Məhkəmə qərarları › İş №e-2(004)-73/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-73/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-73/2022 15.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə 10.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 906,75 manat ödənilmiş sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, şirkətdə “İpoteka predmeti olan əmlakın sığortası” növü üzrə sığortalanmış X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə 20.01.2020-cı il tarixdə subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Qeyd olunan hadisə ilə bağlı Yasamal rayonu 24 saylı MKİS nümayəndələrinin tərtib etdiyi 24 yanvar 2020-ci il tarixli arayışa əsasən, subasma hadisəsinin baş verməsinə səbəb kimi həmin mənzilin üst mərtəbəsində yerləşən Cavabdeh məxsus 13 saylı mənzilin istilik xəttində baş vermiş nasazlıq göstərilmişdir. Beləliklə, yuxarıda göstərilmiş 13 saylı mənzilə məxsus istilik xəttindən su axması nəticəsində X2 mülkiyyətində olan 7 saylı mənzilin yataq və qonaq otaqlarına, dəhliz hissəsinə 1209 manat məbləğində zərər dəymiş və PİM1800005 saylı sığorta müqaviləsi və 20001 saylı, 05 fevral 2020-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 906,75 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında iştirak etmiş nümayəndənin izahatını təsdiq etdiyini bildirir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, qəza cavabdehin istilik sistemində olmuşdur. Cavabdeh həmin vaxt evdə olmamışdır. Qonşular ona zəng edərək məlumat vermişdir. O da qapını sındıraraq müdaxilə etmələrini xahiş etmişdir. Qonşular qapını sındıraraq daxil olmuş və istilik xəttindən su axdığını görmüşlər. Sonra zirzəmidən istilik xəttinin kranını bağlamışlar. Bu hadisədə onların günahı yoxdur, onlar suyu açıq qoymamışdır. Təqsir İstilik idarəsindədir ki, suyu yüksək təzyiqlə vermişlər və nəticədə boru su buraxmışdır. Bir neçə dəfə borular partlayandan sonra axırda həmin boruları kəsib atmışdır. O, sığorta şirkətinə gedərək, hissə-hissə ödəməyə razılığını bildirmiş, onlar isə razı olmamışlar. O, təqsirkar İstilik İdarəsini hesab edir. İddiaçı da məhz İstilik idarəsini məhkəməyə verməli idi. Məbləğ ilə ümumiyyətlə razı deyil. Suala cavab olaraq bildirir ki, evi satmışdır və satdığı adamı tanımır. Hadisə baş verən vaxt evdə yaşayırdı. Digər evlərdə də belə halın baş verib-verməməsini bilmir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayonu 24 saylı MKİS-in mühəndisi M.Paşayev, sahə nəzarətçisi Q.Kərimov və çilingər M.Həziyev tərəfindən tərtib və təsdiq edilmiş 24.01.2020-ci il tarixli aktın surətinə əsasən X2 şikayət ərizəsi əsasında H.Zərdabi prospekti, ev 68, 7 saylı mənzilə baxış keçirilmiş və məlum olmuşdur ki, mənzilin üst mərtəbəsində yerləşən Cavabdeh məxsus 13 saylı mənzildə istilik xəttində baş vermiş nasazlıq nəticəsində mənzilin yataq və qonaq otağı və dəhliz hissəsinə ziyan dəymişdir. İş materiallarında olan mütəxəssis X5 tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinə dair 20/01 saylı rəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, ünvan 1, 7 saylı mənzilə su sızma hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması və təmirbərpa işlərinə görə cəmi 1209 manat tələb olunduğu müəyyən edilmişdir. İş materiallarında olan 05.02.2020-ci il tarixli, 20001 nömrəli sığorta ödənişi aktının təsdiq edilmiş surətinə əsasən X2 mülkiyyətində olan PİM1800005 saylı sığorta şəhadətnaməsi ilə 31.01.2018-ci ildən 30.01.2021-ci il tarixədək "xxxx" ASC-də 75% sığortalamış Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, ev 68, 7 saylı mənzilə 20.01.2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində dəymiş 1209 manat ziyanın əvəzi olaraq 906,75 manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir. İş materiallarında olan 05.02.2020-ci il tarixli, 000406 nömrəli ödəniş tapşırığına 1 saylı əlavənin təsdiq edilmiş surətinə əsasən "xxxx" ASC tərəfindən X6 20001 nömrəli sığorta aktına əsasən 906,75 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, ev 68, 7 saylı mənzil 14.02.2018-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ekspert İsa Eyvazzədinin 15.02.2022-ci il tarixli məlumatına əsasən təqdimat obyektinə baxış keçirilməsi 07.01.2022-ci il tarixə təyin edilmiş, lakin tərəflər məhkəmə binasına gəlmədiyindən tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmamışdır. İşin müəyyən edilmiş halları odur ki, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildə olan istilik radiatorunun su borusunun partlaması və su sızması nəticəsində həmin evin 7 saylı mənzilinə maddi ziyan dəymişdir. 7 saylı mənzilə dəymiş zərər 1209 manat müəyyən edilərək mənzili 75% həcmində sığorta edən "xxxx" ASC tərəfindən 906,75 manat sığorta ödənişi edilmişdir. 13 saylı mənzil hadisə baş verən zaman cavabdehin mülkiyyətində olsa da, hazırda onun mülkiyyətində deyil. Hazırda iddiaçı ödənilmiş 906,75 manat sığorta haqqının subroqasiya qaydasında Cavabdeh tutulmasını xahiş edir. Cavabdehin nümayəndəsi isə onların heç bir təqsirinin olmadığını bildirərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildən su sızması nəticəsində 7 saylı mənzilə maddi ziyan dəymişdir. Maddi ziyanın həcmi müstəqil ekspert tərəfindən 1209 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən mənzilə dəymiş zərərin müəyyən edilməsi üçün məhkəmə-texniki-əmtəəşünaslıq ekspertizası təyin edilsə də tərəflər iştirak etmədiyindən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Belə olan halda məhkəmə iş materiallarında olan müstəqil ekspertin rəyini əsas tutur. Məhkəmə qeyd edir ki, cavabdehin həyat yoldaşı olan nümayəndəsi hadisənin baş verməsində onların heç bir təqsirinin olmadığını bildirsə də, qonşu evə məhz cavabdehin mülkiyyətində olan mənzildən su sızma nəticəsində zərər dəyməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin məcəllənin 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 906,75 (doqquz yüz altı manat yetmiş beş qəpik) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 906,75 (doqquz yüz altı manat yetmiş beş qəpik) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar