Məhkəmə qərarları › İş №e-2(004)-7164/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-7164/2025

10.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-7164/2025 10.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1-Məmmədova Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "pul" tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehl Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmətdən ehtiyata buraxılarkən 1794 kiloqram olan ev əşyalarının daşınması üçün ölkədaxili yükdaşıma xidmətinə görə ona ödənilməmiş 1187.63 (bir min bir yüz səksən yeddi manat altmış üç qəpik) manatın və ödənilmiş 32,40 (otuz iki manat, qırx qəp) manat dövlət rüsumunun Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, eyni məzmunlu iddia tələbləri ilə (hərbi qulluqçuların ev əşyalarının daşınması xərclərinin ödənilməsi) aidiyyəti üzrə Bakı, Sumqayıt və Şirvan İnzibati Məhkəmələrində baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2-ci maddəsində qeyd olunmuşdur ki, "Məcəllənin vəzifələri aşağıdakılardır: 1) mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; 2) mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək; 3) fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq; 4) mülki dövriyyəni təmin etmək; 5) sahibkarlıq fəaliyyətini dəstəkləmək; 6) sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq." Həmçinin Mülki Məcəllənin 2.5-ci maddəsində qeyd olunur ki, "Əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə, rəqabət və inzibati münasibətlərə tətbiq edilmir." İnzibati Prosessual Məcəllənin 2-ci maddəsi inzibati məhkəmə icraatında hansı iddialara baxıldığını müəyyən edir. İddiaçının irəli sürdüyü tələblə bağlı qeyd olunan iddia növü isə Məcəllənin 2.2.2-ci maddəsində qeyd olunmuşdur: "inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia)". "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, məhkəmələr mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, MPM-in 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər. Hal-hazırda Yasamal rayon Məhkəməsi iddiaçının iddiasını qəbul etdiyi üçün MPM-in 261.0.1-ci maddəsinə əsasən ("iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə") icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə, Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırkı mübahisə iddiaçı ilə cavabdeh arasında Azərbaycan Respublikası müdafiə nazirinin 28 mart 2014-cü il tarixli, 132 nömrəli əmri ilə bağlı bağlanmış müqavilə ilə əlaqədar yaranmışdır. İddiaçı hərbi qulluqçu statusunda olarkən, dövlət tərəfindən ona qanunvericiliklə (müvafiq Əsasnamə və Müdafiə Nazirinin əmri ilə) vəd edilmiş əmlakın daşınması xərcinin tam ödənilməməsindən şikayət edir. Qeyd olunan əmrə əsasən bağlanmış şifahi müqavilə inzibati müqavilə olduğundan, həmin müqavilədən yaranan mübahisə də inzibati mübahisədir və inzibati mühakimə icraatı qaydasında baxılmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin inzibati müqavilə olması “Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun xx.xx.2025-ci il tarixli Qərardadı və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 6 oktyabr tarixli Qərarındakı hüquqi mövqelərdən irəli gəlir. Belə ki, həmin Qərardadda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...Müqavilələrdən yaranan mübahisələrə dair məhkəmə aidiyyəti məsələsi məhkəmələr tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadında və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 6 oktyabr tarixli Qərarında göstərilən hüquqi mövqelər nəzərə alınmaqla, müqavilənin xarakterinin və mübahisənin predmetinin dəqiq müəyyənləşdirilməsinə əsasən həll olunmalıdır. “ Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan Qərarında və Qərardadına ifadə edilən hüquqi mövqeləri nəzərə alaraq aşağıda qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış “hərbi qulluqçuların ev əşyalarının daşınması xərclərinin ödənilməsi” ilə bağlı müqavilə inzibati müqavilədir: 1) Müqavilənin bir tərəfi inzibati orqan olmaqla publik hakimiyyət daşıyıcısıdır (iş üzrə iddiaçı); 2) Müqavilənin predmeti dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlıdır (hərbi qulluqçuların ev əşyalarının daşınması xərclərinin ödənilməsi); 3) Müqavilənin tərəfləri qeyri-bərabərdir (iddiaçının cavabdehdən üstün olması, müqavilə şərtlərinin tərəflərin azad iradə ifadəsi ilə deyil, qanunvericilik normaları və iddiaçı tərəfindən müəyyən edilən şərtlərlə müəyyənləşdirilməsi). Sadalanan hallar hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilənin tərəflərin bərabər iradə ifadəsinə əsaslanan mülki hüquqi müqavilə deyil, inzibati müqavilə olmasını və hazırkı mübahisənin də həmin inzibati müqavilədən yaranan inzibati mübahisə ilə əlaqədar əmlak tələbinə dair (İPM 2.2.7) iddia olmasını şərtləndirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Qərarın 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "pul" tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinin tələbinə əməl edərək, yekun olaraq, iddiaçının diqqətinə çatdırır ki, əsassız tutulmuş vəsaitlərin geri qaytarılması tələbi ilə iddiaçı müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "pul" tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, hazırki iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 32 (otuz iki) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar