Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-752/2022 05.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə 15.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən subroqasiya qaydasında 680,82 manat sığorta ödənişi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 manat məbləğində pulun müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək və izahatında bildirdi ki, Cavabdeh2 MMC-yə məxsus olan və Cavabdeh1 idarə etdiyi “İsuzu Ecobus” markalı markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh1 05.04.2019-cu il tarixdə saat **-JH-*** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və bu barədə 08.04.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haaqında qərar qəbul olunmuş və sürücü Cavabdeh1 xətanın törədilməsinə görə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-JH-*** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı nəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın miqdarı 4.814,25 manat təmir edildiyi təqdirdə əlavə xərc (ƏDV) 866,57 manat müəyyən edilmişdir. Qeyd olunan zərəri aradan qaldırmaq üçün "xxxx" ASC-nin 12.02.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümümilikdə 5.680,82 manat sığorta ödənişi həyata keçirmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyətinin icbari sığortası” növü üzrə 1.957,13 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Hazırda cavabdehlərin 680,82 manat məbləğində qalıq borcu yaranmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlərə qeydiyyatda olduqları ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş lakin buna baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin 22.04.2019-cu il tarixli 091-15291-1219 nömrəli nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışına əsasən Cavabdeh2 MMC-nin qanuni təmsilçisi X1 mülkiyyətində olan və yol vərəqəsi əsasında Cavabdeh1 idarə etdiyi “İsuzu” minik markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil 05.04.2019-cu ildə Bakı şəhəri Yasamal rayonu Ş.M.Xiyabani küçəsində saat 07:15 radələrində "xxxx" MMC-nin mülkiyyətində olan və X2 etibarnamə əsasında idarə etdiyi “İveco Crealis” minik markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. 01.04.2018-ci il tarixli C-MİC-0735/18 nömrəli avtonəqliyyat vasitələrinin tam sığorta növü üzrə şəhadətnaməyə (müqaviləyə) əsasən "xxxx" MMC-yə məxsus olan 2014-cü il buraxılışlı, “İveco Crealis” minik markalı, VNEPS09D500307068 ban nömrəli **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 50.000 manat, sağlamlığa vurulan zərərə bir şəxs üçün 50.000 manat, sağlamlığa vurulan zərərə bir hadisə üzrə 50.000 manat həcmində sığortalanmışdır. "xxxx" MMC tərəfindən verilmiş zərər aktına əsasən “İveco CREALİS” minik markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5.680,82 manat miqdarında zərər dəymişdir. 12.02.2020-ci il tarixli 81269 nömrəli sığorta aktına əsasən 05.04.2019-cu il tarixli sığorta hadisəsi zamanı “İveco CREALİS” minik markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5.680,82 manat ziyan dəymişdir. "xxxx" ASC **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərərin aradan qaldırılması üçün "xxxx" MMC-yə 5.680,82 manat sığorta ödənişi vermişdir. Göründüyü kimi, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi X1 mülkiyyətində olan və Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “İsuzu” minik markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh X3 05.04.2019-cu il tarixdə saat 07:00 radələrində “İsuzu” minik markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ünvan 1 ünvanında əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozarkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “İveco Crealis” minik markalı **-JH-*** dövlət qeydiyyat nişanlı və “İsuzu” minik markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, həmin avtomobillərə maddi zərər vurmuşdur. Bakı şəhəri Yasamal RPİ DYPŞ-nin 08.04.2019-cu tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh1 AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Qeyd olunan zərəri aradan qaldırmaq üçün "xxxx" ASC zərərçəkmiş şəxslərə cəmi 5680,82 manat sığorta ödənişi vermişdir. Həmin məbləğin 5000 manatı "xxxx" ASC tərəfindən "xxxx" ASC-ə ödənilmişdir. "xxxx" ASC-yə ödədiyi məbləğdən qalan hissəsi, yəni 680,82 manatı cavabdehlər tərəfindən ödənilməmişdir. “İsuzu” minik markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMCnin qanuni təmsilçisi X1 mülkiyyətində olduğuna görə iddiaçı "xxxx" ASC ödədiyi sığorta məbləğini cavabdehlərin hər ikisindən müştərək qaydada tutulmasını tələb edərkən haqlı olmuşdur. Çünki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada subroqasiya qaydasında 680,82 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən 680,82 (altı yüz səksən manat səksən iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-752/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-752/2022
05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver