Məhkəmə qərarları › İş №e-2(004)-753/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-753/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-753/2022 10.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı Paşa Sığorta ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı Paşa Sığorta ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 280 manat məbləğində sığorta ödənişinin əvəzinin, 30,40 manat dövlət rüsumunun iddiaçı Paşa Sığorta ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan İcbari Sığorta müqaviləsinə dair məlumata əsasən müəyyən olunur ki, sığortalı Azərmaş MMC-yə məxsus Renault Tondar markalı 90PV962 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortaçı Paşa sığorta ASC tərəfindən 09.12.2019-cu il tarixdən 09.12.2020-ci il tarixədək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə sığorta haqqı 5000 manat təşkil edir. İş materiallarında olan 25.02.2020-ci il tarixli sığorta aktına əsasən müəyyən olunur ki, Azərmaş MMC-yə məxsus Renault Tondar minik markalı, 90PV962 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 09.12.2019-cu il tarixdən 08.12.2020-ci il tarixədək 5000 manat məbləğində sığorta olunmuşdur.Sığorta hadisəsi nəticəsində Azsamand RX markalı, 50DK243 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 280 manat məbləğində zərər dəymişdir. Zərərçəkən şəxs X1r. İş materiallarında olan “Paşa Sığorta ASC tərəfindən təqdim olunmuş № 97106 saylı 10.02.2020-ci il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Azsamand RX markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərər 280 manat məbləğindədir. İş materiallarında olan 22.02.2020-ci il tarixli Plastik kartların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, Paşa Sığorta ASC tərəfindən 280 manat ödənişin alınması üçün faydalanan şəxs X2 plastik kart təhvil verilmişdir. İş materiallarında olan Paşa Sığorta ASC-nin № CCL-945/2020 saylı 26.02.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 280 manat məbləğində dəymiş maddi ziyan Paşa Sığorta ASC tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən Paşa Sığorta ASC-yə ünvanlanmış cavab məktubundan görünür ki, Paşa Sığorta ASC-yə Renault markalı, 90PV962 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin 30.01.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayındığı üçün Binəqədi rayon Polis İdarəsi Dövlət X5 barəsində inzibati icraat başlandığı, həmin şəxs müəyyən edildikdə onlara məlumat veriləcəyi bildirilmişdir. İş materiallarında olan 18.02.2020-ci il tarixli Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, Cavabdeh 30.01.2020-ci il tarixdə saat 9:00 radələrində etibarnamə ilə idarə etdiyi Renault Tondar minik markalı, 90PV962 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Biləcəri qəsəbəsində hərəkətdə olarkən ötmə manevri edərkən sağında onunla eyni istiqamətdə hərəkət edən Azsamand markalı 50BK243 nömrəli avtomaşınla toqquşduğunu, həmin vaxt tələsdiyi üçün yerindən getdiyini, qayda pozuntusu törətdiyini etiraf etdiyini bildirmişdir İş materiallarında olan inzibati xəta haqqında 18.02.2020-ci il tarixli ******* saylı protokolun surətinə əsasən müəyyən olunur ki, Cavabdeh idarə etdiyi Renault Tondar minik markalı, 90PV962 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında 18.02.2020-ci il tarixli ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən müəyyən olunur ki, Heydərov X3 Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Paşa Sığorta ASC tərəfindən Cavabdeh ünvanlanmış 12.03.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli Cavabdeh 280 (iki yüz səksən) manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 manat dövlət rüsumu tutularaq iddiaçı Paşa Sığorta ASC-yə ödənilməlidir. Belə ki, Cavabdeh idarə etdiyi Renault Tondar minik markalı, 90PV962 dövlət qeydiyyat nişanlı nəqiliyyat vəsitəsi ilə Azsamand RX markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iş materialları ilə Cavabdeh Renalut Tondar minik markalı, 90PV962 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etməsi və hadisə yerindən yayınması sığortaçının ona qarşı subroqasiya qaydasında pul tələb etməsi üçün əsasdır. Məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1.-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 25-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı(25.1.3), bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda (25.1.8) yaranır. Həmin qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 280 (iki yüz səksən) manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 manat dövlət rüsumu tutularaq iddiaçı Paşa Sığorta ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar