan ayrı-ayrı şəxslərin avtomobilləri yerləşdirildirilir, yəni mülkiyyətçinin əmlakına müdaxiə edilir və onun özünün istifadəsinə maneə yaradılır. Məhkəmə araşdırması zamanı və cavabdehin nümayəndəsinin izahatından müəyyən olunur ki, cavabdeh tərəf maneələr yaradarkən Binəqədi Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2(001)- 2979/2021 saylı icra sənədinin icrasını əsas götürmüşlər. Halbuki, sözügedən icra sənədi ilə məhkəmə tərəfindən İddiaçı1 qeyri-yaşayış sahəsindən istənilən formada sahiblik və istifadəsinə deyil, sadəcə müəyyən hərəkətləri etməyə (giriş-çıxış qapısının bağlı saxlanılması və həmin ünvanda tikinti-söküntü işlərinin aparılması) qadağa qoyulmuşdur. Mənzil sakinlərinə məxsus avtomobillərin İddiaçı1 məxsus zirzəmidə saxlanılması və İddiaçı2 mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzrə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enməsinə cavabdehin nümayəndələri tərəfindən maneələr yaradıldığı müəyyən edildi. Belə olan halda, MMMC-nin nümayəndələri tərəfindən Binəqədi Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2(001)- 2979/2021 saylı icra sənədində qeyd olunan tədbirlərin xaricində mülkiyyətçinin öz əmlakından sahiblik və istifadəsinə hər hansı formada maneçilik yaradılması yuxarıda qeyd olunan hüquqi mövqelərə əsasən yolverilməzdir və mülkiyyət hüququna əsassız müdaxilə kimi qiymətləndirilir. Odur ki, iddiaçılar haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən isə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının 20.03.1952-ci il tarixli 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüqunun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi ev 9B ünvanında yerəşən 582.30 kv.metr qeyri-yaşayış sahəsindən və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi ev 9B ünvanında yerəşən 589.8 kv.metr qeyri-yaşayış sahəsindən iddiaçılara təyinatı üzrə istifadəyə müdaxilə edilməsi Cavabdeh Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin nümayəndələrinə və qeyrilərinə qadağan edilməli və həmin qeyri-yaşayış sahələrindən istifadəyə yaradılan maneələr (İddiaçı2 mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzrə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enmə, İddiaçı1 mülkiyyətində olan əsas sahələrə onun icazəsi olmadan ayrı-ayrı şəxslərin avtomobillərinin yerləşdirilməsi, mülkiyyətçinin özünün istifadəsinə edilən maneə) Cavabdeh Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin nümayəndələri və qeyriləri tərəfindən aradan qaldırılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi ev 9B ünvanında yerəşən 582.30 kv.metr qeyri-yaşayış sahəsindən və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi ev 9B ünvanında yerəşən 589.8 kv.metr qeyri-yaşayış sahəsindən iddiaçılara təyinatı üzrə istifadəyə müdaxilə edilməsi Cavabdeh Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin nümayəndələrinə və qeyrilərinə qadağan edilsin və həmin qeyri-yaşayış sahələrindən istifadəyə yaradılan maneələr (İddiaçı2 mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzrə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enmə, İddiaçı1 mülkiyyətində olan əsas sahələrə onun icazəsi olmadan ayrı-ayrı şəxslərin avtomobillərinin yerləşdirilməsi, mülkiyyətçinin özünün istifadəsinə edilən maneə) Cavabdeh Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin nümayəndələri və qeyriləri tərəfindən aradan qaldırılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar